“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.05.2014, 12:37
2137

Milli şüurun meyarı: dil və kültür birliyi

A- A+

Dünyanın bir çox elm, mədəniyyət və siyasət xadimləri dil və kültür birliyini milli şüurun və özünüdərkin əsas amili hesab etmişlər.

Həyatlarını Azərbaycanın mədəni tərəqqisinə və milli istiqlal ideyaları uğrunda mübarizəyə həsr etmiş ziyalılar da xalqın bu ideallar ətrafında birləşməsinin, bu idealların məfkurə halına gətirilməsinin, milli şəxsiyyətin formalaşması üçün mənəvi-ruhi birliyin vacib və mühüm şərt olduğunu bildirmişlər. Bu mənada onlar, dil də daxil olmaqla, "kültür" anlayışı altında bir xalqın ruhi və mənəvi dəyərlərinin məcmusunu ifadə etmişlər. Biz də bu yazımızda "kültür" deyərkən, diqqəti əsasən mədəniyyətin mənəvi aspektlərinə yönəltmişik. Ona görə ki, əgər özümüzü milli-mədəni tərəqqi və istiqlal carçıları olan mütəfəkkirlərin kulturoloji düşüncəsinin varisi hesab ediriksə, o zaman bu amili diqqətdən qaçırmamalı və anlayışların çərçivəsinin müəyyənləşməsində də onların yanaşmalarına tarixi-müqayisəli şəkildə yanaşmalıyıq (bizcə, "kültür" termini ilə milli ruhi-mənəvi dəyərlər kompleksinin, "mədəniyyət" məfhumu ilə kültürlər məcmusu hesab edilən bəşəri mədəni dəyərlərin, "sivilizasiya" ilə isə maddi-mədəni və texnogen inkişaf səviyyəsinin ifadə edilməsi məntiqi olar).

Tarixi təcrübə bizə bunu diktə edir ki, milləti meydana gətirən ünsürlər içərisində kültür birliyi və bütünlüyü ən önəmli yer tutur. Çünki bir millətin kültürü, onun milli tarixindən qopub gələn uluların mirası və maddi varlığının, inanc və əxlaq ucalığının, dil və sənət zənginliyinin, adət-ənənələrinin yaratdığı ortaq bir dəyərlər toplusudur. Bir millətin var ola bilməsi, dünya millətlərinə varlığını qəbul etdirə bilməsi üçün, həmin millət mədəni dəyərlərini elmi şəkildə araşdırmaq, tanıtmaq, yaradıcı şəkildə yanaşaraq inkişaf etdirmək məcburiyyətindədir.

Mövzuya bu kontekstdən baxıldıqda, belə bir həqiqət ortaya çıxır ki, milli varlığın, milli birliyin, milli kültürün ən davamlı daşıyıcısı dildir. Dil deyərkən, ilk növbədə nəinki tərkib hissəsi olduğu kültür və mədəniyyət, həm də məhz məxsus olduğu millət göz önünə gəlir. Milliyyətin təyinində ən mühüm amil olması səbəbindəndir ki, dillə millət məfhumları çox vaxt eyni anlamda qavranılır. Bu prinsip, demək olar ki, bütün sosioloq, kulturoloq və digər fikir adamları tərəfindən mənimsənilmişdir. Dil birliyi təmin edilməyən bir cəmiyyətdə milli kimlik və milli şəxsiyyət axtarışı da mənasızdır. Bir toplumun kültürünün inkişafı baxımından "dil"in əhəmiyyətini danmaq və ya kiçiltmək, lazımi qiyməti əsirgəmək həqiqəti inkar etməkdən başqa bir şey deyildir. Dolayısı ilə bir millətin dilində anarxiya yaratmaq, qarışıqlıq salmaq - o millətə qarşı işlənən cinayət deməkdir.

Dünya elmi fikrinin qənaətləri də təsdiqləyir ki, dil daim bir millətin təməlini təşkil edir. Bu nöqtədə dil, kültür və millət məfhumları ilə birləşməkdədir. Yəni dil, kültür və millət bir bütündür ki, bir-biri ilə tamamilə qaynayıb-qarışmış, birləşmişdir. Bu tarixi, sosial və kulturoloji gerçəklik "dil"in dəyərini ortaya qoymaqdadır. Bu da bir reallıqdır ki, "dil" tarixən müxtəlif şərt və amillərin təsiri altında meydana gəlmişdir. Yəni dil, cəmiyyətin mahiyyət və strukturundan doğmuş, cəmiyyətə xas olan başlıca bir kültür ünsürüdür. Hər hansı bir toplumun dilini soysuzlaşdırmaq, degenerasiya etmək - həmin toplumu bütün varlığı ilə ortadan qaldırmaq deməkdir.

Çağdaş Azərbaycan kulturoloji irsinin ortaya qoyduğu qənaətlərə görə dil birliyi o zaman təmin edilə bilər ki, ayrı-ayrı fərdlərin dilindən təşəkkül tapmış milli dilin mühafizəsi və zənginləşməsi üçün zəruri olan hər şey edilsin. "Millətin ayrı-ayrı təbəqələrinin ifadə və istifadəsi üçün möhtac olduğu bütün termin və kəlmələri ahəngdarlıqla təmin edə bilməyən dil o millətin fərdlərini ayrılıqdan, pərakəndəlikdən qurtarıb onların birliyini yarada bilməz. Çünki, digər millətlərlə qonşu kimi yaşayan, aralarında möhkəm qarşılıqlı əlaqə və mübadilə olan bir millət, öz cəmiyyətinin möhkəm əsaslarını təşkil edən bütün təbəqələrə malik olmadıqca heç vaxt öz milliliyini, məziyyət və hüquqlarını qoruyub saxlaya bilməz" (5, s. 11). Milli varlığın təməlini milli şüurda və milli birlikdə görən Atatürk də eyni mövqedən çıxış edərək deyirdi ki, "milli mənliyi olmayan millətlər başqa millətlərin ovudur". "Hər hansı bir yurdun ən dəyərli məziyyəti vətəndaşlar arasında milli birlik, yaxşı dolanma, çalışqanlıq duyğu və qabiliyyətinin olmasıdır. Millət varlığını və vətən kamilliyini qorumaq üçün bütün vətəndaşların canını və hər şeyini dərhal qurban verməyə hazır olması, hər bir millətin ən yenilməz silahı və qorunma vasitəsidir. Bu səbəbə görə türk millətinin idarəsində və qorunmasında milli birlik, milli duyğu, milli kültür göz dikdiyimiz ən yüksək idealdır" (9, s. 122-125).

