“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
25.02.2010, 20:45
453

Ermənistan Türkiyə ilə imzalanmış protokolları ləğv edə bilər

A- A+

Rəsmi Yerevan Türkiyə və Azərbaycana qarşı isterik kampaniyaya başlayıb

Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və ikitərəfli münasibətlərin inkişafı barədə 2009-cu il oktyabrın 10-da imzalanan protokolların ratifikasiyasının dalana girməsi erməni tərəfi ciddi əndişəyə salıb.

Protokolların təsdiqlənməsi və Türkiyə ilə sərhədlərin açılması ilə həm iqtisadi baxımdan, həm də Qarabağ münaqişəsinin həllində ciddi imkanlar qazanacağını gözləyən Ermənistan bu ümidlər suya düşüncə siyasi-diplomatik isteriyaya qapılıb.

Xatırladaq ki, Türkiyə hökuməti protokolları ölkə parlamentinə təqdim etsə də, onların təsdiqlənməsinin Qarabağ probleminə, Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına bağlı olduğunu bəyan edib. Erməni tərəf də protokolları parlamentə təqdim edib, lakin sənədlərin yalnız Türkiyənin müvafiq addımından sonra ratifikasiya ediləcəyini bildirib.

Ermənistan parlamentinin xarici əlaqələr komissiyası ötən həftə (19 fevral) protokolların formal olaraq gündəmə alsa da, sənədlərin parlamentin komissiya və fraksiyalarında müzakirəsi ilə bağlı prosedur hələ müəyyənləşməyib. Eləcə də protokolların Ermənistan parlamentinin ümumi müzakirəsinə nə vaxt təqdim olunacağı da bəlli deyil.

Əksinə, Ermənistan Türkiyənin protokolların ratifikasiyasını ləngitdiyini nəzərə alaraq bu ölkəyə qarşı təhdidlərə başlayıb. Yerevan bəyan edib ki, Türkiyə tərəfdən ləngimə prosesinin davam edəcəyi təqdirdə Ermənistan protokollardakı imzasını geri götürəcək və sənədləri birtərəfli qaydada ləğv edəcək.

Bununla bağlı hazırlanmış xüsusi qanun layihəsi dünən Ermənistan parlamentində ilk oxunuşda qəbul olunub. Qanuna görə, Ermənistan imzaladığı hər hansı beynəlxalq sazişdəki imzasını sonradan (həmin sənəd qüvvəyə minməmiş) geri götürə bilər.

Qanun layihəsini parlamentə təqdim edən xarici işlər naziri Edvard Nalbandyan bildirib ki, Ermənistan-Türkiyə protokollarının imzalanması zamanı erməni tərəfi bütün qanunvericilik proseduralarına əməl edib: «Beynəlxalq sazişlər haqqında qanuna görə, sazişlərin imzalanması prosesi konkret proseduralar əsasında keçməlidir. Qanunvericilik Ermənistan prezidentinə beynəlxalq sazişlərin imzalanmasına dair digər proseduralardan istifadə etmək imkanı da verir. O bu imkanlardan istifadə edib və bununla prosedura normaları pozulmayıb”.

Bununla yanaşı, sənədlərin Türkiyə tərəfdən təsdiqinin ləngidildiyini qeyd edən nazir bildirib ki, Ermənistan da buna cavab olaraq protokolları ləğv edə bilər.

“Beynəlxalq sazişin dayandırılması yaxud onun ləğvi təşəbbüsü ilə prezident, baş nazir, xarici işlər naziri və müvafiq qurumlar çıxış edə bilər. Təbii ki, lüzum yaranan zaman Ermənistan müvafiq addımlar ata bilər. Çünki Ermənistan-Türkiyə protokolları da beynəlxalq sazişdir”, - deyə Nalbandyan bildirib.

Qeyd edək ki, bundan öncə Ermənistan prezidenti Serj Sarkisyan da Türkiyə tərəfinin protokolların ratifikasiya prosesini uzadacağı təqdirdə prosesdən çıxmağa hazır olduğunu bəyan edib.

Bu arada erməni tərəfi martın 4-də ABŞ Konqresinin Nümayəndələr Palatasında «soyqırımı qətnaməsi»nin müzakirəsini Türkiyəyə qarşı daha bir təhdid vasitəsi kimi gözdən keçirir. Öz növbəsində Türkiyə tərəfi də ABŞ Konqresində erməni kampaniyasını önləmək üçün addımlar atmaqdadır.

Dünən (24 fevral) Türkiyənin Birləşmiş Ştatlardakı yeni səfiri Namik Tan etimadnaməsini Ağ Evdə Barak Obamaya təqdim edərkən Konqresdəki «erməni soyqırımı» qətnaməsi ilə bağlı türk tərəfin narahatlığını diqqətə çatdırıb. Bundan əlavə, Türkiyə səfiri Konqresdəki müzakirənin əəngəllənməsi üçün nüfuzlu yəhudi lobbisinin nümayəndələri ilə görüşəcək.

