“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.06.2014, 20:28
2137

1992-ci il - xronika

A- A+

8 yanvar 1992 - Erməni təxribatçı dəstələri Azərbaycana qarşı daha bir terror əməli həyata keçiriblər. Türkmənistandan Krasnovodsk (Türkmənbaşı) - Bakı marşurutu ilə hərəkət edən dəniz bərəsində törədilən terror aktı nəticəsində 25 nəfər həlak olub, 88 nəfər yaralanıb.

 

19 yanvar 1992 - Erməni silahlı qüvvələri Şuşa rayonunun Kərkicahan kəndini işğal ediblər. Strateji ərazidə yerləşən kəndi ələ keçirəndən sonra ermənilər Şuşa üzərinə aramsız raket hücumlarına başlayıblar.

- Həmin gün Ermənistan silahlı qüvvələri muxtar respublikanın Kərki kəndini işğal ediblər.

 

26 yanvar 1992 - Azərbaycan Milli Ordusunun Dağlıq Qarabağdakı ilk böyük əməliyyatı uğursuzluğa düçar olub. Müdafiə naziri Tacəddin Mehdiyevin rəhbərlik etdiyi batalyonun Şuşanın Daşaltı kəndində pusquya düşməsi nəticəsində 70-ə yaxın hərbçimiz həlak olmuşdu.

 

28 yanvar 1992 - Qarabağ müharibəsi gedişində erməni silahlı qüvvələri Azərbaycanın dinc əhalisinə qarşı daha bir dəhşətli terror aktı həyata keçiriblər. Ağdam-Şuşa marşrutu ilə uçan "Mİ-8" sərnişin vertolyotu Xankəndindən atılmış "yer-hava" tipli raketlə vurulub. Vertolyotdakı 44 nəfərin hamısı həlak olub. Bu, dünya aviasiya tarixində ən böyük mülki vertolyot qəzalarından sayılır.

 

30 yanvar 1992 - Praqada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (1995-ci il yanvarın 1-dən ATƏT) üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib. Toplantıda Azərbaycan və Ermənistan ATƏM üzvlüyünə qəbul olunub.

Təşkilat Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq üçün regiona missiya göndərmək barədə qərar qəbul edib. ATƏM Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatı olmuşdur.

 

7 fevral 1992 - Erməni silahlı qüvvələri 1991-ci ilin dekabrından mühasirədə saxladıqları strateji əhəmiyyətli Sırxavənd kəndini (Ağdərə rayonu) işğal edib. 1992-ci ilin yayında Milli Ordunun Qarabagın şimalında apardığı əməliyyat zamanı Ağdərə rayonunun böyük hissəsi, o cümlədən Sırxavənd işğalçılardan təmizlənmişdi. 1993-cü ilin fevralında bu ərazilər xəyanət nəticəsində yenidən ermənilərin əlinə keçdi.

 

11 fevral 1992 - Erməni silahlı qüvvələri Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərini işğal ediblər.

 

13 fevral 1992 - Dağlıq Qarabağ münaqişəsi ilə bağlı regiona ATƏT-in (o vaxt ATƏM adlanırdı) ilk missiyasının səfəri başlayıb. Çexoslovakiya (ATƏT-ə sədrlik edirdi) prezidenti administrasiyasının rəhbəri Karel fon Şvartsenberqin başçılıq etdiyi heyət bir həftə ərzində Bakı, Yerevan və Xankəndidə olmuşdu.

 

17 fevral 1992 - Erməni silahlı qüvvələri Dağlıq Qarabağın Xocavənd (Martuni) rayonunda azərbaycanlıların yaşadığı Qaradağlı kəndini işğal ediblər. Bunadək kənd dəfələrlə erməni qüvvələrinin hücumlarına məruz qalmışdı. İşğal zamanı kəndin 70-dək sakini öldürülüb və yaralanıb.

 

17 fevral 1992 - Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyində növbəti dəyişiklik olub, Daşaltı (26 yanvar) faciəsinin günahkarı hesab edilən Təcəddin Mehdiyev müdafiə naziri vəzifəsindən azad edilib. Müdafiə naziri vəzifəsinin müvəqqəti icrası nazirin 1-ci müavini, Baş Qərargah rəisi Şahin Musayevə tapşırılıb. Azərbaycanın Qarabağdakı itkilərində xüsusi "rolu" olan general Ş.Musayev 1992-c ilin mayında Şuşanın işğalından sonra ölkədən qaçdı.

 

24 fevral 1992 - İranın xarici işlər naziri Əli Əkbər Vilayəti Qarabağ münaqişəsində ilk vasitəçilik təşəbbüsü ilə Bakıya səfərə gəlib.

