“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.11.2020, 12:00
1027

Salamat qalan dağlar, biz qayıtdıq...

A- A+

Kəlbəcər torpağı 27 illik ayrılıqdan sonra Vətən oğullarının ayaq səsinə oyandı

1993-cü ilin 2 aprelində işğalçı ordunun ayaq basdığı bu dağlar diyarını elə indiki kimi qar örtmüş aşırımları aşaraq tərk etmişdik. Doğma yurdundan bir at yükü “ev-eşiyi”ni götürüb, çoxları piyada, min bir zillət içində çıxan Kəlbəcər sakinlərindən neçəsini yolda şaxta-boran vurmuş, neçəsi canını elə o dağlarda tapşırmışdı. Qarlı aşırımlardan keçə bilənlər də bir anlıq geri dönüb, “bəlkə bu yerlərə bir də gəlmədim, duman, salamat qal, dağ, salamat qal” demişdi.

Bu illər ərzində o vüqarlı dağlar öz yerində idi, sinəsi də dumanlı. Bizim qayıdışımızı gözləyirdi. Torpaq sahibinin intizarında idi. Üstündə yağı düşmən at oynatsa da...

Budur, 27 il 7 ay sonra – 2020-ci ilin 25 noyabrı sübh tezdən Kəlbəcər torpağı Vətən oğullarının ayaq səsinə oyandı. Müzəffər Ordumuz həmin dağları, qar örtmüş aşırımları aşaraq üçrəngli bayrağımızla yurd yerimizə qədəm qoydu. Bir güllə belə atmadan, bir şəhid belə vermədən.

27 il əvvəlki qurd basan arxalı köpək bu dəfə, başına enəcək dəmir yumruğun uzaqdan gələn zərb səsini duyunca, quyruğunu qısaraq buraları tərk etməyə məcbur olmuşdu. Bu torpağa qarətçi kimi gəlib, qarətçi kimi də getdilər, hər yeri yandırıb viran qoyaraq. Olsun. Yurdun sahibi onu yenidən dirçəldəcək, bu yerlərdə  qurub-yaradacaq. Bir daha düşmən gözünü bu tərəflərə dikməsin deyə onu göz-bəbəyi kimi qoruyacaq.

Salamat qalan dağlar, biz qayıtdıq. Vətən torpağı, biz burdayıq. Gözünüz aydın, bu 27 ildə sayı 77 minə çatan – Gəncədə, Bakıda, Goranboyda, digər şəhər və rayonlarda müvəqqəti məskən salmış dağlar diyarının sakinləri. Kəlbəcəri qaytardıq – Kəlbəcərə qayıdırıq.

Tariximizin daha bir ağrı-acılı səhifəsi qapanır. 2 apreli (1993) qara təqvimdən silirik. Ağappaq qarlı yollarla yurda qədəm qoyduğumuz 25 noyabr (2020) zəfər təqviminə yazılır...

Vüqar Orxan

"Mədəniyyət" qəzeti

Xəbərlər
Redaktorun seçimi