“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.06.2014, 18:12
4771

Azərbaycan intibahı: problemlər, mülahizələr

A- A+

Orta əsrlərin sonu, yeni dövrün əvvəlləri Azərbaycanın mənəvi-mədəni həyatında intibah dövrüdür — bu elə bir dövrdür ki, xalqın milli istedadı bir neçə əsrdə o qədər zəngin mədəniyyət yaradır, xalq sonrakı əsrlərdə məhz həmin mədəniyyətə, həmin etnokulturoloji sistemə dayanaraq yaşayıb inkişaf edir...

Nizami Cəfərov

AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor

Orta əsrlərin sonu, yeni dövrün əvvəlləri Azərbaycanın mənəvi-mədəni həyatında intibah dövrüdür — bu elə bir dövrdür ki, xalqın milli istedadı bir neçə əsrdə o qədər zəngin mədəniyyət yaradır, o qədər əsaslı etnokulturoloji sistem formalaşdırır ki, xalq sonrakı əsrlərdə məhz həmin mədəniyyətə, həmin etnokulturoloji sistemə dayanaraq yaşayıb inkişaf edir.

70-ci illərin sonu, 80-ci illərin əvvəllərində aparılan tədqiqatlar Azərbaycan intibahşünaslığının bir sıra problemlərinə toxunsa da, o, bir sistem kimi, əslində tədqiqatdan kənarda qaldı. Çünki intibah epoxasının özü düzgün müəyyən edilmirdi, ona görə də Azərbaycan intibahına həsr olunmuş XI—XII əsrlər Azərbaycan mədəniyyətinin tədqiqinin keyfiyyətinə müsbət təsir etsə də, intibahşünaslıq nəzəriyyəsinin inkişafına, demək olar ki, təsir etmədi... Hər şeydən əvvəl, Azərbaycan intibahı problemi Şərq intibahı probleminin tərkib hissəsi kimi qoyuldu, Şərq intibahı problemi adlandırılan məsələyə isə diferensial yanaşılmadı. Ümumiyyətlə, Şərq mədəniyyətinə münasibətdə avropasentrizm meyilləri çox vaxt məhz avropasentrizmə qarşı mübarizə kimi təqdim olunurdu — bunun ən sadə forması Şərqi qeyridiferensial şəkildə götürüb, bu və ya digər mübahisənin predmeti etməkdir... Kontraktlar nə qədər güclü olsa da, şübhəsiz, bu və ya digər mədəniyyəti etnik əsaslardan məhrum etmir.

Şərq (yaxud ümumşərq) mədəniyyəti anlayışını ancaq şərti məzmunda başa düşmək olar (biz də o mənada işlədirik); bu şərtilik ondan ibarətdir ki, Şərq xalqları mədəniyyətlərinin regional konsentrasiya dövrləri var ki, bu zaman müəyyən mənada ümumşərq keyfiyyətləri yaranır; məsələn, IX—XIII əsrlər müsəlman mədəniyyətində ərəb, fars və türk mədəniyyətləri birləşir, normativ mədəniyyət meydana çıxır...

"Azərbaycan intibahı" dedikdə tədqiqatçılar, əsasən, XI—XII əsrlərdə Azərbaycan mədəniyyətinin çiçəklənməsini ön plana çəkirlər (Problema azerbaydjanskoqo Renessansa, Baku, izd. "Elm", 1984), lakin sual olunur: doğrudanmı XI—XII əsrlər Azərbaycan mədəniyyəti tipologiyası etibarilə intibah mədəniyyəti hesab edilməlidir?

İntibah, birinci növbədə etnik mədəniyyətə, milli mifoloji təfəkkürə qayıtmaq hesabına mümkündür, halbuki XI—XII əsrlər Azərbaycan mədəniyyətində bu cəhət müşahidə edilmir, XI—XII əsrlər Azərbaycan mədəniyyəti tipoloji baxımdan ümumşərq mədəniyyətinin tərkib hissəsidir, ona görə ki, Azərbaycan mədəniyyətinin XI—XII əsrlərdəki çiçəklənməsi ümumşərq bazasının hesabınadır, müsəlman mədəniyyətinin ümumi yüksəlişi Azərbaycan türk mədəniyyətini də ehtiva edir. Şübhəsiz, müsəlman mədəniyyəti öz xarakteri etibarilə humanist mədəniyyət idi, lakin milli mədəniyyət deyildi; burada türk komponentinin iştirakına gəldikdə isə demək lazımdır ki, bu, ayrıca tədqiqat tələb edir.

XI—XII əsrlərdə müsəlman mədəniyyətinin bir tipoloji hadisə olması onun antik mədəniyyətə (xüsusən ellin mədəniyyətinə) münasibəti birtiplidir; belə ki, müsəlman mədəniyyətinin mövcud olduğu ölkələrdə — Ərəbistanda, Orta Asiyada, İranda, eləcə də Azərbaycanda antik mədəniyyət daha qədim Şərq mədəniyyəti yaddaşının əsasında dərk oluna-oluna həzm edilir. Şərq mədəniyyəti yaddaşında isə e.ə. IV minillikdən III—V əsrlərə qədərki böyük bir dövrdə gah bu, gah da digər ərazidə lokallaşan (lakin tədricən ümumşərq keyfiyyəti qazanan) mədəniyyət ehtiva olunur. IX—XIII əsrlər müsəlman mədəniyyəti qeyri-adi hadisə idi, mədəni-ictimai fikrin çiçəklənməsi idi, lakin milli intibah deyildi, — müsəlman mədəniyyətini yaradan xalqlar daha dərin qatlarda öz mədəniyyətləri ilə də məşğul olurdular, hətta iş elə gətirdi ki, milli mədəniyyətin intibahı məhz müsəlman mədəniyyəti ilə mübarizədə, ona oppozisiya kimi meydana gəldi. İntibah milli özünüdərketmə faktıdır, milli mədəniyyətin təşəkkülü ərəfəsidir, — bu baxımdan yanaşdıqda da XI—XII əsrlər Azərbaycan mədəniyyəti intibah mədəniyyəti olmaqdan uzaqdır. Müsəlman mədəniyyəti, bir qayda olaraq, şəhərlərdə təşəkkül tapır, — XI—XII əsrlərdən XV—XVI əsrlərədək türk xalqlarının məskun olduğu ərazilərdəki şəhərlərin, demək olar ki, hamısı  müsəlman mədəniyyətinin dayagı kimi diqqəti cəlb edir. Etnik mədəniyyət şəhərə ancaq o halda gəlib çıxır ki, müsəlman mədəniyyəti ilə kompromisə girsin; halbuki intibah dövrü Avropa şəhərlərində mədəniyyət, əsasən, etnik əsaslar üzərində inkişaf etmişdir. Ona görə də orta əsrlər Azərbaycan şəhəri ilə intibah dövrü Avropa şəhərini tarixi-ictimai, mədəni strukturu etibarilə eyni tipoloji hadisə hesab etmək düzgün deyil və elə bilirik ki, "Nizami İntibah şəhərinin şairidir" (professor Arif Hacıyev) fikri tamamilə absurddur.

