Mirzə İbrahimovun “nəhəng siyasi səhvi”
1956-cı ildə Azərbaycan Konstitusiyasına dövlət dili haqqında maddə necə daxil edilib? Tarixi həqiqətin üzə çıxarılmasına ehtiyac var. Bu həqiqətin ortaya qoyulmasında fərdi mülahizə və yozumumuzdan daha çox, arxiv sənədlərinə, o illərin qəzet materiallarına əsaslanacağıq...
Müsəllim Həsənov,
tədqiqatçı-jurnalist
Biz indi haqq dünyasında olan və anadan olmasının 100 illiyi Azərbaycan prezidentinin sərəncamı ilə təntənəli qeyd edilən Mirzə İbrahimovdan qəhrəman, əzabkeş, ən başlıcası dissident obrazı yaratmaq niyyətində deyilik. Buna heç ehtiyac da yoxdur.
Lakin tarixi həqiqətin üzə çıxarılmasına ehtiyac var.
Və biz bu həqiqətin ortaya qoyulmasında fərdi mülahizə və yozumumuzdan daha çox, arxiv sənədlərinə, o illərin qəzet materiallarına əsaslanacağıq. Söhbət ötən əsrin 50-ci illərindən gedir...
Avqust, 1956-cı il
Azərbaycan SSR Ali Sovetinin dördüncü çağırış, üçüncü sessiyası öz işinə başlamışdı.
«Deputat yoldaşlar! Fərmanlar haqqında məruzəyə keçməzdən əvvəl, icazə verin, Azərbaycan SSR-in Dövlət dili haqqında Konstitusiyamıza əlavə maddə daxil edilməsi barəsində Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin təklifini sizin müzakirənizə təqdim edim. Azərbaycan dili respublikamızda dövlət dilidir. Lakin bu, məlum olduğu kimi, Konstitusiyamızda əks etdirilməmişdir».
Bu parça sessiyada Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, deputat S.M.Cəfərovun çıxışından götürülüb.
Sonra deputat Cəfərov sovet hakimiyyəti illərində Azərbaycan dilinin inkişafından, bu dilin artıq dövlət dili səviyyəsinə qalxdığından danışaraq çıxışını belə yekunlaşdırır: «Bütün bunları nəzərə alaraq Azərbaycan dilinin respublikamızda dövlət dili olması barəsində Konstitusiyamıza xüsusi bir maddə əlavə etmək tamamilə məqsədə uyğundur».
Həmin dövrdə Konstitusiyaya dövlət dili haqqında maddə daxil edilməsi nə demək idi?
İlk baxışda hər şey normal sayıla bilərdi. Hər kəsin rus və ya Azərbaycan dilində təhsil almaq istəyi təmin olunmuşdu. Hər iki dildə məktəblər mövcud idi. Azərbaycan dilində oxumaq heç kimə qadağan edilmirdi.
Azərbaycanın dövlət atributu sayıla biləcək himni, gerbi, bayrağı var idi. Üstəlik respublikamızın istənilən vaxt SSRİ-dən ayrılmaq «huququ» da saxlanılmışdı.
Konstitusiyaya dövlət dili haqqında maddənin əlavə edilməsi isə dövlət atributlarına daha bir əlavə, özü də ciddi əlavə demək olardı. Təbii ki, burada müstəqilliyə meylin simptomları da yox deyildi. Məsələni qanun şəklində rəsmiləşdirmək üçün isə kifayət qədər praktik əsaslar var idi. O illərdə azərbaycanca teleqramları qəbul etməmək halları olur, Azərbaycan dilində yazılmış ərizələrə cavab verilmirdi. Vətəndaşların şikayət ərizələri ana dilini bilməyən məmurların əlinə düşür və heç bir tədbir görülmürdü. Bir sözlə, dövlət idarələrində əsas yazışmalar rus dilində aparılırdı.
Dil məsələsinə sessiyada münasibət bildirən ilk natiq deputat Rəsul Rza olur. O, respublikanın bir sıra problemlərindən söz açdıqdan sonra Azərbaycan dilinə qayğı və diqqətin qat-qat artırılması zərurətini vurğulayaraq deyir: «Elə bir vəziyyət yaratmaq lazımdır ki, Azərbaycan dilinin gərəkliliyini, onun dövlət əhəmiyyətini hamı dərindən dərk etsin». Sonra R.Rza səhiyyə naziri Vəli Axundovun məruzəsinə istinad edərək bildirir: «Axundov yoldaş hər yerdə ruscadan mexaniki tərcümə olan 100 çarpayılıq xəstəxana, çarpayıların sayı və s. deyirdi. Biz heç bir zaman xəstəxanada çarpayınız varmı demirik, biz deyirik yer varmı. Xəstəxanada 100 yer var, 10 yer var. Biz heç vaxt klubda 500 stul var demirik. Biz filan qədər yer var deyirik. Axundov yoldaş Azərbaycan dilini yaxşı bilir, bəs necə olub ki, o, azərbaycanca edəcəyi məruzəni əvvəlcə rusca yazmışdır. Mən Axundov yoldaşı qınamıram. Görünür, o, öz şöbə və müəssisələrindən məruzə üçün lazımi arayışlar tələb edəndə ona bu materialları Azərbaycan dilində vermirlər. O da məcbur olur tərcümə elətdirsin».
Natiq axırda məsələnin ciddiliyini belə əsaslandırır: «Bu gün Azərbaycan dilini öyrənmək, bu dildə iş aparmaq, bu dildə təhsil almaq sahəsində bir sıra ciddi nöqsanlar vardır. Respublikamızın maarif naziri M.Məmmədov yoldaş burada oturmuşdur. Şübhəsiz, o bilir ki, ildən-ilə məktəblərdə Azərbaycan dilində təhsil alan uşaqların sayı azalır. Bu ilk nəzərdə bir cümlədir. Lakin bu cümlənin dalında elm, ədəbiyyat və sənətimizin taleyi durur. Bu bizi ciddi düşündürməyə bilməz. Doğma Azərbaycan dilinin formal yox, əsl həqiqətdə bütün həyat və işimizdə, kommunizm qurmaq uğrundakı mübarizəmizdə özünə layiq yeri tutmasını təmin etmək lazımdır».
Sessiyada çıxışına Rəsul Rzaya istinadla başlayan Mirzə İbrahimov: «Konstitusiyamıza Azərbaycan SSR dövlət dili haqqında xüsusi maddə əlavə etmək məsələsi sessiyanın müzakirəsinə verilmişdir. Bu göstərir ki, milli məsələdə buraxılmış təhriflərin aradan qaldırılması üçün, Lenin milli siyasətinin doğru yerinə yetirilməsi üçün respublika təşkilatları tədbir görürlər. Biz dövlət dili məsələsini yoldaş Voroşilovla məsləhətləşəndə o, bu təklifi çox hörmətlə qarşıladı və lazımlı hesab etdi».
