“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
11.06.2014, 20:05
2008

Heydər Əliyev və mərasim mədəniyyətimiz

A- A+

“Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıblar və bunlar indi bizim mənəviyyatımızı təşkil edən amillərdəndir”.

Ağaverdi Xəlil,

AMEA-nın Folklor İnstitutunun “Mərasim folkloru” şöbəsinin müdiri

İctimai-mədəni həyatımızın elə sahəsi yoxdur ki, orada Heydər Əliyevin qurucu fəaliyyətinin fundamental nəticələri aydın şəkildə görünməsin. Belə sahələrdən biri də ümummilli liderin mərasim mədəniyyəti sahəsindəki quruculuq fəaliyyətidir.
Əlbəttə, mərasim kifayət qədər geniş bir sahədir və onun praktik aspektləri ilə yanaşı nəzəri məsələləri də mövcuddur. Bir çox mərasimlərin çox əski tarixi-mədəni kökləri vardır və zamanla bir sıra dəyişikliklərə məruz qalaraq günümüzə qədər gəlib çatmışdır.Mərasimlərin digər bir hissəsi isə yeni dövrlə bağlıdır.Müstəqil dövlətçilik dövrünün də mərasim mədəniyyəti mövcuddur və bu məqam daha çox qlobal inteqrasiya prosesləri içərisində gerçəkləşməkdədir.
Mərasim etnik-mədəni davranışın mühüm bir tərkib hissəsi olaraq milli mədəniyyətin təməllərindən birini təşkil edir. Çünki mərasim davranışı fərqli bir davranışdır və bu davranışda millət rəsmən özünü mikro dövlətçilik modelində təsdiq etmiş olur. Ona görə də mərasim mədəniyyəti dövlət anlayışı və millət davranışı üçün mühüm əhəmiyyət daşıyır. Çünki dövlət təşkil olunmuş idarəçilik, millət təşkil olunmuş xalqdır; hər ikisində mütəşəkillik mühüm prinsipdir. Mərasim insanları mütəşəkkillik mədəniyyətinə alışdırır və ictimai mədəniyyətin əsaslarını möhkəmləndirir.
Xüsusilə, polietnik və polikonfessional cəmiyyətlərdə mərasim ictimai birliyin, milli həmrəyləyin və sosial harmoniyanın mənəvi əsaslarının möhkəmləndirilməsində aktiv iştirak edir.Çünki sosial davranışın məzmununa mərasim mənəvi dəyər konsepti kimi daxil olur və onu daxildən zənginləşdirir, eyni zamanda tolerantlığın güclənməsini təmin edir.Burada müxtəliflik bütün formaları ilə vahid məcraya gəlir və ümumi bir axara çevrilir.Müxtəlif etnik qruplar, müxtəlif dini görüşlər vahid mərasim mədəniyyəti içində birləşir və eyni davranışın daşıyıcısına çevrilirlər.
İctimai davranış mərasimdən kənarda adiləşir və onu bir bütövə çevirən mənəvi nüvənin cazibəsindən uzaqlaşır.Ona görə də intensiv olaraq cəmiyyətin mərasimdən keçməsi, cəmiyyətdəki müxtəlif qrupları birləşdirən sakral enerji ilə zənginləşməsi vacib sayılır.Burada sakrallaşma arxaik ritualın tam eynisi olmasa da müasir dövrün mərasim mədəniyyəti də mənəvi dəyər konseptlərinin aktivləşdirilməsi ilə birləşdirici və ümumiləşdirici rol oynamaqdadır.Bu baxımdan müasir dövrün mərasimləri də sosiallaşma və ya sosiallaşdırma prosesində aktiv iştirak edir və cəmiyyətdəki müxtəlif qrupları vahid mənəvi dəyərlər ətrafında birləşdirmək üçün mühüm vəzifələri yerinə yetirir. 
Mərasimin mədəniyyətdəki yerini, rolunu və dəyərini dərindən bilən ümummilli lider Heydər Əliyev mərasim mədəniyyətinə xüsusi diqqət edirdi. Mərasim mədəniyyətini təşkil edən və onun fasiləsizliyini təmin edən əsas komponentləri və prosesi ümummilli liderin ifadəsilə belə xarakterizə olunur: 
“Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr edirik. Bizim xalqımız yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıblar və bunlar indi bizim mənəviyyatımızı təşkil edən amillərdəndir”. Burada ənənəvi mədəniyyətin, ənənənin və milli varisliyin rolu diqqətdə saxlanılır.
“Milli mədəniyyətin və milli mənlik şüurunun inkişaf qanunauyğunluqlarından biri mənəvi irsin varisliyidir. Məlum olduğu kimi, mədəniyyət insanların maddi və mənəvi fəaliyyətinin nəticələrində təcəssümünü tapmış sosial təcrübədir. Bu isə, birincisi, o deməkdir ki, burada bu və ya digər xalq, millət təmsil olunur, deməli onların dünya və ətraf mühiti dərk etməsi, xalqın ideya- psixoloji baxışları ehtiva edilir. İkincisi, mənəvi irs təkcə insanların təcrübəsi, bilikləri və fəaliyyətini deyil, həm də xalqın tarixi yaddaşını, onun dərk olunmuş mənafelərini və məqsədlərini əhatə edir. Xalqı vəhdətdə birləşdirən bu subyektiv amillər onun milli inkişafının mühüm müqəddəm şərtləridir. Bu mənada Vətən amalından söhbət gedərkən milli mədəniyyət və milli mənlik şüuru, milli təfəkkürün mental xüsusiyyətləri nəzərə alınmalıdır. Bu ideya Heydər Əliyevin fəlsəfəsində mühüm və gərəkli metodoloji təhlil mexanizmi kimi çıxış edir” ( 8, 110). 
Milli köklərə bağlılıq milli xüsusiyyətlərin və milli adətlərin qorunması ilə mümkün olur. “İnsan gərək heç vaxt öz milli kökünü , torpağını, vətənini, öz dilini unutmasın. Öz dilini yaddan çıxarmasın. Öz milli-mənəvi ənənələrini unutmasın. Özü də bir var ki, onu unutmuram, mənim xatirimdədir, hafizəmdədir, bəli, bu, mənim millətimin xüsusiyyətidir, millətimin bu adəti var, bir də var ki, onu yaşatsın”. Heyədər Əliyev üçün əsas məqsədlərdən və milli mənəvi hədəflərdən ən başlıcası həmrəylik məsələsi olmuşdur.Ona görə də o, deyirdi ki, “azərbaycanlılar həmrəy olsunlar, bir- birinə dayaq olsunlar, bir- birinə yardım etsinlər, bir- birinin dərdinə yansınlar və bizim milli adət- ənənələrimizi, milli dəyərlərimizi birlikdə gözləsinlər, milli bayramlarımızı qeyd etsinlər. Təkcə müstəqillik bayramını, Novruz bayramını deyil, bütün başqa bayramları da qeyd etsinlər”.Bütün bu mərasim mədəniyyətinin zənginliyi cəmiyyətdə mənəvi sağlamlıq yaradan vasitə kimi diqqətə çatdırılır.
“Mənəvi sağlamlıq çox vacibdir. Bizim xalqımızın milli-mənəvi ənənələri, mədəni, milli dəyərləri həmişə, əsrlər boyu xalqımızı yüksək mənəviyyat ruhunda tərbiyə edib, böyüdüb, yaşadıbdır. Biz fəxr edə bilərik ki, milli, dini, mənəvi ənənələrimiz,dəyərlərimiz daim ən yüksək mənəviyyatı əks etdiribdir. Biz çalışmalıyıq ki, bu mənəvi dəyərlərə həmişə sadiq olaq. Hər bir gənc öz kökünə sadiq olmalıdır, milli kökünə, mənəvi kökünə sadiq olmalıdır. Bizim o kökümüz çox sağlam kökdür və biz onunla fəxr edə bilərik ” (10, 40).
N. Cəfərov Heydər Əliyev haqqında yazdığı çoxsaylı əsərlərindən birində yazır: “Heydər Əliyev tamamilə doğru olaraq göstərir ki, Azərbaycan mədəniyyətinin tarixi özünəməxsus ( milli !) əlamətlərlə ümumbəşəri əlamətlərin dialektikasının, qarşılıqlı əlaqəsini nümayiş etdirir. Və Azərbaycan xalqının tipologiyası bizə məlum olan mədəniyyəti göstərir ki, o, içinə qapılmış, özünü dünyadan təcrid etmiş bir xalqın mədəniyyəti deyildir- Azərbaycan mədəniyyəti həmişə dünyaya açıq bir xalqın mədəniyyəti olmuşdur”(8).
