“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
19.08.2014, 14:47
1908

Erməni terroru və aqressiv separatizm: işğalçı müharibənin gerçək üzü

A- A+

1980-ci illərin sonlarında Azərbaycana qarşı ərazi iddialarını açıq şəkildə dilə gətirdikdən və Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində silahlı əməliyyatlara başladıqdan sonra erməni terroru daha da fəallaşdı.

“Ermənistanın Azadlığı Uğrunda Gizli Erməni Ordusu” (ASALA), “Erməni Soyqırımının Ədaləti Əsgərləri” və “Erməni İnqilab Ordusu” kimi tanınmış terrorçu təşkilatlar öz fəaliyyət mərkəzlərini Yaxın Şərq, Qərbi Avropa və Şimali Amerikadan keçmiş SSRİ məkanına keçirdilər.

Həmçinin Azərbaycanda ermənilərin sıx yaşadıqları əraziyə yardım adı altında bir sıra xarici dövlətlərdən terrorçular, silah və maliyyə vəsaitləri göndərilir, Türkiyə nümayəndəliklərinə qarşı terror aktları törətmiş ermənilərin azad olunması və dəstəklənməsi Ermənistanda dövlət səviyyəsində təşkil olunurdu.

Belə ki, Suriyada doğulmuş, ASALA üzvü, 1983-cü ilin iyun ayında Fransanın Orli aeroportunda partalyış törətdiyinə görə həbs edilmiş Varujan Karapetyanın Ermənistan xüsusi xidmət orqanları tərəfindən Eçmiədzin kilsəsinin imkanları vasitəsi ilə azad olunması üçün imza toplama kompaniyası keçirilmişdir.

Fransada terror aktları törətdiyinə görə həbs edilmiş ABŞ vətəndaşı, tanınmış beynəlxalq terrorçu Monte Melkonyan azad olduqdan sonra 1990-cı ildə Ermənistandan Dağlıq Qarabağa göndərilərək azərbaycanlıları öz torpaqlarından məcburi köçkün vəziyyətinə salmış terrorçu qruplara rəhbərlik etmişdir.

1993-cü ilin yayında Azərbaycan qoşun hissələri tərəfindən məhv edilmiş M.Melkonyanın Yerevanda dəfn mərasimində prezident daxil olmaqla Ermənistanın dövlət rəsmiləri iştirak etmiş, sonra bu beynəlxalq terrorçu Ermənistanın milli qəhrəmanı elan olunmuş, onun adı Ermənistan Respublıikasının Müdafiə Nazirliyinin diversiya mərkəzlərindən birinə verilmişdir.

1992-ci ildə Xankəndinə göndərilmiş Vazgen Sislyan, yaxın şərq terrorçuları Abu Əli, Qilbert Minasanyan və digər terrorçularla birlikdə zorakılıq siyasətini dünya ictimaiyyətinin diqqətini erməni məsələsinə yönəltmək üçün vasitə kimi istifadə edirdilər.

Robert Koçaryan Ermənistanda hakimiyyətə gəldikdən sonra terrorçu qrupların rəhbərlərinin reabilitasiyası halları daha da artmışdır. Tanınmış terrorçu, İran vətəndaşı və "Daşnaksutyun" partiyasının üzvü Qrant Markaryan və 1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçılarından biri Vazgen Sislyan Azərbaycana qarşı terror fəaliyyətindəki xidmətlərinə görə R.Koçaryan tərəfindən “Qarabağ müharibəsinin Qəhrəmanı” adına layiq görülmüşlər. Bütün bunlar Ermənistan rəhbərliyinin Azərbaycana qarşı terror aktlarının təşkilində bilavasitə iştirakını bir daha təsdiq edir.

Ümumilıikdə 1988-1994-cü illərdə Ermənistanın xüsusi xidmət orqanı və onunla yaxın əlaqədə olan erməni terrorçu təşkilatları tərəfindən Azərbaycana qarşı geniş (avtomobil və dəmir yolları, dəniz və hava nəqliyyatı və yerüstü kommunikasiyalar) terror müharibəsi həyata keçirilmişdir.

