“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.06.2014, 18:59
2312

Heydər Əliyevin dil siyasəti

A- A+

“Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini - Azərbaycan dilini, dövlət dilini bilməlidir” (Heydər Əliyev)

Heydər Əliyevin Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində gördüyü ən böyük xidmət dilimizə dövlət statusu verilməsi istiqamətində gördüyü əməli işlərdir. Onun imzaladığı tarixi fərman və sərəncamlar bu istiqamətdə olduqca əhəmiyyətli işlərin görülməsinə imkan yaratmışdır.

18 iyun 2001 -ci il! Bu tarixdə Heydər Əliyev «Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında» müstəsna dəyəri olan bir fərmana qol çəkdi. Ondan bir neçə gün sonra - 4 iyul 2001-ci il tarixdə «Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının təşkilinin təsdiq edilməsi haqqında» sərəncama imza atdı. 9 avqust 2001 -ci il tarixdə «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsdiq edilməsi haqqında» fərman verildi. Bütün bu fərman və sərəncamların verilməsi milli qeyrət, mənəvi saflıq, dövlətə, xalqa, onun dilinə sədaqət, nəhayət, bu sahədə dərin bilik tələb edirdi.  

Heydər Əliyev verdiyi fərmanın reallaşması istiqamətində ciddi işlər gördü. Hər şeydən əvvəl, aidiyyatı olan insanlara anlatdı ki, Azərbaycan dili, sadəcə olaraq bir ünsiyyət vasitəsi kimi başa düşülməməlidir. Hər bir azərbaycanlı anlamalıdır ki, ulu babalarımızın, aqillərimizin bizə yadigar qoyduqları bu dil tarixdir, mənəviyyatdır, Azərbaycan xalqının varlığı və Azərbaycan adlı müstəqil dövlətin əsas simvoludur. Azərbaycan dili Azərbaycan xalqının mənəviyyat bayrağıdır. Nə qədər ki, bu bayraq Azərbaycan adlı diyarda ucalır, deməli, Azərbaycan var, Azərbaycan xalqı yaşayır. Azərbaycan xalqı bu gün dünyanın əksər qitələrində yaşayır, onların sayı 50 milyonu aşır. Azərbaycan dili tarixən çox mürəkkəb bir regionda, müxtəlif sistemli dillər mühitində formalaşmış və inkişaf etmişdir.

O, Azərbaycanda rəhbər vəzifələrdə işlədiyi illərdə Azərbaycan dilinə çox böyük qayğı ilə yanaşmış, onun keşiyində dayanmışdır. Xüsusilə müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildiyi andan Azərbaycan dilinə qayğını daha da artırmışdır. Prezidentin Azərbaycan dili haqqında yuxarıda qeyd etdiyimiz məlum fərman və sərəncamı geniş xalq kütləsi, ziyalılar, alimlər, gənclər, təhsil və mətbuat işçiləri minnətdarlıqla qarşıladılar. Fərmanda Azərbaycan dilinin, xalqımızın, dövlətimizin varlığı və müstəqilliyi sadə və anlaşıqlı bir dildə şərh olunur, Azərbaycan dövlət dilinin tətbiqi və inkişafı ilə bağlı olaraq qarşıda duran vəzifələr göstərilir. Fərmanda ən önəmli cəhət odur ki, hörmətli H.Əliyev cənabları Azərbaycan dilinin tətbiq və inkişaf etdirilməsinə dövlət qayğısını artırmış, Azərbaycan dilinin öyrənilməsi, aparılan elmi araşdırmaların fəallaşdırılması Azərbaycan dilinin cəmiyyətdə tətbiq dairəsinin genişləndirilməsinə səbəb olmuş. H.ƏLiyev Azərbaycan dilinə qayğını və onun qorunmasını Azərbaycan dövlətinin aparıcı siyasi-ideoloji vəzifəsi, milli-tarixi marağı kimi qiymətləndirir. Müstəqil Azərbaycanda dövlətçiliyin qorunmasında Azərbaycan dilinin hakim dil kimi qorunub möhkəmlənməsində, daha da inkişaf etdirilməsində, əcnəbi dillərin, xüsusilə ingilis və rus dillərinin ünsiyyətdə rəqabət apardığı bir zamanda dilimizə qayğını onun qədər düzgün qiymətləndirib qoruyan və lazımi tədbirlər görən ikinci bir şəxs yoxdur. H.ƏIiyev özünün məlum tarixi fərmanını verərkən əsas məqsədi iki istiqamətə yönəltmişdir:

