“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.02.2015, 15:53
2461

Mərkəzi Bank manatı “vurdu”...

A- A+

21 fevral milli valyutanın tarixində “qara şənbə” oldu: Mərkəzi Bankın ani qərarı ilə manat dollar və avroya nisbətən 33 faiz ucuzlaşdı...

Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

Bu barədə Mərkəzi Bankının yaydığı məlumatda deyilir.

Məlumata əsasən, bu qərar milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun beynəlxalq rəqabət qabiliyyətini və ixrac potensialını daha da gücləndirmək, bu əsasda tədiyyə balansının və ölkənin beynəlxalq ödəmə qabiliyyətinin strateji dayanıqlığını təmin etmək məqsədilə qəbul edilib.

“Manatın məzənnəsinin korreksiyası həmçinin xarici ticarət tərəfdaşımız olan əksər ölkələrin milli valyutalarının son dövrlərdə əhəmiyyətli ucuzlaşmasının milli iqtisadiyyatın rəqabət üstünlüklərinə mənfi təsirlərini neytrallaşdırmağa yönəlib. Mərkəzi Bank müəyyən edilmiş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcək”, - deyə bəyanatda vurğulanır.

* * *

Azərbaycanda 1 avronun rəsmi məzənnəsi 1,1950 manata yüksəlib

Azərbaycan Mərkəzi bankının fevralın 21-nə olan rəsmi məzənnəsinə əsasən, 1 avro 1,1950 manat səviyyəsində qərarlaşıb. Bu göstərici ötən gün ilə müqayisədə 30 qəpik və ya 33,8% artım deməkdir. Bivalyuta səbətində yer alan avronun kursu məzənnə siyasəti dəyişildiyi gündən isə (həmin gün avronun məzənnəsi 0,8962 manat olub) avro manatla nisbətdə  33,3% möhkəmlənib.

Ümumilikdə, AMB-nin məzənnə siyasətini dəyişdiyini elan etdiyi gündən, yəni fevralın 16-dan etibarən (həmin gün dolların məzənnəsi 0,7844 manat olub) dollar manata qarşı 26 qəpik və ya 33,9% bahalaşıb.

* * *

Süni qiymət artımının qarşısının alınması üçün tədbirlər görüləcəyi vəd edilir

İqtisadiyyat və Sənaye Nazirliyi Mərkəzi Bankın İdarə Heyətinin valyuta məzənnələrində dəyişikliklər edilməsi ilə bağlı qərarı ilə əlaqədar məlumat açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilib ki,  İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən manatın məzənnəsinin dəyişdirilməsi ilə əlaqədar istehlak bazarında baş verə biləcək sui-istifadə halları və süni qiymət artımının qarşısının alınması üçün nəzarət tədbirlərini daha da gücləndirilib və nəticələrindən asılı olaraq qanunvericiliyə uyğun tədbirlər görüləcək.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 21 fevral 2015-ci il tarixinə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,05 manat səviyyəsində müəyyən edilib.

 

Qiymətlər bahalaşacaq, inflyasiya ikirəqmli olacaq

Məsələyə münasibət bildirən iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, Mərkəzi Bank yumşaq devalvasiya olacağına dair açıqlama verməsinə baxmayaraq, əslində kəskin devalvasiya getdi: “Bu istehlak bazarında qiymət artımına gətirib çıxaracaq. Çünki idxal olunan malların alqısı dollarla aparıldığı üçün, onların manatla dəyişdirilməsi qiymət fərqi yaradacaq. Amma bu ixracata stimul verəcək.”

Dolların bahalaşmasının kredit bazarına da təsirinin olacağını deyən V.Bayramov bildirdi ki, “kommersiya banklarından dollarla kredit götürən vətəndaşlar indi daha çox manat xərcləyərək dollar alacaqlar. Yəni əvvəlcə 10000 dollar kredit götürən şəxs  7800 manat+faiz ödəyirdisə, indi 10000 manat+faiz ödəyəcək. Amma manatla kredit götürən şəxslərə bu devalvasiya müsbət təsir göstərəcək.”