Bu illərdə erməni separatçıları və terrorçuları tərəfindən Azərbaycan ərazisində 373 terror aktı törədilmiş, nəticədə 1568 nəfər ölmüş, 1808 nəfər yaralanmışdır.

Azərbaycan Respublikası, eləcə də xarici ölkələrin məhkəmələri tərəfindən prosessual qaydada sübuta yetirilmişdir ki, həmin terror aktlarının 32-si Ermənistan Respublikasının xüsusi xidmət orqanlarının bilavasitə iştirakı ilə Azərbaycanın işğal olunmuş ərazilərindən istifadə edilməklə, cəbhə xəttindən yüz kilometrlərlə aralıda yerləşən yaşayış məntəqələrində həyata keçirilmişdir.

Azərbaycanda mülki əhaliyə qarşı terrorçu fəaliyyətin bilavasitə Ermənistan Respublikasının dövlət orqanları və separatçı qurum tərəfindən üçüncü ölkə vətəndaşları, Azərbaycan Respublikasının azsaylı xalqlarının nümayəndələri, hərbi əsir və girovlardan istifadə ilə təşkili, maliyyələşdirilməsi və reallaşdırılmasına cəhdlər göstərilmişdir.

Onu da qeyd etmək lazımdır ki, hələ erməni təxribatçı qrupları hələ Qarabağ münaqişəsi başlamazdan əvvəl Azərbaycana qarşı terror fəaliyyətinə başlamışdılar.

1984-cü ildə Bakıda 106 saylı sərnişin avtobusunun partladılması nəticəsində bir qadın həlak olmuş, bir çox adam isə yaralanmışdı. Vartanov soyadlı erməni tərəfindən həyata keçirilən bu terror aktı erməni terrorçularının Azərbaycan ərazisində törətdiyi ilk faciəvi cinayət idi.

1988-ci ilin əvvəllərində Ermənistanda terrorçuluq dövlət siyasəti səviyyəsinə yüksəldi və onun hədəfi Azərbaycan ərazisi oldu. Böyük miqdarda silah və döyüş sursatı Ermənistandan DQMV-yə gətirilir və oradan da Azərbaycanın digər ərazilərindəki gizli terrorçu qruplara ötürülürdü. Təkcə 1988-ci ildə Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən 100-dən çox qeyri-qanuni odlu silah istehsalı və oğurluğu halı qeydə alınmışdır.

1988-ci ilin dekabr ayında Ermənistanda zəlzələdən zərər çəkənlərə yardım üçün Bakı-Yerevan istiqamətində uçan hərbi yük təyyarəsi xilasedicilərlə birlikdə Yerevan yaxınlığında səbəbi hələ də açıqlanmayan qəzaya uğramışdır. Qəzanın ehtimal olunan səbəbləri arasında yanğın, Yerevan hava limanının nəqliyyata nəzarət mərkəzi tərəfindən pilotun qəsdən çaşdırılması (dağlıq ərazidə təyyarənin alçaqdan uçmasına görə) və təyyarənin göyərtəsinə bomba qoyulması göstərilir.

Bu planlaşdırılmış qəza indiyədək bənzəri olmayan bir hadisədir. Belə ki, o vaxt iki ölkə arasında əlaqələrin pisləşmə üzrə olmasına baxmayaraq, Azərbaycan bu qəzanın qurbanları olacaq 79 nəfəri humanitar yardım üçün Ermənistana göndərmişdi.

27 may 1989-cu ildə Yerevandan Bakıya gələn qatarda Ermənistan vətəndaşı V.Minasyanın üzərindən partlayıcı qurğu aşkar edilmişdir. Qadın öz ifadəsində Bakıda sabotaj gerçəkləşdirmək niyyətində olduğunu etiraf etmişdir. İlk təşəbbüs reallaşa bilməsə də, 24 iyul 1989-cu il tarixində Azərbaycan dəmiryollarına məxsus qatarda Karçevan stansiyasında partlayış baş verdi.

7 oktyabr 1989-cu ildə Xankəndi şəhərinin cənubunda Xəlfəliçay üzərindəki körpü partladıldı. 29 aprel 1992-ci ildə bu terror aktını həyata keçirən A.Abramyan Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən 15 il müddətinə azadlıqdan məhrum edildi.