Azərbaycan dilinin dövlət dili kimi qorunub möhkəmlənməsi və inkişaf etdirilməsi. Fərmandan keçən dövr ərzində elə bir tədbir olmayıb ki, o, Azərbaycan dilinin problemləri ilə maraqlanmasın, özünün yeni-yeni tövsiyələrini söyləməsin. Dünya Azərbaycanlılarının I qurultayını hamımız yaxşı xatırlayırıq. Dünya Azərbaycanlılarının Bakıya toplaşan nümayəndələrinə onun söylədiyi ən dəyərli tövsiyə soydaşlarımızın harada yaşamasından asılı olmayaraq, milli dəyərlərimizi və dilimizi qorumaq oldu. O, çox böyük həyəcanla həmvətənlərimizə görün necə də mənalı müraciət edir:

«Əziz həmvətənlər! Öz ürəyimdən gələn fikirləri bir daha bildirmək istəyirəm ki, hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycanın dilini, mədəniyyətini, milli, mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq. Azərbaycan dilinin inkişafı haqqında bizim qəbul etdiyimiz geniş qərar məhz bu məqsədi daşıyır Biz Azərbaycanın latın əlifbasına keçməsi haqqında qərar qəbul etdik İndi Azərbaycanda hamı, bütün dövlət orqanları latın əlifbasından istifadə edir. Bu da bizim milliliyimzi,  azərbaycançılığımızı göstərən çox mühüm bir amildir. Biz bundan sonra da Azərbaycan dilinin inkişaf etdirilməsi üçün səylərimizi davam etdirəcəyik Bilirsiniz, hər bir millətin dili onun üçün çox əzizdir. Bizim üçün Azərbaycan dili, ana dilimiz həddindən artıq əzizdir. Çünki çox illər ana dilimiz, Azərbaycan dilimiz həyatımızda geniş yer ala bilməmişdir. Amma buna baxmayaraq, hərbir azərbaycanlı dilin qorunub saxlanmasında az da olsa, çox da olsa öz xidmətini göstərmişdir. Xüsusən bizim yazıcılarımız, ədəbiyyatçılarımız, şairlərimiz o ağır dövrdə Azərbaycan dilinin yaşamasında böyük xidmətlər göstərmişlər. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili XX əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın, bizim dilimiz nə qədər zəngin, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər böyük söz ehtyatına malikdir.

Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsni təmin edəcəyik Ancaq eyni zamanda arzu edirik ki, hansı qitə, hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı o ölkənin dilini də mənimsəsin, o ölkənin adət-ənənələrindən də istifadə etsin, o ölkənin şəraitinə uyğunlaşsın. Amma Azərbaycan dilini yaşatsın və inkişaf etdirsin. Xalqları dil qədər, milli-mənəvi ənənələr qədər, dəyərlər qədər birləşdirən başqa bir vasitə yoxdur. Biz bu vasitədən daim istifadə etməliyik Xüsusən, başqa ölkələrdə yaşayan azərbaycanlılar. Ona görə də mən arzu edirəm ki, hər bir ölkədə Azərbaycan icmasında azərbaycanlılar həmrəy olsunlar, bir-birinə dayaq olsunlar, bir-birinə yardım etsinlər, bir-birinin dərdinə yansınlar və bizim milli adətənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramları qeyd etsinlər. Təkcə müstəqillik bayramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd etsinlər. Azərbaycan dilini yeni nəslə, uşaqlara çatdırmaq üçün müəyyən tədris imkanları yaratsınlar. Biz bu barədə kömək edəcəyik ki, bizdən sonra gələn nəsillər, sizin övladlarınız, bizim övladlarımız azərbaycançılığı daha da yüksəklərə qaldırsınlar. Azərbaycan dilini, milli-mənəvi dəyərlərimizi daim yaşatsınlar».

