“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
10.08.2014, 17:30
2303

Yaşar Nuri (1951-2012)

Teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti
A- A+

Milli teatr və kino sənətinin parlaq nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, respublikanın Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuriyev 1951-ci il sentyabrın 3-də Bakı şəhərində, tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində anadan olmuşdur.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 2012-ci il noyabrın 22-də Bakı şəhərində Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat etmişdir.

Səhnədə ilk addımları

Səhnəyə ilk dəfə on bir yaşında ADMKT-də "Toy kimindir?" (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxmışdır. Məktəbli vaxtlarında dövlət televiziyasının "Yelkən" verilişinin aparıcılarından olmuşdur.

Bundan başqa o, "Buratino", "Qaranquş", "Pioner" uşaq verilişi-teatrlarında müntəzəm iştirak etmişdir. Müxtəlif dram dərnəklərinə getmiş, "26-lar" adına məddəniyyət sarayı xalq teatrının tamaşalarında çıxış etmişdir.

Şagird Yaşar gözəgörünən fitri istedada malik idi. O, cəld idi, çevik idi, sıxılmırdı, improvizə edə bilirdi. Səsi aydın və yapışıqlı, çöhrəsi şirin, xoşagəlimli idi. Uşaq Yaşar rol apararkən gözləri gülürdü. O, özü də öz oyunundan zövq (bəlkə də ləzzət daha dəqiq olardı) alırdı.

10 yaşından Azərbaycan televiziyasında uşaq verilişlərində çəkilən və teatr səhnələrində uşaq rollarını ifa edən aktyor 1968-ci ildəBakıdakı 173 nömrəli orta məktəbi bitirib Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olur. Orada kurs rəhbərləri, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir.

...İnstitutda, fakültədə, kursda Yaşar qeyri-formal lider idi. Tələbəlik çağlarında hamı ondan çox şey gözləyirdi, hamı onu "hazır aktyor" sayırdı. Yaşarın istedadı yaşından yaşlı idi. İnstitut dövründə "Sevil"də Balaş, "Toy"da Salmanov, "Günahsız Müqəssirlər"də Neznamov və s. obrazları yaratmışdır.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət etmiş və institutun tədris teatrında aktyor işləmişdir. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Ailəsi

Yaşar Nuri 1975-ci il noyabr ayının 28-də Rəhimə xanımla ailə həyatı qurmuşdur. Rəhimə xanım müəllimədir. Onların iki qız övladı var: Ülviyyə və Ülkər.

Sevimli aktyor

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın "Yollar görüşəndə...", "Ömrün yolları", İsi Məlikzadənin"Qatarda", Anarın "Evləri köndələn yar", Mövlud Süleymanlının "Kökdən düşmüş piano", Hüseyn Cavidin "Topal Teymur", Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı "Səni axtarıram", "Bağışla", "Səndən xəbərsiz" trilogiyası, İslam Səfərlinin"Göz həkimi", Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında "Ac həriflər" və s. televiziya tamaşalarını misal göstərmək olar.

Aktyor nəinki televiziya, həmçinin radio və kinostudiyanın dublyaj sektoru ilə də əməkdaşlıq etmiş, radioda "Sabahınız xeyir", "Gülüş axşamı" yumoristik verilişlərinin, radio tamaşalarının iştirakçısı olmuşdur. "Azərbaycanfilm" kinostudiyasında isə saysız hesabsız yerli filmləri səsləndirmiş, əcnəbi filmləri dublyaj etmişdir.

Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilmişdir. Səhnədə həmişə canlıdır, təravətlidir, dadlı-tamlıdır, ürəklərə yol tapandır.

Aktyor özünü həm kinoda, həm də teatrda rejissor kimi sınamışdır. Teatrda İsi Məlikzadənin "Subaylarınızdan görəsiniz" əsərinə quruluş vermiş, kinoda isə "Spasibo" filmini çəkmişdir.

Səhnə fəaliyyəti

Akademik Milli Dram Teatrında fəaliyyətə başladığı ilk illərdən Yaşara bir qayda olaraq xarakter rollar tapşırılırdı. Səhnədə ilk roluAleksandr Vampilovun "Övlad" ("Böyük oğul")(28 dekabr, 1974) komediyasının tamaşasında Silva rolu olub. Bundan başqa o İlyas Əfəndiyevin "Bağlardan gələn səs" dramında Pərviz (1 oktyabr, 1975), Mirzə İbrahimovun Molyerin məşhur komediyası əsasında yazdığı "Bəşərin komediyası və yaxud Don Juan"da Sqanarel(6 mart, 1977), Əkrəm Əylislinin "Quşu uçan budaqlar" pyesində Qasım (29 oktyabr,1978), Mehdi Məmmədovun təfsirindəki "Dəli yığıncağı" faciəsində Sərsəm Salman (6 may, 1978), Fuad və Zəminə Hacıyevlərin hazırladığı "Sevil"də Əbdüləli bəy(18 noyabr, 1978) obrazlarını yaratmışdır. Bu rollardan bəzilərinə aşağıda daha geniş nəzər salınacaq.