Həyatı boyu "Hindistanda milli dil yolunda savaş" aparmış Mahatma Qandi də dil və kültür birliyi ideyasının carçısı olmuşdur: "Hindistanda orta məktəb və universitetlərdə yabançı dildə oxumaq yayğınlaşmışdır. Bu, əxlaqi və ruhi baxımdan millətimizə və ölkəmizə çox zərər verməkdədir. Hindistanın istiqlal savaşı həm də öz dilinə sahib çıxması üçündür. Öz dilimizə hələ çox yaxın olduğumuzdan yabançı dildə oxumanın bizə nə qədər zərər verdiyinin düşüncəsində deyilik. Özümüz yabançı dildə tərbiyələndiyimiz üçün bunun zərərlərini anlayıb tədbirlər görmürük. Ancaq təəssüf olsun ki, artıq bu iş qeyri-mümkündür. ...Başqa bir mədəniyyəti təqlid etsək, öz mədəni mirasımızı daha da yoxsul duruma soxacağıq. Biz idxal edilən qida malları ilə böyüyə bilmərik" (10).

Eyni yanaşmanı biz Həsən bəy Zərdabidən üzü bəri müasir Azərbaycan ziyalılarının baxışlarında da izləyirik. Əli bəy Hüseynzadə də vaxtilə yazırdı ki, "elm və maarifin xalq tərəfindən mənimsənilməsi üçün, millət gərək öz dilində təhsil alsın, millət dilinin qədrini bilsin və onun tərəqqisinə çalışsın" (6, s. 69). Ümumiyyətlə, türk "dil və kültür birliyi" ideyasını təbliğ etmiş ziyalılar Azərbaycan türkcəsini böyük və vahid türk dilinin bir qolu hesab etmişlər. Bu konsepsiyaya görə "Azərbaycan dilinin tarixinin yalnız türk dilinin tarixi ilə birgə dərk və tədqiq edilməsi elmi sayıla bilər".

Dilin milli varlığın mühafizəsindəki roluna dair dünya xalqlarının mütəfəkkirləri də çoxsaylı əsərlər yazmış, zəngin elmi-nəzəri irs qoyub getmişlər. Onların dil, kültür, millət məfhumlarının mahiyyəti haqqında gəldikləri qənaət və yekdil fikir budur ki, dil hər bir milli mədəniyyətin canı, cövhəridir. Dil milli mədəniyyətin ən mühüm və davamlı daşıyıcısıdır. Dil milliyyətin təyinində başlıca amildir. Çox vaxt ana dili kimi də adlandırdığımız milli dil xalqın ruhu, psixologiyası və mənəvi dünyasıdır. Fəlsəfi dilçilik məktəbinin banisi, alman dilçisi V.Humboldtun - "Xalqın dili onun ruhudur və xalqın ruhu onun dilidir - bundan da güclü olan eyni­lik təsəvvür etmək çətindir" - fikrini dünyanın tanınmış dilçiləri də təsdiqləməkdə­dirlər (1, s. 3). Ümumiyyətlə, dilin xalqın davranış və yaşam tərzi ilə bağlılığını tədqiq edən dilçilik məktəblərinin əksər nümayəndələri bu qənaətdədirlər ki, dil xalq ruhunun xarici təzahürüdür, mənəvi sərvətidir, elə bir güzgüdür ki, xalqın tarixi, dünyabaxışı, adət və ənənəsi öz əksini həmin güzgüdə tapır.

Kulturoloji tədqiqatlarda da dilin ictimai, sosial mahiyyətinə dair saysız-hesabsız fikirlər söylənilmişdir. Bu araşdırmaların müəlliflərindən bir qismi hesab edir ki, dil və kültür problemi istər kulturologiyada, istərsə də dilçilikdə hələ tam həll olunmamış məsələlərdəndir. Ona görə də dillə kültürün digər ünsürlərinin qarşılıqlı əlaqəsi və nisbəti problemi alimlər tərəfindən müxtəlif səviyyələrdə işlənmişdir. Buna səbəb dil, kültür və mədəniyyətin mahiyyətinin fərqli şəkildə qavranılmasıdır. Məsələn, kulturantropologiyanın banilərindən sayılan Amerika alimi F.Baas bütövlükdə mədəniyyəti insan həyatının qeyri-bioloji sahəsi kimi qiymətləndirir. B.Malinovski dili davranış formalarından biri olaraq ayırır və ümumən dilçiliyi kulturologiyanın tərkibində - nitq davranışı şəklində, bu elmin bir hissəsi kimi öyrənilməsi fikrini irəli sürürdü (13, s. 34). Dil və mədəniyyətin qarşılıqlı əlaqə məsələləri sovet alimlərinin də diqqət mərkəzində durmuşdur. Lakin onlar dilin ictimai mahiyyətini həddindən artıq mütləqləşdirdiklərinə görə dilin mədəniyyətə və mədəniyyətin dilə təsiri, dil və təfəkkür və s. kimi məsələlərdə qərb alimləri ilə uzun-uzadı elmi mübahisələrə girişmiş, onların bir sıra sanballı ideyalarını qeyri-elmi hesab etmişlər (13, s. 35).

