“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
14.02.2011, 17:50
485

Tomas de Vall Amerika jurnalında Xocalıdan bəhs edən məqalə yazıb

A- A+

“Xocalı qətliamı Dağlıq Qarabağ münaqişəsinin ən qanlı epizodudur”

Qarabağ üzrə tanınmış britaniyalı ekspert, hazırda ABŞ-ın Karnegi Fondunun proqram direktoru olan Tomas de Vall “The National İnterest” (Amerika) jurnalında Xocalı qətliamının ildönümünün yaxınlaşması ilə bağlı məqalə ilə çıxış edib. Müəllif yazır ki, fevral-Ermənistanla Azərbaycan arasında ən qəddar aydır: “Bu ayla bağlı artıq mənə də xahişlər və sorğular daxil olmağa başlayır.  

Bir neçə il əvvəl belə xahişləri edənlərin əksəriyyəti ermənilər idi.  

Onlar xahiş edirdilər ki, 1988-ci il fevralın 28-də Sumqayıtda ermənilərin kütləvi qətlinin ildönümünün qeyd olunması tədbirlərinə qatılım. İndi isə müraciət edənlərin əksəriyyəti azərbaycanlılardır, onlar istəyir ki, erməni qüvvələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində törətdikləri qırğınlar barədə danışım”.

Tomas de Vall qeyd edir ki, Azərbaycan son illər Xocalı ilə bağlı beynəlxalq səviyyədə təbliğatı gücləndirib, bu qətliamın ildönümü ilə bağlı xarici ölkələrdə konsertlər, nümayişlər təşkil olunur, “Facebook” şəbəkəsində imza toplanır. Azərbaycan televiziyası qətliam qurbanlarının tanınmaz hala salınmış cəsədlərinin dəhşətli kadrlarını nümayiş etdirir: “Azərbaycanın son illərdə enerji ehtiyatları sayəsində əldə etdiyi vəsaitlər Qərb paytaxtlarında bu hadisələri müvafiq formada təqdim etmək üçün PR üzrə mütəxəssislərə, firmalara xərclənir. Mən deyəndə ki, bu kampaniyada iştirak etmək istəmirəm, heç də ona görə yox ki, baş verənlərin bütün ağırlığını inkar etmək istəyirəm. Xocalı qətliamı Dağlıq Qarabağ ətrafında Ermənistanla-Azərbaycan arasındakı münaqişənin ən qanlı epizodudur.

Müəllif əlavə edib ki, Xocalı qətliamını təsdiq edən başqa mənbələr də var. Beynəlxalq insan haqları təşkilatı “Human Rights Watch”, Rusiya insan haqları təşkilatı “Memorial” və xarici jurnalistlər Xocalı hadisələrindən dərhal sonra bu qətliamın sağ qalan şahidlərindən müsahibələr götürüblər. Ortaya çıxan mənzərə belədir ki, erməni yaraqlıları mühasirəyə alınmış şəhərdən qaçmağa çalışan azərbaycanlı dinc əhaliyə qarşı atəş açıblar. Hadisələri araşdıran “Memorial” aşağıdakı nəticəyə gəlib: “Dinc əhalinin ”sərbəst dəhliz" boyu və ona bitişik ərazilərdə kütləvi şəkildə qətlə yetirilməsinə heç cür haqq qazandırıla bilməz".

Karnegi Fondunun proqram direktoru vurğulayıb ki, həmin il Xocalıda nə baş verdiyi barədə çoxsaylı dəlil-sübutların, şahid ifadələrinin mövcud olmasına baxmayaraq bunlar bəzi erməniləri suyu xoşagəlməz formada bulandırmağa cəhd etməkdən çəkindirməyib. Azərbaycanın o vaxtkı prezidenti Ayaz Mütəllibov öz siyasi opponentlərini də bu hadisələrə görə ittiham edib, lakin sonra öz bəyanatından geri çəkilib. “Lakin bu da kömək etməyib və Ermənistanda onun sözlərini aramsız olaraq sitat göstərirlər. Bundan daha da betəri, xoşagəlməyəni və həyəcan doğuranı odur ki, ötən il Ermənistanda ötəri görüşdüyüm çex jurnalisti Dana Mazalovanın iddiasına görə, Xocalı qətliamının azərbaycanlı operator Çingiz Mustafayev tərəfindən çəkilmiş kadrlarının orijinalını görüb. Onun iddiasına görə həmin kadrlarda cəsədlərin tanınmaz hala salındığı görünmürdü və buradan belə nəticəyə gəlir ki, kimlərsə sonradan cəsədləri tanınmaz hala salıb” deyə Tomas de Vall bildirir.

