“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
07.06.2014, 14:11
1526

Azərbaycançılıq milli ideologiyamızın özəyidir

A- A+

"Mən"in dərk edilməsi bütövlükdə ölkənin, vətənin, millətin dərkidir...

Azərbaycan tarix boyu varlığı doğma yurda məhəbbət və sədaqət üstə köklənmiş, damarlarının hər birindən qan yerinə öz "Mən"inə sevgi bulaqları axan əsl qeyrətli kişilər, mərdanə oğullar məmləkəti olub. Azərbaycançılığa gəldikdə isə o, tək-tək fərdlərin deyil, bütünlükdə xalqın öz qədim soy kökünə, milli adət və ənənələrinə, yüksək mənəvi-əxlaqi dəyərlər sisteminə Vətən adlı vahid cazibə məkanında polad yumruq kimi birləşərək, monolit həmrəylik şəraitində tam sahiblik nümayiş etdirməsi, doğma məmləkətinə ulu Zərdüştümüzün dediyi kimi, "gözəgörünməz ilahi tellərlə bağlılığıdır". Bu gün azərbaycançılıq milli ideologiyamızın özəyi, onun sivil ideya modeli, Azərbaycan adlı tamın rəsmi hüquqi qanun səviyyəsində sertifikatıdır.

Fərəhlidir ki, biz bu gün dünyaya inteqrasiya prosesinə qlobal sivilizasiyanın ayrılmaz hissəsi kimi, öz milli mentalitetimizlə, dil və dinimizlə, ali əxlaqi dəyərlərimizlə, etnik şüur intibahımızla, xalqın qranit həmrəyliyi şəraitində milli ideyanı milli dövlətçilik ideologiyasına çevirməklə, bir sözlə bəşəriyyətin ayrılmaz bir parçası kimi qədəm qoymaqdayıq. Millilik və millətçilik bir-birləriylə əks qütblərdə dayanan anlayışlardır. Millilik dünya adlı bütövlüyün komponentidir. Milli özünüdərkin, etnik şüurun, dil və dinin, mental və yaddaşın bir məcrada cəmləşməsi, həmçinin xalqın öz varlığını digər millətlərə, onların inanc və adətlərinə hörmət və ehtiram üstə kökləməsidir. Yalnız bu zaman millilik ülviləşir, bəşəriləşir, onun ilahi obrazı ən ali fəlsəfi zirvələrdən belə aydın görünür. Millətçiliyə gəldikdə isə o, yalnız öz içinə qapanıb qalmaqdır, bəşəri komponentdən məhrumluqdur, qanın və irqin cırlığıdır, saxtalığıdır, mənəviyyatın deformasiyaya uğraması, şovinizm, separatizm, daşnakçılıq kimi yırtıcı, dağıdıcı ideologiyaya yaxınlaşmasıdır.

Öz milli "mən"indən məhrumların qloballaşma sarayının qapılarını aça bilməyəcəyi şəksizdir. Viktor Hüqonun dediyi kimi "milli olmadan bəşəri olmaq qeyri-mümkündür". Əsl azərbaycançılıq da millilikdən bəşəriliyə start nöqtəsidir, xalqın milli mənliyinin yaşam pasportudur. "Mən"in dərk edilməsi bütövlükdə ölkənin, vətənin, millətin dərkidir. Millət vahid bir orqanizmdir. insan bu orqanizmin bir cüzi. Bu cüz həmin orqanizmin bütün hissələrilə ayrılmaz əlaqədədir. Bu əlaqədir onu yaşadan. Azərbaycançılıq adlı milli ideologiyanın doğuluş məkanı təkcə çağdaş günlərimiz deyil. O, nəhəng bir dəryadır. Əsl azərbaycançılığı öyrənmək üçün hər şeydən öncə ulu tariximizin səsçatmaz, ünyetməz dərinliklərinə baş vurmaq gərəkdir.

