“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
06.06.2014, 14:54
1823

Milli dəyərlər və Avropa dəyərləri

A- A+

“Avropa demokratiyası”na qovuşmaq üçün öz doğma dəyərlərimizin hansındansa imtina etməli olacağıqmı?

Dünyada demokratiya məkanının genişlənməsi və sərhədlərimizə yaxınlaşması nəticəsində “yeni sivilizasiya” ilə yanaşı yaşamağın qaçılmaz olduğunu hiss edir, Qərb demokratiyalarında ictimai həyatı tənzimləyən əsas mənəvi dəyərlərin nədən ibarət olduğu barədə sual veririk.

Bu insanlar necə yaşayır? Bu dəyərlər və həyat tərzi bizdəki dəyərlər və həyat tərzindən nə ilə seçilir və ya hansı oxşarlıqları var? Və ən əsası, “Avropa demokratiyası”na qovuşmaq üçün öz doğma dəyərlərimizin hansındansa imtina etməli olacağıqmı? Bu sivilizasiyaların toqquşmasından, məsələn, azərbaycanlı ailəsinə xələl gələ bilərmi?

Biz öz açıq diskussiyalarımızda tez-tez “patriarxal dəyərlər”, “milli dəyərlər”, “islam və ya xristian dəyərləri”, “ümumbəşəri dəyərlər” anlayışlarından danışırıq, son vaxtlar isə daha çox bizim bölüşdüyümüz, amma sona qədər qəbul etməkdən ehtiyatlandığımız “Avropa dəyərləri” ifadəsi ilə qarşılaşırıq.

Patriarxal dəyərlərdən insan haqlarına qədər

“Mənəvi dəyərlər” insanı cəmiyyətdə konfliktlərdən qaçmağa yönəldən, inkişafa kömək edən davranış qaydalarıdır. Bu qaydalar dünya sivilizasiyasının təməli qoyulandan  yaranmağa başlayıb. Dəyərlərin formalaşması prosesi nəticədə dünyada hər bir fərdin haqlarını daha dolğun təsdiq edən dəyərlərin yaranması ilə bitməlidir. (Bu baş versə, mümkündür ki, dünya vahid bir sivilizasiyada birləşsin).

Bu gün biz “ümumbəşəri dəyərlər” ifadəsini eşidirik -  bu, bütün zamanların mədəniyyətlərinin qəbul etdiyi əxlaq prinsiplərinin toplusudur. (Yeri gəlmişkən, bu termini Mixail Qorbaçov irəli sürüb, o “ümumbəşəri dəyərlər” termini ilə “proletar” və ya “sinfi” dəyərlər terminini əvəzləməyə çalışmışdı).

Ən qədim və ən başlıca “ümumbəşəri” mənəvi prinsip  “dünyanın qızıl qanunu”dur: “Özünə rəva bilmədiyini başqalarına da etmə”. Bu qaydanı, demək olar, bütün mədəniyyətlər qəbul edir. (Mən “demək olar” ifadəsəni əbəs yerə işlətmədim, dünyada elə mədəniyyətlər var ki, “dünyanın qızıl qanunu”nu inkar edir və “bacarana baş qurban” və ya “məqsəd vasitəyə bəraət qazandırır” kimi prinsipləri əsas tuturlar).

Əxlaqi dəyərlərdən yazan antik dövr yazarları (Aristotel bu dəyərləri “etik fəzilətlər” adlandırırdı) kişiliyi, ağlı, ləyaqəti, xeyirxahlığı, düzgünlüyü əxlaqi dəyərlər hesab edirdilər.

Musa peyğəmbərin “On ehkam”ını (öldürmə, oğurlama, valideynlərinə sayğı göstər, zinakarlıq etmə və .s ) dəyərlər tarixində (6 min il əvvəl) ilk dəyərlər toplusu hesab etmək olar. Bu qaydalar ümumilikdə islam və xristian mədəniyyətləri üçün də qəbul olunub. İsa peyğəmbərin “Qayaüstü ayə”lərində göstərilmiş xristian dəyərləri öz sonsuz xeyirxahlığı, səmimiliyi, hətta düşmənə də sevgisi ilə Musanın “On ehkam”ını tamamlayırdı.

