“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.01.2015, 20:36
1785

1940-cı illər

A- A+

1941-1945-ci illərdə faşist Almaniyası ilə SSRİ arasında müharibədə sovet Azərbaycanından 600 minədək insan iştirak etdi, onlardan 300 mini döyüşlərdə həlak oldu... 12 dekabr 1945-ci ildə Təbrizdə Azərbacyan Milli Məclisi açıldı. Seyid Cəfər Pişəvərinin başçılığı ilə Azərbaycan Milli Hökuməti yaradıldı...

 

Şimali Azərbaycan

 

1 yanvar 1940 - Azərbaycan SSR-də latın qrafikalı əlifbadan kiril (rus) qrafikalı əlifbaya keçid gerçəkləşib. Bu barədə göstəriş 1939-cu ildə SSRİ rəhbəri Stalin tərəfindən verilmiş, həmin il iyulun 11-dəAzərbaycan SSR Ali Soveti bununla bağlı qanun qəbul etmişdi.

 

5 iyun 1941 - Tanınmış aktyor, Azərbaycan teatrı və kinosunda özünəməxsus iz qoymuş Hamlet Bəbir oğlu Xanızadə (1941 - 3.2.1990) Bakının Şağan kəndində anadan olub. “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Babək”, “Arxadan vurulan zərbə”, “Qızıl uçurum”, “Qətl günü” və s. filmlərdə, televiziya və teatr tamaşalarında yaddaqalan obrazlar yaradıb. 

 

22 iyun 1941 – Faşist Almaniyasının SSRİ-yə hücumu ilə II Dünya müharibəsinin ən qanlı mərhələsi – Sovet İttifaqında Böyük Vətən müharibəsi (1941-1945)  adlanan savaş başlanıb. Bu müharibədə sovet Azərbaycanından 600 minədək insan iştirak etdi, onlardan təxminən 300 mini döyüşlərdə həlak oldu.   

 

1941, avqust – 402-ci Azərbaycan milli diviziyasının yaradılması.

 

1941, oktyabr – 223-cü Azərbaycan milli diviziyasının yaradılması.

 

1941, 11 dekabr – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi.

 

1942, yanvar – Azərbaycan KP MK və Azərbaycan SSR XKS-nin qərarı ilə yaralı əsgər və komandirlərə Azərbaycan Respublika Yardım Komitəsinin təşkil edilməsi.

 

1942, fevral-mart – 416-cı Azərbaycan milli diviziyasının yaradılması.

 

1942, may – 77-ci Azərbaycan milli diviziyasının yenidən komplektləşdirilməsi

 

1942, 25 iyul - 1943, 9 oktyabr – Qafqaz uğrunda döyüşlər.

 

1942, 23 avqust – Zaqafqaziya xalqlarının Tbilisidə antifaşist mitinqinin keçirilməsi.

 

1942, avqust-sentyabr – 271-ci Azərbaycan milli diviziyasının yaradılması.

 

1942, 9 sentyabr – SSRİ Ali Soveti Rəyasət Heyətinin Zaqafqaziyada hərbi vəziyyət elan olunması haqqında fərmanı.

 

1942, 22 dekabr – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Həzi Aslanova birinci dəfə Sovet İttifaqı Qəhrəmanı adının verilməsi.  

 

13 may 1943 - Xalq yazıçısı, dramaturq, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev anadan olub. Əsərləri: "Ağ dəvə", “Mahmud və Məryəm" (roman); “Dolça”, “Bir görüşün tarixçəsi” (povest); “Mənim ərim dəlidir”, “Cəhənnəm kirayənişinləri”, “Şekspir” (pyes) və s. “Arxadan vurulan zərbə”, “Gümüşü furqon”, “Bağ mövsümü” və s. filmlərin ssenari müəllifidir. 1993-cü ilin sentybarından Azərbaycan Respublikası Baş nazirinin müavinidir.

1943, 30 avqust – 416-cı atıcı diviziyasına “Taqanroq” fəxri adının verilməsi.

 

1943, sentyabr – 271-ci Azərbaycan milli diviziyasına “Donetsk” əməliyyatında rəşadətinə görə, fəxri “Qarlovka” adının verilməsi.

 

1943, 24 oktyabr – Melitopol şəhərinin azad olunmasında alman faşistlərinə qarşı göstərdikləri qəhrəmanlığına görə 416-cı “Taqanroq” diviziyasının “Qırmızı Bayraq” ordeni ilə təltif olunması.

