“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
22.01.2015, 20:13
1893

1912-1917-ci illər

A- A+

26-31 oktyabr 1917 - Bakıda «Müsavat» partiyasının I qurultayı keçirilib. Azərbaycanın müstəqqilliyi uğrunda mübarizə partiyanın əsas məramı elan edilib... Yanvar 1915 – Birinci Dünya müharibəsində Qafqaz cəbhəsində Osmanlı qoşunlarını məğlub edən Rusiya qoşunları Cənubi Azərbaycana keçiblər...

Şimali Azərbaycan

 

27 yanvar 1912 – Görkəmli neftçi, professor Eyyub Tağıyev (1912-1967) anadan olmuşdur. Eyyub Tağıyev Sibirdə zəngin neft yataqlarının kəşfində iştirak edib, Argentina və Braziliyada çalışıb. Üç dəfə Stalin mükafatına layiq görülmüş yeganə azərbaycanlıdır. 1967-ci il yanvarın 17-də vəfat edib.

 

15 noyabr 1912 - Çar Rusiyasının IV Dövlət Duması fəaliyyətə başlayıb. Dumada Cənubi Qafqaz müsəlmanlarının yeganə nümayəndəsiMəmmədyusif Cəfərov idi. IV Dövlət Duması səlahiyyət müddətini axıradək işlədi, sonuncu iclas 1917-ci il oktyabrın 19-da keçirildi. Bir həftə sonra Peterburqdakı bolşevik üsyanı (Oktyabr inqilabı) ilə Rusiya imperiyası süqut etdi.

 

11 iyun 1913 – Görkəmli aktrisa, Azərbaycanın və SSRİ-nin Xalq artistiHökümə Abbasəli qızı Qurbanova (1913 – 2.11.1988) anadan olub. 1938-ci ildən ömrünün sonunadək Milli Dram Teatrınında çalışıb, dramatik və faciə rollarının əvəzsiz ifaçısı olub. Kinoda ilk işi 1936-cı ildə “Almaz” filmində Yaxşı rolu olub. "Onu bağışlamaq olarmı?" (Kəmalə xanım), "İnsan məskən salır" (Ana) filmlərində çəkilib.

 

29 iyun 1913 – Xalq şairi Nigar Rəfibəyli (1913- 1981) Gəncə şəhərində anadan olub. Məşhur Rəfibəylilər nəslindəndir, atası Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olub. Nigar Rəfibəyli lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən bir çox poeziya nümunələrini dilimizə çevirib. 1981-ci il iyulun 10-da vəfat edib.

 

26 may 1914 - Xalq yazıçısı, görkəmli nasir və dramaturq İlyas Əfəndiyev (1914 - 3.10.1996) Füzuli şəhərində anadan olub. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", “Geriyə baxma, qoca” və s. romanların, povest və hekayələrin, Azərbaycan dramaturgiyasında yeni mərhələ təşkil edən pyeslərin («Atayevlər ailəsində», «Sən həmişə mənimləsən», «Unuda bilmirəm», «Məhv olmuş gündəliklər», «Mahnı dağlarda qaldı», «Natəvan», «Hökmdar və qızı», “Şeyx Xiyabani», «Sevgililərin cəhənnəmdə vüsalı» və s.) müəllifidir.

 

11 may 1915 – Azərbaycan heykəltəraşlıq sənətinin banilərindən biri, Xalq rəssamı Fuad Əbdürrəhmanov (1915-1971) anadan olub. Fuad Əbdürrəhmanov Azərbaycanın mədəniyyət xadimlərinin bust-portretlərini, Füzulinin monumental heykəlini yaradıb.

 

9 mart 1917 – Rusiya imperiyasının Müvəqqəti Hökuməti Qafqazda çar idarəçilik sisteminin - canişinliyin ləğv edilməsi barədə qərar verib. Bunun əvəzində Cənubi Qafqazdan Rusiya Dövlət Dumasına seçilmiş deputatlardan ibarət yeni qurum - Zaqafqaziya Xüsusi Komitəsiyaradılıb. Çar II Nikolayın taxt-tacdan əl çəkməsindən (1917-ci ilin Fevral inqilabı) sonra iqtidara gələn Müvəqqəti Hökumət imperiyanın əyalətlərində nisbətən demokratik üsul-idarə tətbiq etməklə mərkəzdənqaçma meyllərini önləməyə çalışırdı.

 

27 mart 1917 – Bakıda Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi seçilib. Quruma M.Ə.Rəsulzadə, Ə.M.Topçubaşov, M.H.Hacınski, F.X.Xoyski, M.Əsədullayev və digər ziyalılar, milli burjuaziya nümayəndələri daxil idi. 1917-ci ilin Fevral inqilabından sonra, bütün Rusiya imperiyasında olduğu kimi, Azərbaycanda da ikihakimiyyətlik vardı. Bolşeviklər “Bakı Soveti”ni yaratmış, Rusiya Müvəqqəti Hökumətinin yerli hakimiyyət orqanı kimi isə İctimai Təşkilatların İcraiyyə Komitəsi yaradılmışdı. Komitənin aparıcı təşkilatı Müsəlman Milli Şurası idi.

