“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.08.2014, 17:32
3061

Laçın rayonu

A- A+

Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda rayon, 1992-ci il mayın 18-də işğal olunub...

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində dağlıq ərazidə yerləşir.

69 min əhalisi olan bu səfali məkan 120 kənddən, 1 şəhərdən və 1 qəsəbədən ibarət iidi.

Laçın 1923-cu ilə qədər Abdallar, sonra isə Laçın adlanıb.

Rayonda əsasən maldarlıq, arıçılıq, əkinçilik, taxta-şalban istehsali inkişaf etmişdi.

Hazırda Laçın rayonunun əhalisi Azərbaycan Respublikasının müxtəlif ərazisinə səpələnmişdir.

 

Ümumi məlumat (işğaldan öncə):

Ümumi ərazi, [kv.km] - 1883.00

Əhalinin ümumi sayı - 65507

Kəndlərin sayı - 125

Qəsəbələrin sayı - 1

İri və orta müəssisələrin sayı - 133

Məktəbəqədər uşaq müəssisələrinin sayı - 3

Ümumtəhsil məktəblərinin sayı - 101

Texniki, orta ixtisas və peşə məktəblərinin sayı - 2

Xəstəxanalar və tibb müəssisələrinin sayı - 20

Mədəniyyət ocaqlarının sayı - 217

 

Tarixi haqqında qısa məlumat

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində dağlıq ərazidə yerləşir.

Şimaldan Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir.

1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin təşkili ilə əlaqədar Şuşa qəzası ləğv olunmuş və əvəzində Ağdam qəzası təşkil edilmişdir.

1923-cü ildə Respublika Mərkəzi İcraiyyə Komitəsinin qərarına uyğun olaraq Qubadlı, Kəlbəcər və Laçın torpaqları vahid qəza halında birləşdirilərək Kürdüstan qəzası yaradılmışdır. Qəza mərkəzi əvvəlcə Pircahan, sonra Minkənd, daha sonra isə Laçın təsdiq edilmişdir.

Laçın şəhərinin yerini Tağı Şahbazi Simurğ seçmiş və bu adı da ona o özü vermişdir.

Laçın rayonu 1924-cü ildə yaradılmış, ərazisi 1883 kvadrat km-dir. 01 yanvar 2004-cü il tarixə əhalisi 65507 nəfərdir. Rayonun mərkəzi Laçın şəhəridir, əhalisi 14500 nəfərdir. Rayon üzrə 15310 təsərrüfat mövcuddur.

Əhalinin sıxlığı hər kvadrat km-ə 36 nəfər, hər sakinə 18 kvadrat km sahə düşürdü.

Mərkəzləşdirilmiş su təchizatı sistemindən bir gündə 4800 kub su, qaz şəbəkəsindən 173000 kub qaz, 985000 kq maye qaz istehlak olunurdu.

Laçın şəhərinin böyüyüb inkişaf etməsində ilk addımları Tağı Şahbazi Simurğ, Hüsü Hacıyev, İsmayıl Şərifov, Canbaxış Abdullayev və onlarca başqaları atmış, onların çox böyük fədakar xidmətləri olmuşdur.

İkinci dünya müharibəsi illərində 3660 nəfər Laçın rayon sakini cəbhəyə yollanmış, onlardan 2426 nəfəri geri qayıtmamışdır.

Şosse yol Laçına 1950-ci illərin əvvəllərindən çəkilməyə başlamışdır.

Respublikanın paytaxtı Bakı şəhəri ilə şosse yolla ara məsafəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə ara məsafəsi isə 60 km olmuşdur.

1962-ci ildən sonra isə əvvəlcə şəhərin, sonra isə kəndlərin elektrikləşdirilməsi, radiolaşdırılması və telefon xətlərinin çəkilişi işinə başlanmışdır.

Rayonun cəmi torpaq sahəsi 166488 hektar olmuşdur ki, ondan da 75781 hektarı kənd təsərrüfatına yararlı, 12102 hektarı isə əkin yeri idi. Həmin torpaqlardan 1515 hektarı sututar torpaqlardan ibarət idi.