 

1943, 28 noyabr - 1 dekabr – SSRİ, ABŞ və İngiltərə dövlət başçılarının Tehran konfransı.

 

1943, noyabr – Azad olunmuş rayonlara kömək göstərmək üzrə Azərbaycan Respublika Komitəsinin yaradılması.

 

1944, 14 aprel – SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsinin təşkil olunması.  

 

1944, 24 aprel – SSRİ Ali Soveti Rəyasət Heyətinin S.Orconikidze adına 77-ci atıcı diviziyasına “Simferopol” adının verilməsi və onun II dərəcəli Suvorov ordeni ilə təltif olunması haqqında fərmanı.

 

1944, 26 aprel – Azərbaycan SSR-nin ictimai heyvandarlığın inkişafında əldə etdiyi nailiyyətlərə görə DMK-nın bayrağı ilə təltif edilməsi.

 

1944, 1 may – “Qafqazın müdafiəsi uğrunda” medalının təsis edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı.

 

1945, 4-13 fevral – SSRİ, ABŞ və İngiltərə dövlət başçılarının Yalta (Krım) konfransı.

 

1945, 27 fevral – SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi.

 

1945, 23 mart – Azərbaycan EA-nın təsis edilməsi.

 

1945, aprel – Nizami adına Ədəbiyyat Tarixi Muzeyinin açılması.

 

1945, 6 may – Mingəçevir SES-in tikintisinin bərpa olunması haqqında SSRİ XKS-in qərarı.

 

2 yanvar 1945 - Tanınmış aktyor, teatr və kinoda yaddaqalan obrazlar yaratmış Səməndər Rzayev (1945-1986) anadan olub. “Nəsimi” (Şirvanşah İbrahim), “Babək” (İbn Bəis), “Babamızın babasının babası” (Əliquliyev),  “Evlənmək istəyirəm” (Həsən ağa),  “Bağ mövsümü” (Ağamirzə), “Bəyin oğurlanması” (Hidayət) və s. filmlərdə çəkilib. Bir çox televiziya tamaşalarında maraqlı obrazlar qalereyası yaradıb.

 

23 yanvar 1945 - Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması barədə qərar verilib. 1920-ci illərdə respublikada elmi tədqiqatlar Bakı Dövlət Universitetində mərkəzləşmişdi. 1925-ci ildə Azərbaycanın Tədqiq və Tətəbbö Cəmiyyəti yaranmış, 1929-cu ildə onun əsasında Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu təşkil edilmişdi. 1932-ci ildə institutun bazasında SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsi təşkil edilib, 1936-cı ildə qurum SSRİ EA-nın Azərbaycan Filialına çevrilib. SSRİ Xalq Komissarları Sovetinin 23 yanvar 1945-ci il tarixli qərarı ilə SSRİ EA-nın Azərbaycan Filialının bazasında Azərbaycan Elmlər Akademiyası yaradıldı. 2001-ci il mayın 15-də prezident Heydər Əliyevin imzaladığı fərmana əsasən, respublikanın ən böyük elm müəssisəsi Azərbaycan Milli Elmlər Akademiyası adlanır.

 

27 mart 1945 – Azərbaycan SSR Elmlər Akademiyası fəaliyyətə başlayıb. Akademiyaya ilk üzvlər seçilib, akademik heyət və rəhbərlik formalaşıb. SSRİ-nin müsəlman respublikaları arasında ilk Elmlər Akademiyası Azərbaycanda yaranmışdı və respublika üzrə 400 alimin çalışdığı 16 elmi idarəni əhatə edirdi. Tanınmış alim, cərrah, professor Mirəsədulla Mirqasımov Azərbaycan EA-nın ilk prezidenti seçilib.

 

9 may 1945 - II Dünya müharibəsində (1939-1945) faşizm üzərində Qələbə günüdür. Bu tarixi gün Avropada mayın 8-də qeyd olunur. Çünki faşist Almaniyasının rəhbərliyi kapitulyasiya aktını imzalayanda Avropada mayın 8-i gecə, Moskvada isə artıq ayın 9-u idi.

 

1945, 28 may – SSRİ Dövlət Müdafiə komitəsi tərəfindən “Bakıda neft hasilatını artırmaq tədbirləri haqqında” qərarın qəbul edilməsi.

 

1945, 17 iyul - 2 avqust – SSRİ, ABŞ, İngiltərə dövlət başçılarının Postdam konfransı.