19 yanvar-17 fevral 1990-cı il tarixləri arasında Yerevan mərkəzli terrorçu qrup Ermənistan ərazisindən Azərbaycanın Qazax rayonunun sərhəd kəndlərinin dinc əhalisinə qarşı çoxsaylı basqınlar həyata keçirmişdir. Bu basqınlar nəticəsində Xeyrımlı və Sofulu kəndlərinin dinc sakinləri və çobanları həlak olmuşlar.

Eyni terrorçu qrup Qazax rayonu Daxili İşlər Bölməsinin nəzarət avtomobilinə hücum etmiş və dəmiryolu lokomotivini partlatmağa cəhd etmişdir. Qrupun iki üzvü L.Arutyunyan və A.Mkrtçyan Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən uyğun olaraq 5 və 6 il müddətinə azadlıqdan məhrum edilmişdir.

18 fevral 1990-cı il tarixində Yevlax-Laçın yolunun 105 kilometrliyində Şuşa-Bakı şəhərlərarası avtobusun partladılması nəticəsində 13 nəfər ağır xəsarət almışdır.

4 mart 1990-cı il tarixində erməni terrorçuları Şuşa şəhərini içməli su ilə təchiz edən Nəbiyar-Şuşa su kəmərini partlatmışdır.

11 iyul 1990-cı il tarixində Azərbaycanın Mardakert (Ağdərə) rayonunun Qetavan və Çərəktar yaşayış yerləri arasında, hərbçilərin müşayiəti altında Kəlbəcər şəhərinə insan və əşya daşıyan maşın karvanına silahlı hücum oldu. Bu terror aktı nəticəsində 3 nəfər həlak oldu və 23 insan ağır yaralandı.

19 iyun 1992-ci il tarixində istintaq araşdırmaları nəticəsində cinayəti törədənin A.Ayrıyan olduğu müəyyənləşdirildi və Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edildi.

10 avqust 1990-cı il tarixində erməni terrorçuları Azərbaycanın Xanlar (indiki Göygöl) rayonunda Tbilisi-Ağdam istiqamətində hərəkət edən şəhərlərarası avtobusu partladaraq, 20 sərnişinin ölümünə, 30 sərnişinin isə yaralanmasına səbəb oldular.

Bu terror aktını törədənlər növbəti dəfə Ağdam-Tbilisi avtobusunu partlatma planlarını həyata keçirməyə nail olmadan 17 iyun 1991-ci il tarixində yaxalandılar. Azərbaycan Respublikası Ali Məhkəməsi A.Avanesyan və M.Tatevosyanı bu cinayətlərdə təqsirli bilərək, onlara, uyğun olaraq, ölüm və 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası verdi.

1990-cı ilin noyabr ayında Ermənistanın Eçmiədzin rayonunun sakinlərindən ibarət “Erqraparx” terror təşkilatının üzvü M.Qriqoryan tərəfindən yaradılan terrorçu qrup Azərbaycan ərazisinə göndərildi. Bu qrup terror və sabotaj aktlarına təşəbbüs edərkən, Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən tərksilah edildi. Azərbaycan Respublikası Ali Məhkəməsi 18 iyun 1991-ci il tarixində bu qrup üzvlərindən T.Xaçaturyana 9, Z.Oqanyana 8 və A.Qriqoryana 7 il müddətinə həbs cəzası verdi.

9 yanvar 1991-ci il tarixində Laçın-Şuşa yolunun 5 kilometrliyində Qaladərəsi kəndi ərazisində, erməni terrorçuları tərəfindən Gəncə şəhərinin 44688 saylı hərbi hissəsinə məxsus UAZ-469 avtomobilinin yandırılması nəticəsində sürücü serjant İ.İ.Qoeki, kəşfiyyat batalyonunun komandiri polkovnik-leytenant A.P.Larionov, SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Hissələrinin Komanda Mərkəzinin 3505 saylı hərbi hissəsinin baş qərargah rəisi mayor İ.D.İvanov və “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri 1969-cu il təvəllüdlü bir uşaq anası Salatın Əsgərova həlak oldu.

