“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.06.2014, 15:43
1969

Mən azərbaycanlıyam!

A- A+

Biz məhz azərbaycanlı olduğumuzla nə üçün fəxr etməliyik?..

- Ey yolçu, bir ayaq saxla, dur! Hardan gəlib, hara gedirsən? Kimlərdənsən?

- Azərlərdənəm. Eşitməmiş olmazsan. Tarixi başdan-başa bir qəhrəmanlıq xəzinəsi olan əsalətli bir xalqın oğluyam!

Yadıma cəsur hun sərkərdəsi Atillanın Roma ordusunun generalı ilə qısa mükaliməsi düşür. Şücaətinə heyran qalan romalı hərbiçi Atilladan soruşur ki, sənin əsalətin varmı? Dünyanı qılıncı qarşısında diz çökdürən gənc sərkərdənin cavabı qısa və ibrətamiz olur: - Özüm əsalətli olmasam da, əsil-nəcabətli bir xalqın övladıyam!

"Cəmi ət-Təvarix"in müəllifi Rəşidəddin XIV, Məhəmməd Hüseyn ibn Xələfi Təbrizi isə XVIII yüzildə Azərbaycan toponiminin etimologiyası ilə bağlı ortalıqda dolaşan ənənəvi yozumları rədd edərək bu kəlmənin mənasını öz ana dilimizin məxəzlərində axtararaq qədim türkcədə azər sözünün uca, bayqanın isə böyük, əsil-nəcabətli adam mənasını verdiyini söyləmişlər. Bu gün - Mən azərbaycanlıyam! kəlməsinin hər birimizin qürur və fəxarət ünvanına, əsil-nəcabət rəmzinə çevrilməsinin bir səbəbi də tarixin dolanbaclarından sıyrılıb gələn bu həqiqət deyilmi?!

Biz məhz azərbaycanlı olduğumuzla nə üçün fəxr etməliyik?

...Çünki soyumuz tarixin belə xatırlamaqda çətinlik çəkdiyi qosqoca bir tərcümeyi hala malikdir. Tarixin izi ilə mədəni qatların məhvərinə aparan tədqiqatların ortaya qoyduğu dəlillərə görə, prototürk, protoazərbaycan nüvəsinin çox qədim izləri dil və mədəniyyətimizin şumer, akkad, hett, asur dil və mədəniyyətləri ilə bağlılığını ortaya qoyur.

...Çünki miladi tarixin doqquzuncu yüz ilində Şərq dünyasını sivri qılıncının əsirinə çevirən xilafət ordusu 22 il sərasər Azərbaycana yenildi.

...Çünki Azərbaycan intibahının mənbəyində dayanan Təbrizi, Xaqani, Nizami, Nəsimi, Həsənoğlu, Xətai, Qazi Bürhanəddin ... kimi fikir və söz dühaları məhz mənim xalqıma mənsub olublar, bəziləri isə şirin Azərbaycan dilində yazıb-yaradıblar.

...Çünki azərbaycanlı sənətkarların dünya mədəni irsinin bir hissəsinə çevrilmiş əl işləri dünyanın handa bir muzeyində "vətəndaşlıq hüququ" qazanıb.

2001-ci il. Noyabrın 10-u. Bakı. Respublika sarayı. Ulu öndərin təşəbbüsü ilə toplanmış Dünya Azərbaycanlılarının I qurultayının son günü. Azərbaycan Prezidenti Heydər Əliyevin əzəmət və qəhər qarışıq - "Qoy, çaylarınız qurumasın! Qoy, ağaclarınız kəsilməsin! Qoy, çırağınız sönməsin!" - kəlmələri salonu lərzəyə gətirdi.

Bu, Yer adlı planetin dörd bir guşəsinə səpələnmiş 50 milyonluq bir millətin mənəvi Dədə Qorqudu sayılacaq bir şəxsin, ümummilli liderin öz soydaşlarına səslənişi, alqışı idi.