Türkiyə parlamenti isə növbəti nümayəndə heyətini bu günlərdə ABŞ-a göndərəcək. Türkiyə Böyük Millət Məclisinin xarici münasibətlər komitəsinin sədri Murad Mərcan başçılıq etdiyi heyət həftə sonu Vaşinqtona gedəcək. Türkiyə nümayəndə heyəti Nümayəndələr Palatasında, Senatda və ABŞ Dövlət Departamentində görüşlər keçirəcəklər.

Bu arada Türkiyə və Ermənistan prezidentləri Abdullah Gül və Serj Sarkisyanın Kiyevdə, Ukraynanın yeni prezidenti Viktor Yanukoviçin inauqurasiya (andiçmə) mərasimində qeyri-rəsmi görüşü mümkündür. Fevralın 25-də keçiriləcək inauqurasiya mərasimində Türkiyə və Ermənistan prezidentlərinin iştirak edəcəyi xəbər verilib. Yeri gəlmişkən, Ukraynanın yeni prezidentinin inauqurasiya mərasimində Azərbaycanı baş nazir Artur Rəsizadə təmsil edəcək.

Ermənistanın beynəlxalq müstəvidə, Türkiyə ilə yanaşı, Azərbaycana da qarşı davam etdirdiyi təhdid kampaniyasının bir istiqaməti isə bu günlərdə BMT-də cərəyan edir. Xəbər verildiyi kimi, Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Aqşin Mehdiyev Xocalı soyqırımının növbəti ildönümü ilə bağlı təşkilatın baş katibi Ban Ki-Moona məktub ünvanlayıb.

Aqşin Mehdiyev öz məktubunda Ermənistanın hazırkı prezidenti Serj Sərkisyanın britaniyalı jurnalist Tomas de Vaala dediyi sözləri sitat gətirib: «... Xocalıya kimi azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldırmırlar. Biz bu stereotipi sındırdıq”.

Diplomat məktubunda həmçiin erməni müəllif Markar Melkonyanın Xocalı sakinlərinə qarşı qətliamı təsvir edən kitabından da sitatlar gətirib. Xocalıda törədilmiş bəşəriyyət əleyhinə cinayətə görə Ermənistanın məsuliyyət daşıdığını söyləyən diplomat bildirir ki, cinayətkarların cəzalandırılması sülhün təmin olunması, ədalətin bərpası, barışığın əldə olunması və qurbanların haqqının müdafiəsi üçün vacibdir.

Qeyd edək ki, səfir Aqşin Mehdiyev məktubun Baş Assambleyanın gündəliyinin 14 və 18-ci bəndlərinin və Təhlükəsizlik Şurasının sənədi kimi yayılmasını xahiş edib.

Bundan dərhal sonra Ermənistanın BMT-dəki daimi nümayəndəsi Karen Nazaryan da təşkilatın baş katibi Ban Ki-Moona və Təhlükəsizlik Şurasına məktub ünvanlayıb. Erməni diplomat məktubunda Azərbaycanı Dağlıq Qarabağ problemi və Xocalı məsələsi ilə bağlı dünya ictimaiyyətini çaşdırmaqda və dezinformasiya yaymaqda ittiham edir.

Məktubda iddia olunur ki, guya Xocalıda əhalinin kütləvi qırğınını erməni silahlı dəstələri deyil, Azərbaycanın hərbi qüvvələri həyata keçirib. Erməni diplomat Xocalı qırğının Azərbaycanda hakiimyyət davasının bir nəticəsi olduğunu bildirir. O, Azərbaycanın o vaxtkı prezidenti Ayaz Mütəllibovun sonralar mətbuata verdiyi açıqlamanı misal gətirərək qeyd edir ki, Azərbaycan müxalifəti Xocalı qırğınından Mütəllibov hakimiyyətini devirmək üçün istifadə edib.

Erməni diplomatın məktubunda Dağlıq Qarabağ probleminin mahiyyətini də özünəməxsus şəkildə təqdim edərək bu münaqişənin 1988-ci ildə guya Azərbaycan hakimiyyətinin erməni əhaliyə qarşı apardığı qırğın və təqiblərə cavab olaraq başladığını iddia edir. Onun sözlərinə görə, Dağlıq Qarabağ erməniləri öz müqəddəratlarını azad təyin etmək üçün bu mübarizəyə başlayıblar və beynəlxalq birlik bu hüququ tanımalıdır.

Vüqar Orxan, “525-ci qəzet”, 25.02.2010

Xəbərlər
Redaktorun seçimi