“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.07.2012, 15:45
427

“ASAN xidmət”: vətəndaşlara xidmətlər vahid mərkəzdən idarə olunacaq

A- A+

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılır

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması haqqında fərman imzalayıb.Fərmanın mətnini təqdim edirik:

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və

Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və dövlət orqanları tərəfindən

vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılmasının, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsinin, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının zəruriliyini nəzərə alaraq, dövlət orqanları tərəfindən göstərilən xidmətlərin təkmilləşdirilməsi, elektron xidmətlərə keçidin sürətləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılsın.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu Fərmanın 3-cü bəndində göstərilən xidmət mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanıdır.

3. Dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzləri yaradılsın. Həmin mərkəzlərdə:

3.1. xidmətlər operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında, yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün və təqvimin bütün günlərində həyata keçirilsin;

3.2. vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsi təmin edilsin;

3.3. fəaliyyət göstərəcək dövlət orqanlarının əməkdaşları üçün etik kursların təşkili, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını inkişaf etdirən müxtəlif treninqlərin həyata keçirilməsi təmin edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası iki ay müddətində:

4.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin əsasnaməsinin və strukturunun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. “ASAN xidmət” mərkəzlərinin nümunəvi əsasnaməsinin layihəsini və xidmət mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin növləri barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

5. “Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yanında Elektron Hökumət üzrə Dövlət Agentliyinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 14 iyul tarixli, 1015 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin strukturu”nda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 18 aprel tarixli 2187 nömrəli Sərəncamı ləğv edilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

6.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyini və “ASAN xidmət” mərkəzlərini bina və zəruri avadanlıqla təmin etsin;

6.2. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təşkili ilə bağlı maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin.

6.3. Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 iyul 2012-ci il.

* * *

Mövzuya dair:

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması Prezidentin həyata keçirdiyi islahatların növbəti mərhələsidir

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun AzərTAc-a müsahibəsi.


- Azərbaycan Respublikasının Prezidenti iyulun 13-də “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi” yaradılması barədə Fərman imzalamışdır. Fərmanın məqsədi nədir?

- Bu Fərman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi islahatların növbəti mərhələsidir. Bir neçə gün öncə - iyulun 11-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında elektron sistemə keçidin qaçılmazlığını vurğuladı, elektron sistemə keçidi təmin etməklə, institusional islahatları həyata keçirməklə şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə istiqamətində daha böyük nəticələr əldə olunacağını qeyd etdi. Fərman məhz bu ideyanın təcrübədə tətbiqini ehtiva edir.

Bilirsiniz ki, son zamanlar informasiya-kommunikasiya texnologiyalarının dövlət qurumlarının fəaliyyətinə inteqrasiya edilməsi istiqamətində əhəmiyyətli işlər görülür. Bu məqsədlə müvafiq hüquqi baza formalaşdırılmışdır. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilmişdir. Bu xidmətlər dövlət orqanı əməkdaşları ilə vətəndaşlar arasında birbaşa təması minimuma endirir, mümkün korrupsiya hallarını aradan qaldırır və vətəndaşları dövlət xidmətlərinə yaxınlaşdırır. Bu Fərmanda nəzərdə tutulan islahatların həyata keçirilməsi isə vətəndaşları dövlət xidmətlərinə daha da yaxın edəcək və onların bu xidmətlərdən asan və şəffaf formada bəhrələnməsini təmin edəcəkdir.

- Bu konsepsiyanın reallaşdırılması nəticəsində dövlət orqanlarının göstərdiyi xidmətlərin vətəndaşlara daha yaxın və əlçatan olacağını qeyd etdiniz. Həmin xidmətlər hansı formada reallaşdırılacaqdır?

- Bu konsepsiya vətəndaşlara dövlət orqanları tərəfindən xidmətlərin daha keyfiyyətli və yeni üslubda, müasir innovasiyalar tətbiq edilməklə göstərilməsini nəzərdə tutur. Bu baxımdan vətəndaşlara göstəriləcək xidmətlərin həyata keçirilməsini təmin edən mərkəzlərin “ASAN xidmət” mərkəzləri adlandırılması xüsusi olaraq seçilmişdir. “ASAN”, həmçinin ingilis dilindən Azərbaycan Xidmət və Qiymətləndirmə Şəbəkəsi (Azerbaijan Service and Assessment Network) kimi tərcümə oluna bilər. “ASAN xidmət”, ilk növbədə, dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu, dövlət idarəçiliyinə özəl sektorda geniş yayılmış “müştəri məmnunluğu” ideyasının inkorporasiya edilməsidir və ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verəcəkdir. Bu ideyanın maraqlı cəhətlərindən biri də odur ki, həmin xidmətlər şərti müəyyən edilmiş “bir qapı” prinsipi üzrə təqdim ediləcəkdir. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana biləcəkdir. Bu, vətəndaşlarımızın fərdi xərclərinin azalmasına, vaxt itkisinin aradan qaldırılmasına, şəffaflığın və onların rahatlığının təmin edilməsinə imkan verəcəkdir.

Bu konsepsiyada əsas prinsiplər kimi operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq müəyyən edilmişdir. Belə ki, vətəndaş mərkəzə daxil olaraq məlumat köşkündən əldə etmək istədiyi sənəd üçün hansı bölməyə və hansı sənədlərlə müraciət etməli olduğunu öyrənəcək və həmin bölmənin pəncərəsində elektron növbə əsasında gözləyəcəkdir. Mərkəzlərdə yerləşdirilmiş elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaqdır. Növbə çatdıqda xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədləri təqdim edə və əldə etmək istədiyi sənədi qanunvericiliklə müəyyənləşdirilmiş müddətlərdə götürə biləcəkdir. Bu ideyanın digər bir maraqlı elementi ondan ibarətdir ki, bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq bütün vətəndaşlar üçün həyata keçiriləcək və təqvimin bütün günlərində fasiləsiz olaraq açıq olacaqdır. Mərkəzlərdə vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün uşaq əyləncə qurğuları, internet-kafe, bank, poçt şöbələri və sair funksional yardımçı xidmətlər fəaliyyət göstərəcəkdir.

