“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.11.2016, 18:02
1919

Türk dövlətlərinin birliyi: ideya və reallıqlar

A- A+

Bu birliyin möhkəm dayaqlı olması üçün təkcə iqtisadi deyil, həm də siyasi və mədəni müstəvidə işbirliyi zəruridir

Bu gün Türkiyənin Antalya şəhərində türkdilli ölkələrin (Türkiyə, Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan) dövlət başçılarının zirvə toplantısı işə başlayır. Zirvədə türk dövlətləri arasında siyasi, iqtisadi, mədəni və humanitar əməkdaşlıq imkanları nəzərdən keçiriləcək, ümumi maraq doğuran regional və beynəlxalq məsələlərə münasibət bildiriləcək və təbii ki, qarşılıqlı inteqrasiyanı ön görən müxtəlif təşəbbüs və ideyalar da səsləndiriləcək. Sammit ənənəyə uyğun olaraq "Antalya bəyannaməsi" adlanacaq yekun sənədin imzalanması ilə bitəcək.

Qeyd edək ki, bu, türk dövlət başçılarının sayca 8-ci zirvə toplantısıdır. Antalya sammiti kifayət qədər böyük fasilədən - beş ildən sonra türk ölkələrinin liderlərini bir araya gətirməlidir. Xatırladaq ki, türkdilli dövlət başçılarının ilk zirvə görüşü 1992-ci il oktyabrın 29-31-də Türkiyənin o vaxtkı prezidenti Turqut Özalın təşəbbüsü ilə Ankarada keçirilib. Sonrakı sammitlər müvafiq olaraq İstanbul (18-19 oktyabr 1994-cü il), Bişkək (28 avqust 1995-ci il), Daşkənd (21 oktyabr 1996-cı il), Astana (9-10 iyun 1998-ci il), Bakı (8-9 aprel 2000-ci il) və son olaraq yenə İstanbul (26-27 aprel 2001-ci il) şəhərlərində keçirilib.

İstanbul sammitinin yekununda növbəti zirvə toplantısının 2002-ci ildə Türkmənistanın paytaxtında keçirilməsi qərara alınsa da, Saparmurad Türkmənbaşının türk zirvəsinə evsahibliyi etməsi gerçəkləşmədi. Sonrakı illərdə zirvə toplantısının harada keçirilməsinə dair ortaq mövqe əldə olunmaması nəticə etibarilə təkcə texniki məsələ deyildi. 2001-ci ildən bu yana türk dövlət liderlərinin bir araya gələ bilməməsi xeyli dərəcədə bu müstəvidə mövcud olan çeşidli problem və fikir ayrılıqlarının da "su üzünə çıxması" demək idi.

Bu baxımdan ötən beş ili həm də türk dövlətlərinin hər biri üçün qarşılıqlı inteqrasiyası yolunda mövcud maneələri diqqətlə nəzərdən keçirib nəticələr çıxarması üçün əlamətdar taym-aut da hesab oluna bilər və Antalya sammiti həmin fasilədən hansı nəticələr hasil olunduğunu nümayiş etdirməlidir. Yeri gəlmişkən, bundan öncəki iki sammitin sıraları da tam olmamışdı, Bakı sammitində dörd prezident (Türkmənbaşı və Özbəkistan prezidenti İslam Kərimov gəlməmişdi), İstanbulda isə beş dövlət başçısı (yenə özbək lideri istisna olmaqla) toplaşmışdı. Odur ki, bugünkü zirvədə təmsilçilik məsələsi də maraq doğurur.

Hərçənd ötən sammitlərə nəzər salsaq, onların da xeyli dərəcədə işgüzar müzakirə ortamından çox müəyyən bir səbəblə bir araya gəlmiş liderlərin formal toplantısı təsiri bağışladığını görə bilərik. Məsələn, 1995-ci ildəki Bişkək sammiti qədim qırğız eposu "Manas"ın 1000 illik yubileyinə, 1996-cı ildəki Daşkənd sammiti Əmir Teymurun 660 illik yubileyinə, 1998-ci ilin Astana zirvəsi Qazaxıstanın yeni paytaxtının təqdimatına, 2000-ci ilin Bakı sammiti "Kitabi-Dədə Qorqud" 1300 illik yubileyinə, nəhayət, sonuncu İstanbul sammiti də Osmanlı imperatorluğunun 700 illik yubiley təntənələrinə təsadüf etmişdi.

