“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.05.2009, 12:51
459

Ərdoğan: “Lazım gəlsə, Türkiyədə qeyri-leqal çalışan 40 min ermənini geri göndərərik”

A- A+

“Niyə bunlar bizim ölkəmizə gəliblər? Çünki Ermənistanda böyük səfalət var”

“Türkiyə-Ermənistan əlaqələri heç bir amillə bağlılığı olmayan əlaqələr deyil. Bölgə ilə əlaqəli məsələlər var. Bunları yox saymaq mümkün deyil. Azərbaycanla Ermənistan arasındakı problem istər-istəməz bizə də təsir göstərən bir məsələdir”. 

Türkiyə mətbuatının məlumatına görə, bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Polşaya səfəri zamanı Varşavada tələbələrlə görüşündə deyib. O bildirib ki, hazırda Türkiyənin Ermənistandan əsas tələbi bu ölkənin öz qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla, Azərbaycanın işğal olunmuş torpaqlarından geri çəkməsidir:

“Bunun qərarını biz verməmişik, BMT verib. Bu qərara əsasən Ermənistan orada işğalçı olduğunu qəbul edib. Bunu qəbul etmisənsə, oradan çəkil. Oralar işğal edildiyi üçün Türkiyə Ermənistanla sərhəd qapısını bağlayıb. Səbəb-nəticə əlaqəsi var. Səbəb aradan qalxanda qapı da açılacaq”.

Ərdoğan Türkiyədə 40 min Ermənistan vətəndaşının qeyri-leqal yaşayıb-işlədiyini də xatırladıb: “Niyə bunlar bizim ölkəmizə gəliblər? Çünki Ermənistanda böyük səfalət var. Onlar hazırda bizim ölkəmizdə özlərini dolandırmaq üçün çalışırlar. Lazım gəlsə, geri göndərərik, amma bunu insani baxımdan düzgün saymırıq”.

 

Mövzuya dair:

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Dağlıq Qarabağla bağlı səssiz qala bilməz”

“Bakıda Azərbaycan prezidenti, dəyərli qardaşım İlham Əliyevlə uzun-uzadı söhbətimiz oldu. Aramızda tarixdən gələn qardaşlığı kölgələyəcək, zədələyəcək hər hansı problemin olmayacağını, Azərbaycanın milli problemini bu günə qədər öz milli problemimiz kimi gördüyümüzü və görəcəyimizi həm ona söylədik, həm də mətbuat konfransında və Azərbaycan parlamentindəki çıxışımızda bəyan etdik”.

Bu sözləri Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan mayın 16-da Rusiyaya səfərindən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib. O, Azərbaycanın səfərinin çox faydalı olduğunu bildirib: “İki qardaş arasında işbirliyinin davam etməsi yönündə qərarlılığımızı ortaya qoyduq. Həm daxildə, həm də xaricdə iki qardaş arasında fitnə-fəsad salmaq istəyənlər olacaq. Amma biz eyni qərarlılıqla yola davam edəcəyik. Azərbaycan prezidenti də bu məsələlərə nöqtə qoydu”.

Ərdoğan Cənubi Qafqazda sabitliyin təmin edilməsi məsələsində İ. Əliyevlə eyni mövqedə olduqlarını vurğulayıb: “Milli Məclisdə və mətbuat konfransında çıxışımda bildirdim ki, son zamanlar Türkiyənin Azərbaycanı yalnız buraxacağına dair Azərbaycan mediasında çıxan xəbərlər doğru deyil. Azərbaycan mediası buna geniş yer verdi, amma yenə bəziləri başqa şeylər axtarır. Türkiyə Azərbaycanı yalnız buraxmaz. Bunu səfərim zamanı Azərbaycan ictimaiyyəti də gördü”.

Jurnalistlərin suallarını da cavablandıran Ərdoğan Ermənistan prezidenti Serj Sarkisyanın “Türkiyə Dağlıq Qarabağ probleminin həllinə qarışmasın” mesajına da münasibət bildirib. Baş nazir bəyan edib ki, Türkiyə Dağlıq Qarabağ məsələsində səssiz qala bilməz: “Sərhədlərin qapanması Dağlıq Qarabağ məsələsi ilə bağlıdır, oradakı hərbi müdaxilənin nəticəsidir. Səbəb budur. Bu səbəb aradan qalxmasa, qapıları aça bilmərik”.

Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə Türkiyə-Ermənistan danışıqlarının bir-biri ilə əlaqəsi olmadığına dair fikirləri qəbul etmədiyini də deyib: “AKP olaraq bizim mövqeyimiz budur”.

Bax həmçinin:

“Azərbaycandan aldığımız qazın miqdarını 8 milyard kubmetrə yüksəltmək istəyirik”

“Təbii qaz məsələsi ilə bağlı Azərbaycanla danışıqlar aparılması üçün müvafiq nazirliklərə təlimatlar verilib. Bu danışıqlar və çalışmalar sürətlə davam etdirilərək yekunlaşdırılacaq”.  Bu sözləri Ankarada jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan Azərbaycandan alınan təbii qazın qiymətinin artırılması mövzusunda Türkiyə mətbuatında çıxan yazılardan narazılığını bildirib və qazın qiymətinin dünya bazarında neftin qiyməti əsasında tənzimləndiyini söyləyib: “Azərbaycandan qazı dünya qiymətlərindən bir az endirimli ala bilərik. Qiymət məsələsini gündəmdə saxlayıb əlaqələri bu səviyyəyə endirmək yanlışdır”.

Ərdoğan 2008-ci ildə Azərbaycandan 4 milyard kubmetrdən çox qaz aldıqlarını və bu rəqəmi 8 milyarda yüksəltmək istədiklərini açıqlayıb: “Bu il Azərbaycandan alacağımız qazın miqdarı 6-7 milyard ola bilər. Hazırda ildə 35-36 milyard kubmetr qaz istifadə edirik”.

APA, 16.05.2009.

Xəbərlər
Redaktorun seçimi