- Mərkəzlərdə hansı xidmətlər göstəriləcəkdir?

- Xidmətlərin növləri müxtəlif olacaqdır. Lakin ilkin olaraq birbaşa (yerində) xidmətlər; özünəxidmət, çağırış xidməti (call center) və səyyar xidmətlər qeyd edilməlidir. Birbaşa xidmət artıq qeyd etdiyim kimi, vətəndaşın xidmət bölməsinə yaxınlaşaraq müraciət etməsi və müraciət əsasında xidmət göstərilməsidir. Özünəxidmət halında isə vətəndaş mərkəzdə daim internetə açıq olan kompyuterlərlə təchiz edilmiş xüsusi otaqlara yaxınlaşmaqla bütün növ elektron xidmətlərdən yararlana biləcəkdir. Çağırış xidməti vasitəsilə vətəndaş mərkəzə gəlmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat ala, növbə tuta, mərkəzin fəaliyyəti ilə bağlı irad və təkliflərini, şikayətlərini bildirə biləcəkdir. Ölkə üzrə bütün xidmət mərkəzləri vahid telefon nömrəsi ilə təchiz olunacaqdır. “Çağırış” mərkəzi, eyni zamanda, videoqəbul vasitəsilə vətəndaşlara informasiya xidmətləri göstərəcəkdir. Səyyar xidmətlər isə vətəndaş qanunla nəzərdə tutulmuş qaydada əlavə haqq ödəməklə öz iş və ya yaşayış yerini tərk etmədən xidmətlərdən yararlana biləcəkdir. Yəni, xidmətin həyata keçirilməsi üçün tələb edilən sənədlərin və xidmətin nəticəsi olaraq vətəndaşa verilməli olan sənədlərin onun yaşayış və ya iş yerində təhvil götürülə və ya təhvil verilməsi mümkün olacaqdır.

- Bu xidmət mərkəzlərinin fəaliyyəti sayəsində hansı nəticələrin əldə edilməsi gözlənilir?

- Bu mərkəzlərin yaradılması ilk olaraq dövlətin vətəndaşlara olan qayğısının bariz nümunələrindən biridir. Çünki bu mərkəzlərin fəaliyyəti digər dövlət qurumları tərəfindən göstərilən xidmətləri məhdudlaşdırmır və alternativ xidmət kimi fəaliyyət göstərir. Burada əsas məqsəd artıq qeyd etdiyim kimi, bu prosesdə vətəndaşlara maksimum əlverişli şəraiti təmin etməkdir. Bu mərkəzlərdə vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi gözlənilir. Belə ki, mərkəzlərin əməkdaşları etika, vətəndaş axınının idarə olunması, vətəndaşları qarşılama, dinləmə, izahetmə bacarıqlarını (stress management) inkişaf etdirən xüsusi kursları keçmiş peşəkarlar olacaqdır. Mərkəzlərin fəaliyyəti, həmçinin şəffaflığı artıracaq, elektron xidmətlərdən daha geniş istifadə olunmanı təmin edəcək və mümkün korrupsiya hallarının aradan qaldırılmasına xidmət edəcəkdir.
Bu, həm də cəmiyyətdə mövcud müsbət gözləntilərə bir cavab olacaqdır.

- Yeni yaradılacaq dövlət agentliyinin əsas fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?

- Agentlik “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, bu mərkəzlərin əməkdaşlarının müəyyənləşdirilmiş tələblər və standartlar çərçivəsində fəaliyyətinin təmin olunmasını və əlaqələndirilməsini, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini nəzərdə tutur. Agentlik, həmçinin həyata keçiriləcək xidmətlərin keyfiyyətinə, şəffaflığa, etik qaydalara riayət olunmasına nəzarət edəcək və xidmətlər üzrə qiymətləndirmələr aparacaqdır.

- Belə xidmət mərkəzləri başqa ölkələrin təcrübəsində də varmı?

- Oxşar xidmət mərkəzləri başqa ölkələrdə də vardır, lakin onların fəaliyyəti konseptual baxımdan daha məhdud çərçivədədir. Belə ki, əksər təcrübələrdə bu cür mərkəzlər yalnız bir quruma aid olan xidmətləri həyata keçirməklə məhdudlaşır. “ASAN xidmət” konsepsiyası isə daha miqyaslıdır və müxtəlif dövlət qurumlarının göstərdikləri xidmətləri də bir mərkəzdə birləşdirir. Qeyd edilməlidir ki, bu konsepsiya yenidir və təbii ki, icra prosesində daha da təkmilləşəcəkdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu islahatın tətbiqində ən yaxşı beynəlxalq təcrübələr öyrəniləcək və vətəndaşlar üçün bütün aspektlərdən asan xidmətlər təqdim ediləcəkdir.

- Bu xidmət nə vaxt fəaliyyətə başlayacaqdır?

- Azərbaycan Prezidentinin imzaladığı Fərmana əsasən 2 ay müddətində bu xidmətin nümunəvi əsasnaməsinin layihəsi və xidmət mərkəzlərində dövlət orqanları tərəfindən göstərilən xidmətlərin növləri barədə təkliflər hazırlanacaqdır.

 

Xəbərlər
Redaktorun seçimi