 

24 fevral 1992 - Azərbaycanda ordu quruculuğunda mənfi izlər buraxan kadr dəyişiklikləri davam edib. Ağdam rayonunun hərbi komendantı Tahir Əliyev yeni müdafiə naziri təyin olunub.

 * * *

26 fevral 1992 - Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü gedişində tarixin dəhşətli qətliamlarından biri baş verib. Fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Xankəndi (Stepanakert) şəhərindəki keçmiş sovet ordusunun 366-cı alayının erməni zabitlərinin (onlardan biri - Seyran Ohanyan sonradan Ermənistanın müdafiə naziri oldu) bilavasitə rəhbərliyi ilə Xocalı şəhərinə hücum ediblər.

Xocalıda dinc əhaliyə qarşı həyata keçirilən qətliam nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca vəhşiliklə qətlə yetirilib. Şəhərin 1275 sakini əsirlik dəhşətini yaşadıqdan sonra azadlığa buraxılıb. 150 nəfərin aqibəti naməlum olaraq qalıb. 130 uşaq yetim qalıb, 8 ailənin bütün üzvləri öldürülüb. Xocalı qətliamı bəşəriyyət əleyhinə ən ağır cinayətlərlə bir sırada dayanır.

 

28 fevral 1992 - Azərbaycanın Qarabağ bölgəsindəki silahlı qüvvələrinin vahid komandanlıq altında birləşdirilməsi barədə fərman verilib. Bu iş müdafiə nazirinin 1-ci müavini, general-mayor Dadaş Rzayevə həvalə olunub. Prezident Ayaz Mütəllibov Xocalının işğalından sonra bu gecikmiş addımı atmışdı.

 

29 fevral 1992 - Ermənistanın silahlı qüvvələri Rusiyanın (keçmiş SSRİ-nin) respublika ərazisindəki 7-ci ordusunun köməyi ilə Laçın rayonuna ilk dəfə genişmiqyaslı hücum ediblər. Hücumun qarşısı alınıb.

 * * *

1 mart 1992 - MDB-nin Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı, marşal Yevgeni Şapoşnikovun əmri ilə keçmiş Sovet Ordusunun 366-cı motoatıcı alayının Xankəndi (Stepanakert) şəhərindən çıxarılmasına başlanıb.

Xocalı qətliamında iştirak etmiş alayın əslində bütün hərbi texnikası bundan öncə ermənilərin əlinə keçmişdi. Alayın erməni əsilli hərbi qulluqçuları (təxminən 100 nəfər) də Xankəndidə qaldı, qalan şəxsi heyət Tbilisiyə köçürüldü və bundan sonra alay rəsmən ləğv edildi.

 * * *

1 mart 1992 - Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Praqadakı rəhbər toplantısında təşkilatın 1992-ci ilin fevralındaregionda səfərdə olmuş ilk missiyanın hazırladığı hesabat əsasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanat qəbul olunub.

ATƏM-in (1995-ci ildən ATƏT) Qarabağ münaqişəsi ilə bağlı ilk sənədindən aydın oldu ki, bu təşkilat problemə real və obyektiv yanaşmadan uzaqdır.

 * * *

5 mart 1992 - Erməni silahlı qüvvələri Ağdamın Sırxavənd kəndini güclü atəşə tutublar. Kəndin 10 sakini həlak olub.

 * * *

5-6 mart 1992 - Azərbaycan Ali Sovetinin fövqəladə sessiyasında Xocalı faciəsi ilə bağlı gərgin müzakirələr başlayıb.

Parlament binasını mühasirəyə almış xalq kütlələrinin etirazı və müxalifətin təzyiqi altında Ali Sovetin sədri Elmira Qafarova istefa verib. Onun yerinə Tibb Universitetinin rektoru, deputat Yaqub Məmmədov Ali Sovetin sədri seçilib.

Martın 6-da Ali Sovetin fövqəladə sessiyasında hakimiyyət dəyişikliyi davam edib. Ali Sovet sədrinin ardınca prezident Ayaz Mütəllibov da istefa verməyə məcbur olub.

Ali Sovetin sədri Yaqub Məmmədov, eyni zamanda, prezident səlahiyyətlərini icra etməyə başlayıb.

 * * *

11 mart 1992 - Avropa Şurası Nazirlər Komitəsi erməni qüvvələrinin Dağlıq Qarabağın azərbaycanlı əhalisinə qarşı zorakılıq və hücumlarını pisləyən bəyanat qəbul edib.