 

15 aprel 1917 - Bakıda Qafqaz müsəlmanlarının qurultayı işə başlayıb. Qurultay Rusiyada çarizmin süqutundan (Fevral inqilabı) sonra azərbaycanlıların milli istiqlal məramının bəyan olunması yönündə ilk cəhd idi. Qurultayda Məhəmmədəmin Rəsulzadə (“Müsavat”), hümmətçi-bolşeviklərdən Nəriman Nərimanov, Məşədi Əzizbəyov, Həmid Sultanov məruzələrlə çıxış ediblər. Qurultay Peterburqdakı Müvəqqəti Hökumətin tanınması, Rusiyanın demokratik və federativ əsasda yenidən qurulması, Qafqaz müsəlmanlarının muxtariyyətinin təmin olunması barədə qərar qəbul edib.

 

26 iyun 1917 – Hərbi xadim, artilleriya general-leytenantı Hüseyn Rəsulbəyov (1917-1992) anadan olmuşdur. 1941-1945-ci illər müharibəsində hava hücumundan müdafiə qoşunları tərkibində briqada, diviziya birləşmələri qərargahında müxtəlif mühəndis vəzifələrində çalışmışdır. H.Rəsulbəyov 1966-1974-cü illərdə Bakı hərbi dairəsinin hava hücumundan müdafiə qoşunlarının komandanı olub. Azərbaycanda milli zabit kadrlarının hazırlanmasına mühüm töhfələr verib. 1975-ci ildə hərbi xidmətdən ehtiyata çıxandan sonra Azərbaycanın (Azərbaycan SSR) rabitə naziri vəzifəsinddə işləmişdir.

 

22 oktyabr  1917 – Bakı Fəhlə və Əsgər Deputatları Sovetinə seçkilər keçirilib. Seçkidə 40 faiz səs toplayan «Müsavat» partiyası qələbə qazanıb, ikinci yeri eserlər - «inqilabçı sosialistlər» (30 faiz) tutublar. Bolşeviklər (Rusiya K(b)P-nin Bakı komitəsi) isə yalnız üçüncü (15-16 faiz) olublar. Şaumyanın başçılıq etdiyi bolşeviklər seçkinin nəticələrini tanımadılar. Petroqradda 25 oktyabr (7 noyabr) üsyanından (Müvəqqəti hökumətin devrilməsi) sonra isə Bakı bolşevikləri də ruhlanaraq təhdid və zorakılıqla Bakı Sovetinin İcraiyyə Komitəsində (hökumət) yerlərin çoxunu ələ keçirdilər. «Müsavat» buna etiraz olaraq Bakı Sovetinə girməkdən imtina etdi və əslində siyasi meydanı bolşeviklərə verdi. Dekabrda Bakı Sovetinə yeni seçkilər keçirən bolşeviklər bu dəfə yerlərin əksəriyyətini qazandılar.

 

26-31 oktyabr 1917 - Bakıda «Müsavat» partiyasının I qurultayı keçirilib. Qurultayda «Müsavat»ın ilk Proqramı qəbul olunub, Azərbaycanın müstəqqilliyi uğrunda mübarizə partiyanın əsas məramı elan edilib. Məhəmmədəmin Rəsulzadə partiyanın sədri seçilib. «Müsavat»ın əsası 1911-ci ildə qoyulmuşdu və Rəsulzadə hələ Türkiyədə mühacirətdə ikən partiyanın lideri seçilmiş, 1913-cü ildə Bakıya qayıtdıqdan sonra partiyaya bilavasitə rəhbərlik etmişdi. 1917-ci ilin iyununda «Müsavat» «Türk Ədəmi Mərkəziyyət» («türk federalistlər») partiyası ilə birləşərək müsəlman (azərbaycanlı) əhalinin geniş dəstəyinə malik təşkilata çevrilmişdi.

 

14 noyabr 1917 - Kosmik aviasiya general-leytenantı Kərim Kərimov(1917-2003) anadan olub. Uzun illər sovet kosmonavtikasının rəhbərlərindən biri, kosmik uçuşlar üzrə Dövlət Komissiyasının sədri olub. Lakin onun fəaliyyəti məxfi qrif altında olduğu üçün geniş ictimaiyyət azərbaycanlı general Kərimovu yalnız 90-cı illərdə tanıdı.