Azərbaycan diasporunun təşəkkül və formalaşma tarixi VII əsrin sonu VIII əsrin əvvəllərindən başlayaraq altı mərhələni əhatə edir. Üst-üstə 12 yüz ili əhatə edən bu zaman məsafəsində bəşər sivilizasiyası xəzinəsinə misilsiz töhfələr bəxş etmiş, Azərbaycan diasporunun təşkilatlanması prosesinə can və əmək qoymuş yüzlərlə fikir və söz dühasının, ictimai-siyasi xadim və sərkərdənin, sıradan soydaşımızın adını çəkmək mümkündür.

Dünyada Azərbaycan diasporunun təşkilatlanması sahəsində ilk addım 1949-cu ilin fevralında Ankarada Azərbaycan Kültür Dərnəyinin yaradılması oldu. Hazırda Tomris Azərinin rəhbərlik etdiyi Amerikanın Azərbaycan Cəmiyyəti isə 1958-ci ildə atası - AXC dövründə milli təhlükəsizlik naziri işləmiş Nağı bəy Şeyxzamanlının oğlu Saleh bəy Şeyxzamanlı tərəfindən təsis edilmişdir.

Azərbaycan heç vaxt qürbətdə yaşayan övladlarını unutmamışdır. Sovet-kommunist ideologiyasının hakim olduğu dövrdə mövcud siyasi reallıqlar diaspor problemi ilə milli-ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqəsinə xidmət edəcək imkanlardan səmərəli istifadə olunurdu. Ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev böyük uzaqgörənliklə bütün qətiyyət, müdriklik və cəsarətini xalqın tarixi yaddaşının qorunmasına, Azərbaycanın bütün dünyada tanınmasına yönəltmişdi.

Sonrakı illərdə iqtidarda təmsil olunmuş qüvvələr xarici siyasətin prioritet istiqamətlərindən biri kimi diaspor və lobbi quruculuğuna diqqət yetirməmiş, soydaşlarımızın vahid Vətənlə - Azərbaycanla əlaqələrinin genişləndirilməsi, milli problemlərin həllində onların geniş potensialından istifadə kimi vacib məsələlərə olduqca etinasız münasibət bəsləmişlər.

Yalnız ulu öndər Heydər Əliyev 1993-cü ilin iyununda hakimiyyətə gəldikdən sonra dünyaya səpələnmiş həmvətənlərimizlə əlaqələrin qurulması dövlət siyasəti səviyyəsinə qaldırıldı, vahid və öncül ideologiya elan olundu. Diaspor və lobbi quruculuğuna göstərilən xüsusi diqqət Heydər Əliyevin yüksək diplomatik və peşəkar siyasətçi keyfiyyətlərindən qaynaqlanırdı. Ümummilli liderin böyüklüyü həm də onun uzunömürlü hakimiyyəti boyu azərbaycanlı olmasını unutmamasında, xalqın milli mənlik şüurunu, özünüdərk hissini, mənəvi dəyərlərə bağlılığını gücləndirmək əzmini nümayiş etdirməsində idi. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da ulu öndərin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında xüsusi diqqəti çəkir.

"İnsan hansı ölkədə yaşamasından asılı olmayaraq gərək öz milliliyini qoruyub saxlasın. Dünyada eyni zamanda assimilyasiya prosesi də var. İnsanlar - mən azərbaycanlılar haqqında danışıram - gərək yaşadıqları ölkədə, yenə deyirəm, o şəraiti mənimsəyərək, orada özləri üçün yaxşı mövqelər tutsunlar. Ancaq daim öz milli-mənəvi dəyərlərinə, milli köklərinə sadiq olsunlar. Bizim hamımızı birləşdirən, həmrəy edən məhz bu amillərdir - azərbaycançılıq ideyasıdır, azərbaycançılıqdır " - deyən Heydər Əliyev xaricdəki soydaşlarımızın vahid ideya, məqsəd və prinsip ətrafında sıx birliyini təmin etmək üçün azərbaycançılıq ideyasını irəli sürmüş və onun ictimai şüurda möhkəm intişar tapmasına nail olmuşdur. Bu ideya möhkəm ideoloji istinad dayağına çevrilərək son 16 ildə Azərbaycan diasporunun təşkili işini sürətləndirmiş, xaricdə fəaliyyət göstərən müxtəlif ictimai birliklərin, cəmiyyətlərin, dərnəklərin ideoloji-siyasi cəhətdən təmərküzləşməsini stimullaşdırmışdır.

