Məhəmmədhüseyn Şəhriyarın poeziyasında azərbaycançılıq idealları
"Bir görəydim, ayrılığı kim saldı..."
Ötən əsrin 60-70-ci illərində SSRİ deyilən nəhəng hərb maşınının, qırmızı imperiyanın tərkib hissəsinə çevrilmiş Azərbaycanda milli birlik amacıyla səfərbər olmağın, milli enerjini hərəkətə gətirməyin, milli mübarizənin mahiyyətini xalqa anlatmağın yolu, hər şeydən öncə, poeziyadan keçirdi. Postsovet məkanında bu mübarizənin küçə, meydan yolları qapalıydı, tribunası yox idi, bugünkü çoxsaylı qəzetlər yayımlanmır, telekanallar fəaliyyət göstərmirdi. İdeoloji mücadilənin ağır yükü ədəbiyyat və incəsənətin, özəlliklə isə, poeziyanın üzərinə düşürdü. Ona görə ki, yasaqlanmış mövzuların qıfılına açar salmağın yeganə çarəsi sənətin ezop dilində danışması idi. Ezop dilinin ən çevik ifadəçisi isə, sətiraltı mənalara geniş meydan verən poeziya ola bilərdi.
Əgər ötən əsrin 60-70-ci illərində postsovet məkanında S.Rüstəm, R.Rza, M.Rahim, B.Azəroğlu, B.Vahabzadə, N.Xəzri, Ə.Kərim, X.Rza, S.Tahir, M.Araz, M.Gülgün, Ə.Tudə, H.Billuri, N.Həsənzadə, nisbətən cavan nəslin nümayəndələrindən M.Ismayıl, S.Rüstəmxanlı, C.Əlioğlu, N.Kəsəmənli, Ş.Əkbərzadə və başqaları azərbaycançılıq ideologiyasını əsas mövzu, ideya, məqsəd olaraq ön plana çıxarır, təbliğ edirdilərsə, Cənubi Azərbaycanda M.Şəhriyar, Səhənd, Q.S.Təbrizi və başqaları bir növ poeziyanın azadlıq mücahidlərinə çevrilmişdilər.
Xüsusilə, ustad Məhəmmədhüseyn Şəhriyar "Heydərbabaya salam" poeması ilə azadlıq, azərbaycançılıq ideologiyasının təbliği sahəsində poeziyanın bütün potensial imkanlarını, energetik gücünü ortaya qoya bilmişdi. Təsadüfi deyil ki, Xalq yazışısı Anar bu haqda belə yazırdı: "Şahlıq rejiminin azəri türkcəsini yasaq etdiyi illərdə Şəhriyarın sadə xalq dilində, folklor üslubunda, heca vəzniylə yazdığı bu əsər Güney Azərbaycanda milli dilin və şüurun yenidən dirçəlməsində müstəsna rol oynamışdır".
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağda aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim, ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Mən sənintək dağa saldım nəfəsi,
Sən də qeytər, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb bağırır,
Mürüvvətsiz insanları çağırır.
"Heydərbabaya salam" dan gətirdiyimiz bu misallardakı "Ağlaşaydım uzaq düşən elinən", "Bir görəydim ayrılığı kim saldı, Ölkəmizdə kim qırıldı, kim qaldı?", "Bayquşun da dar olmasın qəfəsi, burda bir şir darda qalıb bağırır" və s. misralar milli ağrıdan doğan vətəndaş harayı idi. Şəhriyarın bu misraları 60-70-ci illər Azərbaycan poeziyasında azərbaycançılıq ideologiyasının yeni çalarda kükrəməsi üçün təməl daşı oldu. Təsadüfi deyil ki, M.Ə.Rəsulzadə yazırdı: "Zəngin Azərbaycan ədəbiyyatı ənənələrində hadisə, mərhələ təşkil edən əsərlər az deyildir. Ancaq bunlardan, xüsusilə son illərdə ədəbi həyatda görünənlər arasında heç biri "Heydərbabaya salam" qədər canlı, qanlı, hətta deyə bilərik ki, milli deyildir".
