Dünya azərbaycanlılarının I qurultayının nümayəndələrinin dünya azərbaycanlılarına müraciəti
Əziz həmvətənlər! Biz - dünya azərbaycanlılarının 2001-ci il noyabrın 9-10-da Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən I qurultayının iştirakçıları sizə müraciət edərək bildiririk ki, hər bir xalqın milli varlığının əsas şərtlərindən biri onun həmrəyliyi, etnik-siyasi mütəşəkkilliyidir. Tarix dönə-dönə sübut etmişdir ki, həmrəylikdən, etnik-siyasi mütəşəkillikdən məhrum olan xalqlar tez-gec güclü millətlərin təsiri altına düşərək assimilyasiya olunur və öz milli simasını itirir.
Müasir dünyanın qabaqcıl xalqlarından, millətlərindən biri olmaq üçünsə güclü milli əzm, siyasi iradə nümayiş etdirmək, bir millət kimi beynəlxalq nüfuz qazanmaq lazım gəlir. Odur ki, həm öz tarixi vətənində - Azərbaycanda yaşayan, həm də bu və ya digər səbəbdən dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar xalqımızın, millətimizin gələcəyi naminə möhkəm həmrəylik və mütəşəkkillik nümayiş etdirməlidir.
Azərbaycan xalqının tarixi qədim, mədəniyyəti isə zəngindir. Onun Nizami, Nəsimi, Füzuli, Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Səməd Vurğun kimi böyük mütəfəkkirləri mənsub olduqları xalqın istedadını tarixin ayrı-ayrı dövrlərində bütün dünyaya nümayiş etdirmişlər. Azərbaycanlılar XX əsrin əvvəllərində qədim və tarixi dövlətçilik ənənəsinə söykənərək, Şərqdə ilk demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti yaratmışdır. XX əsrin sonunda müstəqil Azərbaycan Respublikası da həmin möhtəşəm dövlətçilik təcrübəsi əsasında yaranmış və tarixən azərbaycanlılara xas olan dövlətçilik ənənələrini müasir şəraitdə bütün dünyada sübut etmişdir.
Dünya azərbaycanlılarının harada məskunlaşmalarından asılı olmayaraq, ən mühüm, ən müqəddəs vəzifələrindən biri Azərbaycan xalqının tarixi nailiyyəti, bütün dünya azərbaycanlılarının mənəvi-siyasi iradəsinin nəticəsi olan müstəqil dövlətçiliyi qoruyub saxlamaqdan, milli dövlətimizin dünya birliyində özünəməxsus yer tutmasına çalışmaqdan ibarətdir. Unutmaq olmaz ki, müstəqil Azərbaycan dövlətinin mövcudluğu, onun demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləməsi yalnız Azərbaycan Respublikası vətəndaşlarının deyil, bütün dünya azərbaycanlılarının milli müstəqillik və dövlətçilik təfəkkürünün inkişafına, onların həmrəyliyinə təkan verir, mədəni bir etnos kimi Azərbaycan xalqına beynəlxalq nüfuz gətirir.
Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların mədəni-siyasi birliyi, həmrəyliyi müstəqil Azərbaycan Respublikasının və bütün dünya azərbaycanlılarının mənafeyinə uyğundur və onun əsas strateji məqsədlərindən biridir. Ona görə də vətəndən ayrı düşmüş hər bir azərbaycanlı əmin olmalıdır ki, onun nüfuzunu, şərəfini qorumağa həmişə hazır olan bir dövlət - Azərbaycan Respublikası vardır. Azərbaycan dövləti Azərbaycan xalqının tarixən dünya mədəniyyətinə verdiyi zəngin maddi, mənəvi-əxlaqi, ideoloji sərvətlərin, Azərbaycan adının etibarlı müdafiəçisi və sahibidir.
Yer üzərində mövcud olan milyonlarla azərbaycanlının əsas ünsiyyət vasitəsi olan Azərbaycan dili - Azərbaycan Respublikasının dövlət dilidir. Odur ki, azərbaycançılıq amalı və müstəqil dövlətçilik ətrafında yaranan milli birlik, milli həmrəylik harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının mənafeyinə tam uyğundur. İndi hər bir dünya azərbaycanlısının üz tutmağa, sevgisini, məhəbbətini bildirməyə Azərbaycan adında doğma, müqəddəs bir ocaq, sözünü deməyə, qayğılarını, dərdlərini bölüşməyə isti bir yurd var.
