Dünya azərbaycanlılarının I qurultayının qətnaməsi
Biz-dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları təmsil edən qurultay nümayəndələri Dünya Azərbaycanlılarının I Qurultayının müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində çağrılmasından böyük qürur hissi keçiririk.
Qurultayın Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 10-cu ildönümü günlərinə təsadüf etməsi bizi sevindirir.
Bu yüksək formun çağrılması qərarı, onun səmərəli keçirilməsi, bütün dünya azərbaycanlılarının nümayəndələrinə taleyüklü məsələlər ətrafında geniş, sərbəst fikir mübadiləsi aparmaq fürsətinin verilməsi müstəqil Azərbaycan dövləti və onun Prezidenti cənab Heydər Əliyevin tarixi xidmətlərindən biri kimi qiymətləndirilməlidir.
Bu fürsəti bizə verdiklərinə görə Azərbaycan dövləti və onun Prezidentinə, Azərbaycan hökümətinə , Qurultayın hazırlanmasında zəhməti olan bütün insanlara dərin minnətdarlığımızı bildiririk.
Qurutay qeyd edir ki, XX əsrin son onilliyi dünyanın geosiyasi xəritəsində əhəmiyyətli dəyişikliklərin baş verməsi, dünya siyasətində yeni üfüqlərin açılması ilə əlamətdar olmuşdur. Beynəlxalq aləmdə gedən qlobal hadisələr nəticəsində Azərbaycan xalqı əsrlərlə arzuladığı müstəqilliyinə yenidən qovuşmuş və son illər ərzində aparılan uzaqgörən, məqsədyönlü siyasət nəticəsində öz müstəqilliyini möhkəmləndirmişdir.
Dünya mədəniyyəti xəzinəsinə böyük dühalar bəxş etmiş Azərbaycan xalqı artıq başa çatmış XX əsrin əvvəlində öz zəngin dövlətçilik ənənələrini inkişaf etdirərək Şərqdə ilk demokratik parlamentli respublika yaratmış,əsrin sonunda öz dövlət müstəqilliyini bərpa etmiş və XXI əsrə Avropa xalqları ailəsinin bərabərhüquqlu üzvü kimi qədəm qoymuşdur.Azərbaycan xalqı inkişaf etmiş müasir sivilizasiyalı xalqlarla birgə, demokratiyanın hakim olduğu cəmiyyətdə yaşamaq əzminə bütün dünyaya nümayiş etdirmişdir.
Müstəqil Azərbaycan Respublikası qısa bir müddətdə əsrlərlə bərabər şərəfli yol keçmişdir.Bütün çətinliklərə baxmayaraq xalqımızın misilsiz milli sərvəti olan müstəqilliyin qorunub möhkəmləndirilməsi, milli və vətəndaş birliyinin təmin edilməsi, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunun həyata keçirilməsi, yeni iqdisadi münasibətlər sisteminin yaradılması, ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi, əhalinin təhlükəsizliyinin və rifahının təmin edilməsi sahəsində qazanılmış nailiyyətlər Azərbaycanın intensiv inkişaf dövrunə qədəm qoymasına imkan vermişdir. Azərbaycan müstəqil inkişaf yolu ilə inamla irəliləyir və tam qətiyyətlə demək olar ki, heç bir qüvvə onu bu yoldan döndərə bilməz.
Dünya Azərbaycanlılarının I Qurultayının iştirakçıları Azərbaycan Respublikasının,onun Prezidenti cənab Heydər Əliyevin Azərbaycanın tərəqqisi, xalqımızın firavan həyatı naminə yeritdiyi xarici və daxili siyasətin bütün dünya azərbaycanlılarının mənafeyinə uyğun gəldiyini bildirir, onu ürəkdən bəyənir və dəstəkləyir.
Qurultay iftixar hissi ilə bəyan edir ki, bu gün harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlılar Azərbaycan Respublikasının tərəqqisi,çiçəklənməsi naminə əllərindən gələni əsirgəmirlər. Azərbaycan Respublikasının iqdisadi, siyasi və mədəni inkişafı, beynəlxalq münasibətlərin bərabərhüquqlu üzvü kimi çıxış etməsi, nüfuzlu iqdisadi və siyasi qurumlar inteqrasiyası, bəşər sivilizasiyasında layiqli yer tutması yolunda atılan addımlar dünya azərbaycanlılarının birgə maraqlarına cavab verir və tərəfimizdən daima dəstəklənəcəkdir.
