“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
16.06.2014, 15:41
1790

Dünya azərbaycanlılarının konsolidasiyası

A- A+

Xalqların taleyində müstəsna rol oynamış fenomenal şəxsiyyətlər, ilk növbədə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə yönəlmiş milli ideyaları ilə tarixdə əbədiyaşarlıq hüququ qazanır, pozitiv rakursda siyasi varislik ənənələri formalaşdırırlar.

Milli irs və düşüncə sistemindən qaynaqlanan bu ideyalar dərin məzmun yükü ilə cəmiyyətin təkamül prosesində, tərəqqisində və monolitliyində aparıcı amilə çevrilməklə yanaşı, həm də tarixi şəxsiyyətlərə xalqı öz ətrafında birləşdirmək, milli ideallara səfərbər etmək imkanı verir.

Ötən əsrin 90-cı illərinin əvvəllərində hakimiyyətdə yer tutmuş antimilli rəhbərlik, daha sonra bu hakimiyyəti qəsb etmiş güruhçu qüvvələr xarici siyasətin prioritet istiqamətlərindən biri kimi diaspor və lobbi quruculuğuna diqqət yetirməmiş, müxtəlif səbəblər üzündən qəribçilik taleyini bölüşən soydaşlarımızın vahid Vətənlə - Azərbaycanla əlaqələrinin genişləndirilməsi, milli problemlərin həllində onların geniş potensialından istifadə edilməsi kimi vacib məsələlərə olduqca etinasız münasibət bəsləmişlər.

Yalnız ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə qayıtdıqdan sonra dünyanın müxtəlif guşəsinə səpələnmiş həmvətənlərimizlə əlaqələrin qurulması dövlət siyasəti səviyyəsinə qaldırıldı, vahid və öncül ideologiya elan olundu.

“Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Günü bu gün də azərbaycançılıq fəlsəfəsinin aparıcı leytmotivinə, əsas qayəsinə çevrilmiş həmin qürur dolu etiraf dünya azərbaycanlılarını vahid milli-mənəvi, özgün mental dəyərlər çətiri altında bir araya gəlməyə səsləyən taleyüklü çağırışa çevrilmişdir.

Diaspor və lobbi quruculuğuna göstərilən xüsusi diqqət Heydər Əliyevin yüksək diplomatik və peşəkar siyasətçi keyfiyyətlərindən qaynaqlanırdı. Ümummilli liderin böyüklüyü həm də onun uzunömürlü hakimiyyəti boyu azərbaycanlı olmasını unutmamasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da ulu öndərin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında xüsusi diqqəti çəkir.

“İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda, assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən məhz bu amillərdir. Bizim hamımızı birləşdirən, həmrəy edən azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır” - deyən Heydər Əliyev xaricdəki soydaşlarımızın vahid ideya, məqsəd və prinsip ətrafında sıx birliyini təmin etmək üçün azərbaycançılıq ideyasını irəli sürmüş və onun ictimai şüurda möhkəm intişar tapmasına nail olmuşdur. Ümummilli liderimiz çıxışlarında hər zaman vurğulamışdır ki, azərbaycançılıq milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamağa, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli fəlsəfi dünyagörüşü formasıdır. Azərbaycançılıq dövrün, zamanın tələbindən irəli gələn, bu günümüzün gerçəkliklərini əks etdirən hakim dövlət ideologiyasıdır. Bu ideya möhkəm ideoloji istinad dayağına çevrilərək son 12 ildə Azərbaycan diasporunun təşkili işini sürətləndirmiş, xaricdə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiyyətlərin, dərnəklərin ideoloji-siyasi cəhətdən təmərküzləşməsini stimullaşdırmışdır.

Azərbaycançılığın əsas komponentlərindən biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlərdir. Ulu öndərimizin xaricdə yaşayan soydaşlarımıza tövsiyələrindən biri də bundan ibarət idi ki, milli dövlətçiliyimizin qorunması və inkişafı üçün, ilk növbədə, hamı milli-mənəvi dəyərlərin, adət-ənənələrin keşiyində durmalı, milli kimliyini istənilən ölkədə yaşatmalıdır.

Xalqımızın milli-mənəvi birliyinin əlamətdar rəmzinə çevrilmiş 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi hər il yüksək səviyyədə qeyd olunması ulu öndərimizin necə böyük və uzaqgörən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il dekabrın 16-da “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” qərar qəbul etməklə yenicə müstəqillik elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə vermişdir.