...Hələ ötən əsrin 40-cı illərindən başlayaraq Mirzə İbrahimov yazıçı kimi öz məqalələrində Azərbaycan dilinin saflığı məsələsini, dilin daha da inkişafı problemlərini qaldırır, bu barədə mülahizələrini müzakirəyə çıxarırdı. 50-ci illərin ortalarında M.İbrahimov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri seçilir və artıq dil məsələsini yazıçı kimi yox, ictimai xadim, dövlət xadimi kimi qaldırır. Azərbaycan SSR Konsitusiyasına Azərbaycan dilinin dövlət dili status barədə xüsusi maddə əlavə edilməsinin təşəbbüsçüsü olur. O vaxtlar SSRİ-də millətlərarası ünsiyyət vasitəsi, deməli, dövlət dili rus dili idi, bütün müttəfiq respublikalar da bu qaydaya tabe idilər. Bəs onda Mirzə İbrahimov niyə «köhnə bazara təzə nırx qoymaq» isətəyirdi? Bu addım partizanlıq idi, yoxsa SSRİ hökumətinə meydan oxumaq? Təbii ki, heç biri.
Həmin dövrdə artıq Stalin vəfat etmiş, şəxsiyyətə pərəstişin nəticələrini ifşa edən məlum XX qurultay keçirilmiş, stereotiplər darmadığın olunmuşdu. Ölkənin idarə edilməsində bir qədər liberallaşma hökm sürürdü. Respublika rəhbərlərindən biri olan Mirzə İbrahimov yaranan əlverişli məqamdan bacarıqla faydalanmaq istəyirdi. Buna görə də o, Azərbaycan dilinin dövlət dili elan olunması məsələsini Mərkəzi Komitənin o vaxtkı birinci katibi İmam Mustafayevlə, digər vəzifəli şəxslərlə müzakirə edir və nə qədər qəribə də olsa, hamının razılığını alır. Lakin ona məsləhət görülür ki, bu məsələni Moskva ilə özü razılaşdırsın. Həmin vaxtlar belə məsələləri, xüsusən də dil məsələsini Moskva ilə razılaşdırmadan həll etməyin qeyri-mümkün olduğunu xatırlatmağa yəqin ki, ehtiyac yoxdur.
Mirzə İbrahimov Moskvaya gedir
və SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Voroşilovla məsləhətləşir. O, Azərbaycanda dillə bağlı yaranan çətinliklərdən söz açır və Konstitusiyada müvafiq dəyişiklik olunması zərurətini bildirir. K.Voroşilovun «Məgər sizin öz diliniz öz respublikanızın dövlət dili deyil» sualı razılıq əlaməti kimi qəbul olunur və Mirzə İbrahimov Bakıya böyük ruh yüksəkliyi ilə qayıdır.
Arxivdə M.İbrahimovun Azərbaycan KP MK-ya 20 iyul 1956-cı il tarixdə yazdığı 01/85 nömrəli məktubu saxlanılır. O, məktubda Konstitusiyaya dövlət dili haqqında maddə əlavə olunması zərurətini əsaslandıraraq fikrini belə yekunlaşdırır: «Həmin məsələ haqqında mən bu il iyul ayının 17-də Moskvada SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri K.Y.Voroşilov yoldaşla məsləhətləşdim. Voroşilov yoldaş belə bir əlavənin məqsədə müvafiq olduğunu təsdiq etdi.
Respublikanın dövlət dili haqqında Azərbaycan KP MK bürosunun qərar layihəsini müzakirənizə təqdim edirəm.
Konstitusiyaya ediləcək əlavəni Azərbaycan SSR Ali Sovetinin bu il avqustun 15-də çağırılan sessiyasının müzakirəsinə verməyi məsləhət görürəm».
İyulun 24-də Azərbaycan KP MK bürosu «Azərbaycan SSR-in dövlət dili haqqında» məsələni Azərbaycan SSR Ali Sovetinin növbəti üçüncü sessiyasının müzakirəsinə vermək barədə qərar qəbul edir və məsələ sessiyanın müzakirəsinə çıxarılır.
Avqustun 20-də öz işinə başlayan sessiyada M.İbrahimov yol verilmiş səhvlərdən danışır: «Ayrı-ayrı idarələrimizdə Azərbaycan dilinə etinasız yanaşmaq kimi hallara yol vermək olmaz. Təəssüf ki, belə hallar bəzən baş verir. Misal üçün, Azərnəşrdə 25 ildən artıq hesabat işləri Azərbaycan dilində aparılmışdır. Mühasibin dəyişməsi üzündən bir müddət işlər burada Azərbaycan dilində aparılmadı. Əlbəttə, belə şeylər səhvdir və görünür ki, Mədəniyyət Nazirliyi məsələnin kəskinliyini dərk edə bilmədiyindən buna yol vermişdir».
O, çıxışının sonunda deyir: «Biz hamımız, bütün məsul işçilərimiz ana dilini mükəmməl surətdə bilməlidir və ana dilini bilməmək ayıbdır».
Sual oluna bilər: Həmin 50-ci illərdə sovet cəmiyyəti o dərəcədə liberallaşmışdı, sovet dövləti o dərəcədə zəifləmişdi ki, ayrıca götürülmüş bir müttəfiq respublikada rus dilinin sıxışdırılması hesabına milli dilin üstünlük qazanması labüd olmuşdu? Təbii ki, yox. Sovet dövləti zəifləməmişdi. İdeoloji iş də unudulmamışdı. Müttəfiq respublikalarda rus dilinin gözdən salınması da qeyri-mümkün idi. Bu fikrin təsdiqi kimi bircə faktı xatırlatmaq kifayətdir. Azərbaycan SSR Ali Sovetinin sessiyası geçirilən günlərdə Daşkənddə Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızstan, Qazaxstan və Azərbaycan SSR məktəbləri və maarif nazirlikləri işçilərinin bu respublikaların milli məktəblərində rus dili tədrisinin yaxşılaşdırılması məsələlərinə dair respublikalararası elmi konfransı açılmış və həmin konfrans beş gün davam etmişdi. Yəni rus dili və rus dilinin tədrisi qətiyyən unudulmamışdı. Maraqlıdır ki, həmin konfrans indiki dillə desək, yalnız müsəlman respublikalarını əhatə edirdi.
Daşkənddə Azərbaycan maarif nazirinin müavini ilə təmsil olunmuşdu.
Bakıda isə deputatlar Konstitusiyaya yeni maddə əlavə edirdilər.
Ali Sovetin qəbul etdiyi qanun aşağıdakı kimi rəsmiləşdirilmişdi:
“Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR Dövlət dili barəsində maddə əlavə edilməsi haqqında Qanun
Maddə 1. Azərbaycan SSR Konstitusiyasına (Əsas Qanununa) Azərbaycan SSR Dövlət dili haqqında maddə daxil edilsin və həmin maddə 151-ci maddə ilə aşağıdakı məzmunda yazılsın:
«Maddə 151. Azərbaycan SSR-nin Dövlət dili Azərbaycan dilidir.
Azərbaycan SSR ərazisində yaşayıb azlıq təşkil edən millətlərə həm öz mədəniyyət idarələrində, həm də dövlət idarələrində ana dilini sərbəst inkişaf etdirmək və işlətmək hüququ təmin edilir».
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri M.İbrahimov
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi S.Cəfərov.
21 avqust 1956-cı il”.