Qurultay hesab edir ki, bu gun Azərbaycanın demokratik inkişafına mane olan ən başlıca problemlərdən biri Dağlıq Qarabağ, Ermənistan - Azərbaycan münaqişəsidir. Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğalı, bunun nəticəsi kimi bir milyonadək soydaşımızın qaçqın-köçkün vəziyyətinə düşməsi Azərbaycanın müstəqil inkişafı yolunda ciddi maneəyə çevrilib.
Azərbaycan xalqı sülhsevər xalqdır. O, regionda vəziyyəti gərginləşdirməyə çalışan qüvvələrin bütün təxribatlarına təmkinlə, beynəlxalq hüququn tələblərinə uyğun cavab verir. Lakin Azərbaycanın haqq işinin qələbəsinə hərtərəfli yardım olmalıdır ki, problemin sülh yolundan başqa həllinə yer qalmasın. Bu işdə respublikadan kənarda yaşayan soydaşlarımızın da fəal olmasına, ümumiyyətlə onların daha mütəşəkkil şəkildə təşkilatlanaraq bu və ya digər məsələnin həllində fəal mövqe tutmasına ehtiyac duyulur.
Azərbaycanlıların ayrı-ayrı ölkələrdə mühacirət tarixi XX əsrin əvvəlindən başlasa da, Azərbaycan diasporunun formalaşması işi xeyli gecikmişdir. Təəssüf hissi ilə qeyd edilməlidir ki, onun formalaşması Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsindən sonrakı illərə, daha dəqiq desək, 1993-cü ildən sonrakı dövrə təsadüf edir. Məhz bu dövrdən etibarən Azərbaycan Respublikasının Prezidentinin xarici ölkələrə səfərləri zamanı həmin ölkələrdəki Azərbaycan icmaları nümayəndələri ilə keçirdiyi görüşlərdə Azərbaycan diasporunun formalaşması və təşkilatlanması zərurəti bir vəzifə kimi qarşıya qoyuldu.
Azərbaycan Respublikası Prezidentinin çıxış və nitqlərində, imzaladığı sənədlərdə, hər il dekabrın 31-də dünya azərbaycanlılarına müraciətlərində Azərbaycan diasporunun məqsəd və vəzifələri, onun formalaşmasının ideya zəmini-azərbaycançılıq ideologiyası yaradılmışdır. Beləliklə, müstəqil Azərbaycan Respublikasının simasında istinad ediləsi möhkəm dayaq və azərbaycançılıq kimi möhkəm ideya zəmini əldə etməklə Azərbaycan diasporunun yaradılması yolunda konkret tədbirlər həyata keçirilməyə başlandı.
Dünyanın indiki inkişaf mərhələsində diasporun əhəmiyyəti danılmazdır. Bu baxımdan Azərbaycanın da xarici ölkələrdə mütəşəkkil və güclü diasporu olmalıdır. Güclü diasporun mövcudluğu doğma Vətənin güclənməsinə xidmət etməklə bərabər, həm də dünya azərbaycanlıları arasında geniş əlaqələrin yaradılmasına, onların milli və vətəndaş hüquqlarının qorunmasında səylərin birləşdirilməsinə zəmin yaradır. Diasporun Vətənlə və bir-biri ilə əlaqələrinin möhkəmliyi diasporun saflığına və milli birliyinə xidmət edən amil, Vətənindən ayrı düşmüş insanların milli mənəvi dəyərlərə bağlılığını qoruyub artıran vasitədir.
Diaspor öz vətəni ilə mövcud olduğu ölkələr arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərinin bərqərar olmasında müstəsna əhəmiyyətə malikdir. Diaspor bu gün Azərbaycan üçün çox vacib olan lobbiçilik fəaliyyətinin formalaşdırılmasında və onun Azərbaycanın həyati maraqlarına yönəldilməsində də mühüm rol oynaya bilər. Buna görə də qurutay müstəqil Azərbaycan Respublikasının diasporla bağlı xüsusi siyasət yeritməsini, onun dövlət səviyyəsinə qaldırılmasını dəstəkləyir və bu istiqamətdə işlərin davam etdirilməsini zəruri hesab edir.
Dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I qurultayının başlıca məqsədləri ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların həmrəyliyinin möhkəmləndirilməsi, müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin genişləndirilməsi, onların ictimai təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir.
Qurultay dünyanın müxtəlif ölkələrindən gəlmiş nümayəndələrin mülahizələrini, çoxsaylı təkliflərini, eləcə də azərbaycanlıların müasir dünyadakı sosial-siyasi, iqdisadi, mədəni və s. mövqeyini, azərbaycançılıq platformasına söykənən maraqlarını, tarixən yaranmış mənəvi birlik ehtiyacını nəzərə alaraq qərara alır:
1. Dünya azərbaycanlıları müstəqil Azərbaycan Respublikasının on il ərzində müxtəlif sahələrdə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirir, Azərbaycan dövlətinin daxili və xarici siyasətini tam dəstəkləyir.
2. Azərbaycanlıların müstəqil Azərbaycan dövləti ilə mədəni,ictimai-siyasi,iqtisadi və s. əlaqələri daha da gücləndirilsin və bu zaman nəzərə alınsın ki, müstəqil Azərbaycan Respublikası dünyanın harasında məskunlaşmasından asılı olmayaraq, bütün azərbaycanlıların mənəvi dayağı,milli-mədəni maraqlarının ifadəçisidir. Azərbaycanın ərazi bütövlüyünün qorunması, müstəqil respublikaya hər hansı formada, daxildən, yaxud xaricdən göstərilən təcavüzün qarşısının alınması, onun demokratik, dünyəvi, hüquqi, milli bir dövlət olaraq inkişaf edib möhkəmlənməsi, yalnız respublika vətəndaşlarının deyil, habelə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın, hər bir azərbaycanlının müqəddəs işidir.
3. Azərbaycanlılar məskunlaşdıqları ölkələrin ictimai-siyasi, iqtisadi-təsərrüfat, mədəni-mənəvi həyatında fəal iştirak etməklə yanaşı onların etnik-tarixi dəyərlərə, milli ənənələrə sədaqət naminə xüsusi diaspor yaratmalarına, lobbiçilik fəaliyyəti ilə məşğul olmalarına böyük ehtiyac vardır.
4. Azərbaycan dilinin, milli-əxlaqi dəyərlərin, azərbaycanlıların bir xalq, millət kimi formalaşdığı tarixi Vətənin şərəfini qorumaq, harada yaşamasından aslı olmayaraq, hər bir Azərbaycan icmasının, hər bir azərbaycanlının müqqədəs vəzifəsidir.
5. Müasir dünya inteqrasiya, intensiv millətlərarası əlaqələr, qlobal münasibətlər, milli sərhədləri aşıb keçən hadisələr dünyası olduğundan müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar beynəlxalq təşkilatlarda təmsil olunmağa,milli maraqları müdafiə etməyə səy göstərməlidirlər.
6. Azərbaycanda uzun əsrlər boyu ümumbəşəri dəyərlərə hörmətlə yanaşılaraq, yüksək tolerantlıq, dözümlülük nümayiş etdirilmiş və ölkədə bu zəmində formalaşmış milli-mənəvi mühit böyük nailiyyət sayılmışdır.Gələcəkdə də bunların qorunub saxlanılması ən ümdə vəzifələrdən biri hesab olunmalıdır.
7. Dünyanın müxtəlif ölkələrində məskunlaşmış azərbaycanlıların təşkilatlanması,onların hüquqlarının müdafiəsi, milli-mənəvi dəyərlərin birgə qorunması məqsədi ilə xüsusi koordinasiya mərkəzi-Dünya Azərbaycanlıların Əlaqələndirmə Şurası yaradılsın.
8. Dünya azərbaycanlıların qurutayları hər üç ildən bir keçirilsin.
Qurutay əmin olduğunu bildirir ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar həmrəylik nümayiş etdirərək Qurutayın qərar və tövsiyələrinin yerinə yetirilməsi işində var qüvvələrini sərf edəcəklər.
Qətnamə Dünya Azərbaycanlılarının I Qurutayında qəbul olunmuşdur.
Bakı şəhəri, 10 noyabr 2001-ci il.