XI—XII əsrlərdə Azərbaycan şəhərləri həqiqətən inkişaf etmişdi; Təbriz, Gəncə, Şamaxı, Beyləqan, Naxçıvan, Marağa, Dərbənd, Bərdə kimi şəhərlər "möhtəşəm saraylara, gur bazarlara, məscid, kilsə, mədrəsə, karvansara və hamamlara, su və kanalizasiya xətlərinə" (A. Hacıyev) malik idi, lakin bu şəhərlər türk mədəniyyətini klassik keyfiyyətində yaşatmağa qabil olmur. Ümumiyyətlə, tədqiqatçılar XI—XII əsrlərdə Azərbaycan intibahının mövcudluğunu göstərmək üçün XI—XII əsrlər Azərbaycan şəhərinin məhz intibah şəhəri olduğunu sübut etmək istəyirlər, — bu, bütünlüklə Avropa mizanıdır; nəzərə alaq ki, nəinki Avropa intibahı, eləcə də onun əsasında dayanan antik mifologiya da şəhərdə formalaşır, türk mifologiyası barədə isə bunu demək mümkün deyil.

Şərq mədəniyyəti ilə Qərb mədəniyyəti arasında IV—V əsrlərdən XI—XII əsrlərə qədər körpü olan Bizans mədəniyyəti də şəhər mədəniyyəti idi və əlavə edək ki, təsərrüfat iqtisadi, ictimai-inzibati, mədəni həyatın strukturuna görə xüsusilə XI—XII əsrlərdə Bizans şəhərləri Azərbaycan (yaxud Orta Asiya, İran) şəhərlərindən, demək olar ki, fərqlənmir, bu isə onu göstərir ki, XI—XII əsrlərdə Şərqdə qarşısıalınmaz şəkildə ictimai mədəni təfəkkürün konsentrasiyası prosesi gedir, etnik mədəniyyətə həssaslıq zəifləyir, bu cür vəziyyətdə intibah mümkün deyil... Avropanın təcrübəsi də bunu sübut edir; necə ki, xristian mədəniyyəti bütün Avropa üçün ümumi idi, intibah mümkün deyildi, — elə ki, XIV əsrdən başlayaraq milli mədəniyyətlərin təşəkkülü prosesi gedir, intibah da yetişir, — və görünür, "ali tipologiya" dedikdə məhz bu münasibəti nəzərdə tutmaq lazımdır.

Guya "xalqın mədəniyyətinin qədimliyi deyil, məhz onun tarixində inkişaf etmiş feodalizmin mövcudluğu İntibah hərəkatının təzahürü üçün ilk şərtdir — "sənətkarlıq və ticarət şəhərləri olmayan yerdə inkişaf etmiş feodalizm yoxdur; inkişaf etmiş sənətkarlıq və ticarət olmayan yerdə İntibah da yoxdur" (A. Hacıyev). Əlbəttə, mədəniyyətin inkişafı şəhərin inkişafından asılı olub, onunla şərtlənə bilər, lakin bu cür vulqarcasına yox; Şərq şəhəri ilə Qərb şəhərinin milli mədəniyyətə münasibətində ciddi fərqlərin mövcud olması da həmin mülahizənin nöqsanlı olduğunu göstərir.

XI—XII əsrlər Azərbaycan, ümumən müsəlman mədəniyyətinin Avropa analoqu varmı? — bu suala cavab verməzdən əvvəl A. Hacıyevin tipik bir müqayisəsi üzərində dayanaq; o yazır: "...Məntiq, fizika, zoologiya, botanika, fəlsəfə, təbabət — Aristoteldən sonra Şərqdə "ikinci müsəlman" adlandırılan İbn Sinanın (Avisenanın) fəaliyyət dairəsi belədir. Nizami Gəncəvi, Əbdülrəhman Cami, Əlişir Nəvai kimi poeziya nəhənglərinin idrak dairəsi də belə geniş idi...". Əgər İbn Sina (eləcə də N. Gəncəvi, Ə. Cami, Ə. Nəvai...) Aristotel məktəbinə mənsubdursa, o intibahın faktı ola bilməz — adi analoji məntiq var; müsəlman mədəniyyətini tipoloji hadisə kimi ancaq müxtəlif mənşəli mədəniyyətlərin konsentrasiyası ilə müqayisə etmək mümkündür. Ona görə də demək olar ki, XI—XII əsrlər Azərbaycan, ümumən müsəlman mədəniyyətinin antik dövrdən sonrakı Avropada analoqu yoxdur... İntibah mədəniyyətini realist təfəkkür yetirir, halbuki XI—XII əsrlər Azərbaycan mədəniyyətini bu cəhətdən xarakterizə etmək mümkün deyil. A. Hacıyev yazır: "Şəxsiyyətə İntibahın verdiyi qiymət Nizaminin qadın qəhrəmanlarının — Şirinin, Fitnənin, Nüşabənin xarakterlərində də öz təsdiqini tapır. Onlar ikonalardakı müqəvva xanımlar yox, qüvvətli fəal şəxsiyyətlərdir".

Şübhəsiz, Şirin, Fitnə və Nüşabə surətləri heç bir intibahın  məhsulu deyil, bunlar müsəlman mədəniyyəti kontekstinə etnik təfəkkürdən gəlir (özü də deformasiya ilə gəlir, məsələn, amozonkalar barədə antik müəlliflərin qeydlərini xatırlamaq mümkündür) — XI—XII əsrlərdə bu cür surətlərin meydana çıxması etnik mədəniyyətin müsəlman mədəniyyətində həzm  olunmadığını göstərir, halbuki XIII—XVI əsrlərdə "heyrət, ey büt!" məntiqinə də diferensial yanaşmaq lazımdır, — bu, İ. Nəsiminin kontekstində bir cür, M. Füzulinin kontekstində başqa cür dərk edilir. Deməli, o hadisə ki, intibahın faktı kimi götürülür, əslində tipik (daha doğrusu, perspektiv olan) hadisə deyil.