Azərbaycan Respublikası Ali Məhkəməsi 23 mart 1993-cü il tarixində bu cinayəti hazırlayanları: A.Mkrtçyan, Q.Petrosyan, A.Manqasaryan, Q.Arutyunyan və Q.Arustamyanı qeyd olunan cinayətdən başqa digər terror aktları və qətllərin həyata keçirilməsində təqsirli bilərək, ölüm cəzasına məhkum etmiş, terrorçu qrupun digər üzvlərini isə müxtəlif müddətlərə azadlıqdan məhrum etmişdir.

30 may 1991-ci il tarixində Moskva-Bakı istiqamətində hərəkət edən sərnişin qatarının Xasavyurd stansiyasında (Dağıstan) partladılması nəticəsində 11 nəfər həlak olmuş, 22 nəfər isə ağır şəkildə yaralanmışdır.

1991-ci ilin may ayında Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları Şəmkir stansiyasında Bakı-Tbilisi istiqamətində hərəkət edən sərnişin qatarında Ermənistanın Noyemberyan rayonunun sakini S.Aznaryanı saxlayaraq, onun üzərindən iki ədəd mina, bir ədəd odlu silah və Azərbaycanın dəmiryol və avtomobil yolu şəbəkəsinin xəritələrini aşkarlamışlar.

31 iyul 1991-ci il tarixində Moskva-Bakı istiqamətində hərəkət edən sərnişin qatarının Temirqau stansiyasında (Dağıstan) partladılması nəticəsində 16 nəfər həlak olmuş, 20 nəfər yaralanmışdır. Azərbaycanın hüquq-mühafizə orqanları Azərbaycan Respublikasının Kəlbəcər rayonunun sakinlərinə 2 avqust 1991-ci il tarixində silahlı basqın etmiş Ermənistanda yerləşən “Urartu” terror təşkilatının iki üzvü A.Tatevosyan və V.Petrosyanı saxlayaraq, tərksilah etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi terrorçuları, uyğun olaraq, 10 və 8 il müddətinə azadlıqdan məhrum etmişdir.

20 noyabr 1991-ci il tarixində Azərbaycan Respublikası Xocavənd rayonu Qarakənd kəndi yaxınlığında Rusiya, Qazaxıstan və Azərbaycanın yüksək səviyyəli rəhbərlərindən ibarət sülhyaratma qrupunun nümayəndələrini daşıyan Mi-8 vertolyotu vuruldu. Üç ölkənin dövlət xadimləri də daxil olmaqla, 22 nəfərin ölümü Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ilk təşəbbüsü boşa çıxardı və bölgədə zorakılığın artmasına səbəb oldu.

8 yanvar 1992-ci il tarixində erməni terrorçuları Azərbaycan Xəzər Dəniz Gəmiçilik İdarəsinə məxsus gəmilərə qarşı terror aktları həyata keçirdilər. Krasnovodsk-Bakı istiqamətində hərəkət edən “Sovetskaya Kalmıkiya” gəmisinin partladılması nəticəsində 25 nəfər həlak oldu, 88 nəfər yaralandı. Həmin ildə “Sabit Orucov” adlı gəmiyə partlayıcı qurğu yerləşdirmə təşəbbüsünün qarşısı vaxtında alındı.

28 yanvar 1992-ci il tarixində Ağdam-Şuşa istiqamətində uçan mülki vertolyotun Azərbaycanın Şuşa şəhəri üzərində erməni terrorçuları tərəfindən vurulması nəticəsində çoxu qadın və uşaq olmaqla, heyətlə birlikdə 41 nəfər həlak oldu.

28 fevral 1993-cü il tarixində Bakı-Kislovodsk sərnişin qatarının Qudermes stansiyasında (Dağıstan) partladılması nəticəsində 11 nəfər həlak olmuş, 18 nəfər yaralanmışdır.