Heydər Əliyevin ideoloji konsepsiyası biri- birini tamalayan sistemlər şəklində idi. Ölkə içində əsas milli ideoloji xətt azərbaycançılıq seçilmişdi. Qeyd edim ki, bu ideologiyanın mükəmməl əsasları vardır. Hələ XX əsrin əvvəllərində Əli bəy Hüseynzadə, Məmməd Əmin Rəsulzadə, Mirzə Bala Məmmədzadə kimi böyük milli ideoloqların əsərlərində və ictimai- siyasi fəaliyyətlərində bu ideologiya mükəmməl şəkildə işlənib hazırlanmışdı. Özündə türkçülüyü, çağdaşlaşmanı və islamı birləşdirən Azərbaycan milli ideologiyası çağdaş demokratik dəyərlərə söykənirdi. Heydər Əliyev Azərbaycan tarixini, onun mədəniyyət və mənəviyyat resurslarını dərindən bilən bir şəxsiyyət idi. Ona görə də mənəvi quruculuq işini mükəmməl təşkil etmək üçün vətəndaş həmrəyliyinə aparan ən qısa yolu- azərbaycançılığı seçdi(7).
“Mədəni toplumun tarixi təsdiqi və milli özünüdərk prosesi, tarixin inkişaf stixiyasında obyektiv zərurət kimi hansı mədəni-tarixi formada ifadə olunması və tarixin gedişatını hansı istiqamətlərdə müəyyənləşdirməsi yaranmış tarixi şəraitdən asılıdır. Müxtəlif zaman və məkanlarda yaranan tarixi şəraitlərdə vahid bir substansiyaya – mənəvi başlanğıca malik xalqlar yaratdıqları mədəniyyətin bətnində yaşayan azadlıq, müstəqillik idealının ən yüksək sosial-siyasi təzahürü olan milli dövlət quruculuğu uğrunda mübarizəyə atılır və baş vermiş ictimai-siyasi hadisələrin axarında xalqın əsrlərdən keçib gələn intellektinin üzə çıxması və misli görünməmiş bəşəri dühaların meydana gəlməsi üçün şərait yaranır” (4, 8).Belə bir şəraitdə Heydər Əliyev Azərbaycan tarixinin müasir dövrünə daxil olur və onun gedişatını xalqın xeyrinə olan məqsədyönlü bir məcraya yönəltməyə nail olur.
Ümummilli liderin müxtəlif mərasimlərdə, görüşlərdə və başqa tədbirlərdə etdiyi çıxışları, söylədiyi nitqləri, verdiyi fərmanlar və göstərişlər üzərində müşahidələrdən aydın olur ki, bu böyük şəxsiyyətin milli- mənəvi quruculuq siyasəti mükəmməl konseptual əsaslara malikdir; onun strategiyası və taktikası mövcuddur.
Müqəddəs dəyərlərin qorunmasında dini bayramların rolunu dəqiq müəyyənləşdirən Heydər Əliyev qurban bayramının mənəvi dünyamızdakı yerini aydınlaşdırır:”Ulu babalardan, Həzrəti Məhəmməd peyğəvbərdən qalmış müqəddəs kitabımız Qurani-kərim tərəfindən tövsiyə olunmuş Qurban bayramını azad və sərbəst şəraitdə qeyd edirik və beləliklə, Azərbaycan xalqının həm müstəqilliyini, həm milli azadlığını, həm də öz tarixi ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdiririk” (6,18)
Ulu öndərin mərasim mədəniyyətimizlə bağlı geniş və strateji xarakterli fəaliyyətinin dörd mühüm istiqamətini qeyd etmək olar:
