“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
21.08.2014, 17:04
2113

Qarabağı itirməyə başladığımız gün

A- A+

1991-ci ilin 26 dekabrında sonuncu azərbaycanlılar Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndi şəhərindən deportasiya olunmuşdu...

Təqvimdə 2009-cu ildən sayılı yarpaqlar qalıb. Bir neçə gündən sonra 2010-cu ilə qədəm qoyacağıq. Başa vurduğumuz il bir çox olaylarla yadda qalıb və bunun hesabını da hərə özünə görə aparır. Bütövlükdə ölkəmizi götürdükdə isə, bu il tariximiz üçün mühüm bir zaman kəsiyinin sonu kimi qiymətləndirilir. Məhz bu il Azərbaycanda keçid dövrünün başa çatdığı elan olunub.

Əlbəttə, istər başa çatdığı elan edilən dövrün, istərsə də qarşıda bizi gözləyən mərhələnin xüsusları barədə yetərincə mübahisə etmək olar. Amma bunu kənara qoyaraq bir faktı etiraf etməliyik: Azərbaycan bu dövrü Qarabağ üzərində konstitusion nəzarətini və suveren haqlarını təmin edə bilmədən başa vurur, yeni mərhələyə də beləcə daxil oluruq.

Azərbaycanda, keçmiş SSRİ-nin digər respublikalarında olduğu kimi, keçid dövrü, müstəqil dövlət quruculuğu mərhələsi 1991-ci ildə - sovet imperiyasının süqutu ilə başlayıb. Təəssüflər olsun ki, imperiya boyunduruğundan qurtulduğumuz, milli dövlətçilik yoluna qədəm qoyduğumuz bu dövr, eyni zamanda, suverenliyimizə ağır zərbə aldığımız, Qarabağı itirməyə başladığımız tarix kimi yadda qalıb. 26 dekabr həmin tarixin acılıqla xatırlanan günlərindən biridir.

* * *

1991-ci il dekabrın 26-da Sovet İttifaqının ali qanunverici orqanı - SSRİ Ali Soveti sonuncu iclasını keçirdi. İclasda SSRİ-nin bütün ittifaq qurumlarının, o cümlədən SSRİ Ali Sovetinin fəaliyyətinə də xitam verildi. Bundan bir gün öncə, dekabrın 25-də axşam SSRİ prezidenti Mixail Qorbaçov vəzifəsindən istefa vermiş, ittifaq hökuməti fəaliyyətini dayandırmışdı. Bu tarixi məqam sovet respublikalarının müstəqillik yürüşünə təkan oldu. Dünyanın onlarla ölkəsi yeni müstəqil dövlətləri tanımıq barədə bəyanatlar verdilər.

Dekabrın 25-də Azərbaycanın müstəqilliyi ABŞ tərəfindən tanındı, İran, Liviya, İsrail, ertəsi gün Kuba, Avstraliya Azərbaycanın müstəqilliyini tanıdıqlarını bəyan etdilər. Müstəqilliyimizə təbriklər aldığımız bu günlərin siyasi vurhavurunda bəlkə də o anda fərqinə varmadığımız bir hadisə də baş vermişdi.

1991-ci il dekabrın 26-da Xankəndi (Stepanakert) şəhərindən sonuncu azərbaycanlılar qovulmuşdu. SSRİ-nin süqutu ilə Dağlıq Qarabağdakı sovet idarə institutları da fəaliyyətini dayandırmış, vilayətdə asayişi qorumalı olan sovet ordu hissələri də bir anlamda statussuz qalmışdılar. Şəhərdəki barmaqsayı azərbaycanlıları qorumaq artıq kimsənin vecinə deyildi. Bununla da 1988-ci ildən etibarən Dağlıq Qarabağda azərbaycanlı əhaliyə qarşı başalanan etnik təmizləmə yeni mərhələyə qədəm qoydu.

Düzdür, hələ ondan öncə Dağlıq Qarabağın ayrı-ayrı azərbaycanlı kəndləri ermənilərin basqınları nəticəsində boşalmış, onlarla insan qətlə yetirilmişdi. Bununla belə, məhz Xankəndidən sonuncu azərbaycanlıların deportasiyası bu prosesdə əsas nöqtə oldu.

Əgər 1991-ci ilin 26 dekabrınadək Dağlıq Qarabağdakı azərbaycanlı əhali günbəgün azalmaqda idisə, ondan sonra azərbaycanlıların doğma torpaqlarından yox olması prosesi başlandı. Bu artıq Qarabağın real olaraq itirilməsinin başlanğıcı idi.