1996 - ci ildən başlayaraq ölkəmizdə aparılan quruculuq tədbirləri, islahatlar nəticəsində ictimai-siyasi sabitliyin bərqərar olması, bazar iqtisadiyyatının əsaslarının formalaşdırılması, hüquqi dövlət quruculuğu, sosial sahənin inkişaf etdirilməsi Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsinin başlıca əsaslarını qoydu. Bütün bu proseslər dünyanın müxtəlif bölgələrinə səpələnmiş, qəlbi Vətənin nəbzi ilə döyünən soydaşlarımızın diqqət mərkəzində olmuşdur. 2001-ci ilin yaddaqalan və milli həmrəyliyimizin nümayişinin ən yüksək zirvələrindən biri noyabrın 9 - 10-da Bakıda Dünya Azərbaycanlılarının 1-ci Qurultayının keçirilməsi olmuşdur. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş həmin qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün zəmin yaratmışdır. Qurultayda 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatdan 403 nəfər nümayəndə və 63 nəfər qonaq iştirak etmişdir.

Ümummilli lider Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı fikirlərini söyləmişdir. Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması, müxtəlif ölkələrdə dilimizin, tariximizin, mədəniyyətimizin yüksək səviyyədə təbliği, Ermənistanın təcavüzkarlıq siyasətinin ifşası, bədnam erməni lobbisinə qarşı sistemli və ardıcıl əks-hücumun təşkili məsələləri qurultayın qarşıya qoyduğu başlıca vəzifələr kimi diqqəti cəlb etmişdir.

Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu öndər bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə “Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə” fərman imzaladı. Komitənin yaradılması xaricdəki Azərbaycan cəmiyyətlərinin, birliklərinin və dərnəklərinin fəaliyyətinin vahid mərkəzdən koordinasiyasına, habelə onların dövlət qayğısı ilə əhatə olunmasına geniş imkanlar açdı.

2002-ci ildə Milli Məclisdə qəbul olunmuş “Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında” qanun xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirir. Qanuna əsasən, xaricdə yaşayan, fəaliyyət göstərən soydaşlarımızın hüquqları Azərbaycan dövləti səviyyəsində qorunur.

Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesinin daha geniş vüsət almasını, öz milli-mənəvi, əxlaqi dəyərlərini qorumaqla bu qlobal prosesdən kənarda qalmamasını təmin etmək məqsədilə 2003-cü ilin aprelində Almaniyanın Maynts şəhərində Dünya azərbaycanlıları diaspor təşkilatları rəhbərlərinin I forumu keçirilmişdir. 2004-cü ilin mayında isə Türkiyənin İsgəndərin şəhərində Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası təsis olunmuşdur. Qardaş ölkədə fəaliyyət göstərən ayrı-ayrı Azərbaycan dərnəklərini, müxtəlif qurumları və onların timsalında burada yaşayan bütün həmvətənlərimizi öz ətrafında sıx birləşdirmək yeni federasiyanın əsas məqsədi elan olunmuşdur.

2005-ci ildə Kanadanın Toronto şəhərində Azərbaycan Təşkilatları Federasiyası təsis edilmişdir. Azərbaycan icma və birliklərinin fəaliyyətlərinin mərkəzləşdirilməsi istiqamətində addımlar dünyanın digər ölkələrində də atılır.

Ümummilli lider Heydər Əliyevin siyasəti bu gün onun layiqli siyasi varisi, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev hələ 2004-cü il iyulun 27-də ölkə diplomatlarının iştirakı ilə Xarici İşlər Nazirliyində keçirdiyi geniş tərkibli müşavirədə diaspor quruculuğu işini xarici siyasət sahəsində prioritet istiqamətlərdən biri kimi qiymətləndirmiş və bu fəaliyyətin daha da gücləndirilməsinin vacibliyini önə çəkmişdir. Dövlət başçısı milli mənafe və maraqların beynəlxalq aləmdə yüksək səviyyədə qorunması, ölkə həqiqətlərinin dünya ictimaiyyətinə dolğun, obyektiv şəkildə çatdırılması baxımından xaricdə yaşayan soydaşlarımızın üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd etmiş, onların daha da təşkilatlanması, vahid hədəflər naminə mütəşəkkil mücadilə aparması ilə bağlı dəyərli tövsiyələrini vermiş və diaspor təşkilatlarının qarşısında yeni vəzifələr qoymuşdur: “Xaricdə yaşayan azərbaycanlılar bu və digər məsələlərdə səfirliklərə öz köməyini göstərə bilərlər. Biz, bir tərəfdən, onları qorumalıyıq, müdafiə etməliyik. Çalışmalıyıq ki, onlar yaşadıqları ölkələrin bütün təbəqələrində təmsil olunsunlar… Eyni zamanda, onlar da öz doğma vətənlərinə xidmət etməli, kömək göstərməlidirlər. Mən bilirəm ki, bu iş bir çox ölkədə gedir. Amma əlbəttə, istərdik ki, bunun böyük nəticəsi, səmərəsi olsun”.

