“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
28.11.2014, 19:26
2606

2015-ci ilin büdcəsi: 21,1 milyard manat

A- A+

Milli Məclis Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsini təsdiqləyib...

Milli Məclisin noyabrın 28-də keçirilən növbəti iclasında “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi təsdiq edilib.

İclasda büdcə zərfinə daxil olan digər qanun layihələri də qəbul edilib.

2015-ci ildə Azərbaycanın dövlət büdcəsi gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat proqnozlaşdırılmaqla təsdiqlənib. 

Xatırladaq ki, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirləri 18, 384 milyard manat, xərcləri 20,063 milyard manat təşkil etmişdir.  

Başqa sözlə, 2015-ci il üçün büdcə gəlirləri və xərcləri təxminən 1 milyard manat artıb.

İclasda çıxış edən maliyyə naziri Samir Şərifov büdcə paketi səsverməyə çıxarılmamışdan əvvəl deputatların üç günlük müzakirələrdə səsləndirdiyi təkliflərə hökumətdə baxıldığını və büdcədə bəzi dəyişikliklər edildiyini söyləyib.

Nazir qeyd edib ki, hökumət elm xərclərinin artırılması ilə bağlı təklifləri nəzərə alaraq bu xərclərin 8 milyon manat məbləğində artırılmasını məqbul hesab edir. Beləliklə, artım baş verdikdə elm xərcləri 150,5 milyon manat təşkil edəcək. Bu, 2014-cü illə müqayisədə 3,6 milyon manat və ya 2,5 faiz çoxdur.

Samir Şərifov siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı vəsaitin artırılması təkliflərinin də nəzərə alındığını bildirib. Qeyd edilib ki, “Siyasi partiyalar haqqında” Qanunun 17-ci maddəsinə müvafiq olaraq 2014-cü ilin dövlət büdcəsindən siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin 10 faizi bölüşdürülməmiş qalıb. Qənaət olunan bu vəsaitin istifadəsi üçün Qanunda düzəliş edilməlidir. Beləliklə, vəsaitin tam məbləğdə partiyalar arasında bölüşdürülməsinə şərait yaranacaq. Yaxın vaxtlarda bununla bağlı qanun layihəsi parlamentə daxil olacaq.

Diqqətə çatdırılıb ki, qeyri-hökumət təşkilatlarına ayrılan vəsait 2014-cü illə müqayisədə 50 faiz artıb. Deputatların fikirlərini əsas götürərək 2015-ci ildə hökumət QHT-lərin xərclərinin əlavə 600 min manat artırılması təklifini də qəbul edib. Bu da QHT-lərin fəaliyyətinə qayğının təzahürüdür.

Nazir bildirib ki, deputatların bələdiyyələrə nəzərdə tutulan dotasiyaların artırılması haqqında təklifləri ilə bağlı bir sıra təhlillər aparılıb. Nəticələrə əsasən qeyd etmək lazımdır ki, bir neçə il ərzində bələdiyyələrin gəlirlərinin icrası qənaətbəxş deyil. 2002-2013-cü illər ərzində maksimal icra 89 faiz təşkil edib. Amma ortalama hesabla bu, təxminən 50-60 faiz səviyyəsindədir. Bələdiyyələrin gəlirləri əsasən əmlakların özəlləşdirilməsi, icarəyə verilməsidir. Hökumət hesab edir ki, bələdiyyələrə dövlət büdcəsindən birbaşa maliyyə yardımı ayrılması məqsədəuyğun deyil. Bələdiyyələrə daha yaxşı imkanlar yaradılmalıdır ki, gəlir əldə etsinlər. Bu məqsədlə Milli Məclis tərəfindən artıq Vergi Məcəlləsinə müvafiq dəyişiklik edilib. Bu, bələdiyyələrin maliyyə təminatını xeyli yaxşılaşdıracaq.

Nazir bildirib ki, Milli Məclisin büdcəsi ilə bağlı irəli sürülən təkliflərə əsasən hökumət əlavə 450 min manat vəsaitin artırılmasını məqsədəuyğun hesab edir. Bununla 2015-ci ildə Milli Məclisin büdcəsi 23 milyon 807 min manata çatdırılacaq.

Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev müzakirələr zamanı deputatların irəli sürdüyü bəzi təkliflərin “2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası” çərçivəsində həyata keçirilməsi üçün tədbirlər görüləcəyini deyib.

Milli Məclis Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsini gəlirləri və xərcləri 3 milyard 56 milyon 285 min manat proqnozlaşdırılmaqla təsdiq edib. Bu, cari ilin büdcə proqnozundan 4,4 faiz çoxdur.

İclasda “Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Naxçıvan Muxtar Respublikasının Babək və Culfa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihələrinə də baxılıb. Eyni zamanda, “İcbari sığortalar haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Məşğulluq haqqında” qanunlarda dəyişikliklər edilməsi haqqında qanun layihələri müzakirə olunub.

Bundan başqa, Azərbaycan Respublikasının Vergi, Əmək Məcəllələrində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikası Milli Məclisinin 2015-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hesablama Palatasının 2015-ci il üçün xərclər smetası haqqında, Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsinə və qarşılıqlı qorunmasına dair Sazişin təsdiq edilməsi haqqında məsələlərə də baxılıb.

Müzakirə edilən qanun layihələri qəbul olunub.

AzerTAc

 

Xəbərlər
Redaktorun seçimi