2 iyun 1993-cü il tarixində Bakı dəmiryolu vağzalının ehtiyat yolunda sərnişin vaqonu partladıldı. 22 iyul 1994-cü il tarixində Azərbaycan Respublikası Ali Məhkəməsi bu cinayətə görə Rusiya vətəndaşı, Kalininqrad əyalətinin Slavski rayonunun Qastelovo kənd sakini və “Demokratiçeskiy Tilzit” qəzetinin müxbiri İ.Xatkovskini təqsirli bilərək, 8 il azadlıqdan məhrum etdi. İstintaq araşdırmaları nəticəsində məlum olmuşdur ki, İ.Xatkovski Ermənistan milli təhlükəsizlik idarəsinin kəşfiyyat xidməti tərəfindən nəqliyyat, kommunikasiya və həyat əhəmiyyətli xidmət vasitələrinin partladılması, məxfi məlumatların toplanması və Rusiya Federasiyası ərazisində terror aktlarının törədilməsinə dair ətraflı göstərişlər almışdır.

1 fevral 1994-cü il tarixində Kislovodsk-Bakı sərnişin qatarının Bakı vağzalında partladılması nəticəsində 3 nəfər həlak olmuş, 20-dən çox insan isə yaralanmışdır. 9 aprel 1994-cü il tarixində Xudat stansiyasında vaqon partladılmışdır.

17 mart 1994-cü il tarixində Azərbaycanın işğal olunmuş əraziləri üzərində İran İslam Respublikasının C-130 tipli yük təyyarəsi Ermənistan silahlı qüvvələri tərəfindən vurulmuş, nəticədə 32 nəfər İran vətəndaşı həlak olmuşdur.

19 mart 1994-cü il tarixində Bakı metrosunda vaqonlardan birinə erməni terrorçuları tərəfindən yerləşdirilən bombanın partlaması nəticəsində 14 nəfər həlak olmuş, 42 nəfər yaralanmışdır.

Partlayışın Ermənistan Respublikası xüsusi xidmət orqanları tərəfindən təşkil edilməsi faktı da prosessual qaydada tam sübuta yetirilmişdir. Çoxsaylı şahid ifadələri və maddi sübutlar bu təşkilatın yaraqlılarının Ermənistan Respublikasının Nairi və Arzni rayonlarında yerləşən, xüsusi xidmət orqanlarına məxsus hərbi-təxribat hazırlığı bazalarında, habelə Dağıstan Respublikasının Məhərrəmkənd rayonu ərazisində təşkil edilmiş xüsusi düşərgələrdə təlim keçdiklərini birmənalı şəkildə təsdiqləmişdir.

Məhz Ermənistanın xüsusi xidmət orqanları terror aktlarının icrası üçün cinayətkarları zəruri partlayıcı materiallar və texniki vasitələrlə təchiz etmiş və maliyyələşdirmişlər. Azərbaycanın milli təhlükəsizlik orqanları həmin cinayətin 43 təşkilatçısını və icraçısını aşkarlamış, onlardan 30 nəfəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum olunmuşdur, ölkənin hüdudlarından kənarda gizlənənlər barədə isə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

26 mart 1994-cü il tarixində Azərbaycanın dəmiryolu işçilərinin sayıqlığı nəticəsində Qazıməmməd stansiyasında partlayıcı qurğu aşkarlanmış və digər bir fəlakət baş vermədən qarşısı alınmışdır.

13 aprel 1994-cü il tarixində Moskva-Bakı sərnişin qatarının “Daqestanskiye Oqni” (Rusiya Federasiyası) stansiyasında partladılması nəticəsində 6 nəfər həlak olmuş, 3 nəfər isə yaralanmışdır. 1994-cü il iyulun 3-də Bakı metrosunun "28 may" və "Gənclik" stansiyaları arasında 13 nəfərin ölümü, 42 nəfərin yaralanması ilə nəticələnən terror aktı Ermənistan xüsusi xidmət orqanları tərəfindən təşkil edilmişdir.

Bu məqsədlə Qarabağ uğrunda gedən döyüşlər zamanı əsir düşmüş Azər Aslanovun anasını aldadıb Yerevana çağırmış, oradan Azərbaycanın işğal olunmuş ərazilərinə apararaq girov saxlayıb və A.Aslanovu həmin cinayəti törətməyə sövq etmişlər (bu fakt erməni millətçi-separatçı ekstremizminin əsas ideoloqlarından biri, hazırda İnterpol xətti ilə axtarışda olan Zori Balayanın "Cəhənnəm və cənnət arasında" kitabında öz əksini tapmışdır).