Rayon ərazisinin 927 hektarını həyətyanı, 33205 hektarını meşə, 72000 hektarını yaylaq sahələri təşkil edirdi.

Rayonda şəhər, qəsəbə və 125 kəndin bazasında 48 şəhər, qəsəbə və kənd inzibati-ərazi vahidləri üzrə nümayəndəliklər fəaliyyət göstərirdi.

Rayonun iqtisadiyyatının əsasını heyvandarlıq və əkinçilik təşkil edirdi.

Azərbaycanın rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan KP MK-nin və Nazirlər Sovetinin "Dağ rayonlarının iqtisadiyyatını daha da yüksəltmək tədbirləri haqqında", "Laçın rayonu zəhmətkeşlərinə mədəni-məişət xidmətlərini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 16 noyabr 1971-ci il və Azərbaycan KP MK-nin bürosunun "Laçın şəhərinin 50 illiyi barədə" 6 avqust 1974-cü il tarixlərdə qəbul olunmuş qərarlar rayonun sosial-iqtisadi və mədəni həyatının, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına çox böyük güclü təkan vermiş, təsərrüfatların maddi-texniki bazası xeyli möhkəmlənmiş, orta məktəb məzunlarının güzəştlə ali məktəblərə qəbuluna xüsusi yer verilmişdir.

Şəhər və kəndlər abadlaşdırılmış, şəhərlərdə 1000 nömrəlik avtomat-telefon, televiziya ötürücüsü stansiyaları qurulmuş, bütün kəndlər başdan-başa telefonlaşdırılmış, radiolaşdırılmış, elektrikləşdirilmiş, Laçın şəhərinə və rayonun 53 kəndinə təbii qaz çəkilmişdir.

Bu diqqət və qayğı sayəsində onlarla təhsil, mədəniyyət, məişət, səhiyyə obyektləri, heyandarlıq kompleksləri və sair sosial-mədəni və kənd təsərrüfatı obyektləri tikilib istifadəyə verilmişdir. Kəndlərə şosse yollar çəkilmiş, Şuşa-Laçın yolu əsaslı surətdə yenidən tikilmiş, asfalt zavodları, daş karxanaları, əhəng, pemoksol, yerli sənaye, toxuculuq sexləri istifadəyə verilmiş, Sumqayıt Alüminium və maşınqayırma zavodlarının, Bakı 1№-li tibb texnikumunun filialları açılmış, mərmər yataqları istifadəyə verilmiş, ticarət, ictimai-iaşə, mədəniyyət, rabitə və kommunal xidmətlərin şəbəkələri xeyli genişləndirilmişdir.

Görülmüş tədbirlər nəticəsində rayonda 133 idarə və müəssisə, o cümlədən 23 tikinti və 16 sənaye müəssisələri fəaliyyət göstərmişdir.

Rayonda 1 ədəd avtovağzal, 82 avtobus dayanacağı, 2130 km uzunluğunda avtombil yolları, 92 ədəd körpü, 1187 km uzunluğunda su kəməri, 33 su anbarı, cəmaşırxana, 15 km uzunluğunda mərkəzi kanalizasiya, 20 km uzunluğunda istilik şəbəkəsi, 14 hamam, 8 ədəd yanacaq doldurma stansiyası, 2636 km uzunluğunda elektrik hava xətləri, 498 km uzunluğunda qaz kəməri, 10200 km uzunluğunda radio-telefon kommunikasiya xətləri, 3 ədəd televiziya stansiyası və ötürücülər və sair mövcud olmuşdur.

1992-ci ilin mayın 18-də Laçın rayonu xəyanətin qurbanı oldu və erməni silahlı qüvvələri tərəfindən işğal edildi.

Laçının işğalı ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir.

264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 1071 nəfəri, o cümlədən 31 nəfəri hər iki valideynindən yetim qalmışdır.