Yaşarın istər teatrda, istərsə də kino və telekrandakı rolları həcmindən asılı olmayaraq tamaşanın "ağırlıq nöqtəsi"nə dönür. Həmin tamaşalarda aktyorun yanında layiqli yöndaşı olmayanda səhnə əsəri müvazinətini itirir.

İlk tamaşası 1988-ci il sentyabr ayının 24-də göstərilən "Qanlı Nigar" tamaşasında sözün əsl mənasında iki qütb var: birisi Abdi, digəri Nigar. Məhz bu iki personajin ətrafında gedən mürəkkəb, çalpaşıq, təzadlı, yumorlu hadisələr-ümumbəşər məna kəsb edir, düşündürür, güldürür, həyəcanlandırır, ağladır.

Vaqif İbrahimoğlunun yüksək məharətlə, milli teatr poetikası əsasında orijinal quruluş verdiyi bu folklor mənşəli pyes Yaşar Nuri (Abdi) vəAmaliya Pənahovanın (Qanlı Nigar) benefisinə, sənət bayramına çevrildi.

Rejissor Vaqif İbrahimoğlu sürət-ritmi yüksək olan "Qanlı Nigar"ın kompozisiyasını bütovlükdə Abdinin üzərində qurmuşdur. Abdi tamaşa ilə tamaşaçılar, Qanlı Nigarla əleyhdarları, reallıqla şərtilik, hətta hər bir obrazın zahiri ilə əsl mahiyyəti arasında əlaqəçidir. Onsuz heç bir əhvalat mövcud deyildir. Aktyor epizoda azacıq yubansa tamaşanın poetikasına, ideyasına, etik-estetik təsirinə xələl gələr. Ana xəttin inkişafı, ali məqsədin "təntənəsi" məhz Y. Nurinin aktyorluq istedadından, peşəkarlıq səviyyəsindən, lap elə şəxsi ovqatından asılıdır. Aktyor tamaşadakı "vəzifəsinin", məsuliyyətini gözəl anlayır, bütün imkanlarını səfərbərliyə alaraq, rolun öhdəsindən məharətlə gəlir. Hər epizodda gülüşlə qarşılanır, alqışlarla yola salınır.

Cəmil Əlibəyovun "Gülüstanda qətl" pyesi əssında Azərbaycanın əməkdar incəsənət xadimi Ağakişi Kazımovun hazırladığı eyni adlı tamaşada mənfidən də mənfi personaj, son dərəcə qılaflı, mafiya başçılarından biri Şahməmməd İsmiyeviçdir. O zaman belə bir rolun Yaşara tapşırılmasının düzgün olub olmadığı barədə uzun mübahisələr düşmüşdü. Lakin müəllif Cəmil Əlibəyov teatrla birgə işin başlanğıcından çox mübahisə etdi, dəlillər gətirdi. Budəfəki müəllif "inadkarlığı" özünü tam doğrultdu. Tamaşa gözəl aktyor rolu ilə zənginləşdi, bədii publisistikamızda yeni bir baxım bucağı həyat hüququnu tapdı.

Oynadığı bir çox rolların təbiətində ampluanın sərt çərçivələrini pozmaq meyli Yaşar Nuridə aşkar görünür. Bəzən rejissorun quruluşu ilə razılaşmayan aktyor tamaşa zamanı öz improvizəsi ilə gedişatı tamam darmadağın etmiş olur və bu da tamaşaya daha da bəzək və kolorit gətirir. Ona görə demək olar ki, bir çox teatr və kino rejissorlarımız Yaşar Nuriyə sərbəstlik verməli olurlar və aktyorun peşəkarlığı, fitri istedadı burada öz sözünü demiş olur.

 

Kino fəaliyyəti

Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd bazar günü" filmində yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk işi oldu. Bunun ardınca isə o, irili-xırdalı onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, nakəslərin, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatdı. Yaşarın maraqlı rollarından biri də "Əzablı yollar" nağıl-filmindəki kiçik div obrazıdır. Müasirləşdirilmiş və bir qədər də sosiallaşdırılmış filmdə mifik obraz yaradan aktyor oynadığı divin faciəsini, onun gücünün tükənməsini, insan ağlı qarşısındakı acizliyini son dərəcə məharətlə və maraqlı yarada bilib. Bu film ekranlarda az-az göstərilməsinə baxmayaraq, Yaşar Nurini bu mifik amplualı obrazda görən tamaşaçı, yəqin ki, onu heç vaxt unutmaz.

Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də "Yol əhvalatı" filmindəki Makintoş roludur. Bu film tamaşaçılar tərəfindən o qədər sevilib ki, ekranda hər nümayişi böyük rəğbətlə qarşılanır. Filmdəki maraqlı aktyor ansamblını tamamlayan Makintoş obrazının yaradıcısı Yaşar Nuri hər bir hərəkəti, mimikası, yalnız onun özünəməxsus danışıq tərzi, ciddiliklə qeyri-ciddiliyin arasında olan anlaşılmaz xarakteri ilə 30 ilə yaxın bir zaman kəsiyində hər kəsin sevimli obrazlarından birinə çevrilib.

Yaşar Nuri müxtəlif kinorejissorlarla işləyib və təbii ki, bu təcrübə ilə də onun yaradıcılığında böyük sənət məktəbinin bütün çalarları cəmləşib. Lakin, aktyorun son illər ərzində (son illərin də artıq iyirmi yaşı var), yəni 1988-ci ildən üzübəri kinorejissor Vaqif Mustafayevlə birgə işlədiyi rollar xüsusilə diqqəti çəkir. Bu filmlər və Yaşarın yaratdığı obrazlar ayrı-ayrılıqda dünya sürrealist kinosunun ən dəyərli nümunələrindəndir. Əsasən tragikomik janrda işlənən filmlərdə aktyor bir-birindən fərqli, lakin daxili pafosu ilə sanki bir-birini tamamlayan xarakterləri, özü də milli xarakterləri yaratmaqla özünün aktyorluq imkanlarını, peşəkarlığını və təbii ki, Allah tərəfindən verilən istedadını ortaya qoya bilib.

Vaqif Mustafayevin müştərək işlərindən olan "Musiqili Xaş" və "Bəyin Oğurlanması"(rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil ("Bəyin oğurlanması") obrazının xüsusi yeri var. Evə girərkən hər dəfə təkrarlanan ayaqqabının kənara atılması, özünəməxsus yeriş və davranış, ölümünə fərman verilmiş sevginin əzabları və bir çox başqa çalarlar İsrafil obrazının əsl dəyərini açır və Yaşar Nuri bu maraqlı obrazı yenə də baxımlı edə bilir.

Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz"dakı Maşallahını, "Lətifə"dəki Məmmədini, "Qətl Günü"ndəki Mahmud doktorunu, "Nə Gözəldir Bu Dünya..."dakı Asim Əliyeviçi, "Hər Şey Yaxşılığa doğru", "Nakəs", ""Fransız"", "Yoxlama" filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq istedadı və çəkdiyi sonsuz zəhmətdir.

Fəxri ad və mükafatları:

1) 1981-ci ildə:

Azərbaycan SSR-in Əməkdar Artisti fəxri adı.

2) 1984:

Azərbaycan Lenin Komsomolu Mükafatı.

3) 1989-cu il (1 mart):

Azərbaycan SSR Xalq Artisti fəxri adı.

4) 1991:

"Yaramaz" filmindəki Maşallah roluna görə Azərbaycan Respublikasının Dövlət Mükafatı.

5) 1992:

"Qızıl dərviş" Mükafatı.

6) 1996:

"Qızıl dərviş" Mükafatı.

7) 2005:

Azərbaycan Respublikası Prezidentinin mükafatı.

8) 2005:

Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü.

9) 2011:

"Şöhrət" ordeni.

10) 2012:

Milli Kino Mükafatı

* * *

Böyük sənətkarın vida səhnəsi 

Görkəmli teatr və kino aktyoru, Xalq artisti Yaşar Nuri dünyasını dəyişdi

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, respublikanın Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuriyev 2012-ci il noyabrın 22-də ömrünün 62-ci ilində vəfat edib.

Görkəmli sənətkarla vida mərasimi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirildi. Unudulmaz aktyor uzun illər çalışdığı, rəngarəng obrazlar yaratdığı səhnədə sonuncu dəfə tamaşaçıları qarşısında idi. 

Böyük sənətkarı son dəfə alqışlarla səhnədən yola salmaq üçün gələnlərin sayı-hesabı yox idi. Vida mərasimində dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, aktyorun dostları, yaxınları ilə yanaşı, müxtəlif peşə adamları, Yaşar Nuri sənətinin vurğunu olan sadə insanlar iştirak edirdi.

Sənətkarın cənazəsi önündə Azərbaycan Respublikasının Prezidenti, Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı, Opera və Balet Teatrı və s. təşkilatlar, mədəniyyət ocaqları adından düzülmüş əklillər, sadə tamaşaçıların gətirdiyi güllər sevimli aktyora sonsuz sevgi və sayğı payı idi.