Məhəmməd peyğəmbərin “Quran”da dedikləri bəşəriyyət tarixində ilk dəfə insanlar (müsəlmanlar) arasında hüquq bərabərliyi, seçim və iman azadlığı, şəxsi təhlükəsizlik və əmlak toxunulmazlığı hüququ, kasıbların sosial müdafiəsi, ailədə və cəmiyyətdə qadınların huquqlarının nəzərə çarpacaq qədər artırılması kimi fundamental insan haqlarını hüquqi normaya çevirdi.

Gəlin xatırlayaq ki, antik tanrıların xüsusi mənəvi-əxlaqi keyfiyyətləri yox idi – onlar da adi ölərilər kimi xəsis, hökmranlığa həris və tamahkar idilər. Antik Tanrının xeyir-duasını almaq üçün ona rüşvət vermək də olardı – amma yəhudilərin, xristianların, müsəlmanların Tanrıları ilə bunu etmək mümkün deyildi. Allahın xoş münasibətini isə ancaq başqa insanlara qarşı edilən xeyir əməllərlə qazanmaq mümkün idi ki, bu da mənəvi dəyərlərin inkişafı yolunda vacib bir addım idi.

Lakin bütün bu üç monoteist dinlərin dəyərləri insanlar arasında tam bərabərlik yaratmadı: köləlik qadağan olunmadı, qadın kimdənsə asılı vəziyyətdə qaldı, başqa dinlərə tapınanlar isə ikinci növ adamlar hesab olundular.

Patriarxal dəyərlər və Azərbaycanın milli dəyərləri

Azərbaycanın milli dəyərləri orta əsrlərdə formalaşıb və göründüyü kimi, o vaxtdan bəri çox az dəyişib. Azərbaycanlıların çox vaxt türk-islam dəyərləri adlandırılan əxlaq qaydaları toplusunun özəyi orta əsrlərdəki türk hərbi-feodal şərəf kodeksinin təsiri altında formalaşmışdı. Bu kodeks haqda məlumatı “Dədə Qorqud” (XI əsr) və “Koroğlu” (XVI əsr) kimi türk dastanlarından almaq olar:

Ya hər şey - ya heç nə;

Məğlubiyyət - ölümdən pisdir;

Kömək diləmək - ayıbdır;

Şücaət xeyirdən yeydir;

Qənaət - xəsislikdir;

Ehtiyatlılıq - qorxaqlıqdır;

Qonaq - Allahındır;

Ailə - müqəddəsdir;

Söz verdinsə - əməl elə;

Qadının namusu - toxunulmazdır.

(Qeyd edim ki, azərbaycanlıların milli dəyərləri təzə yarandığı vaxtlarda, məsələn, qədim almanların, ya da keltlərin əxlaqi-mənəvi dəyərlərindən çox az fərqlənirdi. “Dədə Qorqud” eposunda biz qadın qəhrəmanın əlində qılınc yaraşıqlı yadelli ilə vuruşduğunu görürük, amma elə “Nibelunqlar haqda dastan”da da biz bu cür romantik münasibətlərin şahidi oluruq).

İnsandan öz emosiyalarına ciddi nəzarət, daim öz əməllərini təhlil, fikirlərini mətləb üzərində toparlamağı tələb edən islam dini milli dəyərlərimizə böyük təsir göstərdi. Və ən əsası, “Quran”da, daha sonra isə islam qanunvericiliyində qəbul olunmuş insan hüquqları məsələsi azərbaycanlıların mənəvi dəyərlərinin formalaşmasında olduqca müsbət rol oynadı.

Təəssüf ki, şüurumzda bu günə qədər dominantlıq edən avtoritar dəyərlər dərin kök salıb. Məsələn, məşhur atalar sözü “Allahsız yerdə otur, ağsaqqalsız yerdə oturma” bu avtoritar dəyərləri çox bədii şəkildə ifadə edir. Elə bu atalar sözü yaranandan bəri də biz haqq olmayan yerdə öz ağsaqqalımızla oturub qalmışıq.