1. Mərasimlərin bərpası. Məlumdur ki, bizim müstəqilliyimizi itirdiyimiz dövrdə mərasim mədəniyyətimiz ağır itkilərə məruz qalmışdır. Müstəqil dövlət olmayanda rəsmi təsisastlar və rəsmi mədəni institutlar da olmur. Çünki bu idarə olunan bir mexanizmdir.Adətlər şəklində icra olunan mərasimlər isə öz miqyasına və təntənəsinə görə məhdud çevrəni əhatə edir. Başqa deyilişlə, el bayramları ev bayramları şəklində qeyd olunur. Bunları biz yaxın keçmişimizdə görmüşük. Heydər Əliyevin mərasim mədəniyyətimizə verdiyi töhfələrdən biri milli mərasimlərimizin bərpasıdır. Əlbəttə, bu bərpa məsələsi kifayət qədər mürəkkəbdir və uzun bir prosesi əhatə edir. Amma dövlət rəhbərinin təqvimi və rəqəmləri rəsmiləşdirməsi bu prosesin başlanması üçün vacib olan yaşıl işığı yandırmış olur. 
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi dövrlərdə milli mərasim və bayramlar maneəsiz olaraq keçirilib. 1970 – 1980- ci illərdə toylar aşıqsız, yaslar mollasız olmayıb. Milli (məsələn, Novruz bayramı) və dini bayyramlar ( məsələn, Ramazan, Qurban) dünyəvi bayramlarla (məsələn, Yeni il, 8 Mart qadınlar bayramı, 1 May zəhməkeşlərin həmrəylik günü və s.) eyni mütəşəkkillikdə qeyd olunub. Amma Sovet bayramları ( 7 Noyabr İnqilab günü, 23 Fevral ordu günü, Konistitusiya günü və s.) xüsusi olaraq rəsmi səviyyədə geniş təşkil olunmurdu və bir növ simvolik xarakter daşıyırdı. Moskvaya həmin günün Azərbaycanda da qeyd olunduğu haqqında məlumat göndərmək üçün bu da kifayət edirdi. 
2. Mərasim yaradıcılığı. Heydər Əliyev mərasim mədəniyyətinin bərpası ilə yanaşı bu mədəniyyəti daha da inkişaf etdirmiş, onu yeni-yeni mərasim formaları ilə zənginləşdirmişdir. Sovet dönəmində tarla düşərgələrində keçirilən “Məhsul bayramları” insanları yeni-yeni əmək qələbələrinə ruhlandırırdı. Belə mərasimlər yüksək təntənə ilə qeyd olunduğundan insanların həyatına nikbin ovqat gətirir və onların ruhi-mənəvi durumuna pozitiv təsir göstərmiş olurdu. 
Heydər Əliyevin xüsusi diqqət verdiyi sahələrdən biri peşə bayramları idi. O istəyirdi ki, hər bir peşə zümrəsinin öz bayramı olsun və onlar bu günü həmrəylik nümayiş etdirərək birgə keçirsinlər. Belə bayramların artıq bir hissəsi (məsələn, müəllim günü, həkim günü və s.) cəmiyyətdə oturuşub və müntəzəm xarakter alıb.
3. Mərasimlərin təşkili. Heydər Əliyev həm Respublika rəhbəri kimi, həm də dövlət başçısı kimi mərasimləri yüksək səviyyədə təşkil edirdi.Ümumxalq bayramları və peşə bayramlarının əksəriyyətində Heydər Əliyev şəxsən iştirak edirdi və bununla da bayramın təşkilini daha mütəşəkkil və möhtəşəm olmasını təmin etmiş olurdu. Çünki dövlət başçısının bayram mərasimində iştirakı onun ən yüksək səviyyədə hazırlanması üçün kifayət edirdi.
Ümummilli lider Heydər Əliyev bədnam qonşuların işğalı nəticəsində yurd- yuvasını itirmiş qaçqın və didərgin vətəndaşlarımızın yaşadığı çadır şəhərciklərində keçirilən toy mərasimlərində iştirak edirdi. Və bu iştirakı ilə həmin insanlara sonsuz sevinc bəxş edirdi. Onun diqqətindən heç nə yayınmır, heç kim unudulmurdu. Ayrı- ayrı el sənətkarlarını birbaşa qəbul edir, onların ad günlərini təbrik edir, xidməti olanları müntəzəm olaraq orden və medallarla təltif edirdi. Belə həssas diqqəti və qayğını görən hər kəs indi onun haqqında həyəcansız danışa bilmir.
