İşğal olunmuş ərazilərdə qalan təbii sərvətlər
Azərbaycan Respublikasının Dağlıq Qarabağ və onun ətrafında olan Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam (rayon mərkəzi və ərazisinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazisinin böyük bir hissəsi) inzibati rayonları 1992-1993-cü illərdə Ermənistan tərəfindən işğal olundu.
Hazırda Füzuli rayonunun Horadiz qəsəbəsindən başlayaraq Zəngilan rayonunun sərhədlərinədək uzanan 198 km Azərbaycan-İran və 360 km Azərbaycan-Ermənistan - cəmi 558 km dövlət sərhədləri Ermənistan tərəfindən pozulub və indi də onun tam nəzarəti altındadır. Ermənistan tərəfindən bu sərhədlər boyu SSRİ dövründən qalmış tikililər, postlar, sərhəd qurğuları, demakrasiya xətləri dağıdılmışdır. Hazırda baxımsız qalmış Azərbaycan-İran sərhədlərinin işğal olunmuş sahələrində sərbəst şəkildə qaçaqmalçılıq və bəzi hallarda narkotik maddələr daşınması əməliyyatı həyata keçirilir. İşğal altında olan bu sərhədlərdən həm də Azərbaycanın zəbt olunmuş ərazilərində yaşayış və ictimai binaların tikinti materialları, kəsilmiş meşə ağacları qonşu İran və Ermənistana daşınır.
Tarixin uzaq keçmişindən miras qalmış belə talançılıq işlərini müasir dövrdə özünün "sivilizasiyalı" dövlət kimi qələmə verən Ermənistanın həyata keçirməsi təkcə Azərbaycan üçün deyil, bütün bunlara göz yuman dünya ictimaiyyətinə meydan oxumaq deməkdir.
Bundan başqa, Azərbaycanın Ermənistanla həmsərhəd olan Naxçıvan MR-nın Sədərək rayonunun Kərki, Qazax rayonunun Aşağı Əkipara, Yuxarı Əskipara, Quşçu Ayrım, Barxudarlı və digər yaşayış məntəqələri dağıdılmış və işğal olunmuşdur.
Həmin kəndlərin işğal olunması buradakı Ağstafa çayı üzərində sərhəddə yaradılmış və Azərbaycanın qərb rayonları üçün təsərrüfat əhəmiyyəti daşıyan su anbarına da təhlükə yaradır. Su tutumu 120 milyon kub metr olan Ağsatafa su anbarından başlayan və uzunluğu 72,3 km olan suvarma kanalı Qazax, Ağstafa, Tovuz və Şəmkir inzibati rayonlarının dağətəyi təsərrüfatlarını və yaşayış məntəqələrini su ilə təmin edir.
Dağlıq Qarabağdan fərqli olaraq keçmiş SSRİ məkanında baş verən etnik münaqişə zonalarının heç birində mövcud sərhədlərdən kənara çıxma və ətraf rayonların işğal edilməsi halları baş verməmişdir. Məsələn, Gürcüstan Respublikasındakı münaqişə zonası olan Abxaziya Muxtar Respublikası özünün köhnə sərhədlərindən kənara çıxmayıb və bir qarış da olsa ətraf ərazilərini zəbt etməyibdir. Bəhs, belə olan halda hansı beynəlxalq qaydalar və qanunlar əsasında həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətini, həm də bu vilayətə heç bir aidiyyatı olmayan Azərbaycan rayonlarını: Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan Cəbrayıl, Füzuli və Ağdamı zəbt edib.
İşğal olunmuş regionda müxtəlif təbiət abidələri, nadir bitki və heyvan növləri yayılmışdır. İşğal olunan Kiçik Qafqazın dağlıq zonası Azərbaycanın iri meşə rayonudur. Regionun ümumi meşə sahəsi 246, 7 min hektar idi.