Beləliklə, biz müasir dəyərlərimizin “milli” deyil, “patriarxal” və “arxaik” (qədimi) adlandırılması nəticəsinə gəlirik. Və aydın görünür ki,  bu dəyərlər müasirliyin tələblərinə adekvat deyil. Mən sərt tənqid cəbhəsində dayanmaq istəmirəm, odur ki, hər kəsdən özünün nəticə çıxarmasını istəyirəm: Azərbaycanda bu gün əsasən hansı əxlaqi dəyərə əməl olunur -  “özünə rəva görmədiyini başqalarına da etmə”, yoxsa  “bacarana baş qurban”?

Hər halda bu gün bizim güvəndiyimiz dəyərlər bizə nə torpaqlarımızı müdafiə etməyə, nə də ədalətli cəmiyyət qurmağa kömək etmədi.

Avropa dəyərləri

Uzun zaman monoteist dinlərin mənəvi dəyərləri bir-birini təkrar edirdi – orta əsrlərdə xristian və islam dəyərləri arasında böyük fərq yox idi. Amma orta əsrlərin axırlarında vəziyyət dəyişdi. Avropa tarixdə görünməmiş bir sürətlə inkişaf etməyə başladı, çox müxtəlif ictimai hərəkat və proseslərin nailiyyətlərini və dəyərlərini dünyaya bəxş etdi:

- “İntibah” - insan təbiətinin qiymət və gözəlliyinə, humanizmə və hər bir insanın bənzərsiz və unikal olduğuna antik münasibətin təsdiqi;

- “Reformasiya” (dini islahat) - dinin mənəvi tərəfinin mövhumatçılıq və cəhalətdən ayrılması;

- “Laisizm” - kilsənin dövlətdən ayrılması;

- “Maarifçilik” - rasionalizm, idrakın imkanlarına və təhsilə nəhayətsiz inam, dünyanı dərketmə prosesində avtoritar deyil, təcrübə prioritetinin tətbiqi;

- “Fərdilik” (İcmaçılığa əks cərəyan kimi)- öz şəxsi haqlarını və xeyrini bilmək, öz xeyrinə tərəf getmək və haqlarının qorunmasını tələb etmək;

- “İnsan hüquqları” - hər bir insanın doğulan andan (həyatda qazandığı hörmətdən asılı olmayaraq) ləyaqətə və hüquqlara malik olması; bu ləyaqətin və hüququn toxunulmazlığı;

- “Liberalizm” - insanın əsas haqlarının cəmiyyət və dövlət maraqlarından üstün olması;

- “Kapitalist etikası” - zəhmətkeşlik, sistemli, ciddi və fədakar zəhmət; praqmatizm, qənaətcillik, dinc rəqabət, zamanın qiymətliliyi - ciddi və dar qrafiklə keçən həyat;

- “Demokratik inqilablar” - Azadlıq, Bərabərlik, Qardaşlıq; zorakılığa müqavimət haqqı, əmlak toxunulmazlığı hüququ, idarə olunmaq yox, özünü idarə etmək; təbəə yox, vətəndaş olmaq;

- “Sosial demokratiya” - cəmiyyəti dəstəkləməyin və onun zəif fərdlərinə kömək etməyin vacibliyini anlamaq;

- “Pasifizm” - zorakılığın və müharibələrin pislənməsi;

- “Özünüifadə və cəmiyyətin əvəzolunmaz bir üzvü kimi özünütəsdiq”;

- “Tolerantlıq” - sənə oxşamayanlara qarşı dözümlü münasibət

- “Azlıqların hüquqlarını qorumaq” -   köləliyə, qadınların, uşaqların hüquqlarının tapdanmasına qarşı və hər cür diskriminasiya əleyhinə hərəkat;

- “Sülh mədəniyyəti” - konfliktlərin dinc yolla həlli mədəniyyəti;

- “Müstəmləkə xalqlarının öz müqəddəratını təyin etmə hüququ”;

- “Ekologiya” - insanın təhlükəsiz və sağlam ətraf mühitdə yaşama haqqı;

- “İnsan haqlarının beynəlxalq müdafiəsi” - insan haqlarının dövlətin daxili məsələsi olmaması ideyası;

- “Gələcək nəsillərin haqları”.