Xalqımızın milli-mənəvi birliyinin əlamətdar rəmzinə çevrilmiş 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi hər il yüksək səviyyədə qeyd olunması ulu öndərimizin necə böyük və uzaqgörən şəxsiyyət olduğunu bir daha təsdiqləyir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il dekabrın 16-da "Dünya Azərbaycanlılarının həmrəylik və birlik günü haqqında" qərar qəbul etməklə müstəqilliyini yenicə elan etmiş Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə əvəzsiz töhfə vermişdir.

Ulu öndərimizin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının I qurultayı xaricdəki soydaşlarımızın ümumi məqsəd, vahid azərbaycançılıq ideyası ətrafında birləşməsi yolunda mühüm əhəmiyyət kəsb etmiş, diaspor hərəkatının tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur. Qurultayda 36 xarici dövlətdə yaşayan həmvətənlərimizin cəmləşdiyi 200-dən çox müxtəlif təşkilatdan 406 nümayəndə və 63 qonaq iştirak etmişdir.

Ümummilli lider Heydər Əliyev həmin tarixi tədbirdəki çıxışında dünya azərbaycanlıları arasında milli birliyin və həmrəyliyin təmin edilməsi, Azərbaycan dövləti ilə dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, inkişaf etdirilməsi zərurəti ilə bağlı fikirlərini söyləmişdir.

Qurultaydan sonra Azərbaycan diaspor hərəkatı tamamilə yeni mərhələyə qədəm qoydu. Ulu öndər bu sahədə sistemli dövlət siyasətinin həyata keçirilməsini təmin etmək məqsədilə 2002-ci ildə "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması barədə" fərman imzaladı. Elə həmin ildə Milli Məclisdə qəbul olunmuş "Xaricdə yaşayan soydaşlarımıza dövlət qayğısı haqqında" qanun isə xaricdəki azərbaycanlılara dövlət qayğısının hüquqi əsaslarını müəyyənləşdirdi.

2003-cü ildə xalqın mütləq əksəriyyətinin səsini qazanaraq prezident seçilmiş cənab İlham Əliyev ulu öndərimizin milli həmrəylik və birlik konsepsiyasını özünün yeni addımları ilə daha da zənginləşdirmiş, dünya azərbaycanlılarının konsolidasiya prosesinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin etmişdir.

Ölkə başçısı siyasi fəaliyyətində hər zaman diaspor və lobbi quruculuğu işinə diqqətlə yanaşmış, bildirmişdir ki, yalnız güclü diaspora malik xalqlar xarici siyasətdə mühüm uğurlar qazanır, dünya miqyasında mənafelərini layiqincə qoruyur, ümummilli problemlərinin həllinə nail olur, öz dillərini, mədəniyyət və incəsənətlərini, tarixlərini lazımi səviyyədə təbliğ edirlər.

Dünya azərbaycanlılarının 2006-cı il martın 16-da Bakıda keçirilmiş ikinci qurultayında Azərbaycan diasporunun hazırkı vəziyyəti müzakirə edilmiş, bu sahədə çalışan təşkilatların fəaliyyətinin əlaqələndirilməsi işinin təkmilləşdirilməsi, ölkə həqiqətlərinin, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları ilə əlaqədar çoxsaylı faktların dünya ictimaiyyətinə çatdırılmasının daha müasir metodlarının hazırlanması, digər xalqların diaspor təşkilatları ilə əlaqələrin gücləndirilməsi məsələləri xüsusilə önə çəkilmişdir.

Diaspor quruculuğunun çox mühüm sahələrindən biri ortaq milli-mənəvi mədəni dəyərlərə malik türkdilli xalqların konsolidasiyası məsələsidir. Azərbaycanın dövlət başçısının təşəbbüsü ilə 2007-ci il mart ayının 9-da Bakıda keçirilmiş Azərbaycan və Türkiyə diasporları rəhbərlərinin 1-ci forumu və noyabr ayının 17-dən 19-dək baş tutmuş Türk dövlət və cəmiyyətlərinin 11-ci dostluq, qardaşlıq və əməkdaşlıq qurultayı belə bir birləşməyə doğru atılmış real addımlar olmuşdur.