Bütün var dövlətlərimizi yeraltı və yerüstü sərvətlərimiz talan-qarət olmuş, torpaqlarımız hərraca qoyulmuş, ata-baba qəbiristanlıqlarımız düşmən tapdağında qalmış, rayonun 65507 nəfər əhalisi Respublikanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

* * *

İqtisadi-təsərrüfat potensialı

Rayonda iri dövlət müəssisələrindən olan 9 heyvandarlıq sovxozu, o cümlədən Kirov adına südçülük damazlıq sovxozu, yağ-pendir zavodu, konserv zavodu, ət tədarükü və qəbulu məntəqəsi, yun və gön-dəri qəbulu idarəsi, kimya birliyi, baytarlıq müalicəxanası, tikinti materialları istehsalat birliyi, ağac emalı sənayesi, yol və tikinti quraşdırma idarəsi, Sumqayıt Alüminium və maşınqayırma zavodlarının filialları, yüngül sənaye və yerli sənaye kombinatları, iki ədəd asfalt zavod, beton zavod, texniki-təchizat birliyi, suvarma sistemləri idarəsi, 23 tikinti idarəsi, mərmər, əhəng, pemoksol və toxuculuq sexləri, iki ədəd daş karxanası, avtonəqliyyat müəssisəsi, təhsil, səhiyyə, mədəniyyət, ticarət, ictimai-iaşə, rabitə, məişət, kommunal müəssisələri və digər idarə və müəssisələr fəaliyyət göstərirdi.

Ümumiyyətlə, rayonda 133 iri və xırda idarə, müəssisə və təşkilat, 52 kolxoz, 9 sovxoz və payçı kəndli fermer təsərrüfatı fəaliyyət göstərmişdir.

* * *

Nəqliyyat infrastrukturu

Dağlıq Qarabağı Ermənistan Respublikasının Gorus rayonu ilə birləşdirən Respublika əhəmiyyətli şosse yolun uzunluğu Laçın şəhərindən Gorus rayonuna kimi 54 km, Şuşa rayonuna isə 40 km, cəmi 94 km-dir.

Respublika əhəmiyyətli Laçın-Qubadlı yolu 77 km-dir.

Rayon üzrə cəmi 2130 km uzunluğunda Respublika və yerli əhəmiyyətli yol, 92 ədəd körpü vardır.

Respublikanın paytaxtı Bakı şəhəri ilə şosse yolla ara məsayəsi 450 km, Xankəndi dəmir yolu stansiyası ilə 60 km-dir.

 

Tarixi və memarlıq abidələri

Rayonun ərazisində 200-ə yaxın tarixi, mədəniyyət və memarlır abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcə də bu ərazi çoxlu təbii sərvətləri, qiymətli minelar suları ilə zəngindir.

Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir.

Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Onlar əsasən bir tağlı və yaxud iki tağlı körpülərdir.

Rayonun ərazisində aşağıda adları çəkilən abidələr rayon ərazisində olan abidələrin yalnız 70%-ə qədərini təşkil edir.