H.Əliyevin Azərbaycan dilinin inkişafında xidmətlərindən danışarkən onun yazı mədəniyyətimiz, əlifba islahatı və türk dünyasının birləşdirilməsi sahəsində gördüyü tarixi xidmətlərini xüsusi qeyd etmək lazımdır. Ölkə prezidentinin 9 avqust 2001-ci il tarixdə imzaladığı «Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında» fərmanı irəliyə atılmış yeni və tarixi bir addım idi. XIX-XX əsrlərdə dəfələrlə iatın qrafikalı əlifbaya keçmək üçün səylər olsa da, real nəticəsi olmamışdır. Latın qrafikalı əlifbaya keçmək ideyası türk dünyasında xüsusi bir mərhələdir. Bu ideyanın yaranması, reallaşması, tətbiqi Azərbaycanla, onun görkəmli şəxsiyyətlərindən sayılan M.F.Axundov, H.B.Zərdabi, C.Məmmədquluzadə, S.M.Qənizadə, N.Nərimanov, Ü.Hacıbəyov, B.Çobanzadə, Ə.Hüseynzadə, S.Ağamalıoğlu və b. ilə bağlı olmuşdur. Milli ruhlu bu ziyalılar Azərbaycan xalqının tərəqqisi, maarifə, elmə yiyələnməsi yolunda latın qrafikalı əlifbanın tarixi rolunu dərk etmişlər. O dövrün reallığı bu ideyanın həyata keçməsinə həmişə mane olmuş, sədd çəkmişdir. 1926-cı ildə Bakı şəhərində keçirilən I Türkoloji qurultay türkdilli ölkələrdə latın qrafikalı əlifbaya keçməyi tövsiyə etdi. Qurultayın tövsiyəsini ilk reallaşdıran ölkə Azərbaycan oldu. Lakin 30-cu illərin repressiyası Azərbaycan xalqına çox böyük zərbələr vurdu. Bunlardan biri də latın qrafikalı əlifbanı ləğv etməsi idi. Sovet strategiyasının şovinist siyasəti nəticəsində doğma əlifbamız kiril qrafikalı əlifba ilə dəyişdirildi.

Üzərindən neçə onilliklər keçdi, tarix öz ədalətli hökmünü verdi - Sovet İttifaqı dağıldı, H.Əliyev kimi dünya şöhrətli siyasətçi, qəlbində türkçülük, azərbaycançılıq məşəli yanan dahi bir lider Azərbaycan dövlətinə yenidən rəhbərlik etdi. Şəxsi nüfuzundan istifadə edərək Azərbaycan xalqını və onun dilinin adını əbədiləşdirdi. Azərbayçan dilinin tətbiqi işinin təkmilləşdirilməsi və latın qrafikalı əlifbaya keçmək haqqında dəyərli, tarixi fərman imzaladı. Bu fərman Azərbaycan dilinin tətbiqi və latın qrafikalı əlifbanın geniş işlədilməsi üçün dövlətin təminatı idi.

H.ƏIiyevin uzaqgörənliyi, məsələnin vaxtında həllinə qərar verməsi təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün Türk dünyasında sevinclə qarşılandı. Türk dünyasında türkçülük ideyasının mübariz təbliğatçısı, Azərbaycanda gedən prosesləri yaxından izləyən Qazax yazıçısı Oljas Suleymenov respublikamızda dil sahəsində başlanmış bu inkişafı belə qiymətləndirmişdir: «Latın əlifbasına keçmək böyük cəsarət, qətiyyət, siyasi iradə tələb edirdi. Cənab H.ƏIiyevdə bütün bu keyfiyyətlər, habelə zəngin siyasi təcrübə, kəskin tənqid və tarixi prosesləri istiqamətləndirə bilmək istedadı vardır. Bu, tarixi bir qərardır».