 

15 noyabr 1917 - Rusiyadakı «Oktyabr inqilabı»ndan (25 oktyabr çevrilişi) sonra bolşeviklərin Cənubi Qafqazda hakimiyyəti ələ almaq cəhdlərinə qarşı çıxan gürcü, erməni, azərbaycanlı və rus millətçi partiyaları Tiflisdə müştərək hökumət - «Zaqafqaziya Komissarlığı» təşkil ediblər. Gürcü sosial-demokrat (menşevik) partiyası, «Daşnaksütyun», «Müsavat» və rus millətçiləri - «eser»lər Rusiyadakı bolşevik hakimiyyətini tanımadıqlarını və «Müstəqil Zaqafqaziya hökuməti» yaratdıqlarını bəyan ediblər. Gürcü Y.Qeqeçkorinin sədrlik etdiyi «Zaqafqaziya Komissarlığı»na Azərbaycandan F.Xoyski, M.Cəfərov, H.Məlikaslanov daxil idi.

 

26 noyabr 1917 – Rusiya imperiya ərazisində çar monarxiyasının süqutundan (Fevral burjua inqilabı) sonra Müvəqqəti Hökumətin elan etdiyi parlamentə - Ümumrusiya Müəssislər Məclisinə seçkilərkeçirilib. Cənubi Qafqazda 15 partiyanın qatıldığı seçkidə ermənilər arasında «Daşnaksütyün», Azərbaycanda «Müsavat», Gürcüstanda menşevik partiyaları üstünlük (ümumilikdə 73 faiz) qazanıblar. Bolşeviklər Cənubi Qafqaz üzrə cəmisi 4,4 faiz, Bakıda 20 faiz səs toplayıblar. Ümümrusiya miqyasında da umduqları nəticəni əldə edə bilməyən bolşeviklər Müəssislər Məclisinin çağırılmasına imkan vermədilər. Nəticə Cənubi Qafqazdan seçilmiş deputatlar (o cümlədən 44 azərbaycanlı deputat) Zaqafqaziya Seymini (fevral 1918) təşkil etdilər.

 

13 dekabr 1917 - Bakı fəhlə və əsgər deputatları Sovetinə ikinci seçkilər keçirilib. Oktyabrın 22-də keçirilmiş ilk seçkilərdə məğlub olan bolşeviklər nəticələri tanımayaraq Bakı Soveti hökumətini - İcraiyyə Komitəsini zorla ələ keçirmişdilər. İkinci seçkini özlərinin tərtib etdikləri sistem üzrə keçirən bolşeviklər bu dəfə istədiklərini əldə etdilər. Şaumyanın rəhbərlik etdiyi bolşeviklər Bakı Sovetində 51 yer, daşnaklar 41 yer, sol eserlər 38, sağ eserlər 28 yer qazanmışdı. İlk seçkilərin qalibi (40 faiz) olmuş «Müsavat» 21 yerlə kifayətlənməli olmuşdu. Yeni İcraiyyə Komitəsində 18 yerdən 11-nə sahib olan bolşeviklər (6) və daşnaklar (5) Bakıda faktiki hakimiyyəti ələ aldılar. 

* * *

Cənubi Azərbaycan

 

1913 – Yazıçı Qəhrəman Qəhrəmanzadə (1913-1995) İranın Qaradağ mahalında Vərdin kəndində dünyaya göz açmışdır. 1920-ci ildə ailəsi Gəncəyə köçüb. 1928-ci ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra kənd müəllimi işləyib, 1933-cqü ildə APİ-nin dil və ədəbiyyat fakültəsinə daxil olub. 1935-ci ildə Cənubi Azərbaycana köçmüş, Təbrizdə yaşamışdır.

1941-ci ildə «Vətən yolunda», «Qızıl Əsgər» qəzeti redaksiyasında işləmişdir. 1942-ci ildə Demokrat Partiyasının üzvü olmuşdur. «Azərbaycan» jurnalının redaktor müavini vəzifəsində çalışmış, fəal bədii yaradıcılığa başlamışdır.«Mühasirlər dastanı» adlı ilk hekayələr məcmuəsi 1945-ci ildə Təbrizdə nəşr olunmuşdur. 1946-1958-ci illərdə siyasi fəaliyyəti üstündə dəfələrlə sürgün edilmişdir.

Nəhayət, 1958-ci ildə ailəsi ilə birlikdə Sovet Azərbaycanına pənah gətirmişdir. Burada bir nəsr kitabı («İftira», «Tozlu palto», «Ayrılıq», «Qırmızı başmaq», «Bayraqsız adam» və s.) nəşr etdirmişdir.

 

Yanvar 1915 – Birinci Dünya müharibəsində Qafqaz cəbhəsində Türkiyə (Osmanlı) qoşunlarını məğlub edən Rusiya qoşunları oradan İrana (Cənubi Azərbaycana) keçərək Təbrizə yaxınlaşıblar. Yanvarın 20-də Təbriz şəhəri rus qoşunları tərəfindən işğal olundu.

 

Xəbərlər
Redaktorun seçimi