Hələ X əsrdə Şirvanşahlar dövründə öz müstəqilliyi uğrunda yadelli qəsbkarlara və yerli irticaya qarşı qətiyyətlə mübarizə aparıb, torpaqlarımızı ilk dəfə vahid, müstəqil dövlət çərçivəsində birləşdirən Sacilər sülaləsi övladlarının qeyrət və şücaətində, məslək və əqidə birliyində axtarmaq gərəkdir əsl azərbaycançılığın kökünü. Azərbaycanın bütün ərazilərini vahid bir dövlət bayrağı altında birləşdirməklə elm və mədəniyyəti, sənətkarlıq və ticarəti ali inkişaf zirvəsinə qaldıran, xarici ölkələrlə dostluq və əməkdaşlıq əlaqələrini xeyli genişləndirən, Azərbaycan mədəniyyətinin əsl intibah dövrünə qədəm qoymasında misilsiz xidmətlər göstərib, bəşər sivilizasiyasına Xaqani, Nizami, Əcəmi kimi bənzərsiz sənət dühaları bəxş edən, xalqımızın etnik-siyasi tarixində mühüm rol oynamaqla Azərbaycanı şərqin ən qüdrətli dövlətlərindən birinə çevirən Eldəgizlər hakimiyyətinin nəhəngliyində axtarmaq gərəkdir əsl azərbaycançılığı. Azərbaycançılıq o zaman nəzəriyyədən təcrübəyə, milli ideyadan milli şüura çevrilə bilər ki, tək-tək ziyalılar yox, bütün xalq, ölkə daxilində yaşayan bütün vətən övladları öz əməllərilə ona sahiblik nümayiş etdirsinlər. Dövlətin müstəqillik təməlinin möhkəmliyi onun millilik ruhunun artmasındadır.

VI əsrdə oğuz-türk lisanında yaranmış "Dədə Qorqud" boyları, X əsrdə Bəhmənyarın doğma Azərbaycan dilində qələmə aldığı dərin məzmunlu fəlsəfi traktatlar, beşikdən məzaradək iraqi-ərəbdə yaşayıb-yaratsa da Füzulinin o zaman üçün o qədər də nüfuzlu sayılmayan Azərbaycan türkcəsində dünyaya bəxş etdiyi dahiyanə "Leyli və Məcnun" poeması xalqımızın azərbaycançılıq adlı etnik şüur intibahının təcəssümü kimi dəyərləndirilməlidir. Ən qürur doğuran cəhət odur ki, Füzulidən sonra bütün türk şairləri əsərlərini yalnız doğma ana dillərində yaratmaq yoluna qədəm qoydular. Bütün bunlar xalqın azərbaycançılıq ideyasının öz cövhərini kənar mənbələrdən deyil, yalnız milli kökdən, milli mədəniyyətdən, milli fəlsəfədən aldığına əyani sübutdur.

Xaqaninin dövlət və dil konsepsiyası, M.F. Axundovun Azərbaycanın dar bir çərçivədən sıyrılıb Avropaya doğru istiqamətlənməsini sürətləndirmək arzusunun təcəssümü olan latın qrafikası təlimi, Mirzə Cəlil başda olmaqla "Molla Nəsrəddin"çilərin milləti ətalət bataqlığından dartıb çıxarmaq naminə göstərdikləri ciddi vətəndaşlıq səyləri, tarix boyu Yer kürəsində alternativi olmayan dahi Sabirimizin "millət, vətən" hayqırtıları...Bütün bunlar ulu öndərimiz Heydər Əliyevin milli dövlətçilik strategiyasının ayrılmaz tərkib hissələri olub. O dahi şəxsiyyətin "Yeni yüz il və yeni min ilin qovşağında Azərbaycan xalqına müraciətində, həmçinin digər saysız-hesabsız fərmanlarında, qərar və sərəncamlarında azərbaycançılıq ideologiyasının fəlsəfi mahiyyəti, onun metodoloji-nəzəri-siyasi parametrləri çox dolğun və dəqiq şəkildə elmi təhlilini tapıb. Həmin qərarlara uyğun olaraq milliliyimizin təməli olan dövlət dilinin tətbiqi, məmləkətimizin türk dünyasına və Avropaya inteqrasiyasını sürətləndirəcək bəşəri bir qrafikaya-latın qrafikasına keçid, Şərq dünyasında ilk dəfə olaraq insana və insanlığa tükənməz məhəbbət və sədaqət konsepsiyası olan ölüm cəzasının ləğvi, dahi sənətkarlarımızın təntənəli yubiley mərasimlərinin, həmçinin repressiya və deportasiya faciələrimizin dünya miqyasında qeyd olunması, milli mədəniyyətimizin digər millətlər arasında təbliği ilə əlaqədar xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günlərinin keçirilməsi və digər saysız-hesabsız tədbirlər Heydər Əliyevin öz doğma məmləkətinə və xalqına qəlbən, ruhən, qırılmaz tellərlə bağlı olduğuna, onun mənəviyyatı ilə nəfəs aldığına əyani sübutdur. Varlığı sözün əsl mənasında, Azərbaycançılıq Akademiyası olan bu qüdrətli ağıl korifeyi daim bir arzu ilə yaşayırdı: milli adət və ənənələrimizin etnik kökü, genetik fondu beynəlxalq dövriyyəyə nöqsansız buraxılsın. Azərbaycançılığın dəyəri digər dövlətçilik dəyərlərinin zirvəsində da-yansın. Çünki azərbaycançılıq əsl milli ideyadır. Milli ideya mənəvi dəyərlərin universallığıdır. Bütün etnik fərdlərin, dinlərin, etnosların, məzhəblərin bir ölkənin sərhədləri daxilində, vahid mənəvi məkanda, beynəlmiləlçilik adlı ortaq milli səma altında birliyidir, vətən adlı vahid kökə bağlılığıdır, milliliyin beynəlmiləlçiliyə sintezidir.

