“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
18.08.2014, 17:23
1849

Vaqif Mustafazadə (1940-1979)

Bəstəkar, pianoçu, caz muğamının banisi
A- A+

Vaqif Mustafazadə 1940-cı il martın 16-da Bakı şəhərində anadan olub. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instumental və "Muğam" instrumental ansambllarına rəhbərlik etmişdir.

Beynəlxalq caz müsabiqələri və festifallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olmuşdur.

Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.

1979-cu il dekabrın 17-də vəfat edib.

* * *

Onun qeyri-adiliyi fonunda zaman geriyə işlədi. O isə milyonlarla insanın içindən gələn azadlıq yanğısını hamıdan tez duydu, hamıdan qabaq üsyan elədi. Onun bu qeyri-adiliyi nədə idi?

Hər şeydən öncə o, doğulduğu İçərişəhərə hamı kimi baxmadı. Keçmişin qaranlıq tarixini, sirlərini, şirin nağıllarını əsrlərlə özündə gizləyib saxlayan bu qədim qara daşları oxuya bildi. Vaqif üçün İçərişəhərin özünəməxsus həniri, minbərlərdən ucalan dua səsləri, dənizin bəzən pıçıltıya dönən, bəzənsə guruldayan ləpələri, daha nələr... adi səslər olmadı.

Və Vaqif İçərişəhərin qərinələrdən süzülüb gələn yeksənək səslərini əsrin ən müasir musiqisinin ilk akkordlarına çevirdi. Təbii ki, İçərişəhərin bütün səslərilə yanaşı, bu akkordlar sovet məhbəsi adlana bilən bir məmləkətin azadlığa təşnə İNSANın arzularının, istəklərinin, üsyanının sədası idi. Beləcə, məkanın mühafizəkar səslərilə zamanın azad çağırışının, keçmişlə gələcəyin, Şərqlə Qərbin harmoniyasından yeni bir simfoniya, muğamla cazın sintezi meydana çıxdı.

 

Piano ilə ilk tanışlıq

Vaqif, sözün əsl mənasında, musiqiçi ailəsində dünyaya göz açıb. Atası Əziz hərbçi olsa da, musiqi ilə son dərəcə bağlı bir insan idi. Gözəl tar çalmağı bacarırdı. Anası Zivər xanım isə Azərbaycanın ilk pinoçu qadınlarından biri olub. Üzeyir Hacıbəyov məktəbinin yetirməsi olan Zivər xanım gözəl pianoçu olmaqla yanaşı, muğamı bütün incəliyilə bilirmiş. Belə bir ailədə böyüyən Vaqif istedadı, musiqiyə olan qeyri- adi bağlılığı ilə fərqlənirdi.

Bu fərqi hamıdan tez birinci anası Zivər xanım duyur. Bu haqda xatirələrində yazan Zivər xanım belə etiraf edir: "Hələ Vaqifin beş yaşı olanda bir dəfə Səməd Vurğunun "Vaqif" poemasından ona bir parça oxudum. Üstündən bir qədər keçməmiş balaca Vaqif həmin parçanı olduğu kimi əzbərdən dedi. O zaman hiss etdim ki, Vaqif böyüyəndə qeyri-adi bir insan olacaq. Sonralar onun piano arxasında saatlarla çalışması mənim ümidlərimi doğrultdu".

Uşaq yaşlarından oğlunu musiqiçi görmək istəyən ananın ümidlərini doğruldan Vaqif az keçməmiş onu heyrətləndirir. 
Özü də pianoçu olan, saatlarla çalmaqdan yorulmayan Zivər xanım oğlunun piano arxasından gün ərzində bir dəfə də qalxmamasına təəccübünü, heyrətini, eyni zamanda sevincini gizlədə bilmir.