Bir müddət keçir və Mirzə İbrahimov yeni Qanunun tətbiqi ilə əlaqədar öz mülahizələrini «Kommunist» qəzetində dərc etdirir. «Azərbaycan dili dövlət idarələrində» adlı həmin məqalədə M.İbrahimov sovet hakimiyyətinin ilk illərindən fərqli olaraq son 15-20 ildə dil sahəsində kobud təhriflərə yol verildiyindən danışaraq, «bəzi idarələrdə və bəzi adamlarda Azərbaycan dilinə qarşı biganə, laqeyd münasibət yarandığından» narazılığını və narahatlığını bildirir: “Hələ onu demirik ki, vətəndaşların Azərbaycanca olan ərizələrinə, yaxud bu və ya digər Azərbaycanca olan yazılara ana dilində cavab verməyən, ya da tamamilə cavabsız buraxan bürokratlar da tapılır.
...Bəziləri də idarənin «xüsusiyyətini» bəhanə gətirirlər. Məsələn, deyirlər ki, Maliyyə Nazirliyi sistemində guya Azərbaycan dilini işlətmək çətindir və sair».
Rəyasət Heyətinin sədri Azərbaycan dilini bilməyənlərlə bağlı görülən tələsik və kütləvi tədbirlərə də toxunur: «Dövlət idarələrində işin Azərbaycan dilində aparılması o demək deyildir ki, Azərbaycanca bilməyən bir vətəndaşı cavabsız buraxasan, yaxud onun şikayətinə anlamadığı dildə cavab verəsən. Təbiidir ki, bu da yanlış bir hərəkət olar. Belə vətəndaşlara rus dilində cavab vermək, yəni onu başa salıb təmin etmək lazımdır».
Bu məqalə yazılanda dil haqqında qanun artıq iki ay idi ki, fəaliyyət göstərirdi və şübhəsiz, M.İbrahimov keçirdiyi qürur hissini də gizlədə bilmirdi: «Respublikanın dövlət idarələrində və ictimai təşkilatlarında işlərin Azərbaycanca aparılması isə qanuni bir haldır. Çünki bir xalqın öz idarələrini ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz».
M.İbrahimovun keçirdiyi hissləri başa düşmək çətin deyil. Çünki sovet cəmiyyətinin siyasi elitasında liberal ovqatın üstünlük təşkil etməsinə baxmayaraq, həmin dövrdə də Azərbaycan dilinin dövlət dili kimi rəsmiləşdirilməsi adi və sadə məsələ deyildi.
Məsələnin qeyri-adiliyini aradan təxminən il yarım keçəndən sonra Mirzə İbrahimovun tutduğu vəzifədən azad olunması da sübut edir.
1958-ci il yanvarın 22-də Ali Sovetin altıncı sessiyası çağrılır və orada M.İbrahimovun ərizəsi oxunur:
«Son zamanlar səhhətimin pisləşdiyini və ədəbi yaradıcılıqla daha müntəzəm məşğul olmaq arzumu nəzərə alaraq, məni Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən azad etməyi xahiş edirəm...
Mirzə İbrahimov,
Bakı şəhəri, 21 yanvar 1958-ci il».
Azərbaycan KP MK-nın birinci katibi İ.D.Mustafayev iclasda deyir: «Yoldaş Mirzə İbrahimov çoxdan bizdən xahiş edir ki, biz ona ədəbiyyat və mədəniyyət sahəsində işləməyə imkan yaradaq. Mənim zənnimcə, deputatlar bu xahişi üzürlü hesab edib, Mirzə İbrahimov yoldaşın Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsindən azad edilməsinə icazə verərlər».
Deputatlar və Ali Sovet həqiqətən də icazə verdi...
Qeyd etmək lazımdır ki, yüksək vəzifədən azad edilməsi M.İbrahimovun iki-üç gün sonra Azərbaycan KP MK-nın XXII qurultayının rəyasət heyətində oturmasına, orada çıxış edib yenə də ana dilinin saflığı barədə fikirlər söyləyib, çıxışını «Azərbaycan zəhmətkeşlərinin proletar beynəlmiləlçiliyi ruhunda tərbiyə edilməsi vəzifələrindən» danışmaqla yekunlaşdırmasına mane olmadı. O, həmin qurultayda yenidən Azərbaycan KP MK-nın üzvü, mart ayında isə Nuxa (Şəki) dairəsindən SSRİ Ali Sovetinə deputat seçildi. Çünki M.İbrahimov yüksək vəzifədən azad olunsa da tamam atılmamış, unudulmamışdı. Elə həmin sessiyada əslində heç bir səlahiyyəti olmayan bir vəzifəyə təyin olunmuşdu - indi sadəcə Ali Sovetin sədri idi. Həmin vəzifədən isə 1959-cu ilin noyabrında azad ediləcəkdi.
* * *
Ötən əsrin 50-ci illərinin qaydalarına və ideoloji kanonlarına görə Konstitusiyaya Azərbaycan dilinin dövlət dili olması barədə maddə daxil etməklə Mirzə İbrahimov çox böyük “siyasi səhvə” yol vermişdi. Və ona görə də tutduğu yüksək vəzifədən azad olunmuşdu.
Sovet rejimi milli məsələlərə son dərəcə həssas yanaşdığından, daha doğrusu, belə məsələlərin gündəmə gətirilməsindən qorxduğuna görə Mirzə İbrahimovu sadəcə vəzifəsindən azad etməklə kifayətlənə bilməzdi.
Ona görə də maraqlıdır ki, o illərdə bu məsələ ilə bağlı M.İbrahimova başqa təzyiqlər də olmuşdumu? Şübhəsiz, olmuşdu.
Yazıçı özü 1991-ci ildə çapdan çıxmış «Ana dili - hikmət xəzinəsi» kitabında bu mövzuya ötəri toxunur: «Dilimizin dövlət idarələrində daha geniş şəkildə işlədilməsi yolundakı mübarizədə mənim o zaman çəkdiyim əzab və iztirablar yəqin çoxlarına məlumdur...»
Bu əzab və iztirablar isə çoxlarına yox, əsasən o dövrdə yaşayan və işləyən adamlara məlumdur. Çünki o vaxtkı qəzetlər belə məsələləri geniş işıqlandırmırdı. Məsələn, 1959-cu ilin iyununda Azərbaycan KP MK-nın zəhmətkeşlər arasında kütləvi-siyasi işin vəziyyətinə dair plenumu olmuşdu. Bu barədə «Kommunist» qəzetində dərc edilmiş hesabatda deyilirdi: «Plenum qeyd etdi ki, M.Ə.İbrahimov yoldaş məruzədə və MK üzvlərinin çıxışlarında haqlı olaraq tənqid edilmiş, səhvlərinə - keçmiş işi dövründə buraxdığı səhvlərə öz çıxışında partiya prinsipiallığı ilə yanaşmadı». Vəssalam.
İbrahimov yoldaş niyə tənqid edilmişdi, hansı səhvləri buraxmışdı, təbii ki, bu barədə bir kəlmə də deyilmirdi. Həmin «səhvlərin» mahiyyətini fəhmlə plenumun qərarında tapmaq olar: «...daim zəhmətkeşlərə izah etsinlər ki, Azərbaycan xalqı özünün bütün müvəffəqiyyətləri üçün Kommunist Partyasının müdrik rəhbərliyinə, böyük rus xalqının və SSRİ-nin başqa xalqlarının qardaşlıq yardımına minnətdardır».
Milli qəhrəman, əzabkeş, yoxsa?..