Bir məsələni burada xüsusi vurğulayaq ki, dilin ictimai-siyasi təhlili problemində alimlər bir-biri ilə nə qədər fikir mübahisələrində olsalar da, dilin milli-tarixi və pedaqoji mahiyyəti ilə bağlı onlar arasında elə bir ciddi fikir ayrılığı olmamışdır. Görkəmli rus pedaqoqu Uşinskiyə görə, "Xalqın bütün milli-mənəvi irsi dil vasitəsilə gələcək nəslə ötürülür. Bu transformasiyanın ən davamlı amili olan dil nəinki xalqın həyatiliyini özündə ifadə edir, o, eyni zamanda məhz həyatın özüdür. Ana dili məhv olarkən, xalq artıq yox olur. Çünki "Uşaq ana dilini öyrənərkən yalnız şərti səsləri öyrənmir. O, eyni zamanda ana dilinin doğma döşündən mənəvi həyat və qüvvət içir" (14, s. 113).

Bir qisim dilçilərdən fərqli olaraq Uşinski, dillə təfəkkürün vəhdətdə olduğunu göstərir və dilin statik deyil, dinamik olduğunu təsdiqləyir. O, milli tarix və milli psixologiya ilə bağlı olan dili tarixən təşəkkül tapan və inkişaf edən bir hadisə kimi təqdim edir (14, s. 113). Əhməd bəy Ağaoğlu da bir kültür ünsürü kimi dilin dinamik olduğunu qeyd edir. "Üç mədəniyyət" əsərində bir millətin tarixində ən sağlam və dəyişməyən ünsürün dil olduğunu, dilin əslini dəyişdirmədən inkişaf etdiyini yazır. O, "Əcəba bir millətdə dəyişməyən, ölümsüz, müqəddər bir özəllik, bir özlük vardırmı?" - sualını cavablandırarkən mədəniyyətin heç bir ünsürünün, o cümlədən dinin də dəyişməz olmadığını bildirir: "Tarixində dinini ən azı iki kərə dəyişməyən hansı millət vardır?" (16, s. 14). Dil və din məfhumlarının müqayisəli təhlilində Ə.Ağaoğlu eynən S.C.Əfqani və M.Ə.Rəsulzadə mövqeyində durur. Habelə millət məsələsində də bu mütəfəkkirlərin yanaşmaları fərqlənmir. Onlar milli varlığın qorunması baxımından dil, kültür və millət məfhumları arasında bərabərlik işarəsi qoyurlar. Lakin dilin də zaman və şərtlərə görə dəyişməsinə xüsusi diqqət yetirən Ə.Ağaoğluna görə: "Az-çox əbədilik qoxusu dildən gəlir. Fəqət, bu da gerçək və ümumi deyildir. Məsələn, bu gün slavyancanı qəbul etmiş olan bolqarlar öz əski dillərini qeyb etmişlər. Bunun kimi, bugünkü ingiliscə, İngiltərədə yaşayan başlıca dörd ünsürdən hansına aid dilin davamıdır? Hansı özəl bir tərzdə onu mənimsəyə bilir? Bununla bərabər, bir millətin tarixində ən sağlam olan və həmən dəyişməzlik dərəcəsinə varan amil dildir, yəni yalnız dildir ki, mahiyyəti dəyişmədən inkişaf xüsusiyyəti daşıyır. Demək ki, ümumilikdə şəxsiyyət və özlük deyilən məfhum dillə bərabər bir millətin maddi varlığından başqa bir şey deyildir" (16, s. 14-15).

Dilin, milli tarix və adət-ənənə ilə əlaqəsi probleminin ilk tədqiqatçılarından biri alman filosofu İ.Q.Herder olmuşdur. XX yüzillikdə isə F.Baas dillə kültürün əlaqəsinə dair yeni fikirlər irəli sürmüşdür. O, Amerika hindularının kültür və məişətini, adət və ənənəsini tədqiq edərək bu nəticəyə gəlmişdir ki, dil necədirsə, kültür də elədir. Dilçilik elmində etnoloqivistikanın banisi hesab edilən Eduard Sepir də dillə kültürü vəhdətdə tədqiq etmişdir. Habelə, Danimarka alimi Otto Jespersen də problemə oxşar mövqedən yanaşır: "Millət necədirsə, dil də elədir" (13, s. 35).

Kulturoloji ədəbiyyatda dilin özünəməxsus cəhətləri ümumi şəkildə belə səciy­yələndi­rilir ki, dil ictimai hadisədir, onun yaranmasında və formalaşmasında bioloji amillər mühüm rol oynasa da, dominantlığı ictimai faktorlar təşkil etmişdir. Cəmiy­yətin məhsulu olan dil sinfi, bazis və ya üstqurum hadisəsi deyil, tarixi kateqo­riyadır, kültürün mühüm daşıyıcısı və formasıdır. Dil bioloji, irsi, irqi, psixoloji hadisə olma­yıb, ünsiyyət vasitəsidir və yalnız insana məxsusdur. Təfəkkürlə vəhdətdə olan dil, fikrin ifadəsi kimi nitq vasitəsilə özünü reallaşdırır. Dil cəmiyyətlə birlikdə inkişaf edir, dilin xidmət etdiyi cəmiyyət öldükdə dil də ölür. Dil, kültürün bütün ünsürləri ilə birlikdə və vəhdətdə götürüldükdə mədəniyyət fenomenidir (11; 13; 24; 25).

