“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
29.12.2010, 18:15
477

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

A- A+

Bütün soydaşlarımızı bayram münasibətilə təbrik edirik!

Artıq 20 ilə yaxındır ki, xalqımız, bütün dünyada yaşayan soydaşlarımız ilin son gününü ikiqat bayram əhvalında yaşayırlar.

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı bir arada qeyd olunur.

Bu günün öz tarixçəsi var.

* * *

1989-cu il dekabrın 31-də Naxçıvan Muxtar Respublikasında minlərlə insan SSRİ-İran (Azərbaycan-İran) sərhədində aksiya keçirərək sərhəd dirəklərini sökməyə başladı.

Onilliklər ərzində bir-birindən ayrı düşmüş şimallı-cənublu azərbaycanlılar Araz çayı üzərində qovuşdular. Bu hadisə Azərbaycan tarixinə soydaşlarımızın həmrəylik aksiyası kimi düşdü.

Həmin tarixi gündə İstanbulda daha bir mühüm hadisə baş verdi: dünya azərbaycanlılarının ilk konqresi işə başladı.

Bu, azərbaycanlı diasporunun təşəkkül tapması istiqamətində əlamətdər hadisə idi.

1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Heydər Əliyevin sədrliyi keçən iclasında 31 dekabrın ”Dünya azərbaycanlılarının həmrəylik bayramı” kimi qeyd olunması barədə qərar qəbul edildi.

Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikası Ali Sovetinə müraciət etdi.

1991-ci il dekabrın 25-də Ali Sovetin Milli Şurası (parlamentin daimi faəliyyət göstərən orqanı) müraciəti nəzərə alaraq 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul etdi.

Ötən 19 ildə dünya azərbaycanlılarının birlik və bərabərliyi möhkəmlənib, azərbaycanlı diasporu ilbəil daha aktiv qüvvəyə çevrilməkdədir. Hərçənd bu yolda hələ çox işlər görülməlidir.

Bu əziz bayram, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün soydaşlarımızı təbrik edirik!

Qarşıdan gələn yeni teqvim ili - 2011-ci il münasibətilə də dünyadakı bütün azərbaycanlıları təbrik edir, yeni ildə hər kəsə yeni uğurlar diləyirik!.

www.azerbaycanli.org

Xəbərlər
Redaktorun seçimi