Əslində, tarixə baxsaq, bu itkinin başlanğıcı ondan çox-çox əvvələ gedib çıxır. Ermənilərin Qarabağı özününküləşdirmək siyasəti 1988-ci ildən çox öncə, hətta bölgədə erməni muxtariyyətinin yarandığı 1923-cü ildən də əvvəl yeridilməkdə idi. Azərbaycanlıların Qarabağda azalması da uzaq illər öncəsi başlanmışdı.

* * *

XIX əsrin əvvəlində Qarabağ xanlığı Rusiya imperiyasına birləşdiriləndən (1805-ci ilin Kürəkçay və 1813-cü ilin Gülüstan müqavilələri) sonra rusların bölgədə apardığı ilk qeyri-rəsmi siyahıyaalma 1823-cü ilə təsadüf etmişdi.

Həmin siyahıyaalmada bölgədə 20 min ailə (təsərrüfat) qeydə alınmışdı ki, onun da yalnız 1,5 mini erməni ailəsi idi. 1832-ci ildə aparılmış siyahıyaalmada isə artıq erməni əhalisi 34,8 faiz, azərbaycanlılar 64,8 faiz təşkil edirdi. 

Bölgənin erməniləşdirilməsi siyasəti XIX əsrin sonuna doğru daha da sürətlənmişdi. 1880-ci ildə Şuşa qəzasında erməni əhalisi azərbaycanlıları üstələmişdi: 58,2 faiz erməni, 41,5 faiz azərbaycanlı.

1897-ci ildə Rusiya imperiyasının bütün ərazisini əhatə etmiş ilk ümumi siyahıalmaya görə, Qarabağ bölgəsində ermənilər 53 faiz, azərbaycanlılar 45 faiz təşkil edirdi. 1917-ci ildə ermənilərin sayı 52,3 faizə çatmış, azərbaycınlı əhali iə 40,2 faizədək azalmışdı.

1918-1920-ci illərdə erməni silahlı dəstələrinin, Azərbaycanın digər bölgələrində olduğu kimi, Qarabağda da apardığı qırğınlar demoqrafik vəziyyətə əsaslı təsir etmişdi. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu iki ildə Qarabağda ermənilərlə savaş davam edirdi.

1920-ci ildə Azərbaycanın və Ermənistanın sovetləşməsindən sonra Qarabağda toqquşmalar səngidi. Daha doğrusu, ermənilər Şərur-Dərələyəz (avqust 1920) və Zəngəzuru (dekabr 1920) Azərbaycandan qoparandan sonra Qarabağ davasına ara verdilər.

Əvəzində 1923-cü ildə Qarabağ coğrafi bölgəsi faktiki ikiyə bölündü və erməni əhalinin çoxluq təşkil etdiyi Dağlıq Qarabağa Azərbaycan SSR-in tərkibində muxtar vilayət statusu verildi. Bu, Dağlıq Qarabağın əsaslı şəkildə erməniləşdirilməsinin təməli idi.

Bunun siyasi əsası Rusiya Kommunist (bolşevik) Partiyası Qafqaz Bürosunun 1921-ci il 5 iyul tarili qərarı ilə qoyulmuşdu. Qərarda Dağlıq Qarabağa Azərbaycanın tərkibində saxlanılmaqla və mərkəzi Şuşa şəhəri olmaqla geniş vilayət muxtariyyəti verilməsi qeyd olunmuşdu.

İki il sonra, 1923-cü il iyulun 7-də Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi bu qərarın icrasını təmin etdi. Respublika ərazisində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) təşkil olunması barədə dekret verildi. Sənəddə bu qərarın azərbaycanlı və erməni xalqları arasında «beynəlmiləl həmrəyliyin möhkəmlənməsinə» xidmət edəcəyi vurğulanırdı.

Dağlıq Qarabağın de-fakto ermənilərin təsiri altına keçdiyi həmin dekretin bir cümləsindən xüsusilə aydın idi: «Dağlıq Qarabağın erməni hissəsində Azərbaycan SSR-in tərkib hissəsi kimi muxtar vilayəti yaradılsın».