Amma demək olmaz ki, bütün bu qənaətlərə münasibət birmənalı olmuşdur. "Dil nədir?" sualına müvafiq sahə mütəxəssisləri tərəfindən bir-birindən fərqli çoxsaylı cavablar verilmişdir. Həm dilçilik, həm də ictimai-siyasi mövqedən verilən cavablar müəlliflərin elmi dünyagörüşünü əks etdirmiş, dilin tədqiqat metodlarının, forma və inkişaf qanunauyğunluqlarının müəyyənləşdirilməsinə ciddi təsir göstərmişdir. Müəyyən istisnaları, xüsusilə də Ə.Cəfəroğlu və Y.V.Çəmənzəminli kimi tədqiqatçı­la­rın dilçiliklə bağlı əsərlərini nəzərə almasaq, Azərbaycan mühacir ziyalılarının əsərlərində dil problemlərinə əsasən milli-tarixi, ictimai-siyasi və ideoloji mövqedən yanaşılmışdır. Çünki milli istiqlalını itirmiş bir millətin ziyalısı üçün hər hansı elm və ya mədəniyyət hadisəsi olmasından asılı olmayaraq dil problemi həm də milliyyət amili kimi önə çəkilmiş, dilin milli-ideoloji funksiyaları həyat gerçəkliyi və dünya reallıqları müstəvisində qabardılmışdır.

Bir sözlə, müxtəlif sahə mütəxəssislərinin dilə münasibətində ümumi və fərqli cəhətlər vardır. Məsələn, sosioloqlara görə, dil insan həyatının elə bir sahəsidir ki, bu fenomensiz nəinki insanın fəaliyyətini, hətta bir ictimai, sosioloji varlıq kimi insanın özünün varlığını, mövcudluğunu təsəvvür etmək mümkün deyil. Çünki belə olmuş olsaydı, onda dilsiz insan ictimai varlıq kimi mövcudiyyətini itirib, ictimai funksiyasından məhrum olub bioloji varlığa çevrilərdi.

Digər tərəfdən də dil tarixi kateqoriya olduğundan, yalnız bəşər tarixinin çərçivəsində inkişaf edir; bu çərçivədən kənarda nəinki dilin inkişafından, hətta onun mövcudluğundan belə söhbət gedə bilməz. Dil inkişafda olan dinamik sabitlikdir, lakin bu sabitliyi sükunət vəziyyəti kimi deyil, ünsiyyətə xidmət edən, daima işlənən dilin inkişafı kimi başa düşmək lazımdır. Dili həm fəaliyyət, həm də bu fəaliyyətin məhsulu hesab edən V.Humboldtun fikrincə, dilin daimi keyfiyyəti olan dəyişkənlik, tarixi inkişaf, dinamizm onun mahiyyətini təşkil edir (24, s. 51). "Dil sabit olanla dəyişkən olanın, statik olanla dinamik olanın vəhdətindən ibarətdir" (11, s. 127-128). İctimai hadisə olan dilin vəziyyəti xalqın ümumi mədəni səviyyəsindən, təfəkkür tərzindən asılıdır. Bu mənada dil prosesləri bir sıra dillər üçün ümumidir. Çünki bütün xalqlar üçün cəmiyyətin, təfəkkürün və mədəniyyətin inkişaf qanunauyğunluqları xeyli dərəcədə ümumidir.

Dilin milli tərəqqidə, milli özünüdərkdə oynadığı mühüm rola dair M.F.Axundov, H.B.Zərdabi, Ş.C.Əfqani, İ.Qaspıralı, Ə.Ağayev, Ə.Hüseynzadə kimi bir çox türk böyükləri də əsərlər yazmış, dəyərli fikirlər söyləmişlər. Bunların içərisində M.K.Atatürk, M.Ə.Rəsulzadə, M.B.Məhəmmədzadə kimi "milli dövlət ideoloqları" bir az da irəli gedərək "dil-kültür-millət" məfhumlarını eyni mövqedən dəyərləndirmişlər. Belə ki, dili kültürün ifadə vasitəsi, milli birliyin ən sağlam dayağı kimi dəyərləndirən Atatürkə görə milli dövlətin də əsasını dil və kültür təşkil edir: "Türkiyə Cümhuriyyətinin təməli kültürdür" (9, s. 87, 152). M.Ə.Rəsulzadəyə görə də "dil bir nöqteyi-nəzərdən həmən millət deməkdir". "Dil millətin böyük bir hissəsidir. ...zahiri və batinidir. Millətləri bir-birindən ayıran ən böyük əlamət məhz bu dil damğasıdır", "Milliyyətin ümdə rüknünü təşkil edən şey dildir. ...Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir" (12, s. 476-479). O, millətin tarixi formalaşma prosesində də dilin rolunu önə çəkir və "milliyyət"lə "millət"i mahiyyətcə fərqləndirir: Milliyyət - lisani (dil), dini, irqi, qövmi, tarixi, coğrafi, iqtisadi və siyasi amillərin təsiri ilə meydana gələn etnik bir topluluğu ifadə edir. Millət isə bu topluluqdan doğan ümumi bir iradəni anladır. Dilləri, adətləri, tarixləri, dinləri, vətənləri və sairələri bir olan insanlar bir milliyyət təşkil edirlər; fəqət, bir milliyyətin millət halına keçməsi ümumi şüur və kollektiv iradənin ortaya çıxmasına bağlıdır (19). Bu isə yalnız "ictimai hafizə" vəzifəsini görən orqanın təşəkkülü ilə vücuda gəlir. Milliyyət etnik bir anlam ikən, millət siyasi bir anlamdır. Milliyyət müəyyən şərtlər və hadisələr nəticəsində vücuda gəlmiş statik bir varlıqdır; millət isə bu statik varlığın şüurlaşan dinamik (fəal) bir şəklidir. Statik bir keyfiyyət ərz edən milliyyət baxımından vətən coğrafi bir anlamdır. Halbuki şüur və iradəyə malik olan millət baxımından vətən, siyasi bir məna ifadə edir" (20). Milliyyət dövlət olmaq əzmi göstərdiyi və bunda israr etdiyi zaman ancaq millət ola bilər (21, s. 24-25).