Müəllif yazır ki, əgər kimsə azərbaycanlı mülki əhalinin ermənilər tərəfindən kütləvi şəkildə qətlə yetirildiyinə dair təkzibolunmaz mənbə axtarmaq istəyirsə o zaman uzağa getməyə dəyməz. Qarabağ müharibəsinin tanınmış iştirakçılarından biri Monte Melkonyanın (Məşhur “Asala” terrorçusu, Xocalı qətliamını törədənlərdən biri) qardaşı öz xatirələrində bu barədə geniş yazır. O, xatırlayır ki, Melkonyan hadisə yerinə gələndə gördüklərindən iyrəndiyini deyib və qətliama görə günahı “nizamsız” erməni hərbi birləşmələrinin -"Arabo" və “Aramo” batalyonlarının üzərinə qoyub.

Tomas de Vall yazır ki, Ermənistanın indiki prezidenti Serj Sərkisyan da 2000-ci ildə onunla söhbətində erməni yaraqlılarının azərbaycanlı mülki şəxsləri öldürdüyünü təsdiqləyib: “Mən onun müsahibəsindən sitatları "Qara Bağ" kitabımda göstərmişəm və nəticədə hər il Azərbaycanda Xocalı hadisələrinin ildönümü qeyd olunanda mənim də adımı çəkirlər. Baxmayaraq ki, kitabımda oxuculardan oradakı informasiyaları kontekstdən çıxarmamağı və öz siyasi baxışlarına uyğun şərh etməməyi xahiş etmişdim".

Müəllif daha sonra vurğulayır ki, Xocalı qurbanlarının yad olunmaq və ədalətə nail olmaq haqları var. Lakin Tomas de Vall məqalənin bu yerində neytral görünməyə çalışaraq Qarabağdakı müharibə dövründə erməni mülki əhalisinin də “qurbanlar verdiyini” xatırlamağı lazım bilir. O yazır ki, Azərbaycanda Xocalı hadisələri son illər geniş qeyd olunur, müəllif azyaşlı uşaqlara qətliam qurbanlarının cəsədlərinin göstərilməsini “yolverilməz” sayır.

Ekspert hesab edir ki, 2011-ci ildə Xocalı qətliamının ermənilərin nə dərəcədə faşist və qəddar olması barədə təbliğat üçün istifadə edilməsi təhlükəli ola bilər. Çünki 16 illik atəşkəs indi ən kövrək vaxtlarını yaşayır və yeni müharibənin başlanması riski yüksəkdir. Ona görə də günahsız insanların qanının axıdılmasından yeni müharibəyə çağırmaq üçün istifadə etmək olmaz.

“Burada iki aydın məqamı qeyd etmək lazımdır. Birincisi, Xocalıda dəhşətli qətliam törədilib, lakin bu, dünyada yeganə belə qətliam deyil. Ruandadan tutmuş Bosniyaya qədər hər yerdə bu cür kütləvi qətliamlar törədilib. Ona görə də Xocalı qətliamının qurbanları yad edilərkən digər belə kütləvi qırğınlar da yada salınmalıdır. İkincisi, ermənilər və azərbaycanlılar münaqişəni sülh yolu ilə həll etmək istəyirlərsə və yeni müharibə başlamaq istəmirlərsə bu cür hadisələrə daha ağıllı yanaşma nümayiş etdirməlidir” deyə müəllif yazır.

Xəbərlər
Redaktorun seçimi