Qədim və ortaq türk tariximizə yəqin minnətdar olmalıyıq ki, onun önəmli hadisələri münasibətilə türk dövlət başçıları bir araya gəlmək imkanı əldə ediblər. Bu xüsusda türkdilli ölkələrin mədəniyyət təşkilatının – TÜRKSOY-un rolunu ayrıca qeyd etmək gərəkdir. Təşkilat yarandığı gündən türk xalqlarının mədəni irsinin təbliğinə, dünyada tanınmasına, bu sahədə işbirliyinə töhfələr verib.

10 il bundan əvvəl, 1996-cı ilin noyabrında TÜRKSOY-un Bakıda keçirilən növbəti toplantısı böyük şair-mütəfəkkir Məhəmməd Füzulinin 500 illik yubiley tədbirləri ilə bir vaxta təsadüf etmişdi.

Prezident Heydər Əliyev həmin toplantıda çıxışı zamanı demişdi: “Böyük məmnuniyyətlə qeyd edirəm ki, TÜRKSOY ötən dövrdə böyük yol keçibdir, yaxşı nailiyyətlər əldə edibdir, özünün çox zəruri və böyük gələcəyi olduğunu həm türkdilli dövlətlərə, həm də dünyaya nümayiş etdiribdir. TÜRKSOY artıq beynəlxalq təşkilatdır. Birləşmiş Millətlər Təşkilatının bir hissəsi olan UNESCO ilə bilavasitə əlaqə qurubdur. Bunlar hamısı mədəniyyətin nə qədər böyük imkanlara malik olduğunu sübut edir.  Biz - Azərbaycan Respublikası, dövlətimiz TÜRKSOY Beynəlxalq Təşkilatının yaranmasından indiyə qədər onun zəruri olduğunu qeyd etmişik, bu barədə öz fikrimizi bildirmişik. Bu gün dövlətimiz adından bəyan edirəm ki, bu təşkilatın gələcəkdə də uğurlu fəaliyyət göstərməsi üçün biz əlimizdən gələni əsirgəməyəcəyik”.

Əslində, 14 il öncə türkdilli dövlətlərin dialoq və əməkdaşlıq formatı təsis ediləndə də onun təməli kimi bu ortaq tarixi-mədəni müstəvi götürülmüşdü. Eyni zamanda, bu formatın tədricən inkişaf edərək qarşılıqlı səmərəli əməkdaşlığa zəmin yaradacağı, bu zəmin üzərində isə regional təşkilatın - Türk Dövlətləri Birliyinin ortaya çıxacağı güman edilirdi.

İndi ötən 14 ilə nəzər salıb, bu müddətdə türk dövlətləri arasında səmərəli işbirliyi formatının yaranmamasının bir çox obyektiv və subyektiv səbəblərini sadalamaq olar. Lakin, yəqin əksəriyyət razılaşar ki, burada başlıca səbəb tarix, zaman faktorudur. Bir neçə əsr ayrılıqda, daha dəqiqi bir-birinə düşmən olan imperiyalarda yaşamış Osmanlı türklərinin dövləti ilə Azərbaycan və Mərkəzi Asiya türklərinin yenicə müstəqillik qazanmış dövlətlərini qısa zaman kəsiyində real tərəfdaşlıq atmosferində ortaqlaşacağını gözləmək real deyildi.

Bu baxımdan 1991-ci ildən sonrakı illəri Türkiyə ilə yeni müstəqil qazanmış türk cümhuriyyətləri, ələlxüsus da Mərkəzi Asiyadakı türk cümhuriyyətləri ilə münasibətlərini "siyasi romantika" mərhələsi adlandırmaq da olar. Romantika isə, məlum olduğu kimi, reallıqla o qədər də uzlaşmır. Necə ki, türk dövlətlərinin birlik ideyası da ilk mərhələdə bir çox illüziyaları ortaya çıxardı. Məhz bu üzdən türk sammitləri bir-birini əvəzləsə də, türkdilli dövlətlərin gerçək  inteqrasiyası hələ də istək olaraq qalır.

Təbii ki, burada Azərbaycan-Türkiyə münasibətlərini ayrıca qeyd etmək gərəkdir. Bu münasibətlər bizim müstəqilliyimizin ilk illərindən strateji tərəfdaşlıq üzərində köklənib, inkişaf edib və faktiki olaraq iki dövlətin tam ittifaqı halına gəlib.

