Prezidentlərin Münhen görüşündə irəliləyiş əldə edilib
Azərbaycan XİN: “Prezidentlər həll olunmamış məsələlər ətrafında daha dərin müzakirələr aparıblar”Noyabrın 22-də Münhendə (Almaniya) görüşən Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan həll olunmamış məsələlər ətrafında daha dərin və müfəssəl müzakirələr aparıblar.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxov prezidentlərin Münhen görüşünü edərkən bildirib. E. Poluxovun sözlərinə görə, görüşün əhəmiyyətini 4 saatdan artıq davam etməsi də bunu göstərir (APA).
Diplomat, eyni zamanda, bir neçə məsələ ilə bağlı tərəflərin mövqelərində yaxınlaşma istiqamətində irəliləyiş əldə edildiyini vurğulayıb: “Eyni zamanda hər iki ölkə rəhbəri xarici işlər nazirlərinə danışıqları davam etdirmək tapşırığı veriblər. Növbəti görüşün xarici işlər nazirləri səviyyəsində dekabrın ilk günlərində Afinada keçirilməsi planlaşdırılır”.
* * *
ATƏT-in Minsk Qrupunun həmsədrləri: “Danışıqlar konstruktiv keçib və bəzi məsələlərlə bağlı tərəqqi əldə olunub”
ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin Münhen görüşü ilə bağlı birgə bəyanatla çıxış ediblər.
“Azərbaycan və Ermənistan prezidentlərinin danışıqları konstruktiv keçib və bəzi məsələlərlə bağlı tərəqqi əldə olunub”.
Bu fikirlər ATƏT-in Minsk Qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan prezidentlərinin noyabrın 22-də Münhendə keçirilən görüşünün yekunları ilə bağlı birgə bəyanatında öz əksini tapıb (APA).
“Azərbaycan və Ermənistan prezidentləri bu il sayca altıncı görüşdə ATƏT-in Mİnsk Qrupu həmsədrlərinin təklifləri sırasında daha mühüm əhəmiyyət kəsb edən və hələ də razılığa gəlinməyən məsələləri təfsilatı ilə və dərindən müzakirə ediblər. Dörd saat davam edən danışıqlar konstruktiv olub. Eyni zamanda bəzi məsələlər hələ də açıq qalır”.
Bəyanatda qeyd olunur ki, prezidentlər öz ölkələrinin xarici işlər nazirlərinə bəzi məsələlər üzərində işi davam etdirməyi tapşırıblar.
Həmsədrlər növbəti addım kimi ATƏT Xarici İşlər Nazirləri Şurasının dekabrın 1-2-də Afinada keçiriləcək illik toplantısı çərçivəsində Afinada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil edəcəklər.
* * *
Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında telefon danışığı olub
Noyabrın 23-də Azərbaycan və Türkiyənin xarici işlər nazirləri arasında telefon danışığı olub.
“Anadolu” agentliyinin yaydığı məlumata görə, Azərbaycanın xarici işlər naziri türkiyəli həmkarını prezidentlər İlham Əliyev və Serj Sərkisyanın Münhen görüşü barədə məlumatlandırıb.
Elmar Məmmədyarov həmçinin iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşünün Afinada keçiriləcəyini deyib.
Əhməd Davudoğlu öz azərbaycanlı həmkarını Ankaraya səfərə dəvət edib.