“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.01.2014, 19:49
2928

Qardaş xalqların ortaq birliyi

A- A+

1992-ci ildə türkdilli dövlət başçılarının zirvə görüşlərinin əsası qoyulub

Türkdilli ölkələrin dövlət başçılarının birinci zirvə toplantısı 1992-ci ilin 28-31 oktyabr tarixində Ankarada keçirilib. Türkiyə Prezidenti Turqut Özalın təşəbbüsü ilə keçirilən sammitdə Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dövlət başçıları iştirak edib. Bu toplantı ilə türkdilli dövlət başçılarının zirvə görüşlərinin əsası qoyulub.

Növbəti sammitlər - 1994 (İstanbul), 1995 (Bişkək), 1996 (Daşkənd), 1998 (Astana), 2000 (Bakı), 2001 (İstanbul), 2006 (Antalya), 2009 (Naxçıvan).

2009-cu il oktyabrın 3-də Türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən sammitində Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması barədə qərar qəbul olunub.

2010-cu il sentyabrın 16-da Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən X zirvə toplantısında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının katibliyinin srtukturu və digər məsələlərlə bağlı sənədlər imzalanıb.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasında dörd respublika - Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan təmsil olunur. 

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının (Türk Şurası) zirvə toplantıları - 2011 (Astana), 2012 (Bişkek), 2013 (Qəbələ), 2014 (Bodrum), 2015 (Astana).

Özbəkistan Prezidenti İslam Kərimov sonuncu dəfə 1998-ci ildə Türkdilli ölkələrin dövlət başçılarının sammitində (Astana) iştirak edib. 2000-ci ildə Bakıdakı sammitdə Özbəkistanı parlament sədri təmsil edib. Sonrakı sammitlərdə isə Özbəkistan, ümumiyyətlə, yer almayıb.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Katibliyi İstanbulda yerləşir. Türkiyəli diplomat Xəlil Akınçı qurumun baş katibi təyin olunub.

Şuranın tərkibində dövlət başçılarının şurası, xarici işlər nazirlərinin şurası, ağsaqqallar şurası, yüksək vəzifəli şəxslər şurası və daimi katiblik fəaliyyət göstərir.

25 avqust 2012-ci ildə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Şurasının bayrağı qəbul edilib. Vahid bayraq üçün 4 dövlətin bayrağının hər birindən bir element götürülüb: günəş Qırğızıstanın, ulduz Azərbaycanın, aypara Türkiyənin, rəng isə Qazaxıstanın bayrağından götürülüb.

Türk Şurasının üç mərkəzi var:  İstanbul, Bakı və Astana. İstanbul inzibati mərkəzdir. Bakı Parlament Assambleyasının mərkəzi, Astana isə Türk Akademiyasının mərkəzidir.

1993-cü ildə yaradılan və mənzil-qərargahı Ankarada yerləşən Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY, Bakıda fəaliyyət göstərən Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) , Astanada yerləşən Türk Akademiyası türkdilli ölkələrin mühüm əməkdaşlıq istiqamətlərini təşkil edirlər.

Türkdilli Ölkələrin Parlament Assambleyasi (TÜRKPA) 21 noyabr 2008-ci il tarixdə yaradılıb.

Zirvə görüşündə, həmçinin qərara alındı ki, türk mədəniyyətinin qorunması üçün Bakıda vəqf, universitetlər arasında fəaliyyətin gücləndirilməsi üçün qurum, Astanada Türk Akademiyasının tərkibində muzey, tarixi araşdırma fondu yaradılsın.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yarandığı gün – 3 oktyabr (2009) Türkdilli ölkələrin əməkdaşlıq günü elan olunub.

2012-ci ildən TÜRKSOY çərçivəsində “Türk dünyası mədəniyyət paytaxtı” layihəsi həyata keçirilir. 2012-ci ildə Astana (Qazaxıstan), 2013-cü ildə Əskişəhər (Türkiyə) “Türk dünyası mədəniyyət paytaxtı” olub. 2014-cü ilin “Türk dünyası mədəniyyət paytaxtı” Kazan (Tatarıstan) şəhəridir. 2015-ci ildə bu estafeti Türkmənistanın Mərv (Marı) şəhəri qəbul edib. 2016-cı ildə isə Azərbaycanın Şəki şəhəri “Türk dünyası mədəniyyət paytaxtı” elan olunub. 

Vüqar Orxan 

 

►Əlavə linklər:

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY

Türkdilli Ölkələrin Parlament Assambleyasi (TÜRKPA)

Xəbərlər
Redaktorun seçimi