Təbii landşaftı, nadir bitki və heyvanlar aləmini mühafizə etmək məqsədi ilə Kiçik Qafqazın işğal altında olan ərazilərində bir sıra qoruq və yasaqlıqlar təşkil olunmuşdur. Bunlardan Bəsitçay Qoruğunu, Laçın yasaqlığını və b. göstərmək olar. Bəsitçay qoruğu Azərbaycanın cənubi-qərbində işğal olunmuş Zəngilan ərazilərində Bəsitçayın dərəsində 1974-cü ildə yaradılmışdır. Qoruğun sahəsi 107 hektardır. Burada qorunan obyekt şərq çinarıdır. Çay boyu çinar meşəliyi 12 km məsafədə uzanır. Ağacların yaşı 500 ilə çatır. Şərq çinarı "Qırmızı Kitab"a daxil edilmişdir.
Laçın yasaqlığı Azərbaycanın işğal olunmuş Laçın rayonu ərazisində 1961-ci ildə təşkil edilmişdir. Sahəsi 21, 4 min hektardır. Yasaqlıqda dağ keçisi (təqribən 400 baş), cüyür (500), çöl donuzu (400), turac (800), kəklik (2500) mühafizə olunurdu.
İşğal altında olan ərazilər yeraltı və yerüstü təbii ehtiyatlarla zəngindir. Ən çox yayılan faydalı qazıntılar əlvan metal filizləri, qızıl, civə, xromit, perlit, əhəng, mərmər, əqiq, mineral sular və başqalarıdır. Ərazinin kurort-rekreasiya potensialı da genişdir.
İşğal olunmuş regionda nadir və qiymətli faydalı qazıntı yataqları yayılmışdır. Əhəmiyyətli mis-sink filizilərinin ehtiyatları Kiçik Qafqazın şərqində yerləşən Mehmana yataqlarında cəmlənmişdir. Burada istismara hazır olan filiz ehtiyatları öyrənilmişdir. Sənaye əhəmiyyəti olan civə ehtiyatları Kəlbəcər rayonundakı Şorbulaq və Ağyataqda yetişir.
İşğal olunmuş ərazilər Azərbaycanın sənayesi və tikintisində və böyük əhəmiyyəti olan müxtəlif növ tikinti materialları ilə çox zəngindir. Belə materialların böyük ehtiyatları Ağdam rayonu ərazisində yerləşən Çobandağ (əhəngin ehtiyatları 140 milyon ton və gillər 20 milyon ton ), Şahbulaq (25 milyon ton gil), Boyəhmədli (45 milyon ton gil) və b. yataqlardadır. İri tikinti daş yataqları Xankəndində, mərmər isə Harovdadır.
Zəbt olunmuş ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları vardır. Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşçu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər.
Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici həm də daxili xəstəlikləri müalicə etmək mümkündür.
İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdir. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.
Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsi ilə müxtəlif daxili xəstəliklər müalicə olunur, su kəməri vasitəsi ilə Şuşa şəhərinə verilir. Turşsu və İsa bulağı əsrlər boyu Qarabağın poeziya və musiqi məclislərinin qurulduğu yerlər olmuşdur.
Onu qeyd etmək lazımdır ki, Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğal altında olan rayonların payına düşür.
Milli ərazinin formalaşmasının vacib şərtlərindən biri də onun sıx daxili iqtisadi əlaqələrinin olmasıdır. Milli ərazilərin daxilində yaranan iqtisadi əlaqələr özünün uzun tarixliyi, sabitliyi və daimi olması ilə səciyyələnməlidir. Hal-hazırda Ermənistan əsassız olaraq iddia etdiyi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti həmişə Azərbaycanın tərkibində olmuş, onun dövlətçiliyi tərəfindən idarə edilmişdir. Vilayətin mərkəzi Xankəndi) birbaşa Azərbaycan dəmir və şosse yollarına və bütövlükdə respublikanın nəqliyyat-kommunikasiya sistemində sıx bağlanmışdır. Bu mərkəzdən dəmir yolu ilə Bakıya qədər olan məsafə 392 km-dir.
Dağlıq Qarabağ ermənilərinin böyük əksəriyyətinin Bakı şəhəri ilə sıx əlaqələri mövcüd idi. Onların ailə üzvlərinin çoxu bu şəhərdə həm də yüksək sosial-iqtisadi səviyyədə yaşayır və işləyirdilər.