Heydər Əliyevin müqəddəs ideyalarının sədaqətli davamçısı Prezident İlham Əliyev bu günlərdə paytaxtımızda keçirilən "Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfransdakı çıxışında da Azərbaycanda hökm sürən yüksək tolerantlıq mühiti barədə fərəhlə söz açmışdır. Azərbaycanı səmavi dinlərin birgəyaşayış məkanı, çoxmillətliliyi ölkəmizin əvəzedilməz sərvəti hesab edən Prezident İlham Əliyev bu gün dini inancları bütün siyasi proseslərdən uca tutan milli ruhlu bir nəsil yetişdirilməsi, zəngin mənəvi aləmə malik azərbaycanlı obrazının dünyaya tam dolğunluğu ilə tanıdılması üçün bütün bilik və bacarığını sərf etməkdə, dini konfessiyalar arasında heç bir qüvvənin sarsıda bilməyəcəyi məhəbbət və sədaqət körpüləri qurmaqdadır. Belə də olmalıdır. Çünki öz tərkibində təkcə etnosları deyil, hətta məzhəbləri, dini konfessiyaları vahid mənəvi məkanda birləşdirəndə yaranır azərbaycançılıq ideyasının təkrarsızlığı, milliliyi, bəşəriliyi. Azərbaycanın Avropa Şurasına qəbulu, NATO-nun, Avropa Birliyinin və dünyanın bir çox nüfuzlu beynəlxalq təşkilatlarının fəaliyyətində yaxından iştirakı, dünyanın lider dövlətləri ilə sıx əməkdaşlıq sahəsində atılan uğurlu addımlar, beynəlxalq neft və qaz kəmərlərinin çəkilişi, öz qoynunda 33 ölkəni birləşdirəcək Böyük Ipək Yolunun 400 illik fasilədən sonra yenidən bərpası, Traseka layihələrinin həyata vəsiqə alması-bütün bunlar Azərbaycanın və azərbaycançılığın dünya arenasına inteqrasiyasında, dövlətimizin dövlətlər, millətimizin millətlər arasında öz layiqli yerini tutmasında mühüm rol oynamaqdadır.

Uzun əsrlər boyu nə qədər rəhbərlər gəlib-gedib Azərbaycana. Ancaq onlardan heç biri xaricdə yaşayan soydaşlarımızı vahid azərbaycançılıq ideyası ətrafında birləşdirmək üçün əməli tədbirlər görməyi xəyalına belə gətirməyib. Heydər Əliyev isə hələ 1990-cı ilin əvvəllərində Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sədri olarkən qanlı-qadalı müharibələr, iqtisadi böhranlar, siyasi və dini təqiblər üzündən doğma yurd-yuvalarını tərk edib qürbət ölkələrə pənah aparmış soydaşlarımızın yad millətlər arasında bir-birlərindən xəbərsiz, pərakəndə halda yaşama əzabına son qoymaq və onların vahid diasporlarda birləşməsinə yardımçı olmaq üçün sarsılmaz iradəsini, zəngin dövlətçilik təcrübəsini, hadisələri düzgün qiymətləndirmək və proqnozlaşdırmaq dəst-xəttini qoydu ortaya. Hər il dekabr ayının 31 -nin "Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi qeyd olunması barədə çox dəyərli bir ideya atdı ortaya. Onların özlərini idarəetmə mexanizmi rolunu oyna-yan vahid diasporlarda, dövlət vətənpərvərliyi ideyası ətrafında sıx birliyi, öz ana dillərini, milli adət və ənənələrini yad millətlər arasında belə qoruyub saxlamaları üçün bir sıra dəyərli təkliflər verdi. Bu, ulu öndərimizin siyasət şahmatında ən uğurlu gedişlərindən biri idi. Artıq 18 ildir ki, planetimizin 70 ölkəsinə səpələnmiş və vahid diasporlarda birləşmiş 50 milyona yaxın soydaşımız Dünya Azərbaycanlılarının Beynəlxalq Həmrəylik gününü təntənə ilə qeyd etməkdədirlər.

