“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.12.2014, 18:46
2279

Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti

A- A+

Dini sabitliyin qorunmasında qeyri-hökumət təşkilatlarının da üzərinə məsuliyyət düşür

Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birlikdə Bakıda “Dövlət-din münasibətləri və vətəndaş cəmiyyəti” mövzusunda konfrans keçirib.

Komitənin sədri Mübariz Qurbanlı dövlət-din münasibətlərinin hazırda çox aktual olduğunu, Azərbaycanda bu sahənin sabit və sistemli şəkildə inkişaf etdiyini deyib. M.Qurbanlı vurğulayıb ki, ölkəmizdə dinlərarası məsələlərdə heç bir problem yoxdur. Azərbaycanda dövlət-din münasibətlərinə yüksək səviyyədə diqqət yetirilir, bununla bağlı konkret istiqamətlər müəyyənləşdirilir. Bu istiqamətlərdən ən mühümü ictimaiyyətlə əlaqələrin genişləndirilməsidir. Burada da QHT-lərin böyük rolu var.

Komitə sədri bildirib ki, bu gün ayrı-ayrı ölkələrdə dindən siyasi məqsədlər üçün istifadə olunması halları müşahidə edilir. Bəzi dairələr din pərdəsi altında çirkin məqsədlərini həyata keçirmək istəyirlər. Bu dairələr bütün ölkələrdə var. Xüsusilə İslam aləmində bu dairələrin acınacaqlı əməllərini, həmin əməllərin çoxsaylı insanları fəlakətə aparmasını görürük. Bu gün dünyada müxtəlif münaqişələr gedir və çox təəssüf ki, bu münaqişələr arasında İslamla əlaqələndirilənlər daha qabarıq nəzərə çarpır.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev konfransın dövlət-din münasibətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Dünyada müxtəlif etnik və dini münaqişələrin davam etdiyi hazırkı dövrdə Azərbaycanda möhkəm ictimai-siyasi və dini sabitliyin mövcud olduğunu deyən A.Quliyev bu şəraitin qorunmasında və inkişafında vətəndaş cəmiyyəti institutlarının böyük potensiala malik olduğunu söyləyib: "Azərbaycanda tarixən dini və etnik zəmində tolerantlıq və sabitlik mövcuddur. Lakin bu sabitliyi pozmağa cəhd edən qüvvələr var. Dini maarifləndirmə sahəsinə yad ünsürlərin ayaq açmasına imkan verilməməlidir. Azərbaycanın dünyəviliyi və tolerantlıq bizim zənginliyimizdir. Biz bunu qorumalıyıq".

A. Quliyev qeyd edib ki, DQİDK ilə birgə görüləcək işlər üçün hədəf qrupları müəyyənləşdirilməlidir: "Xüsusən etnik qrupların çoxluq təşkil etdiyi bölgələrdə fəallıq göstərməliyik. Çünki bir sıra ölkələrin müəyyən qüvvələri bu bölgələrdə bəzi fəaliyyətlər göstərirlər".

Milli Məclisin sədr müavini Bahar Muradova Şuranın və DQİDK-nın cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən sahələrdə dövlət siyasətini uğurla həyata keçirdiklərini və belə qurumların fəaliyyətinin əlaqələndirilməsinin vacibliyini qeyd edib.

Bahar Muradova deyib: “Azərbaycanda dini və etnik zəmində tolerantlıq və sabitliyi qorumalıyıq. Azərbaycana yönəlmiş, rahatlığımızı pozmaq istəyən qüvvələrə qarşı vahid cəbhədə birləşməliyik. Həm dini icmalarda, həm də qeyri-hökumət təşkilatlarında bu işləri lazımi səviyyədə görə biləcək insanlar var. Çünki bizi narahat edən məsələlər bizdən nə qədər uzaq olsa da, bizə yaxınlaşmaqdadır. Ona görə də həmin problemləri həll etməyə hazır olmalıyıq”.

Konfrans işini müzakirələrlə davam etdirib.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası arasında birgə əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

 

Xəbərlər
Redaktorun seçimi