Hər bir azərbaycanlı bu ocağa ərklə üz tutduğu kimi, eyni zamanda məsuliyyətlə dərk etməlidir ki, vətən sevgisini işdə sübut etmək, vətənin problemlərindən xəbərdar olmaq, bunları aradan qaldırmaq üçün yollar aramaq, vətənlə nəfəs almaq, onun təəssübünü çəkmək və qayğıları ilə yaşamaq lazımdır. Dünya Azərbaycanlılarının I Qurultayı məhz bu danılmaz həqiqəti, tarixi zərurəti əyani ifadə etdi.
Azərbaycan Respublikasının vətəndaşları olan qardaş və bacılarımız kimi, vətəndən kənarda yaşayan dünya azərbaycanlılarının da öz ölkəsi, vətəndaşı olduğu öz dövləti vardır. Biz hərəmiz bir ölkənin vətəndaşıyıq. Lakin bizim hamımızı azərbaycanlı olmaq kimi böyük bir məsuliyyətli hiss, amal birləşdirir. Vətəndaşlıq borcu bizi yaşadığımız ölkə qarşısında hansı məsuliyyətə sövq edirsə, milli mənsubluq hissi, azərbaycançılıq amalı bizim hər birimizi müstəqil Azərbaycan dövləti, ata-baba yurdu qarşısında eyni məsuliyyətə sövq edir. Odur ki, azərbaycanlı adını biz həm öz ölkəmiz qarşısında, həm də müstəqil Azərbaycan qarşısında layiqincə doğrultmalıyıq.
Elə bu məqsədlə də biz həm müstəqil Azərbaycan dövləti ətrafında, həm də öz aramızda sıx birləşməyə, təşkilatlanmağa çalışmalı, mütəşəkkil qüvvəyə çevrilməliyik. Bugünkü qurultay Azərbaycan diasporunun yaranması və mütəşəkkil bir qüvvəyə çevrilməsi mərhələsinin başlanğıcını qoydu.
Bu gün dünyanın hər yerində yaşayan azərbaycanlılar müxtəlif dövrlərdə mühacirət etmiş insanların övladlarını, nəsillərini və Azərbaycandan kənarda yaşayan digər soydaşlarımızı təmsil edir. Soydaşlarımızın əksəriyyəti özgə millətlər içərisində azərbaycançılığı, milli xüsusiyyətlərimizi, adət-ənənələrimizi, dilimizi qoruyub-saxlaya bilmiş və övladlarına ötürmüşlər. Amma bir həqiqət qeyd olunmalıdır ki, ayrı-ayrı cəhdlərə baxmayaraq, uzun bir tarixi əhatə edən dövr ərzində dünya azərbaycanlıları yaşadıqları dövlətlərdə bir-biri ilə birlik nümayiş etdirə bilməmiş, təşkilatlanmamış, icmalar, diaspor şəklində təmsil olunmamış, dağınıq şəkildə yaşamışlar. Bu da sözsüz ki, milli əlaqələrin və müvafiq olaraq milli varlığın zəifləməsinə şərait yaratmışdır.
On il əvvəl müstəqil Azərbaycan Respublikasının yaranması bütövlükdə Azərbaycan xalqının, o cümlədən dünya azərbaycanlılarının taleyində dönüş nöqtəsi olmuşdur. Bütün dünya azərbaycanlılarını tarixi vətənin, Azərbaycan xalqının ayrılmaz hissəsi hesab edən Azərbaycan dövləti və onun prezidenti cənab Heydər Əliyev dünya azərbaycanlılarının milli birlik və həmrəylik problemini dövlət siyasəti səviyyəsinə qaldırmış, Azərbaycan diasporunun formalaşdırılması, dünya azərbaycanlılarının bir-biri ilə və vətənlə əlaqələrinin yaradılması və möhkəmləndirilməsi məsələlərini bilavasitə gündəmə gətirmişdir.
Bu gün dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideya - azərbaycançılıq, müstəqil dövlətçilik və milli mənəvi dəyərlər ətrafında birləşməsi prosesi başlanmışdır.