 

1945, 20 avqust – Mingəçevir su anbarının tikintisinə başlanması.

 

1946, 5 yanvar – SSRİ XKS-nin “Bakı şəhər təsərrüfatını yaxşılaşdırmaq tədbirləri haqqında” qərarının qəbul edilməsi.

 

1946, may – “Pioner” jurnalının nəşrə başlaması.

 

20 may 1946 - Xalq şairi, publisist, tərcüməçi, ictimai-siyasi xadimSabir Xudu oğlu Rüstəmxanlı Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. “Gəncə qapısı”, “Sağ ol, ana dilim”, «Qan yaddaşı», «Ömür kitabı», «Atamın ruhu», «Xətai yurdu» və s. kitabların, “Cavad xan” filminin (2009) ssenari müəllifidir. 1990-cı ildən Azərbaycan parlamentinin deputatıdır.

1946 – Gəncədə Nizami Gəncəvinin məqbərəsinin açılması.

 

1946, 15 avqust – Azərbaycan SSR Ali Sovetinin VIII sessiyasında 1946-1950-ci illərdə Azərbaycan SSR xalq təsərrüfatının bərpa və inkişaf etdirilməsi ilə bağlı beşillik plan haqqında qanunun qəbul edilməsi.

 

1 yanvar 1947 - Xalq artisti Mikayıl Mirzə (Mikayıl Şahvələd oğlu Mirzəyev, 1947 - 3.6.2006) Şamaxı rayonunda doğulub. “Qatır Məmməd” bədii, “Üzeyir ömrü” televiziya filmlərində, tamaşalarda maraqlı rollar oynayıb.

 

23 dekabr 1947 - SSRİ Nazirlər Soveti «Ermənistan SSR-də yaşayan azərbaycanlıların Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» 4083 saylı qərar qəbul edib. Qərarın təşəbbüskarı SSRİ Nazirlər Soveti sədrinin müavini, İ.Stalinin «sağ əli» Anastas Mikoyan idi. Qərara görə, azərbaycanlı əhalinin yerinə xaricdən ermənilər köçürülməli idilər. Qərar sərt şərtlərlə hazırlanmışdı, tarixi yurdunu, ev-eşiyini atıb köçməyə məcbur edilən insanlara ailə başına cəmi 2 ton yük (mal-qara, yataq və s.) götürməyə icazə verilirdi. Azərbaycan SSR-in rəhbəri M.Bağırovun İ.Stalinə müraciətindən sonra bu şərtləri qismən yumşaldan ikinci qərar (10 mart 1948) verildi .

 

10 mart 1948 - SSRİ Nazirlər Soveti Ermənistandakı azərbaycanlı əhalinin Azərbaycana deportasiyası haqqında ikinci qərar qəbul edib. Qərara görə, azərbaycanlı kolxozçuların boşaltdığı ərazilərə xaricdən ermənilər köçürülməli idilər. Azərbaycanın rəhbəri Mircəfər Bağırovun Stalinə müraciətindən sonra qərarın sərt şərtləri qismən yumşaldıldı. 1948-1953-cü illərdə 100 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edildi, deportasiya nəticəsində Ermənistanda 476 azərbaycanlı kəndi boşaldılmışdı. Stalinin ölümündən (1953) sonra azərbaycanlı əhalinin bir qismi geri qayıtsa da, 1988-ci ilin deportasiyası Ermənistanda azərbaycanlıların etnik təmizləməsini başa çatdırdı.

 

16 mart 1948 - Azərbaycanın qərbində “metallurqlar şəhəri”Daşkəsənin əsası qoyulub. Daşkəsən bölgədə dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar olaraq salınıb. 1956-cı ildən şəhərin daxil olduğu Dəstəfur rayonunun adı dəyişdirilərək Daşkəsən rayonu adlandırılıb.

1948, iyun – Xarici Dillər İnstitutunun yaradılması.

 

11 noyabr 1948 - Energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının və Mingəçevir su anbarının tikintisinin başlanması bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verdi. Ötən illərdə Mingəçevir 100 min nəfər əhalisi olan böyük yaşayış məntəqəsinə çevrilib.