A. Hacıyev qeyd edir ki, "XI—XII əsrlərdəki Azərbaycan şəhərlərinin hamısı İntibah səciyyəli deyildi və ola da bilməzdi (?); o da həqiqətdir ki, bir sıra ictimai-iqtisadi səbəblər üzündən Azərbaycanın şəhərləri, deyək ki, məsələn, İtaliyanın İntibah şəhərləri qədər daxili iqtisadi inkişaf səviyyəsinə nail ola bilməmişdilər (?!). Elə buna görə də, (!) bizcə, XI—XII əsr Azərbaycanında ilkin İntibahdan danışmaq olar. Eyni zamanda, bu İntibaha "hazırlıq mərhələsi" haqqında (X əsrdə Bərdə şəhərinin çiçəklənməsi) və İntibah hərəkatının daha sonrakı, monqol istilaları dövründəki (XIII—XIV əsrlər, hürufizm, Nəsimi poeziyası) taleyi haqqındakı məsələyə keçmək olar".

İntibah mədəniyyətinin mövcud şəhərlərin iqtisadi inkişaf səviyyəsindən asılılığı barədəki kifayət qədər vulqar mülahizə bir yana (bu barədə artıq bəhs etdik), intibah dövrünün "mərhələlərə" bölünməsinin hansı prinsiplərə tabe olduğu da aydın deyil,— necə olur ki, N. Gəncəvinin də İ. Nəsiminin də poeziyası eyni dərəcədə intibahın faktı hesab edilir?... Ümumiyyətlə, Azərbaycan intibahının XII əsr, XIII əsrin əvvəlləri, XIII—XIV əsrlər mərhələlərindən keçməsi (yaxud N. Gəncəvi—İ. Nəsimi— M. Füzuli silsiləsi) barədəki fikir (A. Hacıyev) heç nə ilə sübut olunmur, — M. Füzulinin poeziyası İ. Nəsiminin poeziyasından, hər ikisinin poeziyası N. Gəncəvinin poeziyasından əsaslı şəkildə — tipologiyası etibarilə fərqlənir; bunları bir dünyagörüşün, intibah, yaxud qeyri-intibah dünyagörüşü olsun, məhsulu hesab etmək mümkün deyil... A. Hacıyev tərəddüd edir, "Azərbaycan" jurnalına verdiyi müsahibədə (1981, N3, səh.182) göstərir ki, "Azərbaycan İntibahı XIV əsrdə, Nəsimidə başa çatır", — M. Füzulinin intibah faktı olmadığını deyir. Bu cür geniş miqyasda tərəddüdlərin olması isə XI—XII əsrlər Azərbaycan intibahı konsepsiyasının ciddi əsaslara malik olmadığını göstərir.

A. Hacıyev intibah hərəkatının üç tipini (üç dünya dininə — buddizm, xristianlıq və İslama uyğun olaraq) fərqləndirib göstərir ki, guya hər regionda bu dinlər o regionun intibah hərəkatının özünəməxsus xarakterini şərtləndirir... N. Gəncəvi yaradıcılığını intibah faktı kimi təhlil edəndə isə belə bir keyfiyyəti qabardır ki, şair "öz poemalarının bütün süjetlərini İslam dini dünyasından deyil, kənardan almışdır" — "Nizami dinə etiqad bəsləyir, amma dini təbliğ etmir. Buna görə də onun dini görüşləri, əsasən, poemaların giriş hissələrində ifadə olunub... Girişlərdən sonra poemaların süjeti başlayır, bu süjet isə artıq insan və "insani ehtiraslar haqqındadır...", — məlum olmur ki, A. Hacıyev intibah təfəkküründə dinin təsirini necə qiymətləndirir və burada intibah keyfiyyəti nədən ibarətdir... Azərbaycan intibah hərəkatının xarakterini, formasını, tarixi inkişafını İslam dini şərtləndirirsə, N. Gəncəvi bu intibahın şairi ola-ola dini görüşlərini nəyə əsasən poemalarının girişində ifadə edir?..

XI—XII əsrlər Azərbaycan mədəniyyətinin məhz intibah mədəniyyəti olduğunun inkar edilməsi, şübhəsiz, bu mədəniyyətin ümumən inkarı deyil... Və XI—XII əsrlər Azərbaycan intibah problem konseptual baxımından özünü doğrultmasa da, ümumiyyətlə, qeyd edildiyi kimi, XI—XII əsrlər Azərbaycan mədəniyyətinin tədqiqi sahəsində mühüm addım oldu; M. İbrahimovun, M. C. Cəfərovun, Z. Quluzadənin, Q. Əliyevin, A. Hacıyevin, Q. Əhmədovun, Ə. Ağayevin, R. Əliyevin, Y. Qarayevin, A. Rüstəmovanın... maraqlı tədqiqat işləri meydana çıxdı.

XVII—XVIII əsrlər Azərbaycan mədəniyyəti isə məzmunu etibarilə intibah mədəniyyətidir, — Azərbaycan intibahşünaslığında bu məsələyə, demək olar ki, diqqət yetirilməmişdir; səbəbi ondadır ki, tədqiqatçılar intibahşünaslıqla bir sistem kimi deyil, XI—XII əsrlər mədəniyyətinin dəyərləndirilməsi vasitəsi kimi maraqlanmışlar. Məsələ bu cür qoyulmuşdur: XI—XII əsrlər Azərbaycan mədəniyyəti intibahı ətrafında gedən mübahisələrdən belə bir fikir süzülüb çıxır ki, Azərbaycan intibahı XI—XII əsrlərdə varsa var, yoxdursa, ümumiyyətlə yoxdur...

XVI əsrin əvvəllərində Azərbaycan xalqı I Şah İsmayılın (Xətai) iradəsi ilə vahid dövlət ətrafında birləşdi (şübhəsiz, bu cür birləşmə üçün iqtisadi-təsərrüfat, ictimai-siyasi, mədəni- mənəvi şərait yaranmışdı, yoxsa hətta I Şah İsmayıl kimi ictimai xadim — sərkərdə də bunu bacarmazdı, — tarixi şəxsiyyəti tarixi şərait hazırlayır), XVI əsrin sonu, XVII əsrin əvvəllərində isə xalq I Şah Abbasın "tədbirləri" nəticəsində milli dövlətdən məhrum oldu, milli birlik ideyası isə yaşayırdı. I Şah Abbasın iqtisadi siyasətinin əsasını mərkəzi vilayətləri ucqarlar hesabına inkişaf etdirmək təşkil edirdi; Azərbaycan da İran Səfəvi dövlətinin ucqarlarından idi, ona görə də bu siyasət birbaşa Azərbaycan xalqının əleyhinə çevrilmişdi, — XVI əsrdə Səfəvilər hakimiyyəti milli mədəniyyəti mühafizə etdiyi halda, XVII əsrdə onun düşməninə çevrilmişdi, ona görə də bu zamandan etibarən milli mədəniyyəti qorumaq xalqın öhdəsinə düşürdü.

