Füzuli rayonu
Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda rayon, 1993-cü il avqustun 23-də işğal olunub...
1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətraflnda Cəbrayıl rayonu ilə yanaşı, Füzuli rayonunun da böyük hissəsini və rayon mərkəzini işğal etdi. 1993-cü ilin oktyabrında rayonun ərazisi (1386 kv km) bütünlüklə işğal olunsa da, 1994-cü ilin yanvarında Azərbaycan Ordusu Arazboyunda yerələşən 20-dək kəndi və Horadiz qəsəbəsini düşməndən azad edə bildi.
Yaşayış məntəqələrinin yenidən qurulmasından sonra həmin ərazilərdən köçkün düşmüş əhalinin böyük qismi öz torpaqlarına geri qayıtdı.
Hazırda rayonun ərazisinin təxminən üçdə ikisi, o cümlədən Füzuli şəhəri və 58 kənd işğal altındadır.
İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri fəaliyyət göstərib.
Rayonun işğaldan azad olunmuş ərazisində 12 yeni salınmış qəsəbə, bir şəhər (Horadiz) və 20 kənd var. Hazırda ərazidə 60 minə yaxın (rayon əhalisinin təxminən yarısı) məcburi köçkün məskunlaşıb.
* * *
Məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz, şabalıdı, boz-qəhvəyi kimi torpaq sahələri var. Rayonda taxılçılıq, heyvandarlıq, üzümçülük, qoyunçuluq, quşçuluq, baramaçılıq geniş inkişaf edib. Kənd təsərrüfatı ilə yanaşı, rayonda tikinti tresti, 6 nəqliyyat təşkilatı, 13 sənaye müəssisəsi və s. fəaliyyət göstərib.
Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi bildirir ki, Füzuli rayonunda ümumi ehtiyatları 58858 min m3 olan və mişar daşı istehsalına yararlı istismar olunan 2 (Dövlətyarlı, Dilağar) əhəngdaşı, kərpic-kirəmit istehsalına yararlı 11211 min m3 ehtiyatlara malik Kürdmahmudlu gil, ehtiyatları 13053 min m3 olan Quruçay qum-çınqıl qarışığı yataqları var.
Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində yaşı 200 ildən 1400 ilə qədər olan 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılmış və işğala qədər mühafizə olunub.
Tarixi haqqında qısa məlumat
Respublikamızın iri yaşayış məntəqələrindən olan Füzuli rayonu 1827-ci ildə yaranmışdır. Həmin vaxtdan formalaşmış və Qarabulaq adlanan yaşayış məntəqəsinin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin rayonu adlandırılmışdır. Rayonun mərkəzi Qaryagin qəsəbəsi olmaqla Qozluçayboyu, Köndələnboyu, Arazboyu və Füzuli - Ağdam magistral yolunun hər iki ətrafında olan kəndləri əhatə etmişdir.
1959-cu ildə böyük şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişilmiş və Füzuli rayonu adlandırılmışdır.
Rayonun ərazisi 1386 kvadrat km, əhalisi işğaldan öncə 105 min nəfər olub.
İşğaldan əvvəl rayonda 1 şəhər, 1 qəsəbə, 78 kənd vardı. Ən iri yaşayış məntəqələri Füzuli şəhəri, şəhər tipli Horadiz qəsəbəsi,Böyük Bəhmənli, Horadiz və Qacar kəndləri idi.
Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2001-ci il tarixli 577 saylı və 13 may 2002-ci il tarixli 700 saylı fərmanları ilə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına işğaldan azad olunmuş ərazidə məcburi köçkün ailələri üçün 12 yeni qəsəbə salınmışdır.
* * *
Füzuli rayonu 1970-ci ildən byük inkişaf yolu keçmiş, tərəqqi etmiş, sənaye və müasir kənd təsərrüfatı rayonuna çevrilmişdir. Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton məmulatı zavodları, taxıl məhsulları kombinatı, toxuculuq fabriki, daş karxanası, 11 üzüm emalı müəssisəsi, 100-dən çox iri müəssisə və təşkilat, dram teatrı, mədəniyyət evi, kütləvi kitabxana, mərkəzi rayon xəstəxanası və s. var idi.
Erməni silahlı qüvvələri tərəfindən işğal edilməmişdən əvvəl rayonun kənd təsərrüfatında əsas sahələr üzümçülük, taxılçılıq, ipəkçilik və heyvandarlıq olmuşdur. 15 kolxoz və 26 sovxoz var idi. Kənd təsərrüfatına yararlı torpaqlar 85 min hektar idi. 50,9 min hektar otlaq sahələri var idi. Rayonda Araz çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdir. Suvarılan torpaqlar 24 min hektardır. 1980-ci ilədək pambıqçılığa geniş yer verilmişdi. Sonralar rayonun təsərrüfatları üzümçülük üzrə ixtisaslaşmışdı. 17,4 min hektarda üzüm bağları salınmışdı. Üzümçülükdə ən yüksək məhsuldarlıq 1985-ci ildə olmuş, 120 min ton üzüm yığılmışdır.