 

1 fevral 1949 – Türkiyənin paytaxtı Ankarada "Azərbaycan Kültür Dərnəyi" təsis edilib. Bu, dünyadakı azərbaycanlı diasporunun təşkilatlanması sahəsində ilk addım idi. Bundan sonra, 1956-cı ildə Azərbaycan Xalq Cümhuriyyətinin milli təhlükəsizlik naziri Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı ABŞ-da  Amerika Azərbaycan Cəmiyyətini təsis etdi. Hazırda bu quruma N.Şeyxzamanlının nəvəsi Tomris Azəri rəhbərlik edir.

1949, 7 may – SSRİ Nazirlər Soveti tərəfindən “Azərbaycan SSRİ-də dəniz neft yataqlarının kəşfi və işlənməsini üzən vasitələrlə təmin etmək haqqında” qərarın qəbul edilməsi.

 

7 noyabr 1949 - Abşeron yarımadasının 40 km cənub-şərqində, Xəzərin Azərbaycan sektorundakı «Qara daşlar» adlanan yerdə ilk neft quyusu fontan vurub. Buruq ustası Mixail Kaveroçkinin qazdığı quyuda940 m dərinlikdən ilk neft hasil edilib. Bu hadisə Azərbaycan neft tarixində yeni eranın başlanğıcı olub. «Qara daşlar»ın fəthi 1947-ci ildə məşhur neftçi, geoloq, «Azneftkəşfiyyat»ın rəisi Sabit Orucovun rəhbərliyi ilə başlanmış, 1948-ci ilin noyabrında ilk neft desantı ərazidə məskən salmışdı. Sonralar bu yerdə əfsanəvi dəniz şəhəri - polad dirəklər üzərində (ümumi uzunluğu 300 km olan estakada) Neft Daşları salındı.

1949, 31 oktyabr – SSRİ Nazirlər Sovetinin “Azərbaycan SSR-də dəniz neft yataqlarının kəşfi və istismara verilməsi işinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarının qəbul edilməsi.

22 noyabr 1949 - Sumqayıt şəhərinin yarandığı gündür. Xəzər sahilində yeni şəhərin salınması 1938-ci ildə burada istilik elektrik stansiyasının (İES) tikintisi ilə başlanıb. Onun ardınca 40-cı illərdə kimya və metallurgiya zavodlarının təməli qoyulub. Şəhərin tikintisində SSRİ-nin bütün respublikalarından inşaatçı dəstələr iştirak edirdi. 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sumqayıta şəhər statusu verilib.

 

Cənubi Azərbaycan


II Dünya müharibəsi və Cənubi Azərbaycanda milli hərəkat (1941-1946-cı illər)

Şah rejiminin təzyiqləri. İranda yaşayan digər xalqlar kimi, Azərbaycan türklərində də milli özünüdərketmə prosesinin qarşısını ala bilmədi, əksinə, onlarda milli müqavimət hissinin artmasına gətirib çıxardı. Belə bir şəraitdə“Şəhrivar hadisələri” baş verdi (İran təqvimindəşəhrivar ayı 23 avqust - 23 sentyabr dövrünü əhatə edirdi – red.).

1941-ci il avqust ayının 25-də 1921-ci il Sovet-İran müqaviləsinin 6-cı maddəsinə əsaslanan sovet ordusu (daha sonra İngiltərə və 1942-ci ildə ABŞ-ın hərbi qüvvələri) İrana daxil oldu. Rza şahın öz oğlu Məhəmməd Rzanın xeyrinə istefa verməsi (16.09.1941), şahın İranı tərk etməyə (17.09.1941) məcbur olması nəticəsində irtica geriyə çəkilməli oldu. Rza şahın hərbi-polis rejimi iflasa uğradı. Bütün bunlar Cənubi Azərbaycanda demokratik və milli qüvvələri yeni mübarizəyə ruhlandırdı.

Azərbaycanlı vətənpərvərlər müxtəlif cəmiyyətlərdə, o cümlədən 1941-ci il sentyabrın 29-da Tehranda yaradılmış İran Xalq Partiyasının (İXP) Azərbaycan təşkilatlarında, İran Həmkarlar İttifaqında, antifaşist cəmiyyət və birliklərdə, müxtəlif milli-mədəni cəmiyyətlərdə fəaliyyətə başladılar. İXP-nın əsas tələbləri bunlar idi: demokratik azadlıqların həyata keçməsi, İranın milli azadlığının möhkəmləndirilməsi, əmək haqqında qanunun qəbulu və s.