XVI əsrin sonlarında bir sıra sənətkarlar, mədəniyyət əsərləri Türkiyəyə aparılır, — bu barədə "Türkiyə təzkirələrində külli miqdarda məlumat vardır" (akad. H. Araslı). XVII əsrin əvvəllərində isə I Şah Abbasın göstərişi ilə əhalinin sünnü hissəsinə divan tutulur, əlyazma kitabları, — bunların içərisində "dini kitablarla bərabər qiymətli elmi-tarixi əsərlər, külliyyatlar, divanlar da məhv oldu" (H. Araslı).

XVII əsrin birinci yarısında Azərbaycan mədəniyyəti nümayəndələrinin (o cümlədən şairlərin) İranın mərkəzi şəhərlərinə (xüsusən İsfahana) köçürülməsi paradoksal da olsa, XVII—XVIII əsrlərdə Azərbaycan mədəniyyətinin demokratikləşməsinə (deməli, inkişafına) təsir etdi; klassik ifadə tərzinin (müsəlman mədəniyyəti parametrlərinin) sübutuna təkan verildi (çünki köçürülənlər klassik ifadə tərzini təmsil edirdilər) nəticədə, xalq (folklor) ifadə tərzinin maneəsiz, başqa sözlə, rəqabətsiz inkişafı müəyyən qədər təmin olundu.

...Antik mədəniyyətin əsasında mifologiya dururdu. Azərbaycan intibahı türk mifologiyasının XVI əsrdən başlayaraq tədricən oyanması ilə meydana gəlir. Mifologiya milli mədəniyyəti yaradır. Ümumiyyətlə, milli mədəniyyət millətin tarixinə məhz mifologiya vasitəsi ilə bağlanır, çünki mifologiya bu və ya digər xalqın mənəvi mövcudluğunun göstəricisidir, xalqın təfəkkürünə ən qısa yol buradandır. XVI əsrin sonu, XVII əsrin əvvəllərindən etibarən milli dövlətini (bu dövlət yeri gələndə xalqı amansızcasına əzsə də) itirən xalq milli mədəniyyətini itirmək təhlükəsi hiss edir, ona görə də şedevrlər yaratmaqla onu qoruyur: "Koroğlu", "Əsli və Kərəm", "Aşıq Qərib", Aşıq Abbas Tufarqanlı, Sarı Aşıq, Molla Nəsrəddin lətifələri... O ki qaldı S. Təbrizi, Q. Təbrizi, Məsihi kimi klassik üslub tərəfdarlarına, əslində, onlar intibah ədəbiyyatı qarşısında hər halda gücsüz görünürlər. XVI əsrin sonlarından etibarən tarixi-ictimai fikir daha ardıcıl şəkildə milli problemlər üzərində düşünür; məsələn, I Şah Abbasın saray tarixçisi İsgəndər bəy Münşinin "Tarixi-aləmarayi-Abbasi" kitabında "yerli tarix"ə xüsusi diqqət yetirilir (İ. P. Petruşevski). XVII—XVIII əsrlər Azərbaycan intibahı Zaqafqaziya xalqlarının mədəniyyətinin inkişafına təsir göstərir; ədəbiyyatda, incəsənətin müxtəlif sahələrində — təsviri-dekorativ sənətdə, musiqidə demokratik yüksəliş erməni, eləcə də gürcü mədəniyyətinin demokratik əsaslar üzərində yenidən qurulmasına təkan verir. XVI, xüsusən, XVII—XVIII əsrlərdə Azərbaycan dili intibah mədəniyyətinə xidmət edən vasitə kimi Zaqafqaziyada ədəbi-bədii təfəkkürün əsas ifadə forması olur.

Göründüyü kimi, Azərbaycan intibahı mürəkkəb tarixi şəraitdə təşəkkül tapır, — mürəkkəblik intibah mədəniyyətinin daha çox faktlaşdığı XVIII əsrdə də qalır... XVIII əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələr Azərbaycan xalqını məcbur edirdi ki, öz taleyi barəsində düşünsün; V. N. Leviatovun göstərdiyi kimi, bir tərəfdən İran, bir tərəfdən Türkiyə, bir tərəfdən də Rusiya ölkənin istilası üçün çalışırdılar, işğalçılara qarşı mübarizə isə xalqın mənəvi birliyini  gücləndirirdi. Nadir şahın dövründə şəhər təsərrüfatı dağılırdı, — ticarət gücsüzləşirdi, sənətkarlığın inkişafı ləng gedirdi. XVII əsrin sonu, XVIII əsrin əvvəllərindən başlayaraq feodal cəmiyyəti dağılırdı. Şəhərlərin süqutu kəndin ictimai-siyasi, eləcə də mədəni rolunu artırırdı, kənd milli mədəniyyətin təmsilçisi kimi çıxış edirdi; bu da imkan verirdi ki, ümumşərq — müsəlman mədəniyyətinin yerini xalqın daxili ehtiyacını ödəyən (və onun üçün anlaşıqlı olan) mədəniyyət tutsun.

XVII—XVIII əsrlərdə şəhərlərə sığınmış ümumşərq-müsəlman estetikası (qəzəl şeirindən tutmuş həndəsi naxışlara qədər), demək olar ki, ətalətlə inkişaf edirdi; mədəni təfəkkürün mürəkkəb formaları meydana gəlmişdi, XVI əsrdə Füzuli şeiri yaranmışdı, — emosiyaların, riyazi dəqiqliklə ifadəsinin bundan mürəkkəb formalarını tapmaq mümkün deyildi... XVI əsrin əvvəllərində Şah İsmayıl Xətai bunu hiss elədi, ümumşərq — müsəlman mədəniyyətini folklor mədəniyyəti ilə qovuşdurmaq üçün tədbirlər gördü (saraya aşıq gətirdi), lakin bu cür qovuşma mümkün olmadı. XVII—XVIII əsrlərdə isə əsrlər boyu xalqın duyğularında yaşayan gözəllik hissi bütün parlaqlığı ilə təzahür etdi, normativ hadisəyə çevrildi.

Kəndin şəhər üzərindəki qələbəsi əsasən xanlıqlar dövrünə düşür. Nadir şah öldürüldükdən (1417-ci il) sonra İran dövləti dağıldı. Azərbaycanda müstəqil (yaxud yarımmüstəqil) xanlıqlar meydana gəldi: Şəki xanlığı, Qarabağ xanlığı, Quba xanlığı... Şəki xanlığı Azərbaycanın şimal-qərb, Qarabağ xanlığı cənub-qərb, Quba xanlığı isə şimal-şərq ərazilərini birləşdirmişdi. Xanlıqların təsərrüfat həyatında, əsasən, eyni münasibətlər hökm sürməkdə idi, hətta mükəlləfiyyətlər də bir-birinə uyğun gəlir (V. N. Leviatov) — bu isə onu göstərir ki, ölkədə vahid təsərrüfat sistemi mövcud imiş. Xanlıqlar dövründə şəhər təsərrüfatının tənəzzülünü tədqiqatçılar qeyd edirlər, lakin kəndin ictimai-mədəni mövqeyinin yüksəlməsi barədə, demək olar ki, danışılmır...