Təbii ki, könül istər ki, bu cür fikir və əməl birliyi, ittifaqı bütövlükdə altı türk dövlətinin hamısının arasında olsun. Bu istəyin reallaşması isə, zənnimcə, hər şeydən öncə dövlətlərarası iqtisadi işbirliyindən keçir. Çünki dövlətlər arasında inteqrasiya və əməkdaşlıq fəlsəfə və mahiyyət etibarilə məhz iqtisadi maraqlar bazasına əsaslanır. Ölkələr arasında yaxşı mənada qarşılıqlı iqtisadi asılılıq nəticə etibarilə inteqrasiyanın digər qatlarını da təmin edir. Təəssüf ki, ötən 14 ildə türk dövlətlərinin qarşılıqlı münasibətlərində yetərli iqtisadi baza təmin olunmayıb.

Əgər bu gün altı türk dövləti arasında iqtisadi-ticari münasibətlərə nəzər salsaq, ayrı-ayrı ikitərəfli əlaqələrin inkişaf etməsi ilə yanaşı, ümumi mənzərənin heç də məqbul olmadığını görərik. Götürək, elə Azərbaycanın digər beş türk dövləti ilə iqtisadi əlaqələrini.

2005-ci ilin yekunlarına görə, Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 589 milyon dollar həcmində olub ki, bu da Azərbaycanın ümumi xarici ticarətinin 6,9 faizini təşkil edir. Hərçənd bu göstəricini də yetərli hesab etmək olmaz. Azərbaycanın xarici ticarətdə digər vacib tərəfdaşı Türkmənistandır, ötən il bu ölkə ilə ticarət 516 milyon dollar təşkil edib. Ölkəmizin Xəzərin o tayındakı digər qonşusu, Qazaxıstanla ticari əlaqələri isə zəifdir - 112 milyon dollar. Güman etmək olar ki, bu il işə düşən Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinə Qazaxıstanın da qoşulması iki ölkənin daha geniş iqtisadi işbirliyinə mühüm təməl olacaq. Azərbaycanın Özbəkistanla iqtisadi münasibətləri də arzulanan səviyyədə deyil - 103 milyon dollar. Qırğızıstanla ticarəti isə o qədər cüzidir ki, heç statistik göstəricilər sırasında yer almayıb. Türkiyənin də Azərbaycan istisna olmaqla Mərkəzi Asiyadakı türk ölkələri ilə iqtisadi-ticari münasibətləri xeyli zəifdir.

Təbii ki, burada ölkələrarası nəqliyyat infrastrukturunun yetərli olmaması mühüm mənfi faktordur. Bu baxımdan düşünmək olar ki, hazırda Azərbaycan və Türkiyənin birgə həyata keçirməyə başladığı dəmir yolu layihəsi (Qars-Tbilisi-Bakı) türk dövlətləri arasında iqtisadi işbirliyinə də mühüm töhfə olacaq. Çünki bu xəttin işə düşməsi ilə Xəzərin o tayındakı türk dövlətləri də bərə nəqliyyatı vasitəsilə bu şəbəkəyə qoşula və qarşılıqlı ticarəti genişləndirə biləcəklər.

Xatırladaq ki, hələ 1992-ci ildə keçirilmiş birinci sammitdə türk ölkələri arasında ticarətin təşviq edilməsi üçün  qarşılıqlı addımların atılması və bu müstəvidə Avropa Birliyindəki "ortaq iqtisadi bazar" əməkdaşlığının gerçəkləşdirilməsi ideyası gündəmə gəlmişdi. 14 il sonra bu ideya yenə aktual olaraq qalır.

Bununla yanaşı, Azərbaycanın və Türkiyənin Mərkəzi Asiyadakı türk ölkələri ilə iqtisadi işbirliyinə təkan verə biləcək bir çox layihələr də hələ kağız üzərindədir. Məsələn, indi bəlkə də çoxları unudub ki, 1999-cu noyabrında İstanbulda Bakı-Tbilisi-Ceyhan kəməri layihəsinə dair sənədlərlə yanaşı, Özbəkistan, Türkmənistan, Azərbaycan və Türkiyə arasında Transxəzər qaz kəməri layihəsinə dair bəyannamə də imzalanmışdı. O vaxt əldə olunan razılığa görə, 2000-ci ildən etibarən bu layihə reallaşma müstəvisinə keçməli idi.

Lakin sonrakı proseslər, Azərbaycanla Türkmənistan arasında Xəzərin sektoral bölgüsü və ayrı-ayrı neft yataqlarının mənsubiyyəti  məsələsinə dair mübahisəsi bu layihənin də icrasını mümkünsüz etdi. Azərbaycan isə bundan sonra özünün ayrılıqda qaz kəmərini (Bakı-Tbilisi-Ərzurum) çəkməyə qərar verdi.