Ekspert Azərbaycanda gözlənilən inflyasiyanın da ikirəqğmli olacağını bildirib: “Mərkəzi Bank ilkin açıqlamasında bu il Azərbaycanda inflyasiyanın həcminin 7% olacağını açıqlamışdı. Və biz də 1 AZN = 1 Avro həcmində götürərək, inflyasiyanın 10% həcmində olacağını hesablamışdıq, bu barədə açıqlama da vermişdik. İdxal olunan malların ümumi istehlak bazarındakı payını nəzərə alsaq, mövcud devalvasiya ilə 2015-ci ildə inflyasiya Mərkəzi Bankın açıqladığından 2 dəfə çox - 14% olacaq.

 

Manatın devalvasiyası turizm sektorunu da vurdu

“Əvvəl bir nəfərin turist səfəri 1000 manata başa gəlirdisə, indi 1400 manat olacaq”

Azərbaycan Mərkəzi Bankının manatın kəskin devalvasiyası barədəki qərarı turizm şirkətlərinə böyük zərbə vuracaq.  Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib ki, populyar marşrutlar üzrə turların qiymətində artıq 30-40 faiz bahalaşma baş verib: “Axı turizm şirkətləri aviaşirkətlər və otellərlə istisnasız olaraq yalnız dollar və avro ilə işləyir, yəni onlarla xarici valyuta ilə hesablaşırlar. Manatın kəskin və qəfil ucuzlaşması ona gətirib çıxardı ki, bir çox turizm şirkətləri həmin xarici tərəfdaşları ilə, yəni aviaşirkət və otellərlə satışı artıq əvvəlcədən həyata keçirilmiş turlara görə hesablaşa bilmirlər. Ona görə də əvvəlcədən yer və biletlər sifariş vermiş turizm şirkətləri ya bron yerləri geri qaytarıb bu turları ləğv etməli, ya da müştərilərindən əlavə ödəniş tələb etməlidirlər”.

Nahid Bağırov onu da qeyd edib ki, turpaketlərin qiymətinin artması xaricdə dincəlməyə qərar vermiş turistlərin də sayını kəskin şəkildə azaldacaq, bu da turzim sektorunda əlavə problemlər yaradacaq.

“Əgər əvvəllər bir nəfərin turist səfəri tutaq ki, 1000 manata başa gəlirdisə, indi həmin səfərin qiyməti 1400 manat olacaq. Buna görə turizm şirkətlərini günahlandırmaq düzgün olmaz. Axı onlar özləri bu turpaketi xarici tərəfdaşlarından xarici valyuta ilə alırlar. Onu deyə bilərik ki, manatın yaz tətili günləri ərəfəsində ucuzlaşması turizm sektoruna öz mənfi təsirini göstərəcək. Xaricə dincəlməyə gedənlərin sayı azalacaq” - deyə AzTA sədri buldirdi.

N.Bağırovun sözlərinə görə, yerli turizm şirkətləri təkcə turların təşkili ilə məşğul olmur, onların həm də iri xarici şirkətlərlə korporativ turist səfərlərinin təşkilinə dair müqavilələri var: “İri şirkətlər isə öz əməkdaşlarının xarici səfərlərinin xərcini heç də həmişə dərhal ödəmirlər. Müqavilələrə uyğun olaraq bu ödəniş ayın ya ortasında, ya da sonunda həyata keçirilir. Bəs bu ödənişləri artıq öz hesabına edən və sifarişçilərdən pul gözləyən şirkətlərin halı necə olsun? Axı aviabiletlərin kəskin bahalaşmasından yaranan qiymət fərqini onlara heç kim qaytarmayacaq”.

N.Bağırov onu da vurğuladı ki, AzTA gələn həftə turizm şirkətlərinin rəhbərləri ilə məsləhətləşmələrə başlayacaq. Həmin məsləhətləşmələrin nəticəsi olaraq turizm şirkətlərini necə xilas etmək barədə təkliflər paketi hazırlanacaq və Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunacaq.

 

Xəbərlər
Redaktorun seçimi