İllər keçsə də həmin plenumun materialları arxivdə saxlanılır. Plenumda M.İbrahimov çıxış edərək bildirir ki, «mən respublika Ali Sovetinə gələndə hər həftə adamları qəbul eləyirdim... Yerli dili bilməmək, yerli dilə ayrı-ayrı yoldaşlar tərəfindən göstərilən etinasızlıq dövlət və partiya işinə zərər vurmuşdu, buna qarşı çıxmaq lazım idi. Biz belə işlərə qarışmalı, ona qarşı çıxış etməli idik, yoxsa beynəlmiləl tərbiyə haqqında dediklərimiz boş ibarələr və ritorikadır. Beynəlmiləlçiliyi yalnız Lenin milli siyasəti əsasında tərbiyə eləmək olar.
Əlbəttə, bizim respublika, bizim yurd, bizim Azərbaycan bu siyasət sayəsində, böyük rus xalqının və partiyanın köməyilə ona nail olmuşdur ki, dilimizdə milyonlarla nüsxə kitab çap olunur...»
Plenumda M.İbrahimov bu ruhda 25 dəqiqə çıxış edir, ona əlavə də vaxt verilir.
Plenumda digər natiqlərin də çıxışı maraq doğurur. Lakin biz həmin adamların əksəriyyətinin dünyasını dəyişdiyini nəzərə alaraq heç kimin adını çəkmədən bəzi çıxışlardan parçalar verməklə kifayətlənirik. Plenumda Azərbaycan dilində danışanların nitqinin üslubunu olduğu kimi saxlamışıq.
«...Mirzə İbrahimov yoldaş... məruzədən düzgün nəticə çıxarmadı.
...Mən onun şahidiyəm ki, Mirzə İbrahimov yoldaş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri olduğu müddətdə bu məsələni çox ardıcıllıqla, səbirsizliklə həyata keçirməyə çalışırdı. Bunu yoldaşlar təsdiq edə bilərlər.
...Mən də öz xalqımı sevirəm. Bütün qüdrətim, bacarığım ilə xalqıma xidmət edirəm. Lakin bu yol ilə xalqın mənafeyini qaldırmaq olmaz. Bu, səhv yoldur.
...Məni bağışlayın, bir qədər əsəbiləşirəm. Çünki respublikanın belə bir qızğın vaxtında belə məsələ qaldırmaq bizim üçün ayıbdır».
Xatırladaq ki, söhbət Azərbaycan dilinin dövlət dili élan olunmasından gedirdi. «Belə bir məsələ qaldırmağın ayıb» olduğunu söyləyən isə Azərbaycanın mədəniyyət naziriydi...
«...Mən sizin kitabınızın necə meydana gəlməsi məsələsinə qarışmayacağam, mən bilmirəm siz nə yazmısınız, çünki uzun müddət respublikada olmadığımdan Azərbaycan dilində çox çətin oxuyuram».
Bu da 59-cu ilin reallığı idi. Orada nə yazıldığını bilməyən şəxs kitab barədə söz deyirdi. Özü də sərt söz!
«Azərbaycan dili» kitabını oxuya bilməyən həmin azərbaycanlı söz sərrafı olan M.İbrahimovu... Xruşşovun nitqindən «estetik həzz» almağa çağırırdı: «...Xruşşov yoldaşın nitqini mən də oxumuşam, özü də onun nitqlərini iki dəfə oxuyuram ki, başa düşüm. Mən də onun çıxışından estetik həzz almışam. Mən də Xruşşov yoldaşın qəlbinin dahi Lenin incəliyinə heyran qalmışam. Bəs sizin qəlbiniz necədir?»
Şərhə ehtiyac yoxdur. Deməyə isə ehtiyac var ki, bu fikirlərin müəllifi o dövrdə Azərbaycan sənayesinə rəhbərlik edirdi...
«...Yoldaş İbrahimov ona əsaslanır ki, kimsə «mən fransız dilində yazılmış ərizəni başa düşmək istəmirəm» - deyərək məzuniyyətlə bağlı ərizəni geri qaytarıb. Məgər bir-iki faktdan ümumi nəticə çıxartmaq olar?
...Mən yazıçı kimi İbrahimov yoldaşa həmişə böyük hörmət bəsləmişəm və bəsləyirəm, lakin Mirzə İbrahimov yoldaş bu tribunadan bizim heç cür razılaşa bilmədiyimiz nəhəng siyasi səhvindən danışmalıydı. Cürbəcür dedi-qodulara səbəb olan bu təşəbbüs onundur. Kim nə deyir-desin, sovet Azərbaycanı Lenin Rusiyasına, partiyanın leninçi Mərkəzi Komitəsinə sadiq olub və əbədi sadiq olacaq».
Bu fikirlər Sumqayıt Şəhər Partiya Komitəsinin başçısına məxsusdur.
«...Bir ay, ayyarım bundan əvvəl mən büro üzvlərinə İbrahimov yoldaşı partiya intizamına çağırmaq barədə demişdim. Çünki biz belə bir vəziyyətlə razılaşa bilmərik ki, M.İbrahimov tribunaya qalxanda onu bütöv 15 dəqiqə alqışlasınlar. Bu alqışların səbəbi bizə aydın deyil. Belə çıxır ki, o, milli qəhrəmandır, əzabkeşdir və buna görə cəzalandırılıb».
Mirzə İbrahimovun alqışlanmasından narahat olan, bunun səbəbini anlamayan şəxs respublika rəhbərlərindən biri idi... Və o, bir məsələdə haqlı idi. Həmin illərdə və bir neçə il sonra da M.İbrahimovun çıxışları dinləyici auditoriyasında alqışlarla qarşılanırdı. Və bu alqışların sədası korşalmayan yaddaşlarda bu gün də yaşamaqdadır. Məsələn, indi 70 yaşını ötmüş şair Tofiq Abdin xatırlayır: “60-cı illərin əvvəllərində Elmlər Akademiyasının binasında Yazıçılar İttifaqının hansısa bir tədbiri keçirilirdi. Həmin tədbirdə Mirzə İbrahimova söz veriləndə təxminən on dəqiqə əl çaldılar. Sakitlik yarananda Mirzə müəllimin qürur hissiylə yarızarafat, yarıgerçək ilk sözü bu oldu ki, sizin bu alqışlarınız «dostlar»ımla mənim arama sədd çəkir...»
Yenə də həmin «dostlar»ın 1959-cu ilin iyun ayında keçirilən plenumdakı çıxışına qayıdaq:
«...Mən təklif edərdim ki, bizdə M. İbrahimov kimi bir çox yazıçılar vardır ki, onları işləmək üçün kəndlərə göndərsinlər. Müəyyən vəzifələr götürsünlər, qoy onlar kənddə yaşasın, sonra da yazmağa başlasınlar».
Bu təklifi Puşkin (indiki Biləsuvar) Rayon Partiya Komitəsinin katibi vermişdi. Və həmin katib M.İbrahimovun çıxışı barədə demişdi: «Belə çıxışlar ancaq bizə ziyan vura bilər. Ona görə deyə bilərəm ki, Azərbaycan partiya təşkilatı, Bakı partiya təşkilatı Lenin partiya təşkilatının qabaqcıl dəstəsi olmuş və qabaqcıl dəstəsi olaraq yaşayacaqdır. Yaşasın İnternasionalizm!».
Stenoqramda elə belə də yazılıb: «İnternasionalizm!» Və təbii ki, mötərizədə də «Alqışlar» sözü...