İşğaldan əvvəl təsərrüfatlarda 17600 baş qaramal, 70000 baş qoyun saxlanılırdı. 1997-ci ildən başlayaraq rayonda işğaldan azad olunmuş ərazidə yeni iqtisadi islahat həyata keçirilməyə başlanmış, torpaq kəndlilərə paylanmışdır. Hazırda rayonun özəl bölmələrində 17328 baş qaramal, 60 min başa yaxın qoyun və keçi vardır. Keçən il rayonun işğaldan azad olunan ərazisində 20 min ton taxıl istehsal ounmuşdur.
* * *
İşğaldan əvvəl rayonda 86 ümumtəhsil və iki texniki peşə məktəbi, 65 məktəbəqədər uşaq bağçası, 90 kitabxana, 79 klub müəssisəsi, 1 tarix-diyarşünaslıq muzeyi, 9 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdi.
Bunlardan 38 ümumtəhsil müəssisəsi, 2 texniki peşə məktəbi, 15 uşaq bağçası, 28 kitabxana, 19 klub müəssisəsi, 5 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi işğaldan azad olunmuş ərazidə fəaliyyət göstərir.
İşğal olunan əraziyə qayıdışdan ötən müddət ərzində 21 məktəb binası müasir tələblərə cavab verən səviyyədə bərpa olunmuş, 8 məktəb binası yenidən tikilmiş, 11 tibb müəssisəsi bərpa olunmuş, 8 tibb müəssisəsi yenidən tikilmiş, ermənilər tərəfindən dağıdılmış və yandırılmış 3 mindən çox ev bərpa olunaraq sahiblərinin istifadəsinə verilmişdir.
Bundan başqa həmin müddətdə xeyli xidmət, mədəniyyət obyektləri, inzibati binalar bərpa olunmuşdur. Bərpa və quruculuq işləri davam etdirilir.
İşğal altında olan dini və mədəniyyət abidələri
1. Qarğabazar kəndində XVII əsr karvansarayı
2. Qarğabazar kəndində XVII əsr məscid binası
3. Qarğabazar kəndində XVIII əsr Cəlil türbəsi
4. Aşağı Veysəlli kəndində XIII əsr Mirəli türbəsi
5. Qoçəhmədli kəndində XVIII əsr məscid binası
6. Qoçəhmədli kəndində XVIII əsr yaşayış binası
7. Horadiz kəndində XIX əsr məscid binası
8. Horadiz kəndində XIX əsr İmamzadə türbəsi
9. Füzuli şəhərində XIX əsr məscid binası
10. Aşağı Aybasandı kəndində XVIII əsr İbrahim türbəsi
11. Qacar kəndində XIX əsr məscid binası
12. Böyük Pirəhmədli kəndində XIX əsr məscid binası
13. Merdinli kəndində XIX əsr məscid binası
14. Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri (Alı körpüsü, Kərəm körpüsü).
15. Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı.
İşğaldan azad edilmiş ərazidə mövcud olan mədəniyyət və dini abidələr
1. Babi kəndində XIII əsr Şeyx Babi Yəqub türbəsi
2. Əhmədalılar kəndində XIII əsr Arqalı türbəsi
3. Böyük Bəhmənli kəndində XIX əsr məscid binası.
Görkəmli şəxsiyyətləri
7 çağırış SSRİ Ali Sovetinin, 9 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş Şamama Həsənova 2 dəfə Sosialist Əməyi Qəhrəmanı olmuşdur.
İlyas Məhəmməd oğlu Əfəndiyev - Azərbaycanın xalq yazıçısı.
Elçin İlyas oğlu Əfəndiyev - Azərbaycanın xalq yazıçısı.
Bahadur Namaz oğlu Eyvazov - tibb elmləri doktoru.
İbrahim İbiş oğlu İbrahimov - texnika elmləri doktoru.
Çinqiz Mehdi oğlu Cuvarlinski - texnika elmləri doktoru.
Əlibəy Qulubəy oğlu Əlibəyov - tibb elmləri doktoru
Timurçin İlyas oğlu Əfəndiyev - sənətşünaslıq elmləri doktoru.
Akif Fərhad oğlu Musayev - iqtisad elmləri doktoru, Milli Elmlər Akademiyasının müxbir üzvü.
Xurşud Bayram oğlu Məmmədov - iqtisad elmləri doktoru.
Elman İsmayıl oğlu Məmmədov - tarix elmləri doktoru.
Məmməd Cümşüd oğlu Məmmədov - texnika elmləri doktoru, əməkdar Elm xadimi, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru.
Firəddin ibrahim oğlu Quliyev - iqtisad elmləri doktoru, Azərbaycan Dövlət İqtisad Universitetində dekan.
Vahid Mehman oğlu Əliyev - tibb elmləri doktoru.
Xəlil Abbas oğlu Rəfiyev - tarix elmləri doktoru
Əsəd Əli oğlu Əliyev - iqtisad elmləri doktoru.
Yusif Həsən oğlu Qasımov - tarix elmləri doktoru, mərhum.
Hüseyn İbad oğlu Namazəliyev - iqtisad elmləri namizədi, mərhum.
Nəcəf İslam oğlu Quliyev - filologiya elmləri doktoru, Azərbaycan Dövlət Universitetinin professoru.
Seyid Şuşinski (Mirmöhsüm İbiş oğlu İbişov) - görkəmli müğənni.
İslam Tapdıq oğlu Rzayev - Azərbaycanın xalq artisti, professor.
Qəndab Nəbi qızı Quliyeva - Azərbaycanın xalq artisti.