“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.07.2009, 10:55
401

“Qarabağın gələcəyi – sülhməramlı təşəbbüslərin gələcəyi”

A- A+

Millət vəkillərinin, xarici politoloqların iştirak etdiyi “dəyirmi masa”da Qarabağ nizamlanmasında “xalq diplomatiyası”nın imkanları müzakirə olunub

İyulun 14-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Qarabağın gələcəyi – sülhməramlı təşəbbüslərin gələcəyi” mövzusunda dəyirmi masa keçirilmişdir. Böyük Britaniyanın “İnternational Alert” (“Beynəlxalq Həyəcan”) təşkilatının təşəbbüsü və SAM-la əməkdaşlıq çərçivəsində keçirilmiş tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, eləcə də bu prosesdə sülhməramlı təşəbbüslərin və “xalq diplomatiyası”nın mahiyyəti müzakirə edilmişdir. 

Tədbirdə 30-a yaxın politoloq, Milli Məclisin deputatları, regional və beynəlxalq münasibətlər üzrə digər mütəxəssislərlə yanaşı, “İnternational Alert” təşkilatının nümayəndələri – Asiya və Avrasiya üzrə proqram direktoru Fil Şempeyn, Avrasiya proqramları üzrə layihə direktoru Desislava Rusanova, və Rusiya Federasiyası İctimai Palatasının Millətlərarası münasibətlər və vicdan azadlığı komissiyasının üzvü Maksim Şevçenko iştirak etmişlər.

SAM xarici siyasət məsələləri araşdırması şöbəsinin müdiri Gülşən Paşayeva son 1 ildə bölgədə çox maraqlı hadisələrin baş verdiyini söyləyərək bu hadisələr sırasında Gürcüstan-Rusiya münaqişəsini və Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımları qeyd edib. Bunların bütün bölgəyə, konkret olaraq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsir etdiyini vurğulayan şöbə müdiri, danışıqlarda ümidverici dinamika yarandığını deyib. Onun sözlərinə görə, dəyirmi masanın təşkilində məqsəd danışıqlar nəticə verdiyi halda xalq diplomatiyasından necə istifadə olunması yollarını araşdırmaqdır.

“Cənubi Qafqaz bizim üçün çox vacib regiondur. Biz Dağlıq Qarabağ münaqişəsinin həllində sıçrayışa ümid edirik”, - deyə “International Alert” təşkilatının Asiya və Avrasiya proqramları direktoru Fil Çempeyn bildirib.

Tədbirin əsas hissəsi mətbuat üçün qapalı keçib. Verilən məlumata görə, müzakirələrdə geosiyasi amillərə, münaqişənin mövcud vəziyyətinə, siyasi səviyyədə mümkün irəliləyişlərin əldə ediləcəyi təqdirdə hər iki ölkə ictimaiyyətində qarşılıqlı inamın yaradılması üçün zəruri tədbirlərin həyata keçirilməsinə və digər məsələlərə toxunulmuşdur.

Eyni zamanda, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bu proseslərdə daha yaxından iştirakını dəstəkləyən ekspertlər beynəlxalq təşkilatların məsələyə diqqətinin artırılmasının vacibliyini vurğulamışlar.
Bildirilmişdir ki, “xalq diplomatiyası”nın tətbiqi və sülhməramlı təşəbbüslərin həyata keçirilməsi uzunmüddətli xarakter daşımalıdır və bu proseslərdə bütün maraqlı tərəflərin fəaliyyəti əlaqələndirilməlidir.

Gələcək addım kimi ekspertlər səviyyəsində təşkil edilən görüşlərin əhəmiyyətini nəzərə alan təşkilatçılar belə toplantıların davamlı şəkildə keçirilməsində maraqlı olduqlarını bildirmişlər.

 

Mövzuya dair:

Rusiya XİN: Qarabağ nizamlanmasında xalq diplomatiyasına ciddi dəstək verəcəyik

Rusiya Xarici İşlər Nazirliyi iyulun 12-də Azərbaycan və Ermənistanın Rusiyadakı səfirləri Polad Bülbüloğlu, Armen Smbatyan və Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, xüsusi tapşırıqlar üzrə səfir Mixail Şvıdkoyun iştirakı ilə Azərbaycan və Ermənistan nümayəndələrinin İrəvan, Bakı və Xankəndinə səfərləri (3 iyul 2009-cu il) barədə açıqlama yayıb.

Rusiya XİN-in rəsmi saytında yer alan açıqlamada deyilir ki, bu səfər 2007-ci ilin iyununda keçirilmiş görüşlərin davamı olub: “Aparılmış fikir mübadiləsi göstərib ki, ictimaiyyət, vətəndaş cəmiyyəti institutları Dağlıq Qarabağ münaqişəsinə cəlb olunmuş tərəflər arasında inamın bərpası və möhkəmlənməsinə, münaqişənin sülh yolu ilə həlli üçün münbit atmosferin yaradılmasına öz töhfələrini verməlidir. Nümayəndə heyətlərini qəbul etmiş Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan tərəfindən onların səylərinin dəstəklənməsi çox vacibdir. Rusiya tərəfi keçirilmiş görüşlərin nəticələrini pozitiv qiymətləndirir. Biz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi və xalq diplomatiyasının addımlarına gələcəkdə də ciddi dəstək verəcəyik”.

Xəbərlər
Redaktorun seçimi