Həmin natiqin Qasım İsmayılov (indiki Goranboy) rayonundan olan həmkarı isə rəngləri daha da tündləşdirməyə üstünlük verirdi: «Lenin dilinin öyrənilməsindən gənclərin müəyyən hissəsini soyutmaqda İbrahimovun böyük təsiri vardır. Belə ki bu dil məsələsi çıxandan sonra gənclərin bir hissəsi rus dilini öyrənməkdən imtina etmişlər».
Katib necə ilhamlanmışdısa, Azərbaycan xalqının özünün mövcudluğunu da böyük rus xalqının yardımı ilə əlaqələndirməkdən çəkinməmişdi: «Azərbaycan xalqının varlığı, onun nailiyyətləri, onun inkişaf yolu ancaq və ancaq böyük rus xalqının yardımı ilə... bağlıdır. Böyük rus xalqının yaratmış olduğu Sov. İKP MK-nın köməkliyi nəticəsində Azərbaycan xalqı suveren bir xalq kimi yaşayır və inkişaf edir».
Bu, o vaxtkı raykom katibinin düşüncə tərzi idi!
«Obyektiv dünyanı görmək üçün bir qədər obyektiv olmaq lazımdır». Yazıçıya bu məsləhəti isə səhiyyə naziri verirdi...
Əslində M.İbrahimovun özü də Kommunist Partiyasının, sovet rəhbərliyinin ünvanına dəfələrlə kifayət qədər tərif söyləmişdi. Hətta SSRİ Ali Sovetinin sessiyasında çıxışlarından birinə bu gün üçün çox süni görünən aşağıdakı cümlə ilə başlamışdı: «Deputat yoldaşlar! Hindistan, Birma və Əfqanıstana çətin və şərəfli səfər etməklə sülh uğrunda mübarizədə çox böyük və həqiqətən tarixi bir iş görmüş olan Bulqanin və Xruşşov yoldaşlara Azərbaycan xalqı adından səmimi təşəkkür edirəm».
Yəni M.İbrahimov özü də o dövrün, o şəraitin adamı idi. Ona görə də M.İbrahimov həmişə, necə deyərlər, üzdə olmuş, sovet cəmiyyətinin yazıçıya, ziyalıya verdiyi bütün imtiyazlardan kifayət qədər bəhrələnmişdi. Elə bircə faktı xatırladaq ki, o, 40-cı illərin ikinci yarısından başlayaraq, demək olar ki, ömrünün sonuna qədər SSRİ və ya Azərbaycan Ali Sovetinin deputatı olmuşdu. Bizcə, yazıçı Anarın bir fikrini burada xatırlatmaq yerinə düşər: «Mirzə İbrahimov öz dövrünü təmsil edirdi--bu dövrün ən mühüm ədəbi və ictimai-siyasi təzahürlərini təmsil edirdi. Onun ömür yolu və şəxsiyyəti parlaq bir şəkildə Vaxtın ifadəsiydi--Vaxtın miqyaslarını, aldanışlarını, sərt və amansız oyun qaydalarını əks etdirirdi».
Azərbaycan dili "çarmıxa çəkilir"
Bütün bunlardan sonra Mərkəzi Komitənin plenumunun iştirakçıları yazıçının «Azərbaycan dili» kitabının müzakirəsinə keçir. Konkret səhifələrdən konkret sitatlar oxunur. Oxunur və sual verilir: «Məgər marksist-leninçi nöqteyi-nəzərə görə tutduğu vəzifədən asılı olmayaraq kimisə Azərbaycan dilini bilməyə məcbur etmək olarmı? Əgər o, gözəl mühəndisdirsə, həkimdirsə və s. siz ona necə deyə bilərsiniz ki, Azərbaycan dilini bilmək onun vətəndaşlıq borcudur?»
«Bizdə Azərbaycan dilinə qarşı mübarizə aparan kimdir ki? Yoldaş İbrahimov, siz Azərbaycan dili uğrunda kiminlə ölüm-dirim mübarizəsi aparmaq istəyirsiniz?» Görünür, məsələnin son dərəcə gərgin şəkil aldığını görən M.İbrahimov yerindən cavab verir: «Mən çox üzr istəyirəm, bu məqalə Təbrizdə, İran despotlarına yönəlmiş demokratik hərəkatın qaynar çağında yazılıb...» Bundan sonra stenoqramçı yazıçının nə dediyini eşidə bilmir.
«Kitab «Azərbaycan dili» adlanır, orada Bakı, yaxud Təbriz haqqında heç nə deyilmir».
Bu fikir isə tribunadan səslənir.
M.İbrahimov yenidən cavab vermək istəyir və heç nə eşidilmir. Tribunada dayanan natiq bu dəfə əsəbi şəkildə «özünü mədəni qələmə verən adam hətta oturub qulaq asmağı da bacarmır»,-deyir.
Sonra yenə də kitabdan sitat oxunur. Mirzə İbrahimov yerdən «ondan sonrakı ifadəni də oxuyun» deyir. Hiss olunur ki, kitabdan ayrı-ayrı cümlələri oxumaqla onun günahını bir az da artırmaq niyyəti güdülür. Hətta rus çarı haqqında yazılanlar da yazıçıya irad tutulur: «Məgər xalq haqqında, çar haqqında danışarkən çarın əməllərini xalqın ayağına yazmaq olarmı? ...Siz yazırsınız ki, çarizm rus xalqını bədnam edir. Burada rus xalqının nə günahı var?»
Müzakirələrin gərgin vaxtında M.İbrahimov özünü saxlaya bilmir və yenə də yerindən hansısa natiqə «niyə siz bu barədə mən məsul vəzifədə olanda demirdiniz» sualını verir.
Növbəti cavabsız sual!
Respublika partiya təşkilatının katiblərindən biri dillə bağlı proseslərin şovinizmə meydan açdığını əsaslandırmaq üçün nümunə də göstərir: «8-ci sinif şagirdi, rus balası - familiyasını unutmuşam, çünki bu iki il əvvəl olub,- Xruşşov yoldaşa məktub yazır ki, niyə azərbaycanlılar çox səs-küy salır, Azərbaycan dili haqqında danışırlar. Niyə rusların Azərbaycandakı missiyasını onlar başa düşmürlər. Axı niyə Azərbaycan dili nəinki rus məktəblərində, həm də Azərbaycan məktəblərində keçilir, Azərbaycan dilində danışmaq nəyə lazımdır? Hələ biz burada belə dəhşətli həyat şəraitinə dözürük, tədbir görün. 8-ci sinif şagirdi».
Natiq zala müraciətlə sual verir: «Onu kim buna vadar edib, 14-15 yaşlı oğlan uşağı haradan belə şovinist olub?» Orijinal cavab da həmin katibin özünə məxsusdur: «Görünür, əks reaksiyadır. Millətçi elementlərin fəallaşması, şübhəsiz, şovinist elementlərin fəallaşmasına səbəb olub».
Həmin natiqin gətirdiyi daha bir misal: «İnstitutda milliyyətcə erməni olan bir yoldaş rus dilində çıxış edib, onu tribunadan qovurlar ki, ya Azərbaycan dilində danış, ya da tribunadan düş! Bütün bu faktları kimin ayağına yazaq?»