Cənab İlham Əliyev siyasi fəaliyyətində hər zaman diaspor və lobbi quruculuğu işinə diqqətlə yanaşmışdır: hələ AŞ PA-da Azərbaycan nümayəndə heyətinə rəhbərlik edərkən, səmimi ünsiyyəti, diplomatik bacarığı ilə bir çox əcnəbi parlamentariləri ölkəmizin yaxın dostuna, müdafiəçisinə çevirməyi bacarmışdır. Məhz cənab İlham Əliyevin diplomatik təşəbbüsü sayəsində Azərbaycan və Türkiyənin xarici ölkələrdəki diaspor qurumları fəaliyyətlərini əlaqələndirir, müxtəlif məsələlərdə bir-birinə dəstək verirlər.

Xüsusi vurğulamaq lazımdır ki, dövlət başçısının 2004-cü ildə Rusiyaya reallaşan ilk rəsmi səfərindən sonra burada yaşayan azərbaycanlıların təşkilatlanması işində dinamiklik daha da artmış, Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) yeni regional şöbələri yaradılmışdır. 2005-ci ildə ABŞ Konqresində Amerika-Azərbaycan işçi qrupunun yaradılması da rəsmi Bakının mühüm diplomatik nailiyyəti kimi vurğulanmalıdır. Azərbaycanla bağlı həqiqətlərin Konqresdə səslənməsi xalqımızın mənafeyi baxımından olduqca əhəmiyyətlidir.

Prezident İlham Əliyev xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə də xüsusi diqqət ayırır, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xaricdəki soydaşlarımızı daha fəal olmağa çağırır, azərbaycançılıq ideologiyasının xaricdə yaşayan soydaşlarımızın mənəvi-siyasi birliyinin əsas istinad nöqtəsinə çevrilməsi istiqamətində məqsədyönlü iş aparır.

Xarici ölkələrdə yaşayan soydaşlarımızla əlaqələrin genişləndirilməsini xarici siyasətdə prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirən Azərbaycan hakimiyyəti ölkədəki sosial-iqtisadi inkişaf strategiyasının mahiyyətinə uyğun olaraq diaspor quruculuğu sahəsində dövrün nəbz və tələbləri ilə səsləşən genişmiqyaslı tədbirlərin həyata keçirilməsini son dərəcə vacib sayır. Bu yöndə aparılan dövlət siyasətinin mahiyyəti dünya azərbaycanlılarının potensial imkanlarını müstəqil dövlət quruculuğu prosesində meydana çıxan müxtəlif problemlərin həlli naminə səfərbər etmək, milli birliyə, həmrəyliyə və mütəşəkkilliyə nail olmaqdır.

Dünya azərbaycanlılarının bir araya gəlməsi istiqamətində atılan növbəti addım kimi 2006-cı il martın 16-da II qurultayın keçirilməsində əsas məqsəd hesabat dövründə diaspor quruculuğu istiqamətində görülmüş işləri dəyərləndirmək, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi bəzi problemləri, yaşadıqları ölkələrin iç siyasətinə təsir imkanlarını öyrənmək, onların tarixi Vətənlə daha geniş əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur.

Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli, dərin məzmunlu nitqi məhz diaspor quruculuğu sahəsində perspektiv fəaliyyət prioritetlərinin müəyyənləşdirilməsi baxımından son dərəcə maraq doğurdu. Dövlət başçısı bütün sahələrdə yüksək dinamizlə inkişaf edən Azərbaycanın beynəlxalq arenadakı nüfuz və mövqelərinin daha da gücləndirilməsini, respublikamız haqqında tam obyektiv, dolğun informasiyaların dünya ictimaiyyətinə çatdırılmasını milli diaspor təşkilatları qarşısında vacib məsələ kimi müəyyənləşdirdi.