İstintaq və məhkəmə prosesində sübuta yetirilmişdir ki, A.Aslanovun terrorçu kimi hazırlanmasının "ideoloji təminatında" Zori Balayanın və o vaxt Dağlıq Qarabağ erməni separatçılarına rəhbərlik etmiş, sonra isə Ermənistanın prezidenti (1998-2008) olmuş Robert Koçaryanın iştirakı olmuşdur.

Azərbaycan torpaqlarını işğal edən və Dağlıq Qarabağın separatçı rejiminə himayədarlıq edən Ermənistanın xüsusi xidmət orqanları öz terror əməllərini genişləndirmək üçün sonralar da Rusiya Federasiyasında, eləcə də Azərbaycanın şimal rayonlarında müxtəlif etnik yönümlü qüvvələri cəlb etməyə, bu yolla Azərbaycana qarşı yeni separatçılıq cəbhəsi açmağa cəhdlər etmişlər.

Belə ki, 2000-ci ilin əvvəlindən etibarən Azərbaycanın şimal rayonlarında yaşayan avar xalqının adından separatçılıq hərəkatını başlamaq məqsədini güdən bir qrup fəallaşmışdı. 2001-ci ilin iyun ayından Dövlət Yol Polisinin postlarına, rayon polis şöbəsinə və hərbi hissəyə bir neçə basqınlar, Şeyx Şamilin abidəsinin partladılması kimi cinayətlərin törədilməsi Zaqatala və Balakən rayonlarında vəziyyəti kəskinləşdirmişdi.

Həmin cinayətlərin istintaqı zamanı göstərilən qrupun rəhbəri Hacı Maqomedovun və sonradan onun həbs edilmiş silahdaşı Şaban Buşdiyevin erməni xüsusi xidmətlərinin nümayəndələri ilə əlaqələri olması faktı aşkarlanmışdır.

1997-ci ildə onların hər ikisi Azərbaycan ərazisində "Avar dövləti"nin yaradılması üçün 1 milyon ABŞ dolları və 1000 ədəd avtomat silahın alınması məsələsinin müzakirəsi məqsədi ilə Yerevan və Xankəndiyə səfər etmişlər. Sonradan onlar bu danışıqları Mahaçqalada davam etdirmiş və nəticədə 1000 ədəd avtomat silahın və 300 min ABŞ dollarının verilməsi barədə razılığa gəlmişlər.

Bundan sonra avar separatçılarının "Car-Balakən dövləti"nin yaradılması ideyası və bu istiqamətdə fəaliyyətlərinə dəstək almaq üçün H.Maqomedov 2001-ci ilin dekabrında yenidən Yerevana getmişdir. Bu səfərin əsas məqsədi yaz-yay mövsümündə yerli icra hakimiyyətinin binasının zəbt edilməsi, həbs olunmuş silahdaşlarının azadlığa buraxılması şərti ilə vəzifəli şəxslərin girov götürülməsi və dövlətə qarşı digər cinayət əməlləri üçün müxtəlif növ silah, o cümlədən istilik raketlərinin alınması idi.

2001-ci ilin sentyabrında Zaqatala rayonu ərazisində müxtəlif cinayət əməlləri törətməklə əhalini təsir altında saxlamağa, ərazini nəzarətsiz zonaya çevirməyə cəhd göstərən şəxslərin dindirilməsi zamanı məlum olmuşdur ki, onların silah və maddi cəhətdən təchiz edilməsində separatçı-terrorçu qurumun "müdafiə naziri" və digər "rəhbər işçiləri" birbaşa iştirak etməklə, həmin şəxsləri separatçı hərəkətlərə təhrik etmişlər.

Bu gün də Azərbaycanın hazırda işğal olunmuş ərazilərində Ermənistanın silahlı qüvvələri və terrorçu qruplarla yanaşı, qeyri-qanuni silahlı birləşmələr də fəaliyyət göstərir və bütün bunlar terrorizmə qarşı mübarizə üzrə beynəlxalq konvensiyaların nəzarətindən kənardadır.

►Aşağıdakı foto: Robert Koçaryan, terrorbaşı Monte Melkonyan, Bako Saakyan (2008-ci ildən separatçı rejimin lideri) 

 

Xəbərlər
Redaktorun seçimi