“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.03.2015, 20:36
2130

“Bakı-2015” Avropa Oyunlarına 100 gün qaldı

A- A+

Birinci Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim olunub

Martın 4-də “Bakı-2015” Avropa Oyunlarının xronometrajı son 100 gününün gerisayımını başlayıb. Bu münasibətlə “Fairmont Baku” hotelində təşkil edilən tədbirdə birinci Avropa Oyunlarının medalları ictimaiyyətə təqdim olunub.

Avropa Oyunlarının idman və ulduz elçilərinin qatıldığı tədbirdə əvvəlcə Azərbaycan idmançılarının Olimpiya Oyunlarındakı çıxışından bəhs edən videoçarx nümayiş etdirilib. 

“Bakı-2015” Avropa Oyunlarının əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq mötəbər yarışa hazırlığın yüksək səviyyədə aparıldığını bildirib. Qeyd edib ki, Avropa Oyunlarının biletləri aprelin əvvəlində satışa çıxarılacaq. “Bakı-2015”in açılış mərasimi üçün biletlər 20-200, bağlanış mərasimi üçün isə 10-100 manat olacaq. Heydər Əliyev adına İdman Arenasına və Milli Gimnastika Arenasına biletlərin qiyməti 2 manat təşkil edəcək. Digər idman obyektlərində təşkil olunacaq yarışların seçim mərhələsi üçün biletlər 2-3, final mərhələsi üçün isə 5 manata satılacaq. 

16 yaşdan aşağı uşaqların Avropa Oyunlarına pulsuz izləyəcəyini bildirən Saymon Kleq, “Bakı-2015”ə biletlərin şəxsiyyət vəsiqəsi ilə satılacağını diqqətə çatdırıb. 

Azərbaycan Milli Olimpiya Komitəsinin beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva ölkəmizdə Olimpiya hərəkatının inkişafından və idmançılarımızın beynəlxalq arenada qazandığı nailiyyətlərdən danışıb. Bildirib ki, Azərbaycanı Avropa Oyunlarında 500 nəfərlik heyət təmsil edəcək. Bunlardan 295-i idmançı, 155-i isə texniki heyətdir. İdmançılardan 166-sı kişi, 129-u isə qadındır. 

Sonra Avropa Oyunlarının medalları nümayiş olunub. “Bakı-2015” brendinə uyğun şəkildə hazırlanmış və üzərində dekorativ təsvirlər əks olunan medallar 380 qramlıqdır. Medallarn tərtibatı “Soçi-2014” Qış Olimpiya və Paralimpiya Oyunlarının medallarını hazırlamış məşhur zərgərlik brendi “Adamas” ilə azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur. Medallar “Azərsuvenir” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək. 

Qeyd edək ki, bu il iyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının proqramına 20 idman növü daxil olunub. Avropadan 6 mindən çox idmançı 17 gün ərzində yarışların mükafatları uğrunda mübarizə aparacaq.

 

Xəbərlər
Redaktorun seçimi