4.Mərasim davranışı. Heydər Əliyevin mərasim mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən biri də onun göstərdiyi şəxsi davranış nümunəsidir. Onun mərasim hərəkətləri, yerişi, duruşu, mimikası, jestləri, çıxışı, nitqi, söylədiyi hər kəlmə nümunəvidir, böyük və zəngin bir məktəbdir. Bu bizim mərasim mədəniyyəti tariximizdə ən parlaq səhifəni təşkil edir. Müstəqil dövlətçilik mədəniyyətinin mərasimi əsaslarının formalaşmasında Heydər Əliyevin misilsiz xidmətləri vardır. Rəsmi dövlət mərasimlərinin təşkili ilə yanaşı bu mərasimdə iştirakın ən mükəmməl rəsmi nümunəsini göstərən Heydər Əliyev əslində yeni dövr dövlət mərasim mədəniyyətimizin əsaslarını müəyyənləşdirdi.
Ümummilli liderin müxtəlif mərasimlərdə, görüşlərdə və başqa tədbirlərdə etdiyi çıxışları, söylədiyi nitqləri, verdiyi fərmanlar və göstərişlər üzərində müşahidələrdən aydın olur ki, bu böyük şəxsiyyətin milli- mənəvi quruculuq siyasəti mükəmməl konseptual əsaslara malikdir; onun strategiyası və taktikası mövcuddur. Onun milli- mənəvi quruculuq siyasəti azərbaycançılıq ideologiyasına əsaslanır. Azərbaycan vətəndir və bizi birləşdirən müqəddəs dəyərdir. Heydər Əliyev milli ideologiyamızın təməl pinsiplərinə milli-mənəvi dəyərlərimizi, o sıradan adət və ənənələrimizi də aid edirdi. Milli adətlərə, mərasimlərə və dini bayramlara da çox diqqətlə yanaşan Ulu Öndər Qurban bayramı haqqındakı mülahizələrini belə aydınlaşdırırdı:
“Qurban bayramı İslam aləminin bizə yadigar qoyduğu müqəddəs bayramdır. Bu bayramı dünyada bütün müsəlmanlar qeyd edirlər. İndi biz milli ənənələrimizi, adətlərimizi, dinimizi, mədəniyyətimizi bərpa etmişik. Azərbaycan xalqı milli azadlığa nail olub, özü öz taleyinin sahibidir. Ulu babalardan, Həzrəti Məhəmməd peyğəvbərdən qalmış müqəddəs kitabımız Qurani-kərim tərəfindən tövsiyə olunmuş Qurban bayramını azad və sərbəst şəraitdə qeyd edirik və beləliklə, Azərbaycan xalqının həm müstəqilliyini, həm milli azadlığını, həm də öz tarixi ənənələrinə sadiq olduğunu bütün dünyaya bir daha nümayiş etdiririk”. Bu nümunədə Heydər Əliyevin mili-mənəvi dəyərlərimizə, adət və ənənələrimizə, bayramlarımıza və bütün mərasimlərimizə verdiyi önəm aydın şəkildə ifadə olunmuşdur. Burada bizim mərasim mədəniyyətinin perspektivləri üçün zəruri müddəalar da öz əksini tapmışdır. Bu sahədəki mədəniyyətimizin strateji inkişaf istiqamtləri həmin müddəaların fəlsəfi əsaslarını müəyyənləşdirən yuxarıdakı fikirlərdə ifadə olunmuşdur. Çünki bu nümunələrdə məsələyə Heydər Əliyev baxışı, Ulu Öndər yanaşması vardır və bu bizim milli-mənəvi inkişaf konsepsiyamızın strategeji əsaslarını təşkil edir. 
Ulu öndər Heydər Əliyevin Azərbaycan mərasim mədəniyyəti tarixindəki xidmətləri misilsizdir. Onun bərpa etdiyi, inkişaf etdirdiyi, təşkil etdiyi və yaratdığı mərasimlər xalqımızın həyatında ənənə şəklində yaşamaqdadır. Heydər Əliyev siyasi kursunun davamçısı möhtərəm prezidentimiz İlham Əliyev ulu öndərin bu istiqamətdəki quruculuq fəaliyyətini davam və inkişaf etdirməkdədir. Milli bayram mərasimlərinin təşkili, təntənənin miqyasının və bayram tətillərinin genişləndirilməsi bu sahədə aparılan mədəni quruculuq işinin uğurlu davamı kimi böyük mədəni və mənəvi dəyər daşımaqdadır.