 * * *

12 mart 1992 - Azərbaycan Daxili İşlər Nazirliyinin tərkibində 1991-ci ilin sonunda ayrıca strutur kimi formalaşan Daxili Qoşunlar Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünə qarşı ilk döyüşdə iştirak edib.

Prezident Heydər Əliyevin 9 mart 1995-ci il tarixli fərmanı ilə 12 mart Daxili Qoşunlar günü elan edilib.

 * * *

13 mart 1992 - Helsinkidə ATƏM-in (1995-ci ildən ATƏT) rəhbər komitəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk təcili iclası çağırılıb. İclasın yekunu kimi ATƏT-in Minsk Qrupu təşkil edildi.

 * * *

16 mart 1992 - Azərbaycanın Müdafiə Nazirliyində rəhbər dəyişiklikləri davam edib. Prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədovun sərəncamı ilə Şuşanın hərbi komendantı Rəhim Qazıyev müdafiə naziri təyin edilib.

 * * *

18 mart 1992 - BMT baş katibinin xüsusi nümayəndəsi Sayrus Vens Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətlə tanış olmaq üçün Bakıya gəlib. BMT rəsmisi Bakıdan sonra Yerevan və Xankəndiyə səfər edib.

 * * *

24 mart 1992 - ATƏM (1995-ci ildən ATƏT) Şurasının Helsinkidə keçirilən toplantısında Qarabağ münaqişəsinin nizamlanması üzrə Minskdə konfrans keçirmək barədə qərar qəbul edilib.

Minsk konfransı ilə bağlı Azərbaycan, Ermənistan, evsahibi ölkə Belarus, habelə Çexoslovakiya (1993-dən Çexiya və Slovakiya), Fransa, Almaniya, İtaliya, Rusiya, İsveç, Türkiyə və ABŞ-ın (cəmisi 12 ölkə) iştirakı ilə işçi format - Minsk Qrupu yarandı.

Sonrakı müddətdə Minsk konfransı çağırılmasa da, Minsk Qrupu Qarabağ münaqişəsində vasitəçilik təsisatı kimi formalaşdı.

1997-ci ildən qrupda ABŞ, Rusiya və Fransanın iştirakı ilə üçlü həmsədrlik institutu fəaliyyət göstərir.

 * * *

31 mart 1992 - Dağlıq Qarabağ ətrafında işğalçı hücumlarını genişləndirən erməni silahlı qüvvələri Füzuli rayonunun Hoğa kəndini işğal ediblər.

 * * *

8 aprel 1992 - Prezident səlahiyyətlərinin icraçısı Yaqub Məmmədovun fərmanı ilə Azərbaycanın Dağlıq Qarabağ ətrafındakı rayonlarında və Ermənistanla sərhəd bölgələrdə birbaşa prezident üsul-idarəsi tətbiq edilib.

 * * *

7-8 may 1992 - Tehranda Azərbaycan və Ermənistan rəhbərlərinin (Yaqub Məmmədov və Levon Ter-Petrosyan) görüşü olub.

İkigünlük müzakirələrin yekunu olaraq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair birgə bəyanat qəbul olunub. Tehranda danışıqların getdiyi vaxtda erməni hərbi qüvvələrinin Şuşaya hücumu başlamışdı.

 * * *

8 may 1992 - Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağdakı ən böyük yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal ediblər. Şuşanın işğalı həmin dövrdə respublikadakı faktiki hakimiyyətsizliyin, ordu hissələrinin siyasi oyunlara cəlb edilməsinin nəticəsi idi.

Ermənilər Şuşanın işğalı ilə Dağlıq Qarabağa nəzarəti tamamilə ələ keçirdilər.

Rayonun 20 minə yaxın əhalisi didərgin düşdü.

Bu itki ilə Azərbaycan mədəniyyətinə də ağır zərbə dəydi. Təkcə Şuşa şəhərində 8 muzey, 31 kitabxana, 17 klub, 8 mədəniyyət evi talan edilmişdi.

 * * *

12 may 1992 - Türkiyənin baş naziri Süleyman Dəmirəl Şuşanın işğalı ilə bağlı bəyanat verib. Dəmirəl Ermənistanın təcavüzünün genişlənəcəyi halda Türkiyənin Azərbaycana hərbi yardım göstərə biləcəyini bildirib.

 * * *

14 may 1992 - Ali Sovetin növbədənkənar sessiyasında Xocalı hadisələrini araşdıran deputat komissiyası hesabatı dinlənilib.