Millətin və dövlətin təşəkkülündə kültürün roluna birincilik verən M.B.Məhəm­mədzadə bu fikirdədir ki, "milli dövlət kültür yaradıcılığının ən yüksək şəklidir". O, milli dövləti kültür yaradıcılığının zirvəsi hesab etməklə yanaşı, həm də belə bir tezis irəli sürür ki, "milli istiqlala malik olmayan bir millət hürriyyət və kültürünü hifz edə bilməz" (18, s. 54-55). Bəşər mədəniyyətini milli kültürlər məcmusu hesab edən M.B.Məhəmmədzadəyə görə millətlər müstəqil olmadıqca milli mədəniyyət­lə­rini mühafizə edə bilməzlər və buna görə də bəşər mədəniyyəti qüsurlu olar: "Həyati-bəşər təbiətlə mübarizədən ibarətdir. Mədəniyyəti-bəşəriyyə bu mübarizələrdən hasil olma qənimətdir. Məqsədi-bəşər mədəniyyəti-bəşəriyyəni daha ziyadə təmin etmək və onun feyzini daha ziyadə ümumiləşdirməkdir. Mədəniyyəti-bəşəriyyə isə milli kültürlərin iştirakından və gözəlliklərinin məcmusundan hasil olma bir yekundur. Mədəniyyətin təminatı, insanların camaatlıqla yaşaması ancaq mədəni hökumət təsisi ilə mümkündür. Mədəniyyəti-bəşəriyyə milli kültürlərin məcmusundan ibarət ikən ən müvafiq və ən təbii dövlətin də milli dövlət olması aşkardır" (18, s. 54). M.Ə.Rəsulzadəyə görə də "mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə edir ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyinin deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil edir" (12, s. 462). Mədəniyyətə belə bir qlobal kontekstdən yanaşan Ə.Ağaoğlu da mədəniyyəti həyat tərzi kimi tədqiq edir Bir şərtlə ki, burada həyat anlayışının özü ən geniş və hərtərəfli bir məna daşı­malı, həyatın bütün sahə və tərəflərini, maddi və mənəvi hadisələrini özündə ehtiva etməlidir. Belə olan halda mədəniyyət, düşüncə və axtarış tərzindən başlayaraq geyim şəklinə qədər həyatın bütün hadisələrini içinə almış olur (16, s. 3-4).

M.F.Axundov, H.B.Zərdabi, Ş.C.Əfqani, İ.Qaspırali kimi mütəfəkkirlərin əlifba və dilə dair nəzəri irsindən qaynaqlanan bu münasibət mövzuya dair əksər tədqiqatlarda özünü aşkar göstərməkdədir. İ.Qaspıralının "Dilsiz adam nə isə, ədəbi və ümumi dili olmayan millət də tamamən eynidir" ideyasına (23, s. 12) tapınan və Ş.C.Əfqaninin "Millətdən kənarda səadət yoxdur, dilsiz də millət ola bilməz. Əgər dil millətin bütün sənət və peşə sahiblərinin ünsiyyəti və istifadəsi üçün lazımi ehtiyacı təmin etmirsə, onu dil adlandırmaq olmaz" - prinsipinin təsir dairəsində olan azərbaycanlı ziyalıların yaradıcılığı həmişə bu xətti izləmişdir.

Bu ziyalıların kulturoloji irsində dəyişməz bir mövqe müşahidə olunur ki, dil kültürün ən böyük, ən başda gələn ünsürüdür. Bu mövqeyi ümumiləşdirilmiş şəkildə belə şərh edə bilərik ki: Dil, kültürün ilk və təməl ünsürü olduğu kimi, digər kültür ünsürlərinin də başlıca daşıyıcısı və xəzinəsi durumundadır. Bu mənada millət hər şeydən öncə və daha çox dil birliyi deməkdir. Dil, kültür ünsürü olaraq milli birliyi saxlayır və milli həyatı mühafizə edərkən bu vəzifələrə xidmət edir. Dolayısı ilə dil milli damğası ən bəlli, aydın olan mədəniyyət ünsürüdür. Dil hər millətin düşüncə tərzini, düşüncə sistemini, fəlsəfəsini əks etdirir. Hər millətin fəlsəfəsi dilinin içindədir. Dil fərdlər və nəsillər arasında sosial qohumluq bağıdır. Bu mənada dil fərdlər arasında olduğu kimi, nəsillər ara­sında da milli bütünlüyü, kültür birliyini təmin edir. Dil milli hafizənin, milli xatirələrin, duyğu və düşüncələrin, bütün maddi və mənəvi dəyərlərin müştərək xəzinəsidir, keçmişdən gələcəyə yüksələn millət həyatının davamlı körpü və nərdivanıdır.

Təəssüflər olsun ki, dilin təsir gücündən insanlığa zidd təbliğatlarda da istifadə olunmuş və işğalçı imperialistlər bütün imkanları ilə bu amildən yararlanmağa çalışmışlar. Orta məktəbləri İngiltərənin Hindistan üzərindəki "kültür imperializmi politikası"nın tətbiqat məkanları hesab edən Mahatma Qandi yazırdı ki, "Mən oxuduğum 300 nəfərlik məktəbdə əldə edilən bilgilər öyrəncilərin özəl bilgi mülkləri sayılırdı. Öyrəncilər bu bilgilərini öz milləti ilə paylaşa bilmirdilər. ...Mən ingilis dilində tərbiyə aldıqca, gündən-günə ailəmlə mənim aramda dərin uçurum yaranırdı. Çünki onlar ingilis dilini bilmirdilər (10). Belə bir mənəvi işğal təhlükəsinin mövcudluğunu xatırladan M.Ə.Rəsulzadə isə yazırdı ki: "Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilər də əsl bunun üçündür ki, assimilyasiya əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər" (12, s. 476).