1. Abdallar (Bəylik) kənd ərazisində: Həkəri çayı üzərində körpü XVIII əsr, daş qutu-dəmir dövrü, qəbiristanlıq.
2. Zabux kəndi ərazisində: Sümüklü qəbiristanlığı, XVI əsrə aid Xallanlı qəbiristanlığı.
3. Malıbəy kəndi ərazisində: qədim qəbiristanlıq.
4. Kosalar kəndi ərazisində IX əsrə aid Ağoğlan qəsri, qədim qəbiristanlıq.
5. Soltanlar (Hüsülü) kəndi ərazisində: 1761-ci ilə aid Soltan Əhməd sarayı, XIV əsrə aid qədim qəbiristanlıq.
6. Zeyvə kəndi ərazisində Soltanbaba türbəsi, Şeyx Əhməd türbəsi, Türbə, qədim qəbiristanlıq.
7. Qaraqışlaq kəndi ərazisində XI əsrə aid məscid, Dəmirovlu Pir-Məbəd.
8. Sadınlar kəndinin mərkəzində XVII əsrə aid məbəd.
9. Hacılar kəndi ərazisində: qədim qəbiristanlıq, bulaq (abidə).
10. Vağazin kəndi ərazisində məbəd.
11. Quşçu kəndi ərazisində XV əsrə aid Uşaq qalası, böyük Bulaq, Korca bulaq, Sadınlar qalacığı.
12. Mirik kəndi ərazisində XV əsə aid qala, məbəd.
13. Bozlu kəndi ərazisində qəbiristanlıq, Xaçın yalı ərazsində XV əsrə aid Xaçın daşı.
14. Əhmədli kəndi ərazisində XVII əsrə aid məbəd "Vəng" qəbiristanlığı.
15. Minkənd kəndi ərazisində XV əsrə aid Minkənd çayı üzərində ikitağlı, Abaxeyir ərazisində bir tağlı körpü. Məbəd.
16. Şeytanlı kəndi ərazisində Birtağlı körpü.
17. Qaragöl ərazisində məscid, qəbiristanlıq.
18. Hoçaz kəndi ərazisində mağara, məbəd.
19. Soyuqbulaq kəndi ərazisində Bulaq (abidə), Məbəd.
20. Zabux kəndi ərazisində körpü (1988-ci ildə dağıdılıb).
21. Güləbird kəndi ərazisində XV əsrə aid Qız qəbri abidəsi, dəmir dövrünə aid Kurqan, Qız qəbri (kurqan), orta əsrə aid Qədim qəbiristanlıq, Bayatı ustadı Sarı Aşığın qəbri.
22. Cicimli kəndi ərazisində XVI əsrə aid Məlik Əjdər türbəsi, XVII-XVIII əsrlərə aid türbə, orta əsrlərə aid Çoban daşı və qədim qəbiristanlıq.
23. Malxələf kəndi ərazisində XVII əsrə aid Xəlifə türbəsi, qədim qəbiristanlıq. Sınıq körpü.
24. Aşağı Fərəcan kəndi ərazisində X əsrə aid məbəd, Fərəcan Güləbird yolunda körpü, qədim qəbiristanlıq.
25. Sus kəndi ərazisində XVII əsrə aid bulaq.
26. Seyidlər kəndi ərazisində XVII əsrə aid bulaq, qədim qəbiristanlıq, Pircançay üzərində qədim körpü.
27. Pircahan kəndi ərazisində XVII əsrə aid bulaq, XI əsrə aid Qovur qalası.
28. Korcabulaq kəndi ərazisində məbəd.
29. Ziyrik kəndi ərazisində dəmir dövrünə aid Rizvan meşəsində kurqan.
30. Ərikli kəndi ərazisində XVI əsrə aid Qaraşaqqal türbəsi, araxışda türbə və qədim qəbiristanlıq.
31. Piçəniş kəndi ərazisində məbəd.
32. Şəlvə kəndi ərazisində məbəd.
33. Qorçu kəndi ərazisində məbəd.
34. Laçın şəhərində (1941-1945-ci illər) Böyük Vətən müharibəsində həlak olanların xatirə kompleksi.

1924-cü ildən sonra rayonda inşa olunmuş körpülər, bulaqlar, abidələr və abidə kompleksləri və s.

Qeyd: Ermənistan silahlı qüvvələrinin işğalı zamanı rayonda mövcud olan bu tarixi, mədəni və dini abidələr dağıdılmışdır.

 

Görkəmli şəxslər haqqında məlumat

Laçın rayonunun təbiəti, coğrafi relyefi, havası, suyu, orada yaşamış insanların bir çoxunun igid, qəhrəman, mərd, mübariz, görkəmli şəxsiyyətlər kimi yetişmələrinə və formalaşmalarına heç şübhəsiz ki, çox böyük təsir göstərmişdir.