Azərbaycan Respublikasının müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, onun mövqeyinin dünya müstəvisində gücləndirilməsi, erməni təcavüzünə məruz qalmış Azərbaycan xalqının haqq səsinin dünyaya çatdırılması, Dağlıq Qarabağ probleminin ədalətli həllinə nail olunması və digər ümummilli məsələlərin həlli dünyada yaşayan bütün soydaşlarımızın birliyini və həmrəyliyini daha zəruri edir. Bundan başqa, dünya azərbaycanlılarının birliyi, həmrəyliyi onların yaşadığı ölkələrdə və bütün dünyada güclü və monolit bir qüvvə kimi çıxış etmələrinə, öz milli və vətəndaş haqlarını daha dolğun qorumalarına da əhəmiyyətli təsir göstərə bilər.
Əziz həmvətənlərimiz!
Azərbaycan adlı müstəqil dövlətin varlığı bizim ən böyük tarixi sərvətimiz, XX yüzillikdə bütün azərbaycanlıların qazandığı ən böyük nailiyyətdir. Xalqımız nəinki ata-babalarımızın yolunu davam etdirərək müstəqil dövlətçiliyimizi bərpa etmiş, həmçinin on il ərzində onu qoruyaraq hərtərəfli möhkəmləndirmiş, iqtisadi, hüquqi, siyasi, mənəvi baxımdan inkişaf etdirmişdir.
Bu gün dünya birliyinə daxil olan müstəqil, suveren Azərbaycan Respublikası millətimizin dünyada yeganə dövləti olub bütün dünya azərbaycanlılarının həm mənəvi pənahı, həm də məbədgahıdır. Odur ki, hər bir azərbaycanlı tarixi vətənin, Azərbaycan dövlətinin taleyində iştirak etməli, onun müstəqilliyi, inkişafı yolunda durmadan çalışmalı, fəaliyyət göstərməlidir.
Azad, firavan, qüdrətli Azərbaycan Respublikası bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzidir. Hər bir azərbaycanlı onu da bilməlidir ki, onun arxasında Azərbaycan Respublikası kimi azad, müstəqil dövlət durur. Azərbaycanı özlərinin tarixi vətəni hesab edən insanlar Azərbaycan dövlətçiliyi ideyaları ətrafında birləşməli, ümummilli məsələlərdə sarsılmaz həmrəylik nümayiş etdirməlidirlər. Xarici ölkələrdə təşkilatlanma prosesinin ilk mərhələsini yaşayan azərbaycanlı icmalarının, mədəniyyət mərkəzlərinin və dostluq cəmiyyətlərinin imkanlarından geniş istifadə olunmalıdır.
Yaxın-uzaq ölkələrin tarixi əyani şəkildə sübut edir ki, mütəşəkkil icmalar halında dünyanın müxtəlif ölkələrində yaşayan, məqsədyönlü fəaliyyət göstərən soydaşlar öz ölkələrinə böyük kömək göstərir, yaşadıqları ölkələrlə tarixi vətən arasında münasibətlərdə güclü amil kimi çıxış edirlər. Bu sahədə bizim istifadə olunmamış zəngin potensialımız vardır və bu potensial mütləq hərəkətə gətirilməlidir.
Müstəqil Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal altındadır. Bir milyonadək soydaşımız öz doğma yurdundan didərgin düşərək ağır qaçqın həyatı yaşamaqdadır. Qarabağ torpağı müqəddəs vətənimizin sadəcə olaraq bir parçası deyil, eyni zamanda milli mədəniyyətimizin incilərini yaşadan mühüm mədəni-tarixi bölgədir. Bu ərazidə cəmləşən nadir mədəniyyət, tarixi abidələrimiz, təkrarsız təbiət incilərimiz erməni işğalçıları tərəfindən vəhşicəsinə dağıdılır, məhv edilir.
Hər bir azərbaycanlı xalqımıza qarşı erməni təcavüzü və Dağlıq Qarabağ probleminin ədalətli həlli yolunda haqq səsini ən yüksək beynəlxalq kürsülərdə ucaltmalı, yorulmadan çalışmalı, yaşadığı dövlətin parlamentinə, hökumətinə, ictimaiyyətinə həqiqəti çatdırmalıdır. Yalnız bütün Azərbaycan xalqının birgə səyi ilə münaqişənin ədalətli və beynəlxalq hüquq prinsipləri əsasında həllinə nail olmaq olar.