Həsən bəy Zərdabi hələ əsr yarım bundan qabaq yazırdı ki, istəyirsinizsə millətimiz yaşasın, qabağa getsin, elmi və maarifi olsun, ona ana dili verin, onlar yazsın, qabağa getsin, məktəblər bina edib, öz dillərində elm, təhsil etsin. Həsən bəy dili xalqın mənəvi siması, millətin yaşadıcısı hesab etmiş və M.F.Axundovun bir sələfi kimi həmişə dilin saflığı uğrunda mübarizə aparmışdır (3, s. 137). Sonrakı dövrdə - XX əsrin əvvəllərində də Azərbaycan ziyalılarının əksəriyyəti bu məsələyə münasibətlərini bildirmişlər.

Təbii ki, dil məsələsi yalnız mühacir ziyalıların milli-ideoloji səviyyəyə qaldırdığı hadisə deyildi, dil problemi, xüsusən də dil birliyi ideyası türkçü ideoloqların əsas şüarı olmuş­dur. Hətta islam ideologiyasının banisi S.C.Əfqani də müsəlman və türk millətlərinin birliyində dili dindən daha əhəmiyyətli və daimi amil hesab edirdi. İsmayıl bəy Qaspıralı da türkçülük fəaliyyətinə "dildə birlik" şüarı ilə başlamışdır. Bütövlükdə, Azərbaycan mühacirətinin dil probleminə münasibətində S.C.Əfqani və İ.Qaspıralının təsiri açıqca hiss olunmaqdadır. Bu mövqe tərəfdarlarına görə, millətin kimliyi onun dilindən başlanırdı və türk xalqları bir-birini gərəyincə tanımaq, sevmək, öz milli mənliyini dərk etmək üçün, vahid, güclü millətə çevril­məkdən ötrü mütləq vahid dildə - ümumtürk ədəbi dilində danışmalıdırlar (7, s. 143). Əhməd Cəfəroğlu İ.Qaspırinskinin bu ideal yolundakı çalışmalarından bəhs edərək yazırdı ki, "Dildə, fikirdə, işdə birlik!" şüarı ilə meydana atılan İsmayıl bəyi "... nə rus missionerləri, nə də türk-rus bolşevikləri türk dili birliyindən dolayı əfv etmədilər, onu türk ölkələrinə yakıştırmadılar. İsmayıl bəyin böyük rus ittihadına qarşı qoyduğu bu böyük türk birliyi, onlarca nə qədər zərərli isə, bizcə o qədər əziz və o qədər hörmətlidir" (17, s. 169). Y.V.Çəmənzəminli də ortaq türk dili məsələsinin üzərində ətraflı dayanmış, İ.Qaspıranskinin dildə birlik ideyasını təqdir etmiş, hətta Rusiya türklərinin mədəni birliyinə, ilk növbədə isə dil birliyinə nail olmağın yolları barədə maraqlı mülahizələr irəli sürmüşdür. Onun fikrincə: "Biz böyük türk ailəsinə mənsubuq. Tarix, ənənə, dil və adətlər birliyi bizləri birliyə çağırır" (15, s. 162).

Dilin milli birlik və tərəqqidəki rolunu Ş.C.Əfqani belə dəyərləndirirdi: "Əgər dil birliyi olmasa, milli vəhdətin həqiqi mahiyyəti və həyat gücü ola bilməz. Dil birliyi insanlar arasında çox mühüm əhəmiyyət kəsb edən əsas əlaqə vasitəsidir. O, müxtəlif məzhəbə qulluq edən tayfaları, müxtəlif arzularla yaşayan qəbilələri vahid bir millət bayrağı altına səsləyən, onların gücünü-qüvvəsini birləşdirib bir məqsədə doğru yönəldən, ictimai qüsurları birlikdə dəf etməyə, milli çətinlikləri birlikdə aradan qaldırmağa çağıran, ümumxalq səadətinə nail olmaq, müsibət və bədbəxtliklərdən nicat yolları arayıb tapmaq üçün hamını yekdil, həmrəy olmağa dəvət edən, gözəl yaşayışdan ibarət təzə həyata qovuşduran, vətəndaşlarının əyinlərinə istiqlal paltarı geydirən əsas vasitədir" (5, s. 9-10)

Əksər Azərbaycan ziyalıları H.Zərdabi, Ş.C.Əfqani və İ.Qaspıralı tərəfindən irəli sürülən dil və kültür birliyi ideyasını təbliğ etməklə yanaşı, həm də sadə və təmiz türkcə tezisini də dəstəkləmişlər. Hətta ortaq türk dili ideyasına fərqli yanaşan ziyalılar belə sadə və təmiz dil məsələsində vahid mövqedən çıxış edirdilər. Məsələn, bəzən anlaşılmaz, qarmaqarışıq dil mənasında da işlədilən "volapuk"a, daha doğrusu 1879-cu ildə Şleyer (Johann Martin Schleyer) tərəfindən düzəldilmiş süni beynəlxalq dilə qarşı çıxan Firidun bəy Köçərli ("Ana dili" məqaləsi, 1913-cü il) qələm sahiblərinə ən qəliz fikri belə sadə şəkildə ifadə etməyi tövsiyə edirdi: "Millətini sevən, onun mənəvi diriliyinə çalışan, tərəqqisi yolunda əmək sərf edən yazıçılarımızdan, ədiblərimizdən və şairlərimizdən çox-çox təvəqqe edirik ki, dillərini asanlaşdırsınlar, ana dilindən uzaq düşməsinlər, meymunluqdan əl çəksinlər, fikirlərini açıq və sadə dildə yazsınlar, ta ki, onların yazdıqlarını oxuyan anlasın, düşünsün və ayılsın. Ancaq bu yolla yazan ilə oxuyanın arasında dostluq, ittifaq və birlik əmələ gələ bilər (8, s. 126). Bu məsələdə Atatürkün də mövqeyi birmənalı idi: "Millətin çox aydın keyfiyyətlərindən biri dildir. Türk millətindənəm, deyən bir insan, hər şeydən əvvəl və mütləq türkcə danışmalıdır. Türkcə danışmayan bir insan türk mədəniyyətinə, cəmiyyətinə bağlılığını iddia edərsə, buna inanmaq doğru olmaz" (9, s. 124).