Çox mühüm rol oynayan iqtisadi əlaqələr amilliyini nəzərdə tutan Sovet dövlətinin rəhbərliyində təmsil olunan qatı millətçi A.Mikoyan 20 may 1920-ci ildə yazmışdır: "Erməni dövlətinin agentləri olan daşnaklar Qarabağı Ermənistana birləşdirməyə can atırlar, lakin bu, Qarabağ əhalisini öz yaşayış mənbəyindən - Bakıdan məhrum etmək və heç nə ilə əlaqəsi olmayan İrəvana zorla bağlamaq deməkdir"
Dağlıq Qarabağın iqtisadi cəhətdən həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olması haqqında erməni liderlərinin öz dili ilə yuxarıda dediyi həqiqətlər bu ərazinin coğrafi mövqeyi və təbii xüsusiyyətləri ilə bağlıdır. Belə ki, əsrlər boyu Qarabağın Dağlıq hissəsi düzən Qarabağla sıx iqtisadi əlaqə inkişaf etdirmişdir. Çay dərələri boyunca keçən yollar bu iki ərazini iqtisadi cəhətdən bir-birinə möhkəm bağlamışdır. Bütün bu tarixi-coğrafi reallıqların əksinə Yuxarı Qarabağın ermənilər tərəfindən işğal olunması və onun zorla düzən Qarabağından ayrılması regionun əhalisi və təsərrüfatı üçün çox ciddi problemlər yaratdı.
Uzun illərdən bəri Dağlıq Qarabağın ərazisində yerləşən müəssisələrin böyük əksəriyyəti Azərbaycanın rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında işləyirdilər, bir çoxları isə Bakının iri müəssisələrinin filialları kimi fəaliyyət göstərirdi.
Keçmiş Dağlıq Qarabağla Azərbaycanın aşağıdakı istiqamətlərdə hərtərəfli əlaqələri mövcud olmuşdur:
1) İstehsalın kooperasiya əlaqələri - yəni, xalis istehsal əlaqələri, o cümlədən, xammal - yanacaq mənbələrinə görə; 2) Əmtəə-mal dövriyyəsi; 3) Maddi-texniki təchizat; 4) Nəqliyyat-yük əlaqələri ; 5) Elmi-texniki əlaqələr; 6) Dövlət idarəetmə əlaqələri; 7) Mədəni-maarif əlaqələri və s.
Beləliklə, göstərilən bu əlaqələrin hər birinin dərindən təhlili aparılarsa, o zaman Dağlıq Qarabağın Azərbaycanla sıx əlaqədə olduğunun real mənzərəsini görmək olar. Təkcə onu qeyd etmək kifayətdir ki, 1985-ci ildə Qarabağın Xankəndindəki iri İpək Kombinatına daxil olan barama xammalının cəmi səkkiz faizi Dağlıq Qarabağın özündə istehsal olunurdu. Yerdə qalan 92%-i isə Azərbaycanın digər rayonlarından gətirilirdi. Dağlıq Qarabağ Vilayətinin 1986-cı ildə həyata keçirdiyi xarici iqtisadi əlaqələrin həcminin cəmi 0,3 %, idxalının isə 1,4 %-i Ermənistan Respublikasının payına düşdüyü halda, Azərbaycana onun ixracatını 33,3 % düşürdü, idxalat payı isə daha yüksək idi
Zəbt olunmuş rayonlarda illərdən bəri fəaliyyət göstərən vahid nəqliyyat- kommunikasiya sistemi Ermənistanın təcavüzü nəticəsində hal-hazırda dağıdılmışdır. Bu dağıntılardan həm də Qarabağ zonasından kənarda yerləşən və Ermənistan tərəfindən blokadaya alınan Naxçıvan Muxtar Respublikası daha çox əziyyət çəkir.
Nəqliyyat-kommunikasiya baxımından Dağlıq Qarabağın ərazisi Ermənistanın paytaxtı Yerevandan və digər iri iqtisadi mərkəzlərdən çox uzaqda yerləşir; onları birləşdirən dağ yolları təbii fəlakətlər və iri həcmdə yük daşınmaları baxımından o qədər də əlverişli deyildilər.