Bu gün Azərbaycan diasporunun formalaşması, təşəkkül tapması bilavasitə Azərbaycan dövləti və onun Prezidenti cənab Heydər Əliyev tərəfindən dövlət səviyyəsində həyata keçirilir. 1991-ci ildən başlayaraq ilk dəfə onun təşəbbüsü ilə Naxçıvanda, sonra isə bütün Azərbaycan miqyasında hər il 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi xüsusi qeyd edilir. Bu bayram ərəfəsində bütün dünya azərbaycanlıları üçün xüsusi tədbirlər təşkil olunur, qəbullar keçirilir və ölkə başçısının müraciəti səsləndirilir.
1994-cü ildən başlayaraq xarici ölkələrə səfərlər zamanı - Fransada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-da, Almaniyada, Rusiyada, Ukraynada, Polşada, Rumıniyada, Belçikada, Norveçdə, Bolqarıstanda və bir çox digər ölkələrdə yaşayan soydaşlarımızla maraqlanan, görüşlər keçirən Azərbaycan Prezidenti cənab Heydər Əliyev xaricdə yaşayan həmvətənlərimizi daim milli ideya ətrafında birləşməyə, təşkilatlanmağa, icmalar, milli-mədəni cəmiyyətlər yaratmağa səsləyir. İnanırıq ki, 1993-cü ildən başlayaraq bu günə qədər davam edən ardıcıl, məqsədyönlü, getdikcə genişlənən milli diaspor hərəkatı Dünya Azərbaycanlılarının I Qurultayından sonra daha da güclənəcək, bu hərəkatın gerçək nəticələri, təşkilatlanma səviyyəsi yüksələcəkdir.
Əziz soydaşlarımız!
Dünya azərbaycanlılarının qarşısında duran tarixi vəzifələr hər bir azərbaycanlını tarixi vətəni - müstəqil Azərbaycan Respublikası ilə fəxr etmək, onun həyatında yaxından iştirak etmək, sıx əlaqə saxlamaqla yanaşı, yaşadığı ölkədə azərbaycançılığı ehtiva edən milli dəyərləri qorumaq, tanıtmaq, yaşatmaq, inkişaf etdirmək kimi məsuliyyətə səsləyir. Bu, hər şeydən əvvəl, Azərbaycan dilinin qorunması, yaşadılması, soydaşlarımız arasında təbliğ olunmasına aiddir. Dünya azərbaycanlıları buna yaşadıqları ərazilərdə məktəblər, təhsil və tərbiyə ocaqları, mədəniyyət mərkəzləri açmaqla nail ola bilərlər.
Bundan başqa, harada yaşamasından asılı olmayaraq, sağlam milli adət və ənənələrin, mədəni dəyərlərin qorunub saxlanılması, yeni nəsillərə ötürülməsi dünya azərbaycanlılarının mənəvi borcudur. Qurultayın gedişindən və ölkə Prezidenti cənab Heydər Əliyevin nitqindən də göründü ki, müstəqil Azərbaycan Respublikası bu sahədə dünya azərbaycanlılarına hər cür yardım göstərməyə bundan sonra da hazırdır.
Dünya Azərbaycanlılarının I Qurultayı sübut etdi ki, hər bir xalq, millət yalnız mütəşəkkil olanda, birlik nümayiş etdirəndə, həmrəy olanda güclüdür. Ümumi məqsədlər ətrafında birləşmək, təşkilatlanmaq, yaşadığı dövlətdə icmalar, qurumlar, cəmiyyətlər şəklində bir-birilə sıx təmas qurmaq, siyasi və mədəni həyatda fəal iştirak etmək dünya azərbaycanlılarının bundan sonrakı fəaliyyətində ən ümdə məsələ olmalıdır. Həm tarixi vətənlə, həm də özləri arasında qırılmaz əlaqələr yaratmaq xaricdə yaşayan azərbaycanlıların və bütövlükdə Azərbaycan diasporunun qarşısında duran tarixi vəzifələrdir.
Harada yaşamasından, hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, bütün dünya azərbaycanlıları vahid bir xalqı, bir milləti, bir vətəni təmsil edirlər.
Əziz həmvətənlərimiz!
Gəlin ümummilli ideya - müstəqil Azərbaycan dövlətçiliyi, vahid milli-mənəvi dəyərlər, azərbaycançılıq ideyası ətrafında daha da sıx birləşək!
Yaşasın dünya azərbaycanlılarının sarsılmaz həmrəyliyi və birliyi!
Müraciət Dünya Azərbaycanlılarının I Qurultayında qəbul olunmuşdur
Bakı şəhəri, 10 noyabr 2001-ci il.