Müasir mədəni dünya tərəfindən də dil, hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə kimi qəbul edilməkdədir. Dünyanın mədəni ekzotikasının qorunmasına çalışan beynəlxalq təşkilatların rəsmi sənədlərində də belə bir müddəa təsdiqini tapır ki, hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət qurmağa imkan yaradır. Dilin bəşər tarixindəki əvəzedilməz yerinin bundan sonra da mühafizə olunması vacibliyini önə çəkən YUNESKO bu məqsədlə 1999-cu ildən etibarən 21 fevralı Beynəlxalq Ana Dili Günü elan etmişdir (26). Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2001-ci il tarixli (552 saylı) Fərmanı ilə 1 avqustun Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edilməsi isə xalqımızın da bu prosesdən kənarda qalmadığının rəsmi sübutu idi.

Mədəni müxtəlifliyin bəşəriyyətin fərqləndirici xüsusiyyəti olduğunu təsdiqləyən Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransı isə 3-21 oktyabr 2005-ci il tarixində Paris şəhərində keçirilən 33-cü sessiyasında "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" konvensiya (Paris, 20 oktyabr 2005-ci il) qəbul edilmişdir ki, burada dil müxtəlifliyinin mədəni müxtəlifliyin fundamental elementi olduğu ayrıca bənd şəklində qeyd edilmişdir (2).

Ortaq dil məsələsində mövqeləri üst-üstə düşən Çingiz Aytmatov, Oljas Süleymenev, Şükrü Xaliq, Anar, N.Cəfərov kimi türk ziyalılarının dilimizin gələcəyi ilə bağlı düşüncələri də Türk dünyasının dil və kültür birliyi problemi ilə bağlı nikbin ovqat yaradır. Türk Dil Qurumunun başqanı Şükrü Xaliq (5-6 il öncə Azərbaycan televiziyasına verdiyi müsahibəsində) Türk dünyasını təmsil edən ziyalıların bir-biri ilə rus və ya ingilis dilində deyil, məhz türk dilində ünsiyyətə girmələri zərurətini xüsusilə vurğulamışdır. O, həmçinin bu istiqamətdəki çalışmaların birləşdirilməsi üçün TDK ilə AMEA-nın toplantılarının müntəzəm xarakter daşıması ehtiyacına, ortaq bir mərkəzin yaradılması və mətbuat, radio, televiziya, internet yolu ilə ümumi ünsiyyət dilinin formalaşdırılması məsələsinə də toxunmuş, ən önəmli nöqtə kimi isə toplantılarda elmi terminlərlə bağlı problemi və bu sahədə razılaşmaların əldə edilməsi vacibliyini qeyd etmişdir.

Türk dünyasının dil və kültür birliyi ideyası bu gün artıq dövlət başçıları və türk dövlətlərinin rəsmi qurumları səviyyəsində dəstəklənməkdədir. Arzulanan məqsədlərə doğru bir sıra real işlər də görülməkdədir. Türk dünyasının bu inteqrasiya prosesinin mədəni-etnik birlikdən siyasi birliyə doğru istiqamət alması ziyalılar və dövlət rəsmiləri tərəfindən də etiraf edilməkdədir. Məsələn, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Məsələləri Daimi Komissiyasının sədri Nizami Cəfərov da dil və kültür birliyi ilə başlanan bu inteqrasiyanın ilk növbədə mədəni-mənəvi birlik mahiyyətli olması qənaətindədir. Onun fikrincə də, mədəni dünya tərəfindən təbii sayılan belə bir mədəni-mənəvi birliyin açarı birinci növbədə dildir: "Bu mədəni-mənəvi birliyə çox nəsnələr daxildir. Buraya həyat tərzi və məişət vərdişlərindən tutmuş düşüncə tərzinə qədər hər şey daxildir. Bu gün türk dünyasında fərqliliklərin birləşməsi prosesi gedir. İnteqrasiya prosesi bütün dünyada getdiyi kimi, ayrı-ayrı ümumi tarixi mədəniyyətlər arasında da gedir. Vaxtilə ümumi olmuş, sonradan müxtəlif səbəblərdən diferensiasiya olunmuş mədəniyyətlərin özündə də gedir. Bütün dünya bu gün çəkinmədən ərəb birliyindən, slavyan birliyindən, anqlo-saks birliyindən danışır. Bunlar artıq xeyli vaxtdır dünya gerçəkliyinə çevrilib. Yeni dünya düzəninin formalaşdığı bir dönəmdə türklərin də birləşməsi təbiidir. Bu inteqrasiya dünya birliyi tərəfindən də normal qarşılanır. Ərəb, slavyan, anqlo-saks birliklərinin genetik əsasları olduğu kimi, türklərin də mənəvi-mədəni birliyinin özülündə kök, soy yaxınlığı durur" (4). Hələ vaxtilə "Azərbaycan Cümhuriyyəti" əsərində azərbaycanlıları milliyyət etibarı ilə türk, din etibarilə islam, mədəniyyəti-əsasiyyə etibarilə şərqli olaraq təqdim edən M.Ə.Rəsulzadə dünyaya bəyan edirdi ki, "Azərbaycan türkü müxtəlif şivələrə malik və olduğu yerlərə nisbətlə müxtəlif isimlər daşıyan böyük Türk ağacının bir budağıdır" (22, s. 7).