Xanlıqlar dövründə kənd mənəvi-mədəni yüksəlişin istinadgahına çevrilir; dastanlar, nağıllar,

bayatılar, əsasən, kənddə yaranır. Azərbaycan intibahının görkəmli nümayəndələrini — M. V. Vidadini, M. P. Vaqifi bilavasitə kənd yetirir. XVIII əsrin ikinci yarısında, eləcə də XIX əsrin əvvəllərində Azərbaycanda müstəqil xanlıqların təşəkkülü təkcə iqtisadi-təsərrüfat, yaxud ictimai-siyasi hadisə deyil, həm də mədəni-mənəvi hadisədir; azadlıq almış xalq elə bil həmin azadlıqdan maksimum istifadə etmək üçün parçalanır və bununla da tarixi yaddaşına qayıdır (daha doğrusu, tarixi yaddaşa qayıdış mədənimənəvi bütövlük üçün şərt olur) — bu dövrdə hakimiyyətlə xalq arasındakı vəsilələr minimal həddə enir, hakimiyyət o vaxta qədər görünməmiş şəkildə xalqla yaxın olur; deyək ki, Nadir şahı bütöv vilayətlərin problemləri maraqlandırdığı halda, Qarabağ xanı İbrahim xan kəndlərin məsələləri ilə də məşğul olur, ona görə də kəndin həm təsərrüfatı, həm də mədəniyyəti dirçəlir. Əlbəttə, Nadir şah zamanında da kənd idarə edilirdi, lakin bu, dövlət nəzarətindən kənar idarə idi, dərəbəylik idarəsi idi. Kənd sadəcə olaraq, şəhərə qulluq edirdi, təkcə maddi nemətləri ilə yox, həm də mənəvi nemətləri ilə qulluq edirdi. Xanlıqlar dövründə isə kənd müstəqilləşir, mənəvi-mədəni yüksəlişin dayağına çevrilir, inqilabi əhval-ruhiyyə kənddə təşəkkül tapır. Azərbaycan intibahı kəndli şəxsiyyətini görünməmiş şəkildə yüksəldir, — bu, kəndin mədəni-ictimai mövqeyinin artması ilə əlaqədardır; məhz intibah təfəkkürünün faktıdır ki, kəndli ədəbiyyata büt kimi gəlmir, — o həm nağılların, həm də lətifələrin qəhrəmanı kimi təqdim edilir.

XVII—XVIII əsrlər Azərbaycan intibahının mifoloji əsasları barəsində ciddi tədqiqatlara ehtiyac var, biz burada bəzi məsələlər üzərində dayanacağıq; bunlardan biri ondan ibarətdir ki, türk mifologiyası müsəlman mədəniyyətinin çiçəklənməsində, şübhəsiz, müəyyən rola malik olur, lakin müsəlman mədəniyyətində "ərimir", hətta sonralar bir sıra təriqət mədəniyyətlərinin müstəqilləşməsinə kömək edir, lakin yenə də reallaşa bilmir, — XVI əsrdən başlayaraq tədricən xalqın milli özünüdərki xəttinə düşür, rezonans alır və XVII əsrin əvvəllərindən etibarən bütün gücü ilə təzahür edir.

Avropa intibahından fərqli olaraq, Azərbaycan intibahı şifahi xalq ədəbiyyatına daha çox dayanır, — bunun səbəbi ümumən xalqın yazıya münasibəti ilə bağlıdır; yazıya qarşı bir etinasızlıq hökm sürmüşdü, hətta bu cür ənənəyə baxmayaraq, XVII—XVIII əsrlərdə dastanların, bayatıların yazıya alındığını görürük, — külli miqdarda belə mənbə vardır. Avropa intibahı antik mifologiyanı latın yazısı ilə birlikdə qəbul edir, Azərbaycan intibahı isə türk mifologiyasını yaddaşlardan yığır, ona görə də Azərbaycan intibahı daha demokratik əsaslar üzərində yüksəlir. Folklor bu dövrdə intibah ideyalarının faktlaşmasına xidmət edir, — doğrudan da XVII, yaxud XVIII, yaxud da XIX əsrdə "Koroğlu"nu xalq bilirsə (professional dastançı-aşıq bir yana), istədiyi kimi dəyişdirib danışmaq imkanı varsa, nəyə görə yazıya almalıdır, — yazı "Koroğlu" intonasiyasını öldürməzmi, improvizasiyadan məhrum etməzmi?..

Əslində, intibah dövrünün başlanğıcında yazılan da funksional olmur, yazılıb qalır, şifahi forma isə intibah ömrünü yaşamaqda davam edir. XVII—XVIII əsrlərdə Azərbaycanda dastan daha çox yaranır, çünki o həm lirik, həm də epic təfəkkürün imkanlarını ehtiva edirdi, — dastanda poetik təhlil də, tərənnüm də var, ona görə də "XVII— XVIII əsrlər ədəbiyyat tarixinə bu janrın tam çiçəklənmə dövrü kimi daxil olur" (M. H. Təhmasib). Türk mifologiyası yaddaşlardan gəldiyinə görədir ki, intibah təfəkkürü onu süjet-süjet, əhvalatəhvalat qavramır, motivləri götürür, — real hadisələri, əhvalatları, süjetləri mifoloji məntiqlə verir; M. Seyidovun Koroğlu obrazını mifoloji mənşəyə bağlaması bu mənada tamamilə təbiidir... Çənlibel də, Koroğlu da, Qırat da, Misri qılınc da min illər xalqın yaddaşında yaşayır, amma implissit şəkildə yaşayır,