Heç şübhəsiz ki, əsərin milli dəyərlərimizin böyük daşıyıcılarından olan M.Ə.Rəsulzadənin diqqətini çəkməsinin əsas səbəbi onun "canlı və qanlı, oxunaqlı" olmasından daha çox, vətənpərvərlik duyğularını möhtəşəm bir şəkildə ortaya qoyması idi. "Məhz buna görə Şəhriyar, Azərbaycan ədəbiyyatında türkçüliyə, öz milli adətlərinə sadiq, doğma dilinin həqiqi banisi və qurucusu kimi iftixarla tərənnüm edilir və "Heydərbaba"ya müvəffəqiyyətlər arzulanırdı.
Poemada Heydərbaba dağı ilk növbədə müraciət ünvanıdır. Şəhriyar Heydərbaba dağına daha çox vətənin rəmzi, həm də uşaqlıq xatirələrinin şahidi kimi yanaşır. Poemada dağa müraciətlər azərbaycançılıq savaşının təkrarsız dərəcədə poetik nümunələridir. Lakin dağın mifoloji semantikası onun milli, siyası, sosial mənalandırmalarından qat-qat qədimdir. Dağ qədim insanın təfəkküründə yerlə göy arasında körpü, təbii ibadətgahdı, ucalıq rəmzi, mənəvi saflıq məkanıdır. Təsadüfi deyil ki, buna görə, əksər xalqların miflərində sakral funksiyalı dağ obrazları var: məsələn, hindlilərdə Himalay, yunanlarda Olimp, azərbaycanlılarda Qaf dağı və s. Zaman keçdikcə, mifik-dini təfəkkür öz yerini milli düşüncəyə verdikcə dağ obrazı poesemantik transformasiyalara məruz qalmış, fərqli anlamlar qazanmışdır. Şəhriyarın poemasında Heydərbaba dağı, yarandığı dövrün təfəkkürünə uyğun olaraq, məhz milli semantik aurada təqdim olunur. Dağa münasibətdə özünü büruzə verən və mifik təfəkkürlə səsləşən məqamlar isə çoxəsrlik inersiya ilə dilin özündən gəlir, şüuraltından qaynaqlanır.
Şəhriyarın yaradıcılığında azərbaycançılıq məsələləri "Heydərbabaya salam" poeması ilə yekunlaşmır. Məsələn, "Səhəndim" şeirində "Dedim Azər elinin bir yaralı nisgiliyəm mən" deyə vətəndaş dərdini, kədərini poeziyanın diliylə ifadə edən şair, "Aman ayrılıq" şeirində "Necə yad olsun qardaş-qardaşa?" sualı ilə başbaşa qalır, bir millətin iki yerə parçalanmasını "qanla yazılmış roman" adlandırırdı. Bütün bu ağrı-acı, həsrət, nisgil şairi dönməz bir azərbaycançılıq savaşı yoluna çıxarmış və sonucda azərbaycançılığın manifesti, milli himni olan "Azərbaycan" şeirini yazdırmışdı:
“Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan!
Xoş günlərin getmir müdam xəyalımdan, Azərbaycan!
Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,
Yaralanmış qəlbim kimi qəlbi viran Azərbaycan!
Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə
Abad olub, azad olub mülki-Iran, Azərbaycan!
... Yarəb, nədir bir bu qədər ürəkləri qan etməyin,
Qolubağlı qalacaqdır nə vaxtacan Azərbaycan?!
Övladların nə vaxtacan tərki-vətən olacaqdır?
Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!
Bəsdir, fəraq odlarından kül ələndi başımıza,
Dur ayağa, ya azad ol, ya tamam yan, Azərbaycan!
Şəhriyarın ürəyi də səninkitək yaralıdır,
Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan!”