1941-ci ilin oktyabrında azərbaycanlı ziyalıların demokratik nümayəndələrini öz siralarında birləşdirmiş cəmiyyət noyabrın 1-dən Azərbaycan və fars dillərində«Azərbaycan» qazetinin nəşrinə başladı. Fəaliyyətdə olduğu qısa müddət ərzində (1942-ci ilin əvvəllərində cəmiyyət və onun orqanı mərkəzin irticaçı qüvvələri tərəfindən qadağan edilmişdi) İrandakı Azərbaycan türklərinin milli özünüdərkinin dərinləşməsində, milli mədəniyyətin inkişafında böyük rol oynadı.

Ancaq İranda sovet faktorunun Cənubi Azərbaycandakı hadisələrə təsirini də nəzərə almaq lazımdır. II Dünya müharibəsi başlanandan və Qərbi Belarus, Qərbi Ukrayna, Bessarabiyanı zəbt etdikdən sonra Cənubi Azərbaycan Stalinin işğalçı planlarında xüsusi yer tuturdu.Demokratik ziyalılırın milli dircəliş uğrunda mübarizəsi, Şimali Azərbaycandakı həmvətənləri ilə yaxınlığa can atmaları da Stalinin planları ilə üst-üstə düşürdü. Sovet ordusunun İrana yeridilməsi ilə eyni zamanda Cənubi Azərbaycanda milli-mədəni və siyasi dirçəlişə yardım vəzifəsi qarşıya qoyulmuşdu.

1941-ci il oktyabrın 11-dən Təbrizdə Azərbaycan türkçəsində «Vətən yolunda», Urmiyada «Qızıl əsgər» qəzetlərinin nəşri, oktyabrın ortalarından Azərbaycan Opera və Balet Teatrının qastrolları, müxtəlif musiqi kollektivlərinin səfərləri və s. tədbirlər bu qəbildən idi.

Cənubi Azərbaycana göndərilmiş qrupa Azərbaycan KP MK-nın katibi Əziz Məmmədkərim oğlu Əliyev rəhbərlik etdi.*

** Əliyev Əziz Məmmədkərim oğlu (1897-1962). Partiya və dövlət xadimi, səhiyyə təşkilatçısı olub, 1938-ci ildə tibb elmləri doktoru idi. Azərb. SSR Ali Sovetinin Rəyasət Heyətinin katibi, Azərb. KP MK-nın katibi (1941-1942), Dağıstan MSSR vilayət Komitəsinin birinci katibi (1942-1948), UİK(B)P MK-nın inspektoru (1949-50), Azərbaycan SSR Nazirlər Soveti Sədrinin birinci müavini (1950-51) və digər mühüm partiya və dövlət vəzifələrində çalışıb. 1941-ci il sentyabrın ikinci yarısında Cənubi Azərbaycana göndərilmiş qrupa rəhbərlik edib (1942-ci il martın ortalarına qədər).

Cənubi Azərbaycan üzrə xalq hərəkatına rəhbərlik etmək üçün bir təşkilat lazım idi. Bu təşkilat 1945-ci ilin sentyabr ayının 3-də S.C.Pişəvərinin* başçılığı altında yaradılmış Azərbaycan Demokrat Firqəsi (partiyası) oldu.

** Seyid Cəfər Pişəvəri (Cavadzadə; 1893-1947) Cənubi Azərbaycanda mili-azadlıq hərəkatının parlaq simalarından biri idi. 1917-ci ildən siyasi fəaliyyət meydanına daxil olub. Gilan Respublikası hökumətində rəhbər vəzifədə olub. 1930-40-cı illərdə Rza şahın göstərişi ilə zindanda yatıb. Sovet rəhbərliyi tərəfindən 1945-ci ilin yayında Azərbaycan K(b)P MK-nin birinci katibi Mir Cəfər Bağırov vasitəsilə Seyid Cəfər Pişəvəriyə ADF-nin yaradılmasına rəhbərlik təklif edilir. O isə Sovetlərə inamsızlığını gizlətməyərək bildirir ki, ruslar öz siyasi hədəflərini irəli aparmaq üçün bizi oyuna qatmaq istəyirlər. Lazım olan təqdirdə bizi meydanda bizi tək qoyacaqlar. Lakin Pişəvəri son anda bu təklifə Azərbaycan xalqı üçün mühüm tarixi fürsət kimi baxdı və tarixi şansdan istifadəni zəruri saydı.