Avropada yaranmış və kök atmış bu dəyərlər siyahısını hələ çox uzatmaq olar. Professor Rəhman Bədəlovun “Qərb ictimai həyatında “Özgələr” problemi” essesində qeyd elədiyi kimi:

“XX əsrdə “dünyaya ikili baxışın” inkişafı (Avropada) heyvanların hərəkətlərinin bəraətinə (K.Lorens), vəhşinin bəraətinə (K. Levi-Stross), təhtəlşüurun bəraətinə (Z. Freyd) və təbii ki, seksin bəraətinə (H.H), qadının bəraətinə, müstəmləkə xalqlarının bəraətinə gətirib çıxardı…”

Bu “izmlər” siyahısını nəzərdən keçirəndə bizə elə gələ bilər ki,  bu dəyərləri çoxdan bilirik və tam mənimsəmişik. Doğrudanmı belədir?

Mənə elə gəlir ki, hətta hər kiçik təfəkkür aktında belə biz avropalılardan seçilirik. Söz azadlığına münasibətimizə baxın: “Xəncər yarası sağalar, söz yarası sağalmaz”. Burada “peyğəmbərin karikaturaları” ya “prezidenti təhqirə” görə sərt cəzalandırma tələbləri yada düşür. Amma elə bu mövzuda bir ingilis məsəlinə diqqət edin: “Sticks and stones can break my bones but words will never hurt me” (məni sözlə tərpədə bilməzsən, amma odunla başıma vursan, bu, başqa məsələ” - yəni “nə deyirlər, desinlər”.

Biz deyirik: “ya hər şey, ya heç nə”! Müasir Qərb insanı isə aralıq həddi ilə də razılaşır, o deyir: “heç nədənsə yarım çörək yaxşıdır”.

Bununla paralel,  o daim vəziyyətini tədricən yaxşılaşdırmağa, öz azadlıqlarını genişlənməyə çalışır.

Biz verilən vədlərə (xüsusilə də hakimiyyətin vədlərinə) inanırıq və onların yerinə yetirilməsini gözləməyə hazırıq. Amma Qərb insanı deyir “Here and now!” - yəni “İndi və burada!” zəhmət çək, vədini yerinə yetir.

Arxaik və patriarxal insanlar dincliyə və sabitliyə can atır, onlar öz azadlıqlarını sabitliyə qurban verməyə hazırdırlar. Amma Qərbin müasir şəxsiyyəti üçün xarakterik olan başqa şeydir. O daim üfüqdən o yanı görmək, taleyin ona hazırladığı sərhədləri genişləndirmək, sirləri dərk etmək, nəsə bir yenilklə burun-buruna gəlib onu duymaq əzmindədir (elə ona görə də səpələniblər dünyanın hər yerinə – kimi torbası, kimi çantası ilə, kimi isə hətta tankın üstündə…budur, onları öz yanımızda görürük!).

Bizə, biz yarımfeodallara isə  “əsil-nəcabətli” şəxslər xoş gəlir, onları uca tuturuq – (məsələn, akademik nəvəsi, baş prokurorun oğlu, xanın nəticəsi), irsən dövlətli olanların hər şeyi var və əllərini bizneslə murdarlamağa dəyməz. Amma müasir Qərb adamını belə şəxsiyyətlər qıcıqlandırır. Qərb insanı həyatda heç bir “day-day” olmadan nəsə əldə etmişləri qiymətləndirir. Məsələn, kimsə “peraşki” istehsalı ilə özü-özünü qaldırıb və sayılan ictimai fiqura çevrilib. Belələrinə “Self-made man” (özünü yaratmış adam) deyirlər, düzdür, bu dəyər daha çox amerikan həyat tərzində özünü göstərir.

Nəhayət, müasir Avropa ilə rastlaşan Azərbaycan insanını nə həyəcanlandırır? Bu, Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli Şah” əsərində ustalıqla qeyd olunub. “Avropalılar bizdən nə ilə fərqlənir?” sualına əsərin qəhrəmanlarından biri Hatəmxan ağa heyrətamiz bir dəqiqliklə cavab verir: “Fərq ondadır ki, bizdə çoxarvadlılıq dəbdədir, onlarda çoxərlilik”. Cinsi qarşılıqlı münasibət, daha doğrusu, bu qarşılıqlı münasibətdə kişinin hegemonluğu. Budur orta statistik Azərbaycan kişisini narahat edən – birdən, bu hegemonluğu əldən çıxar! Oxucuya bu siyahını davam etdirməyi təklif edirəm. Əminəm ki, çoxlarımız bizim milli dəyərlərlə Avropa dəyərləri arasındakı konkret fərqlər barədə düşünmüşük.