Onun Azərbaycan yazıçılarının X qurultayında dilimizin inkişafında əvəzsiz xidmətləri olan yazıçı, şair və alimlərə, qonaqlara ürək yanğısı ilə dediyi bu aşağıdakı sözləri, proqram xarakterli müraciəti, müdrik el ağsaqqalının, dövlət başçısının kəlamlarını olduğu kimi yada salmaq istəyirəm. Bu çıxışda H.Əliyev dühası, müdriklüyü, Azərbaycan dilinə sonsuz məhəbbəti olduğu kimi görünür: «Bir neçə kəlmə də dil haqqında danışmaq istəyirəm. Çünki burada dil haqqında söhbət getdi. Görürsünüzmü, bu gün mən sizə nə qədər təriflər deyirəm. Heç bir tənqid yoxdur. Həmişə də tərifləyirəm. Siz buna layiqsiniz. Bu gün müstəqil bir dövlət kimi ən fəxr etdiyimiz bir də odur ki, bizim gözəl Azərbaycan dilimiz var. Azərbaycan dilinin formalaşmasında, inkişaf etməsində, bugünkü səviyyəyə çatmasında yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların, dilçi alimlərin böyük xidməti var. Bu gün danışdığımız dil 20-ci ildə danışılan dil deyil. Əsrin əvvəlindəki dil deyil. Amma ondan qat-qat yaxşı dildir, ondan qat-qat təmiz dildir, ondan qat-qat mükəmməl dildir. Bu bizim ən böyük sərvətimizdir. Xalqı xalq edən, milləti millət edən ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə bilməyən, ana dilindən bəhrələnə bilməyən xalq millət ola bilməz. Bizim xoşbəxtliyimiz ondan ibarətdir ki, Şərq ölkəsinin əsarəti altında olduğumuz zaman da, sovet imperiyasının tərkibində oiduğumuz zaman da biz bu dilimizi yaşatmışıq. Nəinki yaşatmışıq, onu inkişaf etdirmişik. Bu, xalqımızın, xüsusən bizim söz ustalarının, ədəbiyyatçıların, mədəniyyət xadimlərinin, elm xadimlərinin ən böyük nailiyyətidir. Doğrudur, vaxt var idi ki, biz dilimizi bugünkü kimi işlədə bilmirdik. Onun da səbəbləri məlumdur. Yadımdadır, ilk dəfə Yazıçılar İttifaqının qurultayında mən Azərbaycan dilində nitq söyləyəndən sonra tənəffüsə çıxdıq. Hamı gəlib məni təbrik edirdi. Ona görə mən orada birinci növbədə Azərbaycan dilində danışdım. Dedim ki, əziz qardaşlar, axı burada elə bir şücaət yoxdur, bu bizim öz dilimizdir. Mən bunu anladım. Çünki dövlət adamları Azərbaycan dilində danışmamışdılar. Bu dil məişət dili olmuşdur və bir də ədibyyat dili olmuşdur, amma dövlət dili olmamışdır. Mənim nitqimi yazıçılar böyük bir hadisə kimi qəbul etdilər. Biz o illərdə çalışdıq ki, dilimiz inkişaf etsin. Bu sahədə çox çalışdıq. Baxmayaraq elə bir dövlətdə yaşayırdıq ki, hakim dil rus dili idi. Ancaq biz dilmizi inkişaf etdirdik. Siz, sizin əsərləriniz, ədəbiyyat olmasaydı, şübhəsiz ki, inkişaf edə bilməzdi. İndi bizim çox gözəl dilimiz var. Burada professor Tofiq Hacıyev çıxış edərək türk yazarlarının qurultayından bir xatirəni yada saldı. Bilirsiniz, bu hadisə məni sevindirdi. Çünki biz dil haqqında müzakirə apararkən professor T.Hacıyev belə mövqedə idi ki, dilimizin adı başqa cür olmalıdır. Biz isə qəbul etdik ki, Azərbaycan dili olmalıdır. Amma onun sözləri məni ona görə sevindirdi ki, bizim Türkiyədən gələn alimlərimiz, dostumuz dilimizin qiymətini verə bilibdir. İş onda deyil ki, bunu mən danışıram, sən danışırsan, o birisi danışır. İş ondadır ki, dilimizin qiymətini verə bilibdir. Həqiqətən, bizimlə dost-qardaş ölkədə - Türkiyədə də dilimizi, Azərbaycan dilini çox sevirlər. Azərbaycanda mövcud olan Azərbaycan dili çox mükəmməl dildir, çox zəngin dildir, çox inkişaf etmiş bir dildir, böyük söz ehtiyatına malik dildir.

