“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
31.10.2020, 10:00
1163

Cəbrayıl, Zəngilan və Qubadlının daha doqquz kəndi işğaldan azad olunub

A- A+

Azərbaycan Ordusu sentyabrın 27-dən oktyabrın 30-dək ümumilikdə 4 şəhər, 3 qəsəbə və 190-dək kəndi Ermənistanın işğalçı qüvvələrindən təmizləyib...


 

Vətən torpaqlarını düşməndən təmizləyən Silahlı Qüvvələrimiz Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha doqquz kəndini Ermənistanın işğalçı qüvvələrindən azad edib. Bu barədə məlumatı Prezident İlham Əliyev oktyabrın 30-da “Twitter” hesabında paylaşıb.

Paylaşımda deyilir:

“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vejnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Qeyd edək ki, oktyabrın 28-də Azərbaycan Prezidenti “Twitter” hesabından Zəngilan, Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının 13 kəndi işğaldan azad edildiyini bildirmişdi.

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində 30 oktyabradək ümumilikdə 4 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı), 3 qəsəbə (Hadrut – Xocavənd rayonu, Mincivan və Ağbənd – Zəngilan rayonu) və Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Xocavənd və Tərtər rayonlarının 190-dək kəndi işğaldan azad edilib.

Bu arada Ermənistanın işğalından azad edilmiş Cəbrayıl və Zəngilan rayonlarının ərazisində dörd sərhəd zastavasının bərpadan sonra açılışı olub.

Soltanlı, Xələfli, Xudafərin və Qumlaq kəndlərində sərhəd zastavaları üzərində bu gün dövlət bayrağı ucaldılıb. Bununla da dörd sərhəd zastavası xidməti döyüş fəaliyyətinə başlayıb. Dövlət sərhədinin mühafizəsi Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Horadiz Sərhəd Dəstəsinin şəxsi tərəfindən təşkil olunub.

Qeyd edək ki, Cəbrayıl və Zəngilan rayonlarını düşməndən təmizləyən Silahlı Qüvvələrimiz eyni zamanda Azərbaycan-İran dövlət sərhədinin 27 il işğal altında olan 132 kilometr hissəsini də azad edib.

Xəbərlər
Redaktorun seçimi