Katib məsələnin bu cür qoyuluşundan sonra başı bəlalı «Azərbaycan dili» kitabından sitat oxuyur və həmin sitatdan özünün çıxardığı nəticəni elan edir: «Belə çıxır ki, Azərbaycanda dillər arasında bərabərlik yoxdur, millətlər arasında bərabərlik yoxdur, ona görə də Azərbaycanda yaşayan millətlər arasında dostluq ola bilməz!"
Sərt və ciddi ittihamdır, elə deyilmi? Hələ bu, respublika rəhbərlərindən birinin dedikləri ilə müqayisədə xeyli yumşaqdır: «Biz istəmirik, yoldaş İbrahimov, yaxşı və istedadlı yazıçı kimi sizi itirək, ancaq elə etməyin ki, siz özünüz özünüzü itirəsiniz».
Yaxşı ki, 37-ci il deyildi! 59-cu il idi və elə həmin plenumda M.İbrahimov özündə rəhbərliyə Mircəfər Bağırovun taleyini və idarəçilik üsulunu xatırlatmaq cəsarəti də tapa bilmişdi!
Müzakirələrin sonunda yenidən söz alan yazıçı çıxışına belə başlayır: «Yoldaşlar, mən sizdən artıq dərəcədə xahiş edirəm, bir qədər dözüm göstərib məni dinləyəsiniz». Qısa girişdən sonra o, dil məsələsinin üzərinə gəlir: «Bəli, bu məsələni mən qaldırmışam. Vəziyyət necə idi? Həmin günlərdə Mustafayev yoldaş Ali Sovetin Rəyasət Heyətinə gəlmişdi. O dedi ki, mən etiraz etmirəm, büro iclası olacaq, gəlin fikir mübadiləsi aparaq. Mən soruşdum ki, rəsmi məktub yazımmı? O dedi, yox. Büroda, yadımda deyil, neçə adam var idi, amma kvorum olduğu yadımdadır. Orada fikir mübadiləsi apardıq, etiraz edən olmadı. SSRİ Ali Sovetinin sessiyası olacaqdı, mənə dedilər ki, Moskvaya gedirsən, Rəyasət Heyətində bunu da razılaşdırarsan. Mən bu tapşırığı yerinə yetirdim və qayıdan kimi Fərman layihəsini təqdim etdim. Əmin idim ki, MK qərar çıxarmazdan əvvəl bu məsələni Sov. İKP MK ilə razılaşdıracaq. Niyə məsələ Sov. İKP MK ilə razılaşdırılmayıb, mənə məlum deyil».
M.İbrahimovun bu arayışı da təsadüfi deyildi. Bir qədər əvvəl tribunadan səslənmişdi ki, «bu məsələ dəfələrlə büroda müzakirə olunub. Biz bir neçə dəfə onu təxirə salmışıq. Nəhayət, M.İbrahimov məktub təqdim etdi ki, guya bu məsələ SSRİ Ali Sovetinin Rəyasət Heyəti ilə tam razılaşdırılıb. Bizim səhvimiz ondadır ki, M.İbrahimovun bu razılaşdırmasına baxmayaraq, məsələni Sov. İKP MK qarşısında qaldırmalıydıq. Biz bunu etmədik, M.İbrahimovun nüfuzuna arxayın olduq».
Bizcə, Mirzə İbrahimovun özünün və kitabının «çarmıxa çəkildiyi» plenumdan gətirdiyimiz sitatlar kifayətdir. Maraqlı, həm də qəribədir ki, plenumda dillə bağlı məsələdə yekdillik nümayiş etdirən həmin məmurlar bu məsələ Ali Sovetdə müzakirə olunub qanun şəklinə salınanda ağızlarına su almışdılar. Həmin qanun elə bu cür yekdilliklə də qəbul olunmuşdu. Bu da 50-ci illərin reallığı idi.
...Aradan otuz il keçəcək və Mirzə İbrahimov tənqidçi Aleksandr Qriçlə söhbətində dil məsələsi ilə bağlı fikrini belə bildirəcəkdi: «Dövlət dilinin geniş dövlət fəaliyyətinə tətbiqi tədricilik, planlılıq və hazırlıq tələb edən prosesdir. Həmin qanun da başqa qanunlar kimi bir növ hərəkətin istiqamətini göstərən vektor idi. Ötən onilliklərdə həyat göstərdi ki, bu istiqamət real imiş. Düşünürəm ki, az müddət ərzində qüvvədə qalsa da həmin qanun Azərbaycan dilinin Azərbaycanda layiqli yer tutmasında öz pozitiv rolunu oynayıb. Hər halda Çingiz Aytmatovun yana-yana göstərdiyi hadisə - Qırğızstanda qırğız dilinin başına gələnlər Azərbaycan dilindən yan ötdü».
M.İbrahimovun ahıl yaşında dediyi bu fikirlərlə razılaşmamaq günah olardı...
Moskvanı qəzəbləndirən daha bir qanun
1958-ci ilin ortalarında SSRİ-də məktəb islahatı keçirmək barədə qanun layihəsi hazırlanır və layihə müzakirə üçün mətbuatda dərc olunur. Eyni zamanda bildirilir ki, müttəfiq respublikalar bu qanuna uyğun təkliflərini müzakirəyə çıxara bilərlər.
Artıq o vaxtlar milli dilin inkişafı və işlənməsi ilə bağlı adamlarda ruh yüksəkliyi var idi. SSRİ qanununun layihəsində yazılmışdı ki, valideynlər övladlarını istədikləri dildə oxuda bilərlər. Bu da Azərbaycanda birmənalı qarşılanmamış, respublika rəhbərlərinin əl-qolunu açmışdı. İş o yerə çatmışdı ki, bu qanun qəbul edilərkən SSRİ Ali Sovetinin sessiyasında Azərbaycandan çıxış edən iki deputat ehtiyatla da olsa dil məsələsinə toxunmuşdu.
Deputat T.Ə.Allahverdiyev: «Kairov yoldaş təklif etdi ki, məktəblərdə hansı dillərin öyrənilməsi məsələləri müttəfiq respublikaların Ali Sovetləri tərəfindən nəzərdən keçirilib həll edilsin. Mənim fikrimcə, bu tədbir tamamilə doğrudur və müttəfiq respublikaların huquqlarını genişləndirmək vəzifələrinə uyğundur».
Deputat F.M.Xəlilova: «...Milli dili öyrənmək də şagirdlər (təbii ki, yerli millətdən olmayanlar nəzərdə tutulur,--M.H.) üçün zəruridir. Bu, məktəbi bitirdikdən sonra həmin yerdə onların işləmələrini asanlaşdırar».
SSRİ qanunu qəbul edildikdən sonra Azərbaycanda da müvafiq qanun layihəsi hazırlanıb Mərkəzi Komitə bürosuna çıxarılanda dil məsələsi yenidən aktuallaşır. Büronun bəzi üzvləri bildirirlər ki, qanun belə qəbul olunsa heç kim rus dilindən imtina etməyəcək. Amma qeyri-azərbaycanlılar Azərbaycan dilini öyrənməyəcəklər. Ana dili müəllimləri işsiz qalacaq və s. və i.a.
Ona görə də qanun layihəsi hazırlanır və layihəyə Azərbaycan dilinin məcburi öyrənilməsi barədə maddə daxil edilir. Sonra isə qərara alınır ki, Nazirlər Sovetinin sədr müavini Süleyman Vəzirov və Mərkəzi Komitənin elm və məktəblər şöbəsi müdirinin müavini Məmmədəli Zeynalov layihəni razılaşdırmaq üçün Moskvaya göndərilsinlər.