 

Azərbaycan Demokrat Firqəsinin müraciətnaməsinəşr olundu. Onu görkəmli azadxahlardan 77 nəfərimzalamışdı. Müraciətnamə vasitəsilə yeni bir siyasi partiya yaradıldığı, onun məqsəd və vəzifələri xalqa çatdırılırdı. Burada Azərbaycan xalqının milli azadlığı və İranın siyasi üsul-idarəsinin demokratikləşdirilməsi məsələləri irəli sürülür, İran dövlətinin Azərbaycan xalqına etdiyi milli zülm ifşa olunurdu. Göstərilirdi ki, Azərbaycan xalqı öz zəngin torpaqlarında yabançı kimi yoxsul halda yaşamaqdadır.

Xalqın milli azadlığı yolunda görüləcək işlər 12 maddədən ibarət şüarlar şəklində verilmişdi. Müraciətnamədə göstərilirdi ki, İranın istiqlal və ərazi bütövlüyünü saxlamaq üçün Azərbaycana daxili azadlıq və mədəni muxtariyyət verilməlidir. Bundan ötrü də tezliklə əyalət və vilayət əncümənləri seçilməlidir. Burada ana dili, fəhlə, kəndli, torpaq məsələlərinə böyük əhəmiyyət verilirdi.

1945-ci il sentyabrın 2-də Təbrizdə AzərbaycanDemokrat Firqəsinin I təsis qurultayı işə başladı. Üc gün ərzində qurultay Proqram və Nizamnaməni qəbul etdi.Seyid Cəfər Pişəvəri Rəyasət Heyətinin sədri seçildi.

Sentyabrın 5-də Təbrizdə partiyanın müvəqqəti Təbriz Komitəsi yaradıldı. Vilayətlərdə də partiya quruculuğu işi gedirdi. Lakin ADP silahlı mübarizə istiqamətində də hazırlıq işləri aparırdı.

1945-ci il noyabrın 8-də Təbrizdə ADP MK-nın ikinci geniş plenumu oldu. Plenum silahlı üsyan üçün plan hazırlamışdı. Silahlı mübarizə barədə iki başlıca təklif olmuşdu. Birincisi, silahlı dəstəni gizlicə Təbriz şəhərinə toplayaraq dövlətin bu şəhərdəki silahlı qüvvələrinə qəfildən hücum edərək onları tərk-silah etmək, hökumət idarələrini tutub hücumu genişləndirmək. İkinci təklif isə eyni vaxtda partizan - fədai vuruşlarına başlamaq idi.

Noyabrın 17-dən Azərbaycan fədailəri kənd, qəsəbə, şəhərləri İran hökumət qoşunlarından azad etməyə başladılar. Noyabrın 10-dan 20-dək fasiləsiz kecirilən mitinq və nümayişlərdə əncümənlərin təşkil olunması, İran daxilində Azərbaycana geniş muxtariyyət verilməsi kimi qərarlar qəbul edildi.

1945-ci il noyabrın 20-də bölgələrdən gələn xalq nümayəndələrindən ibarət Azərbaycan Xalq Konqresi(AXK) Təbrizdə işə başladı. 724 nümayəndənin iştirak etdiyi AXK Azərbaycanın sosial-iqtisadi və siyasi vəziyyətini, eləcə də Tehranın bu milli bölgədəki ayrı-seçkilik münasibətini təhlil edib nəzərdən keçirdikdən sonra belə bir tarixi qərar qəbul etdi: «Azərbaycan xalqı özünün daxili işlərini idarə etmək və milli muxtariyyətini təmin etmək üçün Əyalət Əncüməni təşkilini bir qədər genişləndirib, ona Milli Məclis (MM) şəkli verir. İranın daxilində və İranın ərazi bütövlüyünə xələl gətirmədən özünün Milli Hökumətini vücuda gətirir. Azərbaycan Xalq Konqresi özünü Müəssislər Məclisi elan edir».

Müəssislər Məclisi qəbul etdiyi Bəyannamə vasitəsilə Azərbaycan xalqının istək və tələblərini İran şahına, İran məclisinə, İran hakimiyyətinə, eləcə də ABŞ, İngiltərə, SSRİ, Fransa dövlətlərinə çatdırdı. Bəyannamədə azərbaycanlıların da başqa xalqlar kimi muxtar və azad yaşamağa, öz müqəddəratını özünün həll etməyə haqqlı olduğu və s. göstərilirdi.