İndi baxın, dövlətin bütün sahələrində sırf Azərbaycan dilində danışırıq və lazım olan bütün xüsusi terminləri də Azərbaycan dilində ifadə edirik. Azərbaycan dili Respublikamızda artıq öz . yerini tutubdur. Xarici ölkələrin nümayəndələri də bizim dili bilməyərək, sadəcə onu eşidərək, dəfələrlə mənə deyiblər ki, sizin nə qədər gözəl diliniz var. Doğrudan da, bu belədir. Bəlkə də biz özümüz dilimizin gözəlliyini bir o qədər dərk edə bilmirik. Azərbaycan dili çox gözəl dildir! Bilirsiniz, mən bunu dəfələrlə demişəm və bu gün fürsətdən istifadə edib yenə də deyirəm: biz türkdilli xalqların ailəsinə mənsub olan xalqıq. Ancaq bunun çoz şaxələri var Bunun bir şaxəsi də Azərbaycan dilidir. Biz bunu təsdiq etmişik və bu artıq bütün ictimaiyyət tərəfindən qəbul olunubdur. Azərbaycan dilini daha da zənginləşdirmək, daha da inkişaf etdirmək sizin ən  müqəddəs borcunuzdur. Ancaq biz dünyada öz dilimizlə tək yaşayırıq. Bizim birinci nailiyyətimiz o olmalıdır ki, öz dilimizi Azərbaycanda hakim dil etmətiyik. Hər bir azərbaycanlı öz ana dilini bilməlidir, bu dildə səlis danışmalıdır və bu dili sevməlidir. Bununla yanaşı, biz çalışmalıyıq ki, məktəbiərimizdə, universitetlərimizdə gənclərimiz bir neçə dil öyrənsinlər. Mütləq öyrənməlidirlər. Biz artıq dünyaya qovuşmuşuqsa, dünya birliyinə daxil olmuşuqsa, gərək insanlarımız bir neçə dil bilsinlər - ingilis dilini də bilsinlər, rus dilini də bilsinlər, fransız dilini də bilsinlər. Bunu yasaq etmək olmaz. Onun qarşısını almaq lazım deyil. Amma birinci növbədə öz ana dilini bilməlidirlər. Bəli, Azərbaycanda indi də insanlar var ki, əsasən rus dilində danşırlar, Azərbaycan dilində danışmırlar. Bizim dövlət orqanlarında da belələri var. Mən dəfələrlə xəbərdarlıq etmişəm ki, Azərbaycan dilini öyrənin, öyrənməsəniz, işdən çıxaracağam.