M.Zeynalov sonralar – 2001-ci ildə o hadisəni belə xatırlayırdı:
-Bizi Sov.İKP MK-nın elm və təhsil bölməsinin müdiri Kuzin qəbul etdi. O, artıq layihə ilə tanış idi. Ona görə də içəri girən kimi üzünü mənə tutub dedi: «Molodoy çelovek, prejde çem pisat, nado dumat, priçem nado dumat umom. Vı znaete çto vı sdelali? Vı podqotovili zakon, kotorıy protivoreçit zakonu SSSR».
Bir sözlə, nümayəndələr Moskvadan əliboş qayıdırlar. Ystəlik qanunun müzakirəsində iştirak etmək üçün Moskvadan Kovalyov familiyalı nümayəndəni də bunlarla Bakıya göndərirlər. Lakin İmam Mustafayevin təşəbbüsü ilə həm Bakının, həm də Moskvanın variantı səsə qoyulur və yerli layihə keçir. Bundan sonra məsələ böyüyür, Bakıda dil probleminə son qoymaq üçün Moskvadan geniş tərkibli komissiya gəlir və bu yoxlamanın nəticələri Sov. İKP MK səviyyəsində müzakirəyə çıxarılır.
Həmin müzakirənin nəticəsi kimi 1959-cu ilin martında Azərbaycan SSR Ali Sovetinin sessiyası «Məktəbin həyatla əlaqəsini daha da möhkəmləndirmək...» haqqında üç ay əvvəl qəbul etdiyi qanuna düzəliş etməli olur: «...Azərbaycan dilində və ya başqa dillərdə dərs keçilən məktəblərdə rus dilinin öyrənilməsi, habelə rus dilində və ya başqa dillərdə dərs keçilən məktəblərdə Azərbaycan dilinin öyrənilməsi şagirdlərin və onların ata-analarının arzusuna görə aparılır...»
Qanunun əvvəlki variantında yazılmış «Azərbaycan SSR Nazirlər Sovetinə tapşırılsın ki, Azərbaycan SSR məktəblərində Azərbaycan, rus dillərinin və xarici dillərin öyrənilməsi» ifadəsi də redaktə olunur və yeni variantda dillərin öyrənilmə ardıcıllığı belə sıralanır: «...rus, Azərbaycan, habelə xarici dillərin öyrənilməsi».
Doğrudur, həmin sessiyada bu dəyişikliyə etiraz cəhdi də olur. Deputat Mehdixan Vəkilov (S.Vurğunun qardaşı-M.H.) deyir: «...Şükürova yoldaşın məruzəsindən belə məlum oldu ki, Azərbaycan SSR Konstitusiyasının müvafiq maddəsində yazılmışdır ki, məktəblərdə təhsil ana dilində olmalıdır. Lakin bu günkü qanun layihəsində belə oxundu ki, təhsilin hansı dildə uşağa verilməsini ata-anaların razılığı ilə həll etmək olar, yəni ata-analar hansı dildə istəyirsə, uşaqlarını o dildə oxuda bilərlər. Bilmirəm, Konstitusiyanın bu maddəsi o qanun layihəsinin oxunan maddəsinə zidd çıxmırmı?»
İ.D.Mustafayev: «...Qanunda qəbul edilən maddə ilə Konstitusiya arasında mən bir fərq görmürəm».
Görülən tədbirlər Moskvanı təmin etmir və 1959-cu ilin iyulunda Sov.İKP MK katibi N.Ə.Mühiddinovun iştirakı ilə Azərbaycan KP MK-nın daha bir plenumu - doqquzuncu plenumu keçirilir və İ.D.Mustafayev birinci katib vəzifəsindən azad edilir.
O vaxt həmin plenum barədə mətbuatda dərc olunmuş məlumatda deyilirdi: «Son zamanlar zəhmətkeşlərin beynəlmiləl tərbiyəsi məsələlərinə diqqət zəiflədilmişdir. Tamamilə aydın olan dil məsələsi də dolaşıq salınmışdır...»
Plenumun gündəliyində «dolaşıq salınan dil məsələsi» də olduğu üçün Mirzə İbrahimov unudula bilməzdi. Qəzetlərdə dərc olunan qısa hesabatda yazılmışdı ki, «plenumda habelə Azərbaycan KP MK-nın üzvü M.Ə.İbrahimov yoldaş haqqında bir sıra tənqidi sözlər deyilmişdir. M.İbrahimov yoldaş öz çıxışında buraxdığı səhvləri boynuna almış və öz əməli fəaliyyətində bu səhvləri düzəldəcəyinə söz vermişdir».
Mirzə İbrahimovun etirafı
Artıq Mirzə İbrahimov inqilabçılıq eləyə bilməzdi. Dissidentlik vaxtı da deyildi. «Səhvlərin» etiraf olunması dövrü idi. Və Mirzə İbrahimov etiraf etdi. Amma necə?
«Mən sizin qarşınızda etiraf edirəm ki, həqiqətən, dövlət dili haqqında məsələ qaldırarkən, həyatda yarancaq mümkün çətinlikləri görə bilməmişəm, dərindən düşünməmişəm. Niyə bu məsələni qaldırdım?» Sonra o səbəbləri sadalayır və deyir: «Mən Molla Nəsrəddinin vəziyyətinə düşdüm. Məlumdur ki, özlərini vicdanlı hesab edən bir qrup kəndli Molla Nəsrəddini dilə tuturlar ki, məmurlardan şikayət üçün onlarla Teymurləngin yanına getsin. Əsəbiləşmiş Teymurləngi görən kimi hamı qaçır və Nəsrəddin geri baxanda bir nəfər də vicdanlı adam qalmadığını görür. Dil məsələsində mənimlə, demək olar ki, bu cür rəftar etdilər. Bu yaxşı iş deyil».
M.İbrahimov haqlı idi. İndi hamı - vaxtilə bu məsələdə onu, necə deyərlər, dəstəkləyənlər də əleyhinə danışırdı.
Nazim Hikmətin o vaxtlar Bakıya səfəri ilə bağlı bir hadisə isə hər iki plenumda yazıçının başına qaxınc olmuşdu: «Nazim Hikmətin dövlət universitetinin müəllim və tələbələri ilə görüşü olur. Rəyasət heyətinə bir kağız göndərilir. Nazim Hikmətə sual verirlər ki, əgər azərbaycanlı ziyalı Azərbaycan dilini bilmirsə, yaxud Azərbaycan dilində danışmırsa ona nə ad vermək olar?
Görünür, N.Hikmət bu kağızı oxumur və suala cavab vermir. M.İbrahimov dərhal kağızı götürür, oxuyur və deyir: Bu adamı əclaf adlandırmaq olar!
Sizin ideyalılığınız budur, yoldaş Mirzə İbrahimov, tələbə auditoriyası qarşısında belə şeylər danışırsınız!»