Bu yerdə onu da qeyd edək ki, bu gün Azərbaycan və Türkmənistanın ticari əlaqələri nisbətən yüksək olsa da, onların siyasi münasibətləri barədə bunu demək hələlik mümkün deyil. Hətta bu mübahisələr sonunda Türkmənistan 2001-ci ildə Bakıdakı səfirliyini də bağlayıb. Sonrakı müddətdə Azərbaycan bu münasibətləri sahmanlamaq üçün təşəbbüslər göstərsə də (o cümlədən 2002-ci Azərbaycanın Aşqabadda səfirliyi açılıb), qarşı tərəf bu yöndə addım atmayıb və öz ambisiyalarını davam etdirir. Azərbaycanın Xəzərlə bağlı mübahisəni beynəlxalq ekspertlərin köməyi ilə həll etmək təklifini də qarşı tərəf qəbul etməyib. Bu həm də onu göstərir ki, türk dövlətləri arasında əməkdaşlıq və anlaşma atmosferinin təmin olunması üçün liderlərin siyasi iradə və müdrikliyi də zəruri amildir.

Qeyd edək ki, bu cür mübahisə və lokal ixtilaflar Mərkəzi Asiyadakı dörd türk respublikası arasında da zaman-zaman üzə çıxır. Bu ölkələr arasında sərhəd problemləri, su mənbələrindən istifadə məsələləri tam sahmanlanmayıb. Aral gölünün ekoloji xilası məsələsində Türkmənistan və Qazaxıstan ortaq fikrə gələ bilmirlər. Özbəkistanla Türkmənistan arasında qaz yataqları məsələsində, Qazaxıstanla isə Özbəkistan arasında isə tranzit neft-qaz kəmərləri məsələsində müəyyən problemlər var. Stalinin ötən əsrin 20-30-cu illərində cızdığı xəritənin fəsadları da bu bölgə üçün xüsusilə xarakterikdir. Məsələn,  Özbəkistan ərazisindəki Fərqanə vilayətində qırğızların, Qırğızıstandakı Oş vilayətində isə özbəklərin kompakt yaşadığı rayonlarda tez-tez etnik gərginlik yaşanır.

Əslində türkdilli dövlətlərin dünyadakı qlobal siyasi proseslərə münasibətində, o cümlədən qlobal təhlükələr məsələsində elə bir fikir ayrılığı yoxdur. Bu gün bütün dünyadakı sülh və sabitliyi təhdid edən nüvə təhlükəsi, beynəlxalq terrorizm, siyasi və dini ekstremizm, narkotrafik türk dövlətləri üçün də ciddi problemdir. Dini ekstremizm və siyasi radikalizm Mərkəzi Asiyadakı türk ölkələri üçün xüsusilə ciddi təhdid mənbəyidir və Azərbaycanla Türkiyə bu məsələdə hər zaman onları dəstəkləyir.

Bununla yanaşı, Mərkəzi Asiyadakı türk dövlətləri Azərbaycanın üzləşdiyi hərbi təcavüz və aqressiv separatizm təhlükəsinə, habelə Türkiyə üçün başağrısı halına gəlmiş "erməni soyqırımı" iddialarına münasibətdə, yaxud Şimali Kiprlə bağlı məsələdə beynəlxalq müstəvidə onlardan umulan siyasi mövqe və prinsipiallığı təəssüf ki, ortaya qoymurlar. Belə bir fonda ümumtürk lobbisindən, dünyadakı türk diasporlarının fəal işbirliyindən də danışmaq, təəssüf ki, hələlik mümkün deyil.

Amma bütün bunların reallaşması üçün hərtərəfli səylər göstərilməlidir. Bu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevin türkdilli dövlət və topluluqlarının elə həmin Antalyada keçirilmiş 10-cu qurultayında qeyd etdiyi kimi, "Bizim istəyimiz bəllidir. Biz istəyirik ki, türk dünyası bir olsun, daha da möhkəm olsun. Bunu etmək üçün bütün əsaslar var. Odur ki, biz daha da mütəşəkkil şəkildə birləşdirməli və türk dünyasında gedən proseslərə biganə qalmamalı, bir-birimizə dəstək olmalıyıq, bir-birimizin problemlərinin həllində iştirak etməliyik. Məhz birgə səylər nəticəsində türk dünyası dünyada çox güclü siyasi mövqeyə malik olacaq".

Vüqar Orxan

“525-ci qəzet”, 17 noyabr 2006-cı il  

 

Fotoda: Azərbaycan Prezidenti Heydər Əliyev TÜRKSOY təşkilatının Bakıda keçirilən VIII toplantısında çıxış edərkən. 6 noyabr 1996-cı il

 

 

 

Xəbərlər
Redaktorun seçimi