Nəticə olaraq deyə bilərik ki, "milli həyat, milli varlıq, milli mənlik və milli ruhun əsasını, baş mənbəyini təşkil edən milli kültürdür" qənaəti istiqlalçı və milli şüur sahibi olan ziyalıların mövzuya dair yazılarının ana xəttini təşkil edir. Dil məsələləri də məhz bu mövqedən dəyərləndirilir. Onların düşüncəsinə görə, milli xüsusiyyətlərini və milli kültürünü yaşatmağa müvəffəq olan hər millət, gec-tez müstəqil bir milli dövlət qurmağa namizəddir. Milli xüsusiyyətlərini və milli kültürünü itirmiş olan millətlər, milli mənliklərini və ilham alacaqları milli qaynaqlarını da itirmiş olurlar. Bu kimi millətlərin gələcəyi yoxdur. Onlara ölmüş nəzərilə baxmaq lazımdır. Milli xüsusiyyət və milli kültürün başında isə milli dil gəlir. Milli varlığın mühafizəsində dilin rolu həlledicidir. Dil və kültür birliyi milli hafizə və düşüncəni möhkəmləndirməyin mühüm amili, milli şüurun əsas meyarıdır.

Mübariz Süleymanlı

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

Ədəbiyyat

1.            Axundov A. Dil və mədəniyyət. Bakı: Yazıçı, 1992, 192 s.

2.            Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş Konfransının 33-cü sessiyasında qəbul edilmiş "Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında" konvensiya (Paris, 20 oktyabr 2005-ci il). www.e-qanun.az/files/framework/.../f_19041.htm

3.            Cavadova E. Sətirlərdə döyünən ürək. Bakı: Azərnəşr, 1988, 160 s.

4.            Cəfərov Nizami. Mədəni-etnik birlikdən siyasi birliyə doğru: Bu inteqrasiya dil və əlifba faktorundan keçir. "Mədəniyyət" qəz., 18 dekabr 2008-ci il, № 98.

5.            Əfqani Cəmaləddin. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1998, 72 s.

6.            Hüseynzadə Əli bəy. Türklər kimdir və kimlərdən ibarətdir, Bakı, Mütərcim, 1997, 292 s.

7.            Kəngərli A. İsmayıl Bəy Qasprinski. Bakı: Nurlan, 2004, 284 s.

8.            Köçərli Firidun bəy. Ana dili. Azərbaycan publisistikası antologiyası (Tərtib edən: Cəlal Bəydili-Məmmədov). Bakı: Şərq-Qərb, 2007, 688 s.

9.            Qocatürk Utkan. Atatürk. Bakı: Elm, 1991, 212 s.

10.        Mahatma Qandi. Hindistanda milli dil yolunda savaş (Tərcümə edən: Güntay Gəncalp).http://chevrilerim.blogspot.com/2011/01/hindistanda-milli-dil-yolunda-savas.html.

11.        Rəcəbov Ə. Dil, şüur, cəmiyyət, tarix. Bakı: Azərnəşr, 1993, 160 s.

12.        Rəsulzadə M.Ə. Əsərləri, II cild. Bakı: Şirvannəşr, 2001, 528 s.

13.        Tağıyev Ə., Əliyev Q. Kulturologiya. Bakı: Təbib, 1997, 96 s.

14.        Uşinski K.D. Seçilmiş pedaqoji əsərləri. Bakı, Azərnəşr, 1953, 380 s.

15.        Vəzirov Y. Rusiya türklərinin ittihadı. "Açıq söz", qəz., 1917, № 473.

16.        Ağaoğlu Ahmet. Üç medeniyet. İstanbul: Milli Egitim Basımevi, 1972, 146 s.

17.        Caferoğlu Ahmet. İsmayıl Bey Gaspirinsкi, "Azerbaycan Yurt Bilgisi", 1933, yıl 2, sayı 16, s. 165-169.

18.        Mehmetzade M.B. Milli Azerbaycan hareketi. Ankara: Azerbaycan KültürDernegi Yayınları, 1991, 240 s.

19.        Resulzade M.E. Millet olmak azmı. Azerbaycan, Ankara, 1 ağustos 1952, sayı 5.

20.        Resulzade M. E. Milletçilik - Patriotizm Azerbaycan, Ankara, eylül 1952, sayı 6.

21.        Resulzade Mehmet Emin. Milli tesanüd, Ankara, Kardeş matbaası, 1978, s. 24-25.

22.        Resulzade M.E. Azerbaycan Cumhuriyeti (Keyfiyet-i teşekkülü ve şimdiki vaziyeti). Azerbaycan Türkleri Kültür ve Dayanışma Derneği Yayınları: 1, İstanbul, 1990, 205 s.

23.        Saray Mehmet. Çaspıralı İsmayıl Beyden Atatürke, Türk Dünyasında dil ve kültür birligi. İstanbul: 1993, 187 s.

24.        Гумбольдт Вильгельмфон. Избр. Труды, по языkозначнию. Мосkва: Прогресс, 1984, 368 с.

25.        Поздняkов Э.А. Философия kультуры. Мосkва: Интурреkлама, 1999, 576 с.

26.        az.wikipedia.org/.../Beynəlxalq_Ana_Dili_Günü.

 

Xəbərlər
Redaktorun seçimi