Bu misalı iyul plenumunda, Moskva nümayəndələrinin yanında təkrarlayan natiqə M.İbrahimovun cavabı maraqlıdır. O, Nazim Hikmətin «inastranes» adlandırılmasına əsəbiləşərək deyir: «Kimdir bu «inastranes»? -İngilis atteşesi, amerikan səfiri, yoxsa türk paşası? O öz Vətənində təqib olunub Sovet İttifaqında sığınacaq tapan kommunistdir, sülh uğrunda mübarizdir! Siz isə qışqırırsınız-»inastranes», «inastranes»! Siz rəngləri tündləşdirməyi çox sevirsiniz. Bu filosof danışığı deyil, partiya işçisi danışığı da deyil, yaramaz prokuror danışığıdır!»
Stenoqramçının qeydi: «Zalda canlanma»...
Görünür, həmin rusdilli həmvətənimizin ittihamları yazıçını təbdən çıxarıbmış. O, demişdi: «Tovariş İbraqimov prosto raspoyasalsya...»
Biz bu cümləni tərcümə etmirik. «Raspoyasatsya» sözünün lüğətdə qarşılığı belədir: qudurmaq, həyasızlaşmaq, azğınlaşmaq. Tərcümə üçün hansı variantı seçməyi oxucuların ixtiyarına veririk...
50-ci illərdə AzərTAC-ın direktor müavini işləyən və daha çox tərcüməçi kimi tanınan mərhum Cəlil Xəlilov bu hadisələrin şahidi kimi vaxtilə danışırdı:
-Hansı ildə olduğu yadımda deyil, Dzerjinski adına klubda fəallar yığıncağı keçirilirdi. Əvvəlcə Mərkəzi Komitənin ideoloji məsələlərə baxan katibi Abdulla Bayramov məruzə etdi, yol verilmiş nöqsanlardan danışdı. Yadımdadır, Mirzə İbrahimov tribunaya qalxanda əlində yazılı çıxışı var idi. Amma o, mətni kənara qoyub rus dilində sərbəst danışmağa başladı. İclasda Moskvadan gələn komissiya üzvləri də oturmuşdu. Mirzə İbrahimov çıxışına A.Bayramovun məruzəsini tənqidlə başladı. Ədəbiyyatla bağlı tənqidi qeydlərin səhv olduğunu bildirdi. Məruzədə Neft Daşları ilə bağlı hansısa əsərdə respublika əhalisinin milli tərkibinin düzgün əks etdirilmədiyi irad tutulmuşdu. Mirzə müəllim dedi ki, bədii əsəri bu cür qiymətləndirmək olmaz. Beynəlmiləlçilik qəhrəmanların milli tərkibi ilə yox, obrazların özlərinin beynəlmiləlçiliyi ilə ölçülməlidir. Sonra dünya ədəbiyyatından, rus ədəbiyyatından nümunələrlə fikrini izah etdi. Dedi ki, Qorkinin «Ana» romanında bütün qəhrəmanlar ruslardır, amma bu əsər ən beynəlmiləlçi romandır. Düzdür, çıxışının sonunda dil məsələsi ilə bağlı səhvlərə yol verdiyini etiraf etdi. Lakin bütövlükdə o qədər məntiqli, o qədər ağıllı çıxış etdi ki, hətta iclasa yekun vuran moskvalı komissiya sədri «zameçatelnıy reç İbraqimova» sözlərini dilinə gətirdi, halbuki iclas əsasən onun tənqid edilməsinə həsr olunmuşdu.
Mirzə İbrahimovun «səhv»ini etiraf etməsi üçün bu tədbir də kifayət etmədi. Görünür, tənqid və tənələr davam edib və həmin ilin dekabrında Mirzə İbrahimov «Kommunist» qəzetində «Qardaşlıq dili» adlı məqalə dərc etdirərək rus dilinin Bakı fəhlələri arasında ünsiyyət vasitəsi olmasından ilhama gəldiyini «gizlədə bilməyib» və konkret bir fəhlə briqadasının həyatından bəhs edən yazıda yenidən «etiraf etməli» olub: «Etiraf etməliyəm ki, mən respublika Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində işlərkən dil məsələlərində buraxdığım bəzi səhvləri məhz burada, bu gözəl briqadanın üzvləri arasında daha aydın başa düşdüm. Azərbaycan dilinin işlənməsində bu və ya digər qüsurun qarşısını almaq istərkən mən bəzi hallarda məsələnin doğru həllini tapa bilməmişəm, birtərəfli tədbirlərə aludəlik göstərmişəm. Azərbaycan KP MK doqquzuncu plenumu mənim bu səhvlərimi haqlı olaraq tənqid etdi. Söz yox ki, gələcək işimdə və yazılarımda mən partiyanın bu tənqidini nəzərə alacağam...»
O, yazısını həmin dövrün ruhuna uyğun, lakin indiki gənclərin gülüşünə səbəb ola biləcək cümlə ilə bitirib: «...sovet yazıçılarının üçüncü ümumittifaq qurultayında Nikita Sergeyeviç Xruşşov yoldaşın çağrışı bütün sovet yazıçılarına olduğu kimi mənə də ruh və ilham verir».
Məhz ruh və ilham!
Anar «Əlvida, Mirzə müəllim!» adlı məqaləsində yazır: «Vaxtın bütün mürəkkəbliyini və ziddiyyətlərini təcəssüm edən insanları mühakimə etməyə indi bizim haqqımız varmı? Mənim fikrimcə, yoxdur».
Biz də belə fikirləşirik...
P.S. Maraqlıdır ki, 1956-cı ilin avqustunda Konstitusiyamıza daxil edilmiş dövlət dili haqqında maddəni dəyişdirmək nədənsə sonralar unudulmuş, bu maddə formal da olsa, 30 ildən çox qüvvədə qalmışdır. Çətinliklərə baxmayaraq həmin maddə əvvəlcə 1978-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada, Azərbaycan müstəqillik qazandıqdan sonra isə 1995-ci il Konstitusiyasında təsbit edilərək real yaşamaq hüququ qazanmışdır.
►Zəruri xatırlatma
Mirzə Əjdər oğlu İbrahimov
Azərbaycan sovet yazıçısı, dramaturq, ictimai xadim. 1911-ci il oktyabrın 15-də Cənubi Azərbaycanın Evə kəndində anadan olub.
1942-46-cı illərdə Azərbaycan SSR-in maarif naziri, 1946-50-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini vəzifələrində çalışıb.
1946-54-cü illərdə Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin sədri olub.
1954-58-ci illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri vəzifəsində çalışıb.
1965-75-ci illərdə Yazıçılar İttifaqının birinci katibi olub.
Birinci çağırışdan başlayaraq xırda istisnalarla, demək olar ki, ömrünün sonuna qədər SSRİ və ya Azərbaycan SSR Ali Sovetlərinin deputatı kimi fəaliyyət göstərib.
Xalq yazıçısı, əməkdar incəsənət xadimi fəxri adlarını alıb, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları laureatı olub.
İki dəfə Lenin ordeni ilə təltif olunub. 60 illiyində «Oktyabr İnqilabı» ordeni alıb, 70 illiyində Sosialist Əməyi Qəhrəmanı adı.
«Gələcək gün», «Böyük dayaq», «Pərvanə» romanlarının, «Həyat», «Madrid», «Kəndçi qızı», «Közərən ocaqlar» pyeslərinin, çoxlu hekayə və elmi məqalələrin müəllifidir. “Böyük dayaq” filminin ssenari müəllifidir.
1993-cü il dekabrın 17-də vəfat edib.