Həqiqətən də Vaqif görünməyən bir inadkarlıqla işləməyə can atırmış. Bəzən barmaqları keyləşib işləməyənə qədər pianonun şirmayı dillərindən əl çəkməzmiş.
Əslində, onun bu inadkarlığı, yorulmadan işləmək əzmi sonralar onun adətinə çevrilir. Azadlığın ilk akkordlarını səsləndirən Vaqif qarşısında bilə-bilə yaradılan çoxlu maneələri məhz bu keyfiyyəti sayəsində arxada qoya bilir. Onun yolunu kəsən maneələrin sayı çoxaldıqca, o, daha böyük əzmlə, inadkarlıqla yazır-yaradır.

 

Tiflisdən keçən yol

Vaqifin yaradıcılıq yoluna nəzər salanda istər-istəməz öncə səfərlər diqqəti çəkir. Vaqif ilk dəfə yolunu Tiflisdən salıb. Böyük maraqla qarşılanan Vaqif bir müddət Tiflisdə qalıb işləməyi qərara alır. Əslində, onun bu qərarını şərtləndirən bir çox amillər var idi. Bu amillərin sırasında isə ilk növbədə burada onun musiqisinin başa düşülməsi olub.

1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında yaradıcılığında böyük rol oynayan "Qafqaz" caz triosunu yaradır. Bu ansambl son dərəcə çətin, məsuliyyətli bir dövrdə fəaliyyət göstərir. Çünki o illərdə Q.Lukyanov, N.Qromin, A.Kozlov və başqa sənətkarlar kvintet, trio və duetləri musiqinin ən müxtəlif formalarında, məsələn, xalq ahəngindən tutmuş, sonorlu səslərin effektinə qədər sınayırdılar.

Breqvadze, Kikabidze kimi solistlərlə çalışan Vaqif bu illərdə "Orera" ansamblına da dəvət alır. Yeri gəlmişkən, Vaqif Mustafazadə "Orera" ansamblında Elza Bendzeladze ilə tanış olur. Bu həmin Elza Bendzeladzedir ki, sonralar Vaqifin ikinci övladı Əzizənin anası kimi tanınacaq.

 

Tilsim sındı

1967-ci ildə Tallində Ümumdünya Caz Festivalı keçirilir. Bu caz festivalına dünyanın 3 mindən çox musiqiçisi qatılmışdı. Bu musiqiçilər sırasında olan Vaqif Mustafazadə isə Gürcüstanı təmsil edir.

Tallinin "Kalayev" idman zalında bir-birinin ardınca səhnəyə çıxan məşhur caz ustalarının çıxışlarını isə böyük caz mütəxəssisi Velis Konoverin başçılıq etdiyi münsiflər heyəti qiymətləndirəcəkdi. Dörd gün davam edən festivalın sonlarına yaxın heç kimin yaxşı tanımadığı cazmen səhnəyə çıxır.

Və... "Mən sevirəm" əsərini ifa edən bu naməlum musiqiçi çoxminli insan kütləsini sanki əfsunlayır. Əfsunlanmış tamaşaçılar arasında birinci ayağa qalxan Yohanson olur. Heyrətindən təmkinini itirən Yohanson "Öncə o, sonra mən qalib olacağam" - deyə var səsilə qışqırır.

V.Konover sonradan Vaqif Mustafazadənin çıxışının onda oyatdığı təəssüratı belə bölüşmüşdü: "Vaqif qeyri-adi pianoçudur. Dünya cazında ona bərabər musiqiçi tapmaq çətindir". Konover ömrü boyu onu tərk etməyən təəssüratının nəticəsi olaraq, Vaqif Mustafazadəni Tallində keçirilən növbəti caz festivalının da şəriksiz qalibi elan etmişdi. 
Tallində qazandığı böyük uğurdan sonra Vaqif Gürcüstana deyil, Azərbaycana döndü.

