17 noyabr Milli Dirçəliş Günüdür
Həmin gün Azərbaycan xalqı Dağlıq Qarabağın müdafiəsi və milli özünütəsdiq naminə meydana çıxmışdı...
⇔ ⇔ ⇔
17 noyabr Azərbaycanın yeni tarixində öz yeri olan əlamətdar günlərdən biridir. 1988-ci ilin 17 noyabrında Bakıdakı Lenin (indiki Azadlıq) meydanında Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına, Dağlıq Qarabağda başlanan münaqişəyə və azərbaycanlı əhalinin Ermənistandan deportasiyasına etiraz olaraq fasiləsiz mitinqlər başlayıb.
Dekabrın 4-dək – 18 gün - aramsız davam edən aksiyalara 1 milyonadək insan toplaşırdı. Minlərlə insan gecələr meydanda qalaraq Azərbaycan xalqının haqq səsini dünyaya duyururdu. Mitinqlər yalnız dekabrın 5-də sovet qoşunlarının zor gücü nəticəsində dağıdıldı. Onlarla iştirakçı xəsarət aldı, yüzlərlə insan həbs edildi.
Bu, keçmiş Sovet İttifaqında ən genişmiqyaslı kütləvi çıxışlar idi. 1988-ci ilin 17 noyabrında başlanan kütləvi çıxışlar Azərbaycanın tarixinə milli dirçəliş aksiyaları kimi düşdü.
İlk dəfə həmin mitinqlərdə meydanda Azərbaycan Xalq Cüçhuriyətinin tarixi mirası - üçrəngli bayrağ qaldırılmışdı. 1992-ci ildə 17 noyabr Azərbaycanda “Milli Dirçəliş günü” elan edildi.
17 noyabrla bağlı daha bir tarixi hadisə 1990-cı ildə yaşanıb. 1990-cı il noyabrın 17-də Azərbaycanın Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının Ali Məclisinin (o vaxt Ali Sovet) yeni seçilmiş tərkibdə ilk iclası keçirilib. İclasa Məclisin qocaman deputatı Heydər Əliyev sədrlik edib.
Həmin iclasda bir neçə tarixi qərar qəbul olunub: Ali Məclisdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qaldırılıb, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılıb, 17 noyabr ilk dəfə “Milli Dirçəliş günü” elan olunub.
Azərbaycanda sovet bayrağından imtina edilməsi və üçrəngli bayraq muxtar respublikanın rəmzi olaraq qəbul olunması əlamətdar hadisə idi. Naxçıvan Ali Məclisi Bakıya - Azərbaycan Respublikası Ali Sovetinə bayraqla bağlı müraciət qəbul etmişdi.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxaraq üçrəncli bayrağın Azərbaycan Respublikasının Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul etdi. Bu, sovet tarixi və rəmzlərindən imtina, milli dövlətçiliyin bərpasına doğru addım idi. Bu yolun təqvimdə başlanğıcı 1988-ci ilin 17 noyabrında qoyulmuşdu...
Vüqar Orxan
azerbaycanli.org