Lakin mən yuxarıda qeyd etdiyim nəticəyə qayıtmaq istəyirəm – bizim dəyərlər milli deyil, onları patriarxal, arxaik dəyərlər adlandırmaq daha doğru olardı, orta əsrlərdə məhz bu dəyərlərdən həm Azərbaycan, həm Avropa cəmiyyətlərində istifadə olunurdu.

Avropa Birliyi üzvlərinin dəyərləri

1980-ci illərdə kommunist blokunun dağıldığı vaxtlardan bəri ona yaxın dövlət Avropa Birliyinin üzvü oldu, keçmiş Sovetlər İttifaqına daxil olan respublikalar da üzv olma növbəsindədir, ümid edək ki, Azərbaycan da onların siyahısında olacaq. Avropa Birliyinin genişlənməsi Avropa dəyərləri, namizəd ölkənin Avropa Birliyinə üzv qəbul olunması üçün vacib şərtlər və keyfiyyətlər haqda geniş diskussiyalara səbəb olmaya bilməzdi.

Maykl Emerson özünün “Avropa dəyərləri nədir?” (Michael Emerson, Centre for European Policy Studies (CEPS), Brussels. CEPS Annual Conference on “What Values for Europe?”, 23-24) adlı  hesabatında – Avropa Konstitusiyasının layihəsində mətnin əvvəlində bu dəyərlərə işarə edir: “Birlik insan ləyaqətinə hörmət, azadlıq, demokratiya, bərabərlik, qanunun aliliyi və azlıqlar da daxil olmaqla insan hüquqlarına hörmət üzərində qurulub. Bu dəyərlər Birliyə üzv olan, cəmiyyətlərində plüralizm, qeyri-diskriminasiya, dözümlülük, ədalət, həmrəylik, qadın və kişilər arasında bərabərlik prinsiplərinin hökm sürdüyü dövlətlər üçün ümumi dəyərlər hesab olunur”.

Lakin məruzəçi burada sadalanan prinsiplərin çox abstrakt olduğunu düşünərək onları açmağı lazım bilib. M.Emerson siyahını Musanın “On ayə”si şəklində quraraq onları aşağıdakı kimi adlandırıb:

Avropa Birliyinin on ayəsi

1) Siz (Avropa Birliyinə üzv olan ölkə) həqiqətən də demokratik olmalı, insan haqlarına, qanunun aliliyinə hörmətlə yanaşmalısınız.

2) Siz ticarət, xidmət, kapital və işçi qüvvələrinin hərəkət azadlığını təmin etməlisiniz.

3) Siz insanlar, bölgələr və dövlətlər arasındakı sosial həmrəyliyi təmin etməlisiniz.

4) Siz gələcək nəsillərin maraqları naminə dayanıqlı iqtisadi inkişaf üçün lazım olan şəraiti təmin etməlisiniz.

5) Siz vətəndaşların kimlik müxtəlifliyinin xeyrinə millətçiliyi rədd etməlisiniz.

6) Siz ölkədə federativ, çoxcəhətli idarəçilik sistemini təmin etməlisiniz.

7) Siz cəmiyyətdə multimədəni plüralizmin xeyrinə olaraq kilsənin dövlətdən ayrılmasını təmin etməlisiniz.

8) Siz beynəlxalq münasibətlərdə çoxtərəfli nizamın inkişafını təmin etməlisiniz.

9) Siz haqlı səbəb olmadan başqalarına qarşı güc tətbiq etmə hədələrindən imtina etməlisiniz.

10) Siz yuxarıda sadalananlara əməl edən qonşularınıza münasibətdə açıq olmalı və onlarla inteqrasiyaya çalışmalısınız.

Ümid edirəm ki, bir çoxlarımız üçün heç bir yad və anlaşılmaz olmayan bu ayələrə əməl etmək üçün Azərbaycan da özündə nə vaxtsa güc tapacaq. 

Hikmət Hacızadə

Avropaya İnteqrasiya Komitəsi, FAR CENTRE-nin vitse prezidenti

 
“Media forum”, 17.06.2009.

Xəbərlər
Redaktorun seçimi