Müəssislər Məclisində 39 nəfərdən ibarət Milli Heyətyaradıldı və M.Ə.Şəbüstəri ona sədr seçildi. Milli Heyət qanun vermək səlahiyyətinə malik idi. Milli Heyət taxılın Azərbaycandan kənara daşınıb aparılmasının qarşısını aldı, asayişi pozanlara qarşı tədbirləri gücləndirdi.

Noyabrın 21-də Milli Məclisə seçkilərə başlamaq haqda fərman verildi. Azərbacyanın böyük bir hissəsinin İran hökumətinin nəzarəti altında qalmasına baxmayaraq 1945-ci il noyabrın 27-də Azərbacyanın hər yerində Milli Məclisə seçkilər başlandı və dekabrın 1-də başa çatdı. Marağa, Sərab, Bostanabad, Mərənd, Sofiyan fədailər tərəfindən azad edilmişdi.

Dekabrın 11-də Təbriz şəhəri azad olundu. Bütün Azərbaycan ADP-nin nəzarəti altında idi. Azərbaycan Milli Məclisinin 39 maddəlik nizamnaməsinin layihəsi M.C.Bağırov tərəfindən İosif Stalin, Vyaçeslav Molotov, Larventi Beriya, Georgi Malenkova göndərildi və bəyənildi.

Sovet rəhbərliyi ilə razılaşdırıldıqdan sonra 12 dekabr 1945-ci il (İran təqvimi ilə 21 Azər 1324-cü il) Azərbacyan Milli Məclisi açıldı. Məclisdə 76 deputatiştirak edirdi. Milli Məclisin axşam iclasında Azərbaycan Milli hökuməti formalaşdı. Azərbacyan Milli Məclisi S.C.Pişəvərini Azərbaycan Milli Hökumətinin baş naziri təyin etdi.

Beləliklə, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatınınbirinci mərhələsi – hakimiyyətin ələ alınması prosesi başa çatdı. Milli Hökumət cəmi bir il davam etsə də, 20 maddədən ibarət iş proqramı çox zəngin oldu. Hər şeydən əvvəl dövlət vəzifələrinə ədalətli adamlar təyin edildi.

1946-cı il yanvarın 2-də yeni valilər təyin olundu. 1946-cı il yanvarın 6-da Azərbaycan türkcəsi rəsmi dövlət dili elan olundu. Təbrizdə Azərbacyan Dövlət Universitetinin təşkili, yetim və sahibsiz uşaqların tərbiyəsi haqqında tarixi qərarlar qəbul edildi.

1946-cı il iyunun 12-də Təbrizdə Azərbaycan Dövlət Universiteti açıldı. 3 yaşından 14 yaşına qədər olan sahibsiz uşaqlar Milli Hökumətin təsis etdiyi tərbiyəxanalara toplanmalı idi.

Yanvarın 8-də Milli Məclis vilayət, mahal, bölük əncümənlərinin seçkiləri haqqında qərarlar qəbul etdi. Ölkənin 20 yaşına çatmış bütün vətəndaşları seçkilərdə iştirak edə, 20-75 yaşlı vətəndaşları isə əncümənlərə seçilə bilərdilər.

1946-cı ilin aprelində Məclis tərəfindən məhsulun mülkədar və kəndlilər arasında bölüşdürülməsinin yeni qaydaları haqqında qanun qəbul edildi. Mülkədarlara kəndlidən məhsul vergisindən başqa bir şey almaq qadağan edilirdi. Qanun torpaq və su üzərində xüsusi mülkiyyəti saxlasa da, kəndlilərin mülkədar asılılığından azad olunması üçün şərait yaradırdı. Hökumətin qərarı ilə 8 saatlıq iş günü müəyyən edildi. Əmək və sosial sığorta haqqında qanunlar və s. qəbul olundu. Bir sözlə,demokratik dövlət aparatı yaradıldı.

Lakin Azərbaycanın muxtariyyatına və İranda sovet nüfuzunun azalmasına qarşı olan qüvvələrin – şah, İran irticası, Amerika və İngiltərə imperializmi, sovet rəhbərliyindəki antiazərbaycan qüvvələrinin narahatlığı artırdı. İran ABŞ və İngiltərənin təhriki ilə Sovet ordusunun İrandan çıxarılması, Sovetlərin İranın daxili işlərinə qarışması haqda BMT Təhlükəsizlik Şurasına şikayət etdi.