— elə ki, "düşmən qapının ağzını alır", onda mifoloji obraz da "döyüşür". Kərəm də, Əsli də, Qərib də məhz mifoloji təfəkkürün məhsullarıdır, — XVII—XVIII əsrlərdə milli özünüdərkin tərkib hissəsi olan insanın özünüdərki də fəallaşır və bu fəallığın da öz faktları — qəhrəmanları yetişir. İntibah mədəniyyəti insanı çöllərə salmır, dəli eləmir (bu mənada, məcnunluq intibah təfəkkürünün məhsulu ola bilməzdi, — Füzuli poeziyası nəhəng poeziyadır, amma intibah poeziyası deyil), insan axtarır, taleyinin son sözünü eşidənə qədər "əlində dəmir əsa, ayağında dəmir çarıq" yol gedir. Azərbaycan MEA-nın müxbir üzvü Ə. Səfərlinin qeyd etdiyi kimi, məhəbbət Məcnunu cəmiyyətdən uzaqlaşdırır, onu ilahiləşdirir; Şəhriyarı (XVIII mənsəbi "Şəhriyar"ın qəhrəmanı nəzərdə tutulur) isə cəmiyyətə daha da yaxınlaşdırır, hətta onu mənsəbə çatdırır, çünki, Şəhriyar Məcnundan fərqli olaraq buta almışdı, onun məhəbbəti "təqdiri-xuda" sayılırdı.. "Təqdiri-xuda" isə artıq ictimai varlığa metaforik münasibətin "reallaşdırılması" (ilahiyyatın "ictimailəşməsi") deyil, reallığın metaforik dərkinin faktıdır; bu isə o deməkdir ki, intibah təfəkkürü realizmə müəyyən mərhələlərlə yiyələnir, birdən-birə İslamın (şəriətin) məntiqinə qarşı çıxmır, bu məntiqi əvvəl estetikləşdirir, obraza çevirir, yalnız bundan sonra ona hakim olur.

XVI əsrin sonu, XVII əsrin əvvəllərindən başlayaraq qəzəl bir poetik janr kimi tarixi səlahiyyətini itirir, qoşmanın, bayatının ədəbi-estetik nüfuzu artır, beləliklə, estetik təfəkkürün standartları dəyişir, — həmin proses əslində bu cür gedir: qəzəl poetik strukturca o qədər demokratikləşir ki, tipologiyasını itirir, məsələn:

Şəninə dedim şirin söz, bir şey ondan dadmadım,

Bu səbəbdən ağzı şəkkər dilrübadən küsmüşəm —

beyti həm məzmun (obrazların məzmunu nəzərdə tutulur), həm də ifadə (intonasiya nəzərdə tutulur) baxımından normativlikdən uzaqdır, — bu qəzəlin bir janr kimi tənəzzülü deməkdir; qoşmada qəzəl obrazlı görünür, yəni xalq klassik şeirin təcrübəsinə dayanmaqla tipologiyasını tapır:

Cam içmişəm, mən məstanə gəlmişəm,

Eyləyib bağrımı şanə gəlmişəm,

Sənin həsrətindən canə gəlmişəm,

Əl götür bu nazü-qəmzədən, gəlin!

XVII—XVIII əsrlərdə Molla Nəsrəddinin lətifələri satirik təfəkkürün faktı kimi geniş yayılır, bu, qismən M. V. Vidadinin, M. P. Vaqifin əsərlərində də özünü göstərir. Məsələn:

Vaqif, nə tez sənəmlərdən əl çəkdin,

Birin bir inəyə qiymət eylərsən?

Hələ sonra keçiyə də enərsən,

Alsa müştəriyə minnət eylərsən.

XVIII əsrin ortalarında Azərbaycan intibahı daha çox sənədləşir; Şəki xan sarayı tikilir, Şuşa inşa edilir, — hamısı bir estetik prinsip əsasında yaranır... İntibah təfəkkürü mədəniyyəti təbiətə yaxınlaşdırır, — miniatürlərdə insanın ifadəli sifəti görünür (bu proses hələ XVI əsrdən başlamışdı), həndəsi ornamentləri bütünlüklə nəbati naxışlar əvəz edir (K. Kərimov), poeziyada ilahi gözəllik deyil, Kür qırağı, Qazaxın, Qarabağın gözəlləri tərənnüm olunur:

Bir bölük yaşılbaş sonalar kimi

Yığılıb gəlibdir Qazağa qızlar.

Ayna qabağında qara qaş üçün

Endirib gətirmiş qulağa qızlar.

İntibah mədəniyyəti insanı necə var elə təqdim edir, onu panteist görüşlərin təbliğində vasitə olmaqdan çıxarır, insan — metafora, obraz olmaqdan çıxır, ədəbiyyatın bilavasitə predmetinə çevrilir:

Qəmzə kaman, müjgan xədəng, göz ala,

Yüz qan olur əyri baxsan hilala,

Sözləri qənd, ağızları piyalə,

Şəkər əzmiş dilə, dodağa qızlar.

XVII—XVIII əsrlərdə intibah təfəkkürünün təsiri ilə yazılı ədəbiyyat şifahi ədəbiyyatla o qədər yaxınlaşır ki, bu cür təsnifatın prinsipi itir, halbuki nə intibah dövrünə qədər, nə də intibah  dövründən sonra belə bir hal müşahidə edilmir; XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində, yəni milli özünüdərkin ikinci mərhələsində yazılı ədəbiyyat şifahi xalq ədəbiyyatından ayrılır. XX əsrin 30-cu illərində, xüsusilə S. Vurğunun şeirlərində intibah mədəniyyətinə — M. P. Vaqifə müraciət olunması ədəbi-bədii təfəkkürdə demokratizmi gücləndirir.. XVII—XVIII əsrlər intibah mədəniyyəti Azərbaycan mədəniyyəti tarixi üçün təkcə keçilmiş mərhələ deyil, həm də məktəbdir, — intibahın təcrübəsi ölmür.

İntibah mədəniyyətinin sənədləşməsi nəyin hesabına gedir? — bu suala, bizim fikrimizcə, belə cavab vermək lazımdır: XVIII əsrin ortalarından intibah hərəkatı o qədər güclənir ki, klassik mədəniyyətin də varisinə çevrilmək imkanı qazanır, klassik mədəniyyəti həzm edə-edə keyfiyyətcə inkişaf edir, — intibah mədəniyyəti klassikasının sənətkarlıq texnikasını öyrənir və normativləşir. Məsələn, M. V. Vidadinin poeziyası da, "Şəhriyar" dastan-poeziyası da struktur əsası etibarilə folklordan gəlir, lakin onların hər ikisi yazılı mədəniyyətin nümunəsidir, — hər ikisində klassik ifadə maneraları iştirak edir...

İntibah təkcə milli təfəkkür modelləri yetirmir, tarixən nopmativ olanı da milliləşdirir. Azərbaycan intibahının dövrləşdirilməsinə gəldikdə, burada intibahın meydana gəldiyi tarixi-ictimai şərait, intibah təfəkkürünün inkişaf (yetkinlik) səviyyəsi, intibahın bilavasitə məhsulları (məzmunla formanın dialektikası) nəzərə alınmalıdır, — bu baxımdan yanaşdıqda XVI əsrin intibahını mərhələ kimi götürmək mümkündür, XIX əsrin əvvəlləri isə Azərbaycan intibahının süqut dövrünə düşür; XVII əsrin əvvəllərindən XVIII əsrin ortalarına qədər intibah təfəkkürü daha çox şifahi, XVIII əsrin ortalarından XIX əsrin əvvəllərinə qədər həm də yazılı formada faktlaşır...