Xocalı hadisələrini araşdıran deputat komissiyası iki ay öncə prezidentlikdən istefa vermiş Ayaz Mütəllibovun günahkar olmadığını elan edəndən sonra parlament 6 mart 1992-ci il tarixli qərarını ləğv edərək onun prezident vəzifəsinə qaytarılması barədə qərar qəbul edib.Lakin bu qərarın ömrü cəmisi bir gün oldu.

 * * *

18 may 1992 - Ermənistan silahlı qüvvələri mayın 15-dən davam edən güclü hücumlardan sonra Laçın rayonunu (ərazisi 1835 kv km, əhalisi 63 min nəfər) işğal olunub.

İşğal zamanı 300-dən çox adam həlak olmuş və itkin düşmüşdü.

Rayon ərazisində 9 minə yaxın tikili, yüzlərlə tarix-mədəniyyət abidəsi talan edilib. Laçının işğalı ilə Ermənistanın Azərbaycana hərbi təcavüzü Dağlıq Qarabağın hüdüdlarından kənara çıxdı.

 

18 may 1992 - Laçının ermənilər tərəfindən işğal edildiyi bir vaxtda Bakıda hakimiyyət məsələsi həll edilib. Ali Sovetin növbədənkənar sessiyasında Yaqub Məmmədov parlamentin sədri və prezident səlahiyyətlərinin icraçısı vəzifəsindən istefa verib.

Ali Sovetin sədri vəzifəsinə Xalq Cəbhəsi sədrinin müavini İsa Qəmbər seçilib.

 

19 may 1992 - Türkiyə hökuməti Ermənistanın Azərbaycana qarşı artan hərbi təcavüzü ilə bağlı yeni bəyanat verib.

Bəyanatda bildirilirdi ki, Şuşa və Laçının işğalı, Ermənistanın Naxçıvan üzərinə hücumlarının genişlənməsi Türkiyəni hadisələrə seyrçi qoya bilməz. Türkiyə 1921-ci il Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını nəzərə çatdırıb.

 

20 may 1992 - Ermənistan silahlı qüvvələri Şuşa və Laçının işğalından sonra Azərbaycanın bütün sərhədboyu yaşayış məntəqələrinə hücumları genişləndiriblər. Zəngilan rayonunun Qazançı kəndi yaxınlığında "UAZ-469" markalı avtomaşının ermənilər tərəfindən silahlı basqına məruz qalması nəticəsində 2 azərbaycanlı həlak olub, 2 nəfər yaralanıb.

 

25 may 1992 - Moskvada Rusiya prezidenti Boris Yeltsin və Türkiyənin baş naziri Süleyman Dəmirəlin görüşündə Ermənistan və Azərbaycanı sülh danışıqlarına çağıran birgə bəyanat verilib.

 

1 iyun 1992 - Roma şəhərində ATƏM-in (1995-ci ildən ATƏT) himayəsi altında Qarabağ nizamlanması üzrə ilk danışıqlar başlanıb.

Müzakirələrdə Azərbaycan və Ermənistanla yanaşı, Minsk qrupunda təmsil olunan ölkələrin (Rusiya, ABŞ, İtaliya, Almaniya, Çexoslovakiya, İsveç, Fransa, Türkiyə, Belarus) nümayəndələri iştirak edirdilər.

Bu format barədə razılıq həmin ilin martında ATƏM rəhbərliyinin Helsinki toplantısında əldə olunmuşdu.

 

15 iyun 1992 - Azərbaycanın Milli Ordu birləşmələrinin Xocalı və Əsgəran istiqamətində hücumları başlanıb. Döyüşləri lentəə alan telejurnalist Çingiz Mustafayev Naxçivanik kəndi yaxınlığında həlak olub. Ç.Mustafayevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi.

 

4 iyul 1992 - Azərbaycanın ordu hissələri Dağlıq Qarabağın şimalında aparılan əməliyyat gedişində Mardakert (Ağdərə) rayon mərkəzini erməni işğalçı qüvvələrindən azad ediblər.

Rayonun böyük bir hissəsinin nəzarətə götürülməsi nəticəsində Azərbaycan Qarabağ müharibəsində mövqe üstünlüyü əldə etmişdi. Lakin hərbi-strateji baxımdan qeyri-peşəkar və darmacalda hazırlanıb həyata keçirilən əməliyyat tezliklə əks nəticə doğurdu.

1992-ci ilin payızından Azərbaycan Qarabağda itkilərlə üzləşdi, Ağdərə rayonu isə 1993-cü ilin fevralında qismən, iyunda isə bütünlüklə erməni qüvvələrinin əlinə keçdi.

