“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.03.2013, 15:02
447

“Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi”

A- A+

Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əsassız olduğunu sübuta yetirən kitab Moskvada çapdan çıxıb

“Qarabağ” kəlməsi hər bir azərbaycanlının qəlbini göynədir və bu, sadəcə, şablon ifadə deyildir. Bu, qırıq-qırıq edilmiş tar simlərinin fəryadı, yerə çırpılmış qaval daşının haray çəkən səsidir. Necə oldu ki, Qarabağ dağlarında səslənən muğamın sədaları kəsildi, dumanlı-çiskinli vadilər daha “Qarabağ şikəstəsi”nin ecazkar gözəlliyinə bürünmür? Dünyanın qeyri-maddi irsinin UNESCO-nun müvafiq siyahısına salınmış bu şah əsərləri “Şərqin İtaliyası” şöhrəti qazanmış bir torpaqda – Qarabağda hələ çoxmu susacaq? “Qafqazın konservatoriyası” Şuşa hələ çoxmu parça-parça edilmiş, dili qopardılmış vəziyyətdə olacaq?”.

Bu sözlər Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun professor Namiq Əliyevin Moskvanın “Veçe” nəşriyyatında çapdan çıxmış “Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabına yazdığı giriş sözündəndir.

Kitab müəllifi, Azərbaycanın Moldovadakı səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev geniş elmi və faktiki materiallar əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bir sıra hüquqi problemlərini araşdırmış, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hüquqi cəhətdən açıq-aşkar əsassız olduğunu sübuta yetirir.

Müəllif kitabın müqəddiməsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus -2010: absurd teatrı mövsümü” kitabından sitat gətirilmişdir: “Hazırda Dağlıq Qarabağın erməni əhalisinin aid olduğu milli azlıqların təyini-müqəddəratının yalnız beynəlxalq hüquq çərçivəsində mümkün olması ilə Ermənistan barışmalı olacaqdır. Bu hüququn prinsipləri çoxsaylı konvensiya və sənədlərdə təsbit olunmuşdur ki, bunların da dürüst ifadələri ilə Ermənistanda, şübhə etmirik ki, yaxşı tanışdırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin hüquqi bazası 1975-ci il Helsinki Yekun Aktıdır. Orada təyini-müqəddərat hüquqi dövlətin ərazi bütövlüyü çərçivəsində göstərilmişdir”.

“Beynəlxalq hüquq və Dağlıq Qarabağ münaqişəsi” kitabı beş fəsildən – “Ermənistan-Azərbaycan münaqişəsinin tarixi aspektləri”, “Erməni iddialarının hüquqi əsassızlığı”, “Beynəlxalq ərazi münaqişəsinin həlli”, “Dövlət quruluşu haqqında” və “Kompromislər və güzəştlər” adlı fəsillərdən ibarətdir. Beynəlxalq münasibətlər, siyasi elmlər sahəsində mütəxəssislərin geniş dairəsinə, tarixi -konfliktoloji problemlərlə maraqlanan hər kəsə ünvanlanmış kitaba əlavədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə əsas beynəlxalq sənədlər yer almışdır.

AzərTAc

Xəbərlər
Redaktorun seçimi