Muxtar vilayətin mərkəzinin Şuşa olması barədə qərarı isə ermənilər dərhal rədd etdilər. Çünki Şuşada azərbaycanlı əhali çoxluq təşkil edirdi. Ermənilər muxtar vilayətin mərkəzi kimi Xankəndini seçdilər. Üç ay sonra, 1923-cü il oktyabrın 6-da isə Azərbaycan SSR hökuməti (MİK) erməni əhalisinin müraciətinə əsasən, Xankəndi qəsəbəsinin adını dəyişdirərək inqilabçı bolşevik Stepan Şuamyanın şərəfinə Stepanakert adlandırılması barədə qərar verdi. Müvafiq ərazi-inzibati bölgüsündən sonra DMQV-in ərazisi 4,4 min kv. km olaraq müəyyənləşdi.

Bu arada bölgədə erməni əhalisinin üstünlüyü pik həddinə çatmışdı. 1926-cı ildə keçirilən siyahıyaalmaya görə, DQMV-də erməni əhalisi 89,1 faiz, azərbaycanlı əhali isə 10,1 faiz idi. Sonrakı dövrlərdə Azərbaycan rəhbərliyi bu acınacaqlı demoqrafik situasiyanı, qismən də olsa, dəyişməyə müvəffəq olmuşdu. 1959-cu ildə muxtar vilayətdə ermənilər 84,4 faiz, azərbaycanlılar 13,8 faiz, 1970-də isə müvafiq olaraq 80,5 və 18,1 faiz idi.

Qeyd etmək lazımdır ki, Dağlıq Qarabağda azərbaycanlı əhalinin sayı Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə xüsusilə nəzərəçarpacaq dərəcədə artmışdı. 1979-cu il siyahıyaalmasına görə, vilayətin azərbaycanlı əhalisi 23 faizə (ermənilər 75,9 faiz) çatmışdı.

* * *

1987-ci ildə, münaqişə başlayan ərəfədə, rəsmi statistikaya görə, Dağlıq Qarabağda 185 min əhali yaşayırdı. Onların 74 faizini ermənilər, 25,2 faizini - təxminən 46 min nəfər - azərbaycanlılar təşkil edirdi. Həmin 46 min azərbaycanlının 7 min nəfəri Stepanakert şəhərində yaşayırdı. 1988-ci ildən başlayaraq onların sayı sürətlə azalmağa başladı.

Biz isə nə ümumilikdə Dağlıq Qarabağ münaqişəsinin fəsadlarına hazır idik, nə də bölgədə azərbaycanlı əhaliyə qarşı aparılan etnik təmizləməyə qarşı kəsərli addım ata bilirdik.

Ermənistanın Ali Soveti hələ 1988-ci il iyunun 15-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan SSR-in tərkibinə keçməsi haqqında” qərar qəbul etmişdi. Azərbaycan SSR Ali Soveti iyunun 17-də bəyanat qəbul edərək mərkəzi hakimiyyətdən - SSRİ Ali Sovetindən Ermənistanın bu hərəkətlərini önləməyi xahiş etmişdi.

1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti Ermənistan SSR Ali Sovetinin qərarını «yolverilməz» adlandırdı və onu ləğv etməyə çağırdı. Yerevan bu çağırışı saya salmadı.

1989-cu il 12 yanvarında Azərbaycan SSR Dağlıq Qarabağ üzərində formal hüquqi nəzarəti də itirdi. SSRİ Ali Sovetinin Rəyasət Heyəti muxtar vilayətdə birbaşa Moskvaya tabe olan «xüsusi idarə forması»nın tətbiq edilməsi barədə fərman verdi.

Bunun ardınca azərbaycanlı əhaliyə qarşı hücumlar genişləndi. 1989-cu il iyulun 14-də Steparakert şəhərində R.Zorge küçəsi, 51 ünvanındakı yaşayış binasında törədilən partlayış nəticəsində onlarla insan yaralandı, binada yaşayan 26 azərbaycanlı ailəsi şəhəri tərk etməli oldu.

1 dekabr 1989-cu il tarixdə Ermənistan SSR Ali Soveti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi barədə yeni qərar qəbul etdi. 7 dekabr 1989-cu il tarixdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti buna etiraz etdi. Lakin nə yazıqlar ki, iş quru bəyanatlardan o yana getmirdi.

Ermənilər isə bir qədər də irəli getdilər. Ermənistan SSR “DQMV-nin sosial-iqtisadi inkişaf planının Ermənistan SSR-in dövlət planına daxil edilməsi haqqında” 1990-cı il 9 yanvar tarixli qərar qəbul etdi.