 

Dünyanın məşhuru, Azərbaycanın tanınmazı

Bu dönüş qəribə bir dönüş idi. Vaqif Mustafazadə uğur qazandıqdan, dünyanın ən məşhur musiqiçiləri arasında fərqləndikdən sonra onu qiymətləndirməyən, ecazkar musiqisini eşitməməzliyə vuran həmvətənləri arasına dönür. İlk vaxtlar Vaqifin uğuru anılsa da, az keçməmiş hər şey əvvəlki yerini alır.

Vaqifsə bütün bunlara əhəmiyyət verməyərək, 1969-cu ildə Bakıda keçirilən caz festivalında bir daha nəyə qadir olduğunu sübuta yetirir. Bu illər ərzində gərgin işləyən Vaqif muğamla cazın sintezinin qanunauyğunluğunu təsdiqləməyə çalışır. Ancaq əbəs yerə. Gerçəkliyi qəbul etmək istəməyənlər daha da canfəşanlıqla onun əleyhinə təbliğat aparırlar. Vaqifin yaradıcılığını milli musiqimizə, muğama xəyanət kimi qiymətləndirənlər bununla da kifayətlənmirlər. Hətta cazmenin imicini, geyim üslubunu mövzu obyektinə çevirirlər.

Təəssüf ki, son dərəcə mənasız və əsassız olan bu iradlar dövrün tələbləri səviyyəsinə qaldırılır. Nəticədə isə televiziyanın qapıları Tallində, sözün əsl mənasında, möcüzə nümayiş etdirən, dünya şöhrətli musiqiçilər arasında fərqlənərək, festivalın qalibi olan Vaqifin üzünə bağlanır. Vaqifin televiziyada solo konsert vermək cəhdi dəfələrlə boşa çıxır.

Vaqif bu ədalətsizliyin, haqsızlığın fövqündə dayansa da, üst-üstə yığılan əsəblər bir gün özünü büruzə verir. 29 yaşlı sənətkar ölümlə üz-üzə gəlir. Xoşbəxtlikdən xəta sovuşur. Deyilənə görə, yatağa düşən Vaqif Mustafazadə hər gün anasından xahiş edir ki, "Bayatı-şiraz"ı çalsın. "Anamın ifasında eşitdiyim "Bayatı-şiraz dünyanın ən gözəl melodiyasıdır" deyən Vaqif çətin günlərində musiqiyə üz tutur.

Bədxahlar yenə də onu rahat buraxmırlar. Vaqif Mustafazadə sənəti barədə danışmaq səviyyəsində olmayanlar ayrı mətləblərə toxunurlar - "uzun saç saxlayır", "bu nə geyimdir?". Tutulan bu nöqsanlar isə belə yekunlaşdırılır: bütün bunlar sovet adamına yaraşmır.

Təəssüf ki, bu münasibət bir-iki nəfərin deyil, sanki bütöv bir cəmiyyətin timsalında özünü göstərirdi.

 

"Həvəskar bəstəkar"

Vaqif Azərbaycan Bəstəkarlar İttifaqına üzv olmaq üçün dəfələrlə müraciət edir. Hər dəfə də, "Təəssüf ki, siz konservatoriyanın ifaçılıq fakültəsini bitirmisiniz. Bəstəkarlar İttifaqına üzv olmaq üçün gərək mütləq konservatoriyanın bəstəkarlıq fakültəsinin məzunu olasınız".

Bu cür əsaslandırılmış cavab alan Vaqifi həvəskar bəstəkar sayırdılar. Həvəskar bəstəkarın yaradıcılığında isə dövrün, quruluşun dəmir meyarları ilə səsləşməyən yetərincə nöqsanlar tapırdılar.

Kommunizmə doğru irəliləyən, kosmosa ilk dəfə yol açan sovet məmləkətində Vaqifin yaratdığı "Sevil" ansamblı "Dayan, zaman, dayan" deyə oxuyur. "Zaman necə dayana bilər? Qurub-yaradan sovet adamını zamanla qandallamaq istəyirsən?" deyərək, onu sosializm cəmiyyətində yad ünsür olmaqda suçlandırırlar.