İranın şimal neft yataqlarının birgə istismarı üzrə Sovet-İran şirkətinin yaradılması haqqında 1946-cı il aprelin 4-də Tehranda müqavilə bağlandı. Sovet rəhbərliyi 15-ci Məclisə seçkilərin «rahat və dinc» keçirilməsi, burada neft müqavilələrinin sovetlərin xeyrinə həll edilməsi üçünqoşunların çıxarılmasına icazə verdi. Bununla da «21 Azər» hərəkatına xəyanət etmiş oldu. Aprelin 24-dən qoşunların çıxarılmasına başlandı. Mayın 8-dəAzərbaycan və Kürdüstandan son hərbi hissələr çıxarıldı.

Sovet Azərbaycanının siyasi işçiləri və ziyalılırı isə böyük təəssüf hissi ilə Cənubi Azərbaycanı tərk etdilər.S.C.Pişəvəri isə Milli Hökumətin mövqeyindən dönmədi – Milli Məclisin, Milli Ordunun mərkəz tərəfindən tanınmasını israr edirdi.

1946-cı il iyunun 13-də Təbrizdə Milli Hökumət və Tehran nümayəndələri arasında müqavilə imzalandı. Bu müqaviləyə görə Mərkəzi hökumət «21 Azər» hərəkatını Azərbacyan xalqının demokratik hərəkatı kimi tanıdı, İranda demokratik dəyişikliklər edəcəyinə söz verdi.

Əvəzində isə Azərbaycan ostandarlığı və Milli Məclisin Əyalət Əncüməni ilə əvəz edilməsinə, fədai dəstələrinin, xalq qoşununun mərkəzi dövlət qoşunlarının tərkibinə daxil olmasına və s. razılıq verdi.

ABŞ və Böyük Britaniyanın təhriki ilə Azərbaycan məsələsi bir neçə dəfə BMT-də müzakirəyə çıxarıldı.S.C.Pişəvərinin BMT Baş Assambleyasına müraciəti isə cavabsız qaldı.

İran qoşunları dekabrın 4-də səhər saat 7-dəAzərbaycana hücuma başladı. Moskva mətbuatı Azərbaycan böhranını İranın sırf daxili işi kimi şərh etdi.

1946-cı il dekabrın 11-də Pişəvəri Təbrizi tərk etdi.Dekabrın 14-də günorta İran qoşunları Təbrizə daxil oldu. Dekabrın 20-də İran ordusu Azərbaycanı tam nəzarətə götürdü.

Milli hökumət süqut etdi. Bir ildə əldə edilmiş nailiyyətlər məhv edildi. Azadlıq mücahidləri zindanlara atıldı, dəstə-dəstə edam edildi.

M.C.Bağırovun təkidi ilə Moskva dekabrın 12-də (Milli Hökumətin ildönümündə - red.) nsərhədi açdı. Dekabrın 19-dək dekmokratik hərəkatın bir neçə min iştirakçısı Sovet Azərbaycanına keçdi. S.C.Pişəvəri də məcburən vətəndən uzaqlaşmalı oldu.

* * *

1947-49-cu illərdə İran dövlət və hökumət rəhbərləri Azərbaycanda istədikləri şəxsəri güllələdilər, sürgun etdilər, onlara divan tutdular. Həmin illər İran qəzetləri yazırdı ki, Azərbaycanda görünməmiş bir qəhətlik, dərin bir iqtisadi böhran hökm sürür. Azərbaycanın bir sıra şəhərlərində aclığa qarşı kütləvi nümayişlər oldu. Təbrizin fabrik və zavodlarında fəhlə tətilləri baş verdi. Onlar əmək haqqının artırılmasına nail oldular.

1948-ci ilin payızında Azərbaycanın bir sıra kəndlərində kəndlilərlə mülkədarlar arasında münaqişələr baş verdi, nəticədə onlar məhsul bölgüsündə öz paylarının artırılmasına nail oldular.

24 oktyabr 1949-cu il tarixdə 16-cı çağırış İran məclisinə seçkilər zamanı Milli Cəbhə yaradıldı. O, İngiltərə-İran Neft Şirkətinin milliləşdirilməsi uğrunda hərəkata rəhbərlik edirdi. Tərkibinə isə «İran partiyası», «İslam mücahidləri təşkilatı» və b. daxil idi. Cəbhə milli burjuaziyanın mənafeyini əks etdirirdi.

 

Xəbərlər
Redaktorun seçimi