Bütün bunlardan sonra Dağlıq Qarabağda gərginləşən münaqişənin qarşısında aciz qalan Azərbaycan SSR-in rəhbərliyi 15 yanvar 1990-cı il tarixdə Moskvaya müraciət edərək muxtar vilayətdə və ona bitişik rayonlarda fövqəladə vəziyyətin tətbiq olunmasını xahiş etdi. Moskva xahişi «artıqlaması ilə» yerinə yetirdi. Fövqəladə vəziyyətlə bərabər ordu hissələri təkcə Qarabağa deyil, Bakıya da yeridildi.

20 Yanvarda yaşadığımız milli faciənin ağrısı Qarabağı bir müddət yaddan çıxardı. Yalnız 6 mart 1990-cı il tarixdə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti «Ermənistan SSR-in ərazi iddialarının yolverilməzliyi haqqında» qərar qəbul etməklə Qarabağı yada saldı. 1990-cı ili fövqəladə vəziyyət şəraitində və bir də seçki qovhaqovunda (sentyabr-noyabr) yaşadıq. Artıq rus-sovet hərbiyyəsinin və erməni qüvvələrin nəzarətində olan Xankəndinə əlimiz çatmırdı.

* * *

1991-ci il isə Dağlıq Qarabağdakı azərbaycanlı kəndlərinin boşaldığı il idi.

Nə yazıqlar ki, biz Dağlıq Qarabağı itirməyə başladığımız bu ildə gerçək siyasət yerinə siyasi linqvistika ilə baş qatırdıq. Ali Sovet ard-arda boşalan azərbaycanlı yaşayış məntəqələrinə Azərbaycan adları «verməklə» məşğul idi. Bunun ən bariz və acı təəssüflü nümunəsini 1991-ci ilin 20 noyabrında ermənilərin Martuni rayonunun Qarakənd kəndi üzərində "Mi-8" vertolyotunu vuraraq Azərbaycanın dövlət və hökumət rəhbərlərini qətlə yetirməsindən sonra gördük.

1991-ci il noyabrın 26-da Azərbaycan Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin ləğv edilməsi, vilayətin mərkəzi Stepanakert şəhərinin adının dəyişdirilərək Xankəndi adının bərpa olunması, Mardakert və Martuni rayonlarının tarixi adlarının - Ağdərə və Xocavənd - bərpası, habelə Hadrut və Əsgəran rayonlarının ləğv edilməsi, Hadrutun ərazisini Xocavənd rayonunun tərkibinə, Əsgəranın ərazisinin isə yeni yaradılan Xocalı rayonunun tərkibinə verilməsi barədə qanunlar qəbul etdi. Bu qanunların «havada sabun köpüyü» effekti isə elə o vaxt bəlli idi.

Azərbaycan Ali Soveti Stepanakerti kağız üzərində azərbaycanlılaşdıraraq Xankəndi elan etdiyi vaxt şəhərdə əsasən ermənilərlə qarışıq nigahda olan təkəmseyrək azərbaycanlı əhali qalmışdı. Bir ay sonra artıq onlar da orada yox idilər.

1991-ci il dekabrın 26-da sonuncu azərbaycanlı ailələrin Xankəndini tərk etməsi o dövrün qaynar olayları içində itib-batmış, elə bir ictimai diqqət çəkməmişdi.

Əslində elə indi də belədir. Qarabağdakı itkilərimizin aybaay ildönümlərini candərdi qeyd etməklə işimizi bitmiş sayırıq. Çünki hər kəs öz işindədir. Dəyişən, sadəcə, təqvimin günləri, ayları və illəridir.

1991-ci il dekabrın 26-da Xankəndini itirərkən Xocalı soyqırımına (26 fevral 1992) düz iki ay qalırdı. Şuşanın süqutuna dörd ay yarım, Kəlbəcərin işğalına hələ bir il üç ay bir həftə vardı. Ondan sonra daha 6 rayonun işğal ediləcəyini isə ağlımıza da gətirmirdik….

Vüqar Orxan, “525-ci qəzet”, 26.12.2009.

Fotolara sözardı... 


Xankəndi (Stepanakert), 1988-ci ilin fevralı...
Ermənilərin separatçı şüarlı ilk mitinqləri.

 

 

1990-cı il. Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin qapısında Azərbaycan dilində löhvə hələ qalmaqda idi...

 

Xəbərlər
Redaktorun seçimi