Məhz bütün bunun nəticəsidir ki, bir vaxtlar Laçın dağlarında at oynadan Soltan bəy erməni quldurlarının hücumlarının qarşısını qəhrəmanlıqla almış və Zabuxçayda Andranikin qoşununu darmadağın etmişdir.

İsmayıl Mirzəyev, Ocaqqulu Musayev, Abdulla Hüseynov kimi görkəmli inqilabçılar məhz Laçın rayonunda yetişmişlər. 
Böyük Vətən Müharibəsində Polşa torpaqlarının azad edilməsi uğrunda gedən döyüşlərdəki şücaətinə görə laçınlı Əvəz Verdiyev Sovet İttifaqı Qəhrəmanı kimi yüksək fəxri ada layiq görülmüşdür.

O vaxtlar yerli camaatda elmə, maarifə, həvəs oyatmaq üçün 70-ci illərdə "Qabaqcıl maarif xadimi" fəxri adına layiq görülmüş, dünyalarını dəyişmiş Ələsgər Məmmədov, İdris Xəlilov, filologiya elmləri doktoru Xasay Cabbarov, fəlsəfə elmləri namizədi Salman Salahov, hazırda professor Şahbaz Muradov, tarix elmləri doktoru, professor Oktay Əhmədov, coğrafiya elmləri namizədi Malik Mirzəyev, riyaziyyat elmləri namizədi Sovet Möhbalıyev, tibb elmləri namizədi Əvəz Zeynalov, aviasiya texnika elmləri namizədi polkovnik Şamil Məmmədov, riyaziyyat elmləri namizədi Mustafa Qarayev, "Şərəf nişanı" ordenli filoloq Tofiq Nəcəfov, Baxışzadə Həsənli, Müseyib Axundov, Qurban İbrahimov, Musa Quluyev və onlarca başqa elm fədailəri gecə-gündüz əhalinin savadlanması üçün əllərindən gələni etmişlər.

Heyvandarlıqda qazanılan nailiyyətlərə görə Laçın rayonunu nəinki respublikada, hətta o vaxtlar bütün keçmiş SSRİ miqyasında tanıdan adamlar az olmamışdır.

Adi kəndli, hes bir savadı olmayan keçmiş Leninkənd sovxozunun baş çobanı Həsən Cümşüdov hələ 1936-cı ildə "Lenin" ordeni ilə, bir neçə il sonra isə onun oğlu Əkbər Cümşüdov Moskvada keçirilən Xalq Təsərrüfatı nəaliyyətləri sərgisində "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur.

70-ci illərdə Kirov adına sovxozun sağıcısı, Qəhrəman ana Şərqiyyə Vəliyeva Sosialist Əməyi Qəhrəmanı, 1980-ci illərdə isə Lenin adına sovxozun baş çobanı Cabbar Cabbarov keçmiş "SSRİ Dövlət mükafatı laureatı" adına layiq görülmüşdür.

Laçın şəhəri ilə həmyaşıd olan, ömrünün 55 ilini Laçın rayonunun ictimai-siyasi, sosial-iqtisadi həyatının inkişafına sərf etmiş, "Şərəf nişanı", "Xalqlar dostluğu", "Oktyabr inqilabı", 3 ədəd Qımızı əmək bayrağı və "Azərbaycan bayrağı" ordenləri ilə təltif olunmuş Muradxan Cabbarov bu gün də bütün çətinliklərə sinə gərərək köçkünlük dövründə öz qaynar fəaliyyətini uğurla davam etdirir.

Qarabağ torpaqları uğrunda gedən döyüşlərdə fədakarlıq göstərmiş və ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı kimi fəxri ada layiq görülmüş həmyerlilərimiz mərhum Kamil Nəsibov, İsrafil Şahverdiyev, Oktay Güləliyev, Fazil Mehdiyev, Qorxmaz Eyvazov və onlarca "Azərbaycan bayrağı" və digər ordenlərə layiq görülmüş mərd, mübariz insanlar məhz Laçın rayonunun yetirmələri olmuşdur.

Xəbərlər
Redaktorun seçimi