Və yaxud kənd təsərrüfatının işçiləri əmək cəbhəsində şücaət göstərdikləri bir vaxtda, Vaqifin "Yağma, yağış"ı birmənalı qarşılanmır. Onun əmək planını artıqlaması ilə yerinə yetirənləri gözü götürmədiyini deyirlər. Vaqifin sovet adamına yaraşmayan hərəkətləri barədə mətbuat səhifələrində geniş məqalələr işıq üzü görür, ən müxtəlif tribunlardan çıxışlar səslənir.

Vaqif isə bütün bunları, bir qayda olaraq, cavablandırmamağa üstünlük verirdi. Çünki onun daha önəmli işləri var idi. 
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilirdi. Festivalın şərtlərinə görə, əsərin müəllifi, ifaçısı, hətta hansı ölkəni təmsil eləməsi gizli saxlanılmalı idi. Münsiflər heyəti bu lentləri bir-bir dinləyib, qalibi müəyyənləşdirdikdən sonra əsərin müəllifi, ifaçısı, o cümlədən, ölkənin adı elan olunacaqdı. Yüzlərlə, minlərlə naməlum adlar içərisində yenə də bir ad qalib kimi təqdim olunur. "Vaqif Mustafazadə "Əzizəni gözləyərkən" əsərilə". Vaqif Monakodan vətənə festivalın ən ali mükafatı olan "Ağ royal"la qayıdır.

Monako festivalına qatılan minlərlə insanın ecazkar musiqinin sədalarına heyran kəsildiyi halda Azərbaycanda Vaqif Mustafazadənin adının belə çəkilməsini istəmirlər.

 

Son konsertin acısı

Deyilənə görə Vaqif (bu, tarixə son konsert kimi düşəcək) növbəti konsertlərindən birini Bakıda verməyi planlaşdırıbmış. Ancaq bədxahlar onun bu istəyini gerçəkləşdirməyə qoymurlar. Və Vaqif faciəvi sonluqla bitən son konsertini Daşkənddə verməli olur. Bu hadisənin onun ölümündə nə dərəcədə rol oynadığını heç kim dəqiq deyə bilməsə də, fakt faktlığında qalır.

Vaqif Mustafazadə Daşkənd konsertində səhnəyə son dərəcə əsəbi, incik, bütün bu haqsızlıqdan boğaza yığılmış halda çıxıb. Çünki Daşkənddə konserti təşkil eləməyi öz boynuna götürənlər onu aldatmışdılar. "Hər şey hazırdır. Bakıda hazırlanan afişalar Daşkəndin küçə və meydanlarından asılıb" desələr də, əslində, konsertlə bağlı adi bir elan da belə verilməyib. Bütün bunlar konsert günü məlum olur.

Dünya şöhrətli sənətkarın Daşkəndə gəlişindən hətta yerli musiqi mühitinin də xəbəri yox imiş. Pərəstişkarlarının xəbər tutmadığı bu konsertdə barmaqla sayılan tamaşaçı cəm olur. Onlar isə təsadüfən bu konsertdən xəbər tutanlar idi. Vaqif baş tutmayan konserti onlara görə təxirə salmaqdan daşınır. Piano arxasına keçir. Çalır. Aram-aram, sonra isə getdikcə şiddətlənən ürək sancmalarına baxmayarıq çalır, çalır... Ancaq Vaqif Mustafazadəyə bu konsertin son akkordlarını vurmaq nəsib olmur. Vaqifin ürəyi səhnədə dayanır...

 

Və...

Bu gün ömür yolu yarıda qırılan Vaqifi tək dünyanı fəth edən musiqisi xatırlatmır.

"Dünyada ən çox anamı, böyüyüb boya-başa çatdığım İçərişəhəri, bir də dənizi sevirəm" deyən Vaqif xatiratını sevgi ünvanlarında həkk edib.

“Bizim əsr” qəzeti, 2002-ci il, №108.

 

Xəbərlər
Redaktorun seçimi