Beləliklə, hazırda Ermənistanın işğalı altında olan rayonların hamısı Azərbaycanla sıx bağlı olmuşdur. Nəqliyyat-kommunikasiya sistemləri, iqtisadi meyl etməsi bu bağlılığın əsasını təşkil etmişdir. Ona görə də, ermənilərin təkcə milli özünütəyinetmə prinsipindən çıxış edəcək sosial-iqtisadi baxımdan həmişə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağa qarşı irəli sürdükləri iddiaların heç bir əsası yoxdur.
İşğalçılar Azərbaycanın artıq özününküləşdirilmiş hesab etdikləri tarixi Qarabağ xanlığının paytaxtı olmuş Şuşa şəhərinin qiymətli tarixi abidələrini dağıdarlar, milli arxitekturasını silib, istədikləri kimi yenidən qururlar. Azərbaycanın Laçın dəhlizində hərbi-mühəndislik baxımından başdan-başa yeni tikililər aparılır.
Ermənistanın güc tətbiq etməklə Azərbaycan torpaqlarını ələ keçrməsi və istədiyi kimi orada dəyişikliklər aparması müasir beynəlxalq hüquq baxımından yolverilməz hesab olunur. Beynəlxalq hüquq baxımından bu ərazilərdə olan bütün resurslar Azərbaycanın mülküyyəti olaraq qalmaqda davam edir, həmin mülkiyyət yalnız müvəqqəti olaraq işğalç altında hesab olunur və mütləq öz qanuni sahibi olan Azərbaycana qaytarılmalıdır.
Bütün bu deyilənlər bir daha təsdiq edir ki, Dağlıq Qarabağ münaqişəsinə xalis milli azlıqlarının öz müqəddəratını sərbəst təyin etməsi kimi ibarəli sözlərlə ört-basdır etməyin heç bir hüquqi, sosial-iqtisadi əsasları yoxdur.
Su mənbələrinin blokadaya alınması. Azərbaycanda su probleminin həlli bu gün mühüm əhəmiyyət kəsb edir. Suvarma əkinçiliyinin inkişafı, şəhər və kəndlərin su ilə təchizatı quraq region hesab edilən Azərbaycan üçün həyati məsələdir. Respublikanın su ehtiyatlarının formalaşmasında sıx çay şəbəkəsinə malik olan və hazırda işğal altındakı Kiçik Qafqaz dağlarının da əhəmiyyəti böyükdür. Bu dağlardan öz mənbəyini götürən bütün çaylar, xüsusilə Kürün sağ qolları olan Tərtər, Həkəri, Xaçınçay, Köndələnçay və b. özləri ilə düzən ərazilərə bol su gətirirlər, onların bəzilərinin üzərində süni göllər və suvarma kanalları yaradılmışdır. Suvarmada və elektrik enerjisi alınmasında istifadə edilən belə komplekslərdən biri də Tərtər hidrokompleksidir. Bu kompleks 1976-cı ildən Azərbaycan SSR üçün ayrılmış kapital qoyuluşu hesabına yaradılmışdır. Azərbaycan üçün böyük həyati əhəmiyyəti olan bu və digər suvarma sistemləri və su mənbələrinin Ermənistan tərəfindən blokadaya alınması ölkəmiz üçün çox böyük təhlükə mənbəyinə çevrilmişdir.
Göstərilən Tərtər hidrokompleksinin yaratdığı Sərsəng su anbarı və elektrik stansiyası hazırda Ermənistan hərbi qüvvələrinin nəzarəti altındadır. Sərsəng su anbarında suyun həcmi 560 min kub metrdir. Bu anbardan öz başlanğıcını götürən magistral kanallar düzən hissədə yerləşən Tərtər, Ağdam, Bərdə, Goranboy rayonları ərazilərində 80,1 min hektar torpaq sahəsini suvarırdı. Hazırda Sərsəng su anbarından kanallara verilən suyun qabağı işğalçı ermənilər tərəfindən kəsildiyinə görə Azərbaycanın göstərilən rayonlarında əkinlər məhsul vermir.
Mənbə: BDU-nun İqtisadi və sosial coğrafiya kafedrası
►Bax həmçinin: Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün nəticələri