Prezident İlham Əliyev xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə də xüsusi diqqət ayırır, Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində xaricdəki soydaşlarımızı daha fəal olmağa çağırır, azərbaycançılıq ideologiyasının xaricdə yaşayan soydaşlarımızın mənəvi-siyasi birliyinin əsas istinad nöqtəsinə çevrilməsi istiqamətində məqsədyönlü iş aparır.

Bu gün Azərbaycan diasporunun dünyanın müxtəlif ölkələrində 200-dən çox birlik, cəmiyyət və assosiasiyası fəaliyyət göstərir. YUNESKO-nun məlumatına görə, dünyada yaşayan 40 milyondan artıq azərbaycanlının 30 milyona yaxını İranda, 2,5 milyonu Türkiyədə, 2 milyonu Rusiyada, 1 milyonu ABŞ-da yaşayır. Ümumilikdə isə bu gün Avropanın, Asiyanın, Yaxın Şərqin əksər ölkələrində diasporumuzun dinamik fəaliyyətini hiss etmək olar. Cənab İlham Əliyevin 2004, 2006 və 2008-ci illərdə Xarici İşlər Nazirliyində Azərbaycanın diplomatik korpus rəhbərlərinin - səfirlərin iştirakı ilə keçirdiyi geniş müşavirələr də məhz xarici siyasət sahəsində vəzifələrin bir daha nəzərdən keçirilməsi, diplomatik fəaliyyətin dünyanın müasir reallıqları və tələblərinə uyğun qurulması məqsədindən irəli gəlmişdir.

Diaspor quruculuğu sahəsində həyata keçirilən ardıcıl və məqsədyönlü iş nəticəsində Amerika, Avropa, Asiya və Şimali Afrikanın ayrı-ayrı ölkələrində 80-dən çox yeni azərbaycanlı icması yaradılmış, bununla da xaricdəki soydaşlarımızı birləşdirən qurumların sayı 300-ü ötmüşdür.

Bu ilin oktyabr ayında Bakıda Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması, habelə Naxçıvanda türkdilli dövlətlərin zirvə toplantısının keçirilməsi mənşəcə eyni olan bu xalqların vahid məqsədlər naminə təşkilatlanması, diaspor və lobbi quruculuğu sahəsində fəaliyyətini əlaqələndirməsi baxımından son dərəcə əhəmiyyətlidir.

Diaspor həm də ideoloji rupordur, ölkəmizin dünyaya açılan nəfəsliyidir. Soydaşlarımız Azərbaycan üçün əhəmiyyət kəsb edən bütün taleyüklü məsələlərdə Prezident İlham Əliyevin yanında olduqlarını həmişə bəyan edirlər.

Qürurverici hadisədir ki, bu gün ulu öndərimiz Heydər Əliyevin xatirəsi bütün dünya azərbaycanlılarının konsolidasiya faktoruna çevrilmişdir. Ötən il onun 85 illik yubileyi ilə əlaqədar dünyanın ən müxtəlif ölkələrində Azərbaycan diaspor təşkilatları tərəfindən elmi-praktik konfranslar, simpoziumlar, sərgilər təşkil edilmiş, filmlər nümayiş etdirilmiş, yubiley mərasimləri keçirilmişdir.

"Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam "- ulu öndər Heydər Əliyevin dilindən səslənən və günü bu gün də azərbaycançılıq fəlsəfəsinin aparıcı leytmotivinə, əsas qayəsinə çevrilmiş həmin qürur dolu etiraf dünya azərbaycanlılarını vahid milli-mənəvi başlanğıcda, özgün mental dəyərlər çətiri altında bir araya gəlməyə səsləyən taleyüklü çağırışa çevrilmişdir.

Xalid Niyazov,

 “Azərbaycan”.-2009.-3 dekabr.-N 268.-S.5.

 

Xəbərlər
Redaktorun seçimi