Professor Hacıyev mənə deyir ki, siz Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin işçilərni məcbur edin, onlar Azərbaycan dilini öyrənsinlər. Mən öz azərbaycanlılarımızı məcbur edə bilmirəm ki, Azərbaycan dilini öyrənsinlər. Amma sizə deyim ki, onlar artıq öyrənirlər. Xarici ölkələrin respublikamızda olan səfirləri Azərbaycan dilini artıq öyrənirlər. Onlar mənimlə görüşəndə çalışırlar ki, Azərbaycan dilində danışsınlar Mən də bunlara çox sevinirəm. Hətta Rusiyanın səfiri hörmətli cənab Bloxin burada oturubdur - o, Azərbaycan dilini öyrənir, özü də çoxyaxşı öyrənir. Budur bizim müstəqilliyimizin nəticəsi. Vaxtilə buraya, mərkəzdən Azərbaycan Kommunist Partiyasının II katibi vəzifəsinə rus millətindən olan adamlar gəlirdi. Mən onlara Azərbaycan dilini öyrədə bilmirdim. Onlara neçə dəfə deyirdim ki, Azərbaycan dilini öyrənin, ancaq öyrənmək istəmirdilər. Amma bu gün Rusiyanın səfiri öyrənir, Amerikanın səfiri öyrənir, Fransanın səfiri öyrənir, İngiltərənin səfiri öyrənir. Bunların hamısı böyük hadisədir, nailiyyətdir. O ki qaldı şirkətlərdə hansı dildə danışmaq məsələsinə, bəli, onlar öz işlərini aparmaq üçün o dilləri bilən adamları işə qəbul edirlər. Amma mən deyə bilmərəm ki, sən öz işini ingilis dilində aparırsan, Azərbaycan dilində apar. O öz şirkəti ilə yazışma aparır, başqa sənədlər var və s. Bunu öz dilində aparmalıdır. Eyni zamanda, sizə deyə bilərəm ki, o şirkətin nümayəndələri mənə yazdıqları məktubları iki dildə - həm öz dillərində, həm də Azərbaycan dilində yazırlar. Yəni onların çox yaxşı tərcüməçiləri var. Mən hərdən fikir verirəm çox dəqiq tərcümə edirlər. Onlar məktubu mənə iki dildə göndərirlər və bəzən də özləri mənə təklif edirlər ki, dərhal bunu oxuya bilim. Beləliklə, görürsünüz, dil məsələsi ilə əlaqədar nə qədər məsələlər meydana çıxır. Ancaq yenə də ən əsas nəticə ondan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi Azərbaycan dilini əbədi edibdir və bu gün Azərbaycan dilimiz yaşayır və yaşayacaqdır. Qoy Azərbaycan dili müstəqil Azərbaycanda, eləcə də dünyada yaşayan bütün azərbaycanlıların dili olsun!» (H.Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı, Bakı, 1999, s.442-446).

Heydər Əliyevin dil siyasətində sərhəd məhdudiyyəti yoxdur. O, təkcə Azərbaycan dilinin qayğısına qalmaqla kifayətlənmir, o, müasir türk xalqlarını yaxınlaşdırmaq, onlar arasında mənəvi, mədəni, iqtisadi bağlılığı daha da dərinləşdirmək üçün çox işlər görür. Onun xaricdə və respublikamızda türk xalqlarının nümayəndələri ilə apardığı görüşlərdə özünəməxsus yüksək bir mədəniyyət və diplomatik gedişlə dil siyasətini necə həyata keçirdiyini, onları saf amal uğrunda birliyə çağırdığını görürük, duyuruq və hiss edirik. H.Əliyev 6 fevral 2003-cü ildə Bakı şəhərində TÜRKSOY təşkilatının üzvü olan ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 19-cu toplantısının iştirakçılarını qəbul edərkən türk xalqlarının birliyi ilə bağlı olan çox mühüm məqamı görün necə də özünəməxsus dillə çatdırır:

«...Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın, insani əlaqələrin inkişaf etdirilməsi vacib məsələdir. Ancaq bunların hamısının kökündə mədəniyyət, dil, bizim adət-ənənələrimiz durur. Bizi bir-birimizə bağlayan nədir? Bu dilimizin eyni kökdən olmasıdır. Düzdür, bəziləri bir-birlərini başa düşmürlər, amma biz dilimizə görə bir kökdən gəlmiş xalqlarıq. İkincisi, bizim müstəqil mədəniyyətimiz, ənənələrimiz, müştərək mənəvi dəyərlərimizdir. Bunlar türkdilli xalqları həmişə, əsrlər boyu bir-biri ilə bağlayıb, birləşdirib, bir-biri ilə yaxınlaşdırıbdır. Bunlar əsrlər boyu türkdilli xalqları bir-biri ilə bağlayıb, birləşdirib, yaxınlaşdırıbdır. Sonra rus imperatorluğu, ondan sonra isə sovet imperatorluğu dövründə biz bunları itirmədik, ancaq bir-birimizdən bir qədər aralandıq. Doğrudur, tamam aralanmadıq... get-gedə millətlər əriyib gedirdi, olacaqdı ümumi sovet xalqı. Sovet xalqı. Bunlar da hamısı - Elçin, Polad, Fatma xanım... sovet xalqının adamları. O qədər «sovet xalqı» olublar ki, bəzən öz dillərini də yaddan ç-xarıblar. Amma imperatorluq dağıldı, biz müstəqil olduq. Onda anladıq ki, bizim hələ babalarımız vaxtilə həmişə bir yerdə olublar, bir kökdən gəliblər, bir yerdə vuruşublar» («Azərbaycan» qəzeti, 8 fevral 2003-cü il).