 

8 iyul 1992 - ATƏM-in (1995-ci ildən ATƏT) Helsinkidə keçirilən zirvə toplantısında iştirak edən prezident Əbülfəz Elçibəy Azərbaycanın təşkilata üzvlüyünə dair sənədləri, o cümlədən Helsinki Yekun Aktını (1975) imzalayıb. Azərbaycan ATƏM-ə 1992-ci il yanvarın 30-da qəbul olunmuşdu.

 

7 avqust 1992 - Azərbaycanda "Ərazi müdafiə qərargahlarının yaradılması haqqında" fərman verilib. Qərar sərhəd bölgələrində və Dağlıq Qarabağda erməni qüvvələrinin hücumlarının qarşısını almaq üçün yerli əhalinin səfərbər olunmasını nəzərdə tuturdu. Lakin nəticə etibarilə bu addımhərbi özbaşınalığa, vahid komandanlığa tabe olmayan silahlı dəstələrin yaranmasına rəvac verdi.

 

19 sentyabr 1992 - Soçidə Rusiya müdafiə nazirinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan müdafiə nazirlərinin görüşündə atəşkəsə dair razılıq əldə olunub. Tərəflər hərbi əməliyyatların iki ay ərzində dayandırılması barədə anlaşma imzalayıblar. Rusiyanın vasitəçiliyinin arxasında sonradan münaqişə bölgəsinə rus sülhməramlılarının yeridilməsi niyyəti də vardı. Lakin anlaşma erməni tərəfin günahı üzündən tezliklə pozuldu.

 

24 sentyabr 1992 - Azərbaycan Milli Ordusu Ermənistan işğalçı qüvvələri ilə apardığı döyüşlər nəticəsində Dağlıq Qarabağdakı iri yaşayış məntəqələrdən olan Xocavənd (Martuni) rayon mərkəzini nəzarətə götürüb.

 

2 oktyabr 1992 - Ermənistan silahlı qüvvələri Xocavənd rayonunu tamamilə işğal ediblər.

Xocavənd rayonu 1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edildikdən sonra Martuni və Hadrut rayonlarının əsasında (ərazisi 1458 kv km) yaradılmışdı.

Rayon bir şəhər (Xocavənd-Martuni), iki iri qəsəbə (Qırmızıbazar və Hadrut), 83 kənddən (30-dək azərbaycanlılar yaşayan kənd) ibarətdir.

1992-ci ilin avqust-sentyabrında Azərbaycan Ordusunun hissələri Xocavənd şəhərini və rayonun bir sıra kəndlərini nəzarətə götürsələr də, sonradan bu mövqeləri itirdilər.
 

7 oktyabr 1992 - Laçın-Şuşa istiqamətində hərbi əməliyyat keçirən Azərbaycan ordu hissələri məğlubiyyətə uğrayıb.

Buna rəğmən əməliyyata rəhbərlik edən korpus komandiri Surət Hüseynov prezident Ə. Elçibəy tərəfindən "AzərbaycanınMilli Qəhrəmanı" adı ilə təltif olunub.

S.Hüseynov əməliyyat nəticəsində Laçının azad olunacağını vəd etmişdi və onun təltif olunması barədə fərman da öncədən (?) imzalanmışdı.

 

9 oktyabr 1992 - Bakının "Azadlıq" meydanında Azərbaycan Milli Ordusunun ilk hərbi paradı keçirilib. Paradda Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri, o cümlədən Qarabağda Ermənistan işğalçı qüvvələrinə qarşı bir sıra uğurlu əməliyyatlar keçirmiş ordu hissələri iştirak edib.

 

24 oktyabr 1992 - ABŞ Konqresində keçmiş sovet respublikalarına humanitar yardımı tənzimləyən qanuna - "Azadlığa Dəstək Aktı"na 907 saylı düzəliş əlavə edilib. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilən sənəd Azərbaycana ABŞ-ın dövlət yardımını qadağan edirdi. Azərbaycan uzun müddət 907-nin ləğvi üçün səy göstərdi, yalnız 2001-ci ilin sonunda Konqres ABŞ administrasiyasının müraciət əsasında qadağanın qüvvəsini dayandırdı.

 

9 dekabr 1992 - Ermənistan silahlı qüvvələri atəşkəs barədə Soçi razılaşmasını (sentyabr) pozaraq Zəngilan rayonunun sərhəd kəndlərinə hücuma başlayıblar. Üç gün sürən döyüşlər nəticəsində erməni qüvvələri rayonun 8 kəndini işğal ediblər. Ermənilərin bu ərazidə möhkəmlənməsi 1993-cü ilin payızında Zəngilan rayonunun işğalında mühüm rol oynadı.

 

Xəbərlər
Redaktorun seçimi