İntibahın ictimai-estetik hərəkat kimi təzahürü, heç şübhəsiz, XVI, yaxud XVII-XVIII əsrlərdəki tarixi hadisələrdən bilavasitə asılı deyil, lakin bu hadisələr intibah təfəkkürünün faktlaşması prosesinə təsir edir; deyək ki, XVII əsrdə və XVIII əsrin birinci yarısında işğalçıların hücumları intibah mədəniyyətinin maddiləşməsinə mənfi təsir edir, XVIII əsrin ikinci yarısında — xanlıqlar dövründə milli şəhərlərin təşəkkülü ilə bağlı olaraq intibah mədəniyyətinin maddiləşməsi güclənir. XVII—XVIII əsrlərdə ticarətin inkişafı Azərbaycan intibahı üçün əsas göstəricilərdən biridir, — doğrudur, XI—XII əsrlərdə də ticarət inkişaf edirdi, sonra da belə olur, lakin tacir psixologiyası XVII— XVIII əsrlərdə olduğu qədər heç vaxt mədəniyyəti (xüsusilə ədəbiyyatı) məşğul etmir...

XVII—XVIII əsrlərdə intibah mədəniyyətinin məntiqi davamı kimi milli mədəniyyət (eləcə də ədəbi-bədii təfəkkür) formalaşır, — ümumiyyətlə, intibah problemi milli mədəniyyətin təşəkkülü problemi ilə bilavasitə əlaqədardır; bu isə o deməkdir ki, intibah problemi milli mədəniyyətin təşəkkülü problemlərindən təcrid olunmuş şəkildə tədqiq edilməməlidir, — müşahidələr göstərir ki, Azərbaycanda milli mədəniyyətin təşəkkülü məhz intibah dövrünə düşür. Şübhəsiz, intibah hərəkatını ümumdünya hərəkatı kimi qəbul etmək düzgün deyil, onun Şərqdən Qərbə "köçürülməsi" barədəki mülahizələr də heç bir əsasa dayanmır, — sadəcə olaraq, intibahın tipologiyası var, hər hansı Şərq, yaxud hər hansı Qərb mədəniyyətindəki intibah eyni tipologiya ilə getməli, eyni prinsipial əlamətlərə malik olmalıdır... XVII—XVIII əsrlər intibahının türk-oğuz intibahı ilə müqayisəsi, ümumiyyətlə, intibah tipologiyasının nədən ibarət olduğunu aydınlaşdırır; məsələn, deyək ki, şəhərlərin inkişafı intibahı hazırlamır, əksinə, intibah hərəkatı şəhəri yaradır, özü də məhz milli məzmunda yaradır...

Şərq xalqlarının mədəniyyətində intibahın mövcudluğunu sübut etmək üçün Şərq intibahının tipologiyasından çıxış etmək nəinki lazımdır, demək olar ki, yeganə düzgün yoldur, ona görə ki, intibahşünaslıq vahid sistemdir, predmeti də vahiddir. Lakin Şərqin bu və ya digər mədəni regionunda intibahın mövcudluğu induktiv analogiya ilə sübut oluna bilməz; məsələn, deyək ki, Şərqdə cəmiyyətin gələcəyi barədə utopik görüşlər XI-XII əsrlərdə də, hətta ondan bir neçə əsr qabaq da irəli sürülə bilərdi, sarayları, mədrəsələri, hətta hamamları olan şəhərlər eramızdan əvvəl də mövcud ola bilərdi (və mövcud idi də), — bunların heç biri intibahın başlıca faktoru deyil... İntibah, uzun sürə bilməz, — insanın, cəmiyyətin, ümumən dünyanın intibah idrakını Avropada klassizm əvəz edir; ifadə planı yenidən qabardılır, mifoloji mənşəyə həssaslıqdan irəli gələn məzmun funksionallığı forma "akademizmi" ilə əvəz olunur.

Azərbaycan intibahını, heç şübhəsiz, türk mədəniyyətləri kontekstində tədqiq etmək lazımdır, — müşahidələr göstərir ki, XVII—XVIII əsrlərdə türk və türkmən mədəniyyətləri də intibah keyfiyyəti ilə xarakterizə olunur, — deməli, türk-oğuz mədəniyyətinin intibahından danışmaq ehtiyacı meydana çıxır. XVII əsrin əvvəllərindən etibarən Türkiyədə klassik mədəniyyət süqut edir, satiranın rolu güclənir, — Əhməd Nədim kimi xalq ədəbiyyatına əsaslanan şair yetişir, onu ancaq M. P. Vaqiflə müqayisə etmək mümkündür... XVII əsrdə türk mədəniyyətinin inkişafında özünü göstərən geriləmə isə intibah hərəkatının xarakterindən çox, mövcud ictimai-siyasi şəraitlə əlaqədardır.

XVII əsrin əvvəllərindən türkmən mədəniyyətinin tarixində intibah baş verir, — Məhtumqulunun yaradıcılığı ilə türkmən ədəbiyyatındakı intibah yüksək səviyyəyə qalxır; Məhtumqulunun yaradıcılığı da M .P .Vaqifin yaradıcılığı kimi məzmunca realistdir, — həm lirik, həm də satirik şairdir... Həm türk, həm də türkmən mədəniyyəti tarixində Azərbaycan intibahı ilə analoji faktlar çoxdur, bu isə müvafiq dövrdə türk və türkmən mədəniyyətlərində də intibah hərəkatının getdiyini təsdiq edir...

XVII—XVIII əsrlərdə həm türk, həm də türkmənlərdə milli oyanış baş verir, mədəni təfəkkür demokratikləşir, milli əsaslar üzərinə qalxır. Eyni problemlər hər üç xalqın tarixində özünü göstərir; nə türk, nə türkmən, nə də Azərbaycan intibahı öz dövründə nəzəri-estetik şərhini tapa bilmir, sonra da uzun müddət məhəlli mədəniyyət kimi təqdim olunur ("çoban-çoluq ədəbiyyatı" ifadəsi də bu zaman yaranır). Elə ki, bu mədəniyyət tipinin demokratik (və milli) özünüdərk faktı olduğu aydınlaşdı, yalnız ondan sonra elmi idrak bu mədəniyyətlə, sözün həqiqi mənasında məşğul olur. Azərbaycan intibahının türk-oğuz (sonra isə məntiqi olaraq, ümumtürk) konteksti ilə yanaşı regional kontekstləri var, lakin intibahın həmin kontekstlərə münasibətinin tipologiyası eyni deyil; Zaqafqaziya konteksti Azərbaycan intibahı üçün daha çox birtərəfli qaydada təsir kontekstidir, yəni bir neçə yüz erməni sənətkarı XVII—XVIII əsrlərdə azərbaycanca qoşma yazırsa, bu, o deməkdir ki, Azərbaycan intibahı erməni mədəniyyətinə təsir edir, halbuki bu təsir həmin erməni mədəniyyətində intibah yaratmır...