Heydər Əliyev nümayəndə heyətinə etdiyi müracitdə türk xalqlarının birliyinin vacibliyini, əhəmiyyətini, vahid bir dilə malik olmalarını başqa bir üslubda, xüsusi deyimlə belə çatdırır:

“Mən hələ 1948-1950 ci illərdə Leninqradda oxumuşam. Xakasiyadan bir nəfər mənimlə oxuyurdu. Ondan soruşdum ki, Xakasiyada yaşayanlar kimlərdir. Hansı millətlərdir, müsəlmandırlarmı? Türkdürlərmi? O, özü bunu izah edə bilmirdi”.

Söhbətin bu məqamında Baş nazirin müavini Elçin Əfəndiyev tələsir, qeyri-dəqiq, natamam, çaşdırıcı replika verir: «Onlar şamandırlar».

Heydər Əliyev soyuqqanlılıqla və təmkinlə onun replikasının yerinə düşmədiyini, verilən cavabın qonaqları çaşdıra biləcəyini duyub deyir: « Şaman olsalar da, türkdürlər. Türklər də şamandır». Natiq bundan sonra özünün diplomatik, siyasi gedişlərini maraqlı, yığcam, sadə və elmi əsaslarla davam etdirir. Həmin vaxt Azərbaycan Respublikası ilə o qədər də isti münasibətdə olmayan qonşu türkdilli respublikalardan birini nəzərdə tutaraq, XXI əsrin çalxalandığı bir zamanda türk yanğısı ilə görün fikirlərini necə açıqlayır:

«Mən sizin təşkilatın işindən çox razıyam. Təəssüf edirəm ki, bəzi cümhuriyyətlərdən gələn yoxdur. Təkcə Türkmənistan nümayəndəsinin gəlməsi böyük bayramdır. Yaxşı bilirəm ki, Türkmənistan nümayəndələri çox yerə getmirlər. Amma əgər Türkmənistan nümayəndələri Azərbaycana gəlibsə, bu mənim dostum, qardaşım, Türkmənbaşı Saparmurad Niyazovun Azərbaycan-Türkmənistan dostluğuna olan sədaqətidir. Doğrudurmu?» («Azərbaycan» qəzeti, 8 fevral 2003-cü il).

Əlavə şərhə ehtiyac yoxdur! Bu məntiqin, bu türkçülüyün, bu mənəviyyatın, bu söz duyumunun və oyununun, məna yükünün rəngarəngliyi, ilahiliyi qarşısında heyran qalmayıb nə edəsən?! Tatarıstan Respublikasının mədəniyyət naziri İldus Tarxanov «bizim Türk dünyasının, türk xalqlarının böyüklüyü ondadır ki, bizim müştərək mədəniyyətimiz, dilimiz var. Ona görə də, biz birlikdə daha güclü olarıq» deyəndə Heydər Əliyev bu mövzuda öz fikirlərini söyləməyin psixoloji mühitinin bir daha yetişdiyini duyur və illərlə beynində, qəlbində gəzdirdiyi fikri bir qədər də açıqlığı ilə, türk qardaşlarımıza söyləyir. Bu fikirlərin dərinliyini, gərəkliyini söyləyən nitqin dil baxımından nə dərəcədə maraqlı olmasını olduğu kimi dərk etmək üçün onun nitqini eyni ilə oxucunun nəzərinə çatdırıram. Oxucuya ancaq təmkinlə oxumaq, düşünmək, təkrar-təkrar təhlil etmək qalır.