N.Nərimanovun «"Hophopnamə" İran inqilabı üçün bir ordudan daha artıq iş görmüşdür» qənaəti ilə yanaşsaq, azərbaycançılıq mücadiləsinin XX əsrin ortalarında yeni inkişaf mərhələsi məhz bu misralarla başlanmışdı. Bu misralarda böyük mərdanəliklə ortaya qoyulmuş bir haqq var - Azərbaycan haqqı! Bu şeirdə azadlığa, hürriyyətə atəşin bir çağırış var. Bu şeirdə "Ya azad ol, ya tamam yan" - deyə qarşıya qoyulmuş iki yolun seçim məqamı var. Və ən nəhayət, bu şeirdə böyük bir tarix yaşayır: Iranın, əslində, Azərbaycanın qüdrətilə, dövlətilə abad olmasının tarixi... Bu tarixi haqqı Şəhriyar poeziyasının bütün incəlikləri ilə ifadə edə bilməsinin nəticəsidir ki, Iran Islam Respublikasının rəhbəri Seyid Əli Xamineyi 1987-ci ildə Təbrizdə belə bir etirafda bulunmuşdu: "Dünyada bu poemanın ("Heydərbabaya salam" - S.Ə.) çox böyük mövqeyi vardır və çox ali əsərdir".
Şəhriyar öz xalqının milli kimliyinə öz içindən yol tapıb getməyin elmini yaxşı bilirdi. Onun poeziyası milli məhrumiyyətlərə müqavimət kimi meydana gəlmiş, tarixi yaddaşın itməməsi, ana dili, adət və ənənələrin qorunub-saxlanılması, inkişafı, mənəviyyatın, milli dəyərlərin qorunub-saxlanılması, bütövlükdə milli şüurun oyanması və milli özünüdərk prosesinin güclənməsi üçün mühüm təkanverici rol oynamışdır. O, millilik, azərbaycançılıq ideologiyasının yenilməz tribunu, azərbaycançılıq məfkurəsi onun poeziyasının mantar qatıdır. Şəhriyar yaradıcılığı bütövlükdə Mustafa Kamal Atatürkün "Milli birliyə nail olmayan milləti başqalarına inkar olmaq qisməti gözləyir" ideyasının poetik təcəssümüdür.
Şəhriyar Təbrizi azərbaycandilli milli şeirin baş qərargahına çevirmişdi. Şimali Azərbaycanın görkəmli alimi, professor Rüstəm Əliyevlə tanışlığı (1976), şimallı şairlər S.Rüstəm və B.Vahabzadə ilə məktublaşmaları, eləcə də Cənubi Azərbaycan şairlərini birləşdirmək yolunda səyləri Şəhriyara təsəlli və ürək-dirək verirdi:
“...Sanki Bakını, Gəncəni verdin mənə, qardaş,
Tapdım elimi, arxamı, qurban sənə, qardaş...”
Şəhriyarın "Can, Rüstəm" şeirində də qardaşlıq duyğuları ifadə olunmuşdu. Şairin hələ 1969-cu ildə Pəhləvi rejimi zamanı, Iranda Azərbaycan dilinin qadağan olunduğu dövrdə yazdığı "Türkün dili" şeiri də böyük cəsarətin ifadəsi idi. Bu, ana dilimiz haqqında yazılmış şeirlərin ən möhtəşəm nümunələrindən biridir. Şəhriyar ana dilini sadəcə tərənnüm etməmiş, böyük vətəndaşlıq cəsarəti ilə doğma dilin mübariz keşiyində dayandığını bəyan etmişdir:
“Türkün dilitək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.
Öz şeirini farsa, ərəbə qatmasa şair,
Şeiri oxuyanlar, eşidənlər kəsil olmaz...”
"O tay - bu tay - fərqi yoxdu, vətəndi", - deyən Şəhriyar məmləkətinin təəssübünü təkcə coğrafi anlamda yox, milli-mənəvi, ədəbi-mədəni dəyərlər anlamında da çəkir, bu dəyərləri tərənnüm etməkdən usanmırdı. Elə buna görə məntiqidir ki, o taylı-bu taylı Azərbaycanda, dünyada Şəhriyar yaradıcılığına olan sevgi, maraq həm də azərbaycançılıq ideologiyasına olan sevgi, azərbaycançılıq məfkurəsinə olan maraqdır.
