2014-cü il - xronika
2014-cü il iyulun 31-də Ermənistan işğalçı qüvvələrinin Azərbaycan mövqelərinə hücumları nəticəsində qoşunların təmas xəttində vəziyyət gərginləşib. Avqustun 1-dən 2-nə keçən gecə erməni təxribat qrupunun Ağdam-Ağdərə istiqamətində mövqelərimizdəki postlara növbəti basqının qarşısı alınıb. Düşmən itkilər verərək geri çəkilib. Azərbaycan ordusunun dörd hərbi qulluqçusu həlak olub.
Avqustun 2-də ABŞ Dövlət Departamenti və Rusiya XİN Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zonasında qoşunların təmas xəttində yaranmış vəziyyətlə əlaqədar bəyanatla çıxış edərək tərəfləri dialoqu bərpa etməyə çağırıb.
Avqustun 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Silahlı Qüvvələrin Ali Baş Komandanı Ağdam rayonundakı N saylı hərbi hissəyə baş çəkib, düşmən hücumlaarının qarşısının alınmasında rəşadət göstərən hərbçiləri təltif edib.
Avqustun 8-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri Soçi şəhərinə gəliblər.
Avqustun 9-da üç ölkə rəhbəri Soçidə “Plotforma S-70” döyüş sambosu üzrə beynəlxalq yarışlara baxıblar, axşam qeyri-formal şəraitdə görüş olub.
Avqustun 10-da “Boçarov Ruçey” iqamətgahında Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyanın birgə görüşü keçirilib.
Rusiya prezidenti qeyd edib ki, bu münaqişə Sovet İttifaqının mirası kimi qalıb və biz bu məsələnin həllini tapmaq üçün səbir, müdriklik, bir-birimizə hörmət nümayiş etdirməliyik. Qarabağ münaqişəsinin tənzimlənməsinin beynəlxalq formatları mövcuddur.
Azərbaycan prezidenti öz növbəsində bildirib ki, münaqişənin tənzimlənməsi üçün hüquqi baza da var. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çox keçib, amma həmin qətnamələr hələ də kağız üzərində qalıb.
2014-cü il oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.
Sonra Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Prezidenti Serj Sarkisyan ilə görüşü keçirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yenidən birgə görüşü olub.
Daha sonra Fransa Respublikasının Prezidenti Fransua Ollandın, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə birgə görüşü keçirilib.
Görüşlərdən sonra Fransa Prezidenti Fransua Olland tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistan Prezidenti Serj Sarkisyanın şərəfinə şam yeməyi verilib.