Heydər Əliyev deyir: «Düz deyirsiniz. Siz bunu yaxşı bilirsiniz. Ancaq mən bu fürsətdən istifadə edərək bir də demək istəyirəm ki, milləti yaşamaq və milləti indiyə qədər olduğu kimi əzilməsi imkanlarının qarşsını gələcəkdə almaq üçün dilimizi qorumalıyıq, indi türkdilli millətlərin dillərində bir qədər fərq var. Amma bu dillərin kökü birdir. Mən belə düşünmürəm ki, biz gərək dilimizi tatar dilinə oxşdaq. Yaxud da qırğızlar dillərini bizim dilə oxşatsınlar. Yox. Əsrlər boyu dillərimiz belə yaranıbdır. Amma eyni zamanda dilin işlənməsi mümükün oimadığına görə, bizim dillərimiz lazımı qədər inkişaf edə bilməyibdir. Ona görə də, mən Azərbaycan dili  haqqında fərman verdim. Azərbaycanda latın əlifbasına keçmək barədə fərman verdim və onun yerinə yetirilməsini təmin etdim. Azərbaycan dilinin bundan sonra da ink/şaf etməsi mənim həyatımın ən birinci vəzifəsidir. Çünki millətin dilini əlindən alsan, onu öz dilindən məhrum etsən, o millət çox şey itirər. Amma millətin öz doğma dili, ana dili olanda onu heç nə dəyişdirə bilməz. Allaha şükürlər olsun ki, bizim Azərbaycan dili çox mükəmməlləşib, çox genişlənibdir. Dilimizin çox böyük lüğət ehtiyatı var. Bizim Azərbaycan dili şer dilidir. Yadımdadır, mən bir-iki dəfə burada, ya da Türkiyədə toplantılarda nitq söyləyəndən sonra dostum Süleyman Dəmirəl mənə deyirdi ki, sən şeir oxudun. Deyirdim ki, yox mən nitq söyləyirdim. O deyirdi ki, amma Azərbaycan dili o qədər şeir dilidir ki, bəzən fərqinə varmaq olmur ki, nitq söyləyirsən, yaxud şer deyirsən.

Bizim gənclərə deyirəm ki, rus dilini yaxşı bilin, ingilis, fars, ərəb, fransız dillərini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan. Elədir, yoxsa yox? Mən bunu sizə ona görə deyirəm ki, dili inkişaf etdirmək TÜRKSOY-un əsas vəzifələrlndən biridir. Dilimizi bir-birinə bağlamaq, yaxud da ki, bənzətmək lazım deyildir. Məsələn, türkmənlərin danışığının bir qismini mən başa düşürəm. Amma bir qismini başa düşmürəm. Eləcə də siz. Elədirmi? Türkmən və Azərbaycan dilləri bir-birinə daha da yaxındır. Türk dili və Azərbaycan dili eyni şeydir» («Azərbaycan» qəzeti, 8 fevral 2003-cü il).

Azərbaycan dilinə qayğı, onu qorumaq, inkişaf etdirmək, dilimizin keşiyini çəkmək Heydər Əliyevin apardığı dövlət siyasətinin ən mühüm tərkib hissəsidir. Onun Azərbaycan dili ilə bağlı iki mühüm tarixi sənədə - Qanun və Fərmana imza atması çox mətləblərdən xəbər verir. Birinci sənəd «Azərbaycan Respublikasında Dövlət dili haqqında» Azərbaycan Respublikasının Qanunudur (30 sentyabr 2002-ci il). Uzun müddət Milli Məclisdə, mətbuat səhifələrində geniş müzakirə olunan bu qanun prezidentin imzası ilə rəsmiləşdi. Üç fəsil, 22 maddədən ibarət olan bu tarixi sənəd - Qanun çox vacib problemin həlli yollarını göstərir. Dövlət dili haqqında imzalanan bu Qanunda bəyan edildiyi kimi, «Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, Dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır» .

Mənbə: Vilayət Əliyev. Heydər Əliyevin dil siyasəti. Bakı, «Nurlan», 2003.

 

Xəbərlər
Redaktorun seçimi