Bütövlükdə isə, 60-70-ci illər Azərbaycan poeziyası "Bu Vətən kimin"? (Orxan Şaiq Kökyay) sualına cavab gözləyən, eyni zamanda, bu sualın dürüst cavablandırılması üçün hər cür köməyə və fədakarlığa hazır olan müəllim missiyasını yerinə yetirmişdi:
“Qəlbimdə dəniz var yenə kindən;
Qan-yaş tökəcək el gecə-gündüz -
Bu ölkə dəyişməzsə kökündən”, -
misraları təkcə S.Rüstəmin yox, qəlbində vətəndaşlıq duyğusu gəzdirən, gücü qələminə çatan hər bir Azərbaycan şairinin xalqa sözaltı və sözüstü mənalarda etdiyi xəbərdarlıq idi.
Mən sənin dilinə dəymirəm, cəllad,
Gəl sən də bu ana dilimə dəymə.
Sənin də bağın var, gülün var, çəkin,
Bağımda əkdiyim gülümə dəymə.
"Dilimə dəymə" adlı bu şeir, əslində, köklü bir xalqın etiraz notası kimi səslənir və millətin azadlıq duyğularını ehtizaza gətirirdi.
Bu illərdə Təbrizdə ustad Şəhriyar:
“Bizi yandırır yaman ayrılıq,
Bu darıxdıran duman ayrılıq,
Başa sovrulan saman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!” -
yazırdı. Bakıda B.Azəroğlu, Vətən elə oğul istəyir ki:
“Səttərxan ürəkli,
Xiyabani nəfəsli,
Möcüz niyyətli olsun,” -
deyirdi. R.Rza "Təbrizim - mənsizim" harayını dilə gətirirdi. B.Vahabzadə "Gülüstan" poeması ilə Şəhriyarın səsinə səs verir, S.Tahir "Iki bölünməkdən elə qorxmuşam - çöpü də ikiyə bölmərəm daha" - deyə dərdini gizli çəkirdi. X.Rza "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram, qolumdakı zəncirləri qıram gərək, qıram, qıram" hayqırtısını Afrikanın dili ilə çatdırır, Əli Kərim "Göydəmir at" şeirində, əslində, gücü-qüvvəti, irəliləyiş eşqi cilovlanmış bir məmləkətin içini dağıdan hikkəsini qələmə alırdı.
Akademik Nizami Cəfərov haqlı olaraq yazır ki, "60-cı illərin sonu - 70-ci illərin əvvəllərindən etibarən, Azərbaycan mədəniyyəti görünməmiş bir surətlə irəliləmiş, ədəbiyyat, incəsənət milli özünüdərkin ən çevik komponentlərindən birinə çevrilmişdir".
Bütövlükdə, ötən əsrin 60-70-ci illər o tay-bu taylı Azərbaycan poeziyasını bir araya gətirən əsas məqsəd "Yalnız azadlıq eşqi ilə yaşayan şairin şeirləri yaşaya bilər, yalnız vətən, xalq-məhəbbəti ilə yaşayan şair yazıb-yarada bilər" qənaəti idi.
Bu qənaət Şəhriyar poeziyasının da səfərbəredici mahiyyətini təşkil edirdi.
Şeirin daha çox yadda qalması, uzun müddət oxucu düşüncəsini məşğul etməsi üçün şair kimin və nəyin naminə yazdığını, sözü ünvanına çatdırmağın yolunu bilməlidir. Şəhriyar şeirinin ana xətti, baş ünvanı Vətəndir. Azərbaycançılıq ideyası və bundan doğan üsyankarlıq onun poeziyasının nüvəsi, məhək daşı, təməl prinsipidir.
Sərvaz Hüseynoğlu,
“Azərbaycan” jurnalı, 2008, №1.