Prezidentin tövsiyələrini fəaliyyət proqramı kimi qəbul edən Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi son illər milli diaspor quruculuğu sahəsində uğurlu nəticələr əldə etmişdir. Müxtəlif ölkələrdəki Azərbaycan icmalarının fəaliyyətinin gücləndirilməsi, çevikliyinin artırılması, bu təşkilatların vahid mərkəz ətrafında birləşdirilməsi əsas strateji məqsədlərdən biri kimi qəbul edilərək, bu istiqamətdə müvafiq addımlar atılmışdır. Diaspor quruculuğu sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü iş nəticəsində Amerika, Avropa, Asiya və Şimali Afrikanın ayrı-ayrı ölkələrində 80 - dən çox yeni azərbaycanlı icması yaradılmış, bununla da, xaricdəki soydaşlarımızı birləşdirən qurumların sayı 300-ü ötmüşdür.

Diaspor quruculuğunun çox mühüm sahələrindən biri də ortaq milli-mənəvi-mədəni dəyərlərə malik türkdilli xalqların konsolidasiyası məsələsidir. 2006-cı ilin sentyabr ayında Ankarada keçirilən Türkdilli dövlətlərin və topluluqların 10-cu Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı Prezident İlham Əliyevin türk dövlətləri arasında birləşdiricilik missiyası həyata keçirən və bu sahədə böyük uğurlar qazanan lider olduğunu bir daha təsdiq etdi.

Tarix boyu etnik, mədəni və mənəvi köklərə malik xalqların mürəkkəb tarixi mərhələlərdə bir-birinə arxa durması, qarşıya çıxan çətinlikləri birgə aradan qaldırması cəhdlərinə az təsadüf edilməyib. Hərtərəfli təhlükəsizlik problemlərinin birgə həll edilməsi və qarşılıqlı inkişafın təmin edilməsi zərurəti türk dünyasını da birləşməyə sövq edir. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2007-ci il mart ayının 9-da Bakıda keçirilmiş Azərbaycan və Türkiyə diasporları rəhbərlərinin 1-ci forumu və noyabr ayının 17-dən 19-dək baş tutmuş Türk dövlət və cəmiyyətlərinin 11-ci Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayı isə birləşməyə doğru atılmış real addımlar olmuşdur. Qurultayda qardaş xalqlar və ölkələr arasında bütün sahələrdə qarşılıqlı əlaqələrin dərinləşdirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi, təhlükəsizliyin və sabitliyin bərqərar edilməsi, türkdilli dövlətlərin beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsi naminə görüləcək işlərlə bağlı faydalı ideyalar ortaya qoyulmuş, dəyərli təşəbbüslər irəli sürülmuşdur. Həmin qurultaydakı çıxışı zamanı Prezident İlham Əliyev demişdir: “Bizim birliyimiz nə qədər güclü olsa, hər bir ölkə öz milli maraqlarını bir o qədər uğurla müdafiə edə bilər. İndi dünyada gedən qloballaşma prosesləri, əlbəttə ki, bizim ölkələrdən də yan keçmir. Amma bununla bərabər, biz milli dəyərlərimiz üzərində dövlətlərimizi qururuq”.

Bu gün Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində 200-dən çox birlik, cəmiyyət və assosiasiyası fəaliyyət göstərir. Qürurvericidir ki, müstəqil Azərbaycanın daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurlar soydaşlarımızın da milli şüurunu, özünüdərkini, torpağa bağlılığını günü-gündən möhkəmləndirir. Müxtəlif ölkələrdəki azərbaycanlı diaspor təşkilatları soydaşlarımızın təşkilatlanması, səylərinin birləşdirilməsi, onların fəaliyyətinin məqsədyönlü xarakter alması naminə faydalı iş aparır, ölkəmizi daha yaxından tanıtdırmaq üçün müxtəlif tədbirlər həyata keçirirlər. Diaspor quruculuğu konkret zamanla məhdudlaşmayan, daim gərgin əmək və fəaliyyət tələb edən bir prosesdir. Azərbaycan Prezidenti İlham Əliyev də bu reallıqdan çıxış edərək milli diaspor hərəkatının genişləndirilməsi, həmin təşkilatların vahid mərkəzdən idarə olunması və milli məqsədlər naminə səfərbər edilməsi istiqamətində səmərəli addımlar atır.

Xalid Niyazov

“Azərbaycan”.-2008.-11 noyabr.-№252.-S.4

Xəbərlər
Redaktorun seçimi