 

Ədəbiyyat

1. Əliyev H. Xalqların dostluğu - ədəbiyyatların dostluğudur (Yazıçıların Ümumittifaq yaradıcılıq konfransında məruzə) / “Kommunist” qəz., 29 
oktyabr,1980.
2. Əliyev H. Tarixi köklərimiz bir dilə, bir mənəviyyata, bir dinə bağlı olduğuna görə çox dərindir // H.Əliyev. Ədəbiyyatın yüksək borcu və amalı. B.,Ozan, 1999, s.337-345 
3. Mehdiyev A. Heydər Əliyev Azərbaycan alimlərinin ilhamvericisidir // Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir- onu qoruyub saxlamalıyıq. “Elm” qəzetinin xüsusi buraxılışı, 2003, s.53-59. 
4. Kərimov M. Heydər Əliyev fenomeni // Milli Elmlər Akademiyası bizim milli sərvətimizdir – onu qoruyub saxlamalıyıq. “Elm” qəzetinin xüsusi buraxılışı, 2003, s.8-46
5. Əliyev Q. Heydər Əliyev və milli mentalitet fəlsəfəsi. B., Qismət, 2003, 248 s.
6. Əliyev R. Heydər Əliyev, din və mənəvi dəyərlər. B., İrşad, 1998, 76 s.
7. Cəfərli M. Heydər Əliyev: xalqın güvənc yeri və milli iftixarı // Heydər Əliyev və milli- mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.20-24. 
8. Cəfərov N. Azərbaycanşünaslığa giriş. B., AzAtaM, 2002, 600 s.
9. Hacıyev T. “Kitabi Dədə Qorqud- 1300”- tarixi dövlət tədbiri // Heydər Əliyev və milli- mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.8-11 
10. Qafarlı R. Heydər Əliyev və qədim türk mifoloji-folklor irsi // Heydər Əliyev və milli mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.52-70
11. Əkbərov R. Heydər Əliyev və Nizami Gəncəvi irsi// Heydər Əliyev və milli- mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.12-19.
12. Quliyev E. H. Əliyev və Cənubi Azərbaycan milli- mənəvi dəyərləri // Heydər Əliyev və milli- mənəvi dəyərlərimiz. B., Səda, 2003, s.40-51.
13. Xavəri S. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu. “Elm” qəzeti, 25 may 2005 – ci il, sayı 13-14 (738-739).

 

Xəbərlər
Redaktorun seçimi