Heydər Əliyevin beynəlxalq aləmdəki böyük nüfuzu, onun apardığı məqsədyönlü daxili və xarici siyasət, əcnəbi ölkələrdə yaşayan soydaşlarımızla vaxtaşırı görüşüb onlara faydalı məsləhətlər verməsi, uzun onilliklər boyu yad millətlər içində itib-batmış doğma qan qardaşlarımızın bir-birlərinə laqeydlik və biganəlikdən əl çəkib, dostluq və qardaşlıq yoluna qədəm qoymalarında, tənhalıq buzlarını əridib, məhəbbət tonqalları çatmalarında, vahid bir ailənin üzvləri kimi birləşib bir-birlərinə arxa, dayaq olmalarında mühüm rol oynadı. Ulu öndər Heydər Əliyevin 1997-ci ilin martında Kiyevdə, qədim Ukrayna torpağında məskunlaşmış azərbaycanlılarla görüşü zamanı dediyi: "Siz burada doğma Azərbaycan dilimizi inkişaf etdirin, hər biriniz çoxəsrlik tariximizin, zəngin mədəniyyətimizin fəal təbliğatçıları olun, xalqımızın ən gözəl mənəvi keyfiyyətlərini açıqlayın, qoy bizi daha dərindən tanıyıb, daha tükənməz məhəbbətlə sevsinlər"-sözləri nəhayət ki, dost ölkədə yaşayıb-yaradan yarım milyon azərbaycanlını silkələyib qəflət yuxusundan oyatdı və çox keçmədi ki, onlar birləşib "Ukrayna - Azərbaycan konqresi"nin bünövrəsini qoydular. Vaxtilə soyköklərinə arxa çevirib özlərini fars, türk, hətta rus kimi qələmə verən bəzi soydaşlarımız belə bu gün azərbaycanlı olduqları ilə fəxr edir, müdrik bir xalqın, müqəddəs bir torpağın övladları olduqlarını bütün dünya boyu bəyan etməkdən mənəvi zövq alırlar.

Fərəhli haldır ki, əcnəbi ölkələrin bir çoxunda azərbaycanlılar aradan neçə-neçə onilliklər keçsə də öz dillərini, dini etiqadlarını, adət və ənənələrini zərrə qədər unutmayıblar. Həmin ölkələrin bir çoxunda doğma dilimizdə orta təhsil müəssisələri, ali məktəblərdə müxtəlif fakültələr, milli adət və ənənələrimizin təbliği ilə məşğul olan xüsusi dərnəklər, folklor ansamblları, radio və televiziya proqramları, müxtəlif mətbu orqanlar fəaliyyət göstərməkdədir. Xaricdə yaşayan soydaşlarımızın əksəriyyətinin internet xətti, kompyuter və fakslarla Prezident Aparatı ilə müntəzəm əlaqə yaratmaları, milli bayramlarımızda xalqımızı məktub və teleqramlarla təbrik etmələri onların doğma Azərbaycana və onun sevimli rəhbərinə olan tükənməz sevgilərinin əyani sübutudur. Məmləkətimiz vahid bir bədəndir, Yer kürəsinə səpələnmiş azərbaycanlılarsa onun saysız-hesabsız əzaları. Bu əzaların bir-birlərinə daha möhkəm tellərlə bağlılığından başlanır əsl azərbaycançılıq.

Zeynal Vəfa

“İki sahil”.-2009.-26 noyabr.-N.223.-S.7.

Xəbərlər
Redaktorun seçimi