Eləcə də Dağıstan xalqları, yaxud gürcü mədəniyyətinə Azərbaycan intibahının təsiri bu cürdür... XVII əsrdən etibarən İran mədəniyyətinin süqutu prosesi gedir, buna uyğun olaraq xüsusilə XVIII əsrdə İranın təsiri altına düşmüş Cənubi Azərbaycanda da yazılı mədəniyyət nisbətən zəifləyir, odur ki, əslində, Azərbaycan intibah coğrafiyası onun bütün ərazisinə müvafiq gəlmir, bu cəhət Avropa intibahlarında da özünü göstərir. Lakin həm Şimali, həm də Cənubi Azərbaycan intibah mədəniyyətinin bilavasitə varisidir. Ona görə ki, ümumiyyətlə, intibaha hər bir mədəniyyət özünün tarixi coğrafiyası ilə gəlsə də, intibah dövründə həmin mədəniyyət bütün ölkə üçün ümumiləşir, — bu, əlbəttə, intibahın milliləşdirmə keyfiyyəti ilə bağlıdır. Göründüyü kimi, intibah nəzəriyyəsi həqiqətən bütöv bir sistemdir, lakin bu sistem o vaxt uğurludur ki, bu və ya digər mədəniyyətin tarixinin öyrənilməsi işinə düzgün tətbiq olunsun, onun problemlərindən sui-istifadə edilməsin...

Əlbəttə, XI—XII əsrlər Azərbaycan intibahı kimi, gürcü, eləcə də erməni intibahı da yanlış mülahizələrə əsaslanır, hətta qəribədir ki, bu "milli" intibahların birindən bəhs edən tədqiqatlarda digər "intibah"a qısqanc yanaşılır (məsələn, Gürcüstan SSR EA-nın müxbir üzvü S. S. Tsaişvili "Gürcü poeziyasının inkişaf yolları haqqında bir neçə söz"ündə əsassız bir iddia ilə yazır ki, XI—XII əsrlərdə mədəni inkişafının zirvəsinə qalxan Gürcüstan Qərbi Avropadan təcrid olundu, təsərrüfat və mədəniyyətcə olduqca aşağı səviyyəli, lakin güclü və qəddar düşmənlər əhatəsində öz milli varlığını təkcə müdafiə etmək məcburiyyəti altında qaldı).

Beləliklə:

I. XI—XII əsrlər Azərbaycan intibahı konsepsiyası intibah nəzəriyyəsi baxımından özünü doğrultmur; ona görə ki:

1. XI—XII əsrlər Azərbaycan mədəniyyəti genetik-mifoloji əsaslara malik olub, milli özünüdərkin faktı kimi təzahür edən realist mədəniyyət deyil, — halbuki konsepsiya bu üç mühüm cəhəti ya tamamilə, ya da qismən nəzərə almır.

2. İntibah, əsas etibarilə, XI—XII əsrlərdə Azərbaycanda "intibah şəhərləri"nin mövcud olması

ilə "sübut edilir", lakin XI—XII əsrlərin Azərbaycan şəhərləri ümumşərq (müsəlman) mədəniyyətinin daşıyıcısı idi, — "intibah şəhəri" anlayışına gəldikdə isə həmin konsepsiya bu anlayışın nədən ibarət olduğunu izah etmir, yaxud yanlış izah edir.

3. XI—XII əsrlər Azərbaycan intibahı barədəki tədqiqatlarda tərəddüdlü, bir yerə sığışmayan, nəhayət, bir-birini kəskin şəkildə inkar edən fikirlər çoxdur, bu da mövcud mülahizələrin "konsepsiya" adlandırılmasının şərti olduğunu təsdiq edir... Lakin bir daha təkrar edirik ki, XI—XII əsrlər Azərbaycan intibahına dair tədqiqatlar bu dövrün mədəniyyətini, ümumiyyətlə, öyrənmək baxımından böyük əhəmiyyətə malik olmuşdur...

II. XVII—XVIII əsrlər Azərbaycan mədəniyyətinin inkişaf tarixində intibah dövrüdür, — bu, aşağıdakı əlamətlərə əsasən müəyyən olunur;

1. XVII—XVIII əsrlər mədəniyyəti milli özünüdərketmə faktı kimi təzahür edir, — bu keyfiyyət mədəniyyətin həm məzmunu, həm də forması ilə təsdiq olunur.

2. XVII—XVIII əsrlərin mədəniyyəti ana dilində yaranmış humanist mədəniyyətdir.

3. XVII—XVIII əsrlərin mədəniyyəti, prinsip etibarilə, realist mədəniyyətdir.

Və bütün bunlarla bərabər XVII—XVIII əsrlərdə milli mədəniyyətin təşəkkülü prosesi gedir, — qeyd olunan əlamətlər isə birlikdə götürüldükdə intibah keyfiyyətləridir; eyni keyfiyyətin türk-oğuz mədəniyyətlərinin hər üçündə mövcudluğu isə həm haqqında danışılan hadisənin miqyasını göstərir, həm də Avropa intibah hərəkatı ilə analogiya verir. Ona görə də belə bir fikrə gəlirik ki, XVII—XVIII əsrlər Azərbaycan mədəniyyəti intibah mədəniyyətidir.

III. Azərbaycan intibahı türk-oğuz intibahının kontekstində baş verir; intibah kontekstinin düzgün müəyyən olunması türk mədəniyyəti tarixinin dialektikasını aydın metodologiya əsasında tədqiq etmək üçün şərtdir, — Azərbaycan mədəniyyəti tarixinin türk-oğuz (sonrakı mərhələdə ümumtürk) konteksti onun hər hansı regional kontekstindən fərqli olaraq qanunauyğun qarşılıqlı münasibətlər şəbəkəsi kimi müəyyən olunur... Müxtəlif mənşəli mədəniyyətlərin konsentrasiyası əsasında yaranan mədəniyyət intibah keyfiyyəti daşımır, ancaq və ancaq rezonans halı kimi diqqəti cəlb edir. Və törədicilik xassəsinə də malik deyil... İntibah isə statik mədəniyyət mövcudluğu yox, mədəniyyət tarixində genetik dayağı (və perspektivi) olan hərəkatdır...

Mənbə:

Nizani Cəfərov. Azərbaycanşünaslığın əsasları. — Bakı: Pedaqogika, 2005.

 

Xəbərlər
Redaktorun seçimi