Zalın hüznlü sükutunu aktyorun öz səsi pozdu - 60 illiyinə həsr olunmuş yubiley mərasimində yazılmış lent yazısı səsləndi. Bioqrafiyasından bəzi məqamları tamaşaçılar elə aktyorun öz səsindən eşitdilər: «Səhnə müqəddəs yerdir. Ona barmaqarası baxmaq olmaz. 60 yaşım yaxınlaşanda dedim ki, sənətdən getmək vaxtıdı bəlkə. Amma səhnə gözümün qarşısına gələndə başa düşdüm ki, olmayacaq. Mən düzgün teatrda tərbiyə almışam. Ömrüm boyu paxıllığa yox, həsədə can atmışam. Məni də tanısınlar, mən də sənətdə nələrsə edim deyə...” 
   
“Kimlər gəldi, kimlər getdi bu dünyadan...”
   
Bu musiqili misralarla tamaşaçılara təsəlli verən də Yaşar Nurinin səsi oldu. «Bura bir daha sizin alqışlarınızı eşitmək üçün gəldim. Heç kim bu dünyadan nəsə aparmır, amma sənətkar aparır. Sənətkar alqış aparır» - bu fikirlər isə onun həm tamaşaçılara, həm də özünə böyük bir təsəllisi kimi səsləndi.

Əslində, tamaşaçı yalnız hər jestini, hər atmacasını, hər zümzüməsini sevdiyi aktyorla vidalaşmağın kədərini yox, həm də ömrünün artıq geridə qalan gülüşlü, sevincli, Yaşarlı məqamlarını - xoşbəxt olduğu uşaqlıq, yeniyetməlik, gənclik çağları ilə vidalaşdığının acısını hiss edir. Bu gülüşlü anlar Yaşar Nuri adlı böyük komediya, dram aktyorunun bağışladığı xoşbəxtlikdir. Bu xoşbəxtliyin bitdiyini bilmək acıdır, kədərlidir. Əlbəttə, yenə də güləcəyik, xoşbəxt olacağıq, amma təəssüf ki, bütün bunlar onsuz olacaq, o gülüşün, o xoşbəxtliyin, o ünsiyyətin yerini verməyəcək. Kino lentləri, teletamaşalar ondan bizə qalan ən qiymətli irsdir...

* * *

O, hələ doqquz yaşında ikən Musiqili Komediya Teatrının səhnəsində «Toy kimindir» tamaşasında ilk rolunu ifa etmişdir. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun «Dram və kino aktyoru» fakültəsinə daxil olmuş, tanınmış səhnə xadimləri Rza Təhmasib və Əliheydər Ələkbərovdan aktyorluq sənətinin incəliklərini öyrənmişdir. 
1974-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvətilə kollektivin truppasına qəbul olunmuş aktyor həyatının sonunadək bu sənət ocağına sadiq qalmışdır.

Sənətkar doğma səhnədə Bədəl, Qulaməli («Hacı Qara», «Müsyö Jordan və dərviş Məstəli şah», M.F.Axundzadə), Sərsəm Salman, Məşədi Oruc («Dəli yığıncağı», «Ölülər», C.Məmmədquluzadə), Əbdüləli bəy, Altunbay («Sevil», «Od gəlini», C.Cabbarlı), Bayandur, Davud («Büllur sarayda», «Bizim qəribə taleyimiz», İ.Əfəndiyev), Rəhman, Səlim, Şahbaz («Fəryad», «Yollara iz düşür», «Hara gedir bu dünya», B.Vahabzadə), İsgəndərzadə, Şöbə müdiri («Ah, Paris, Paris!..», «Mənim sevimli dəlim», Elçin), Ağamusa Nağıyev («Mesenat», Ə.Əmirli) və s. maraqlı obrazlar yaratmışdır.

Yaşar Nuri dahi Üzeyir Hacıbəylinin qəhrəmanlarının parlaq ifaçısı olmuşdur. Akademik Opera və Balet Teatrının səhnəsində Soltan bəy («Arşın mal alan»), Musiqili Komediya Teatrında Kərbəlayi Qubad («Ər və arvad»), Dövlət Kukla Teatrında Məşədi İbad («O olmasının, bu olsun») aktyorun yaradıcılığında yeni mərhələ təşkil etmişdir.

Görkəmli sənətkar kinoda və televiziya tamaşalarında yaratdığı bənzərsiz obrazlarla da sonsuz tamaşaçı rəğbəti qazanmışdır. Teatr sənətində uğurlarına görə «Qızıl dərviş» (1992 və 1996) mükafatı ilə təltif edilmiş, «Yaramaz» bədii filmindəki (rejissor V.Mustafayev) Maşallah roluna görə Dövlət mükafatına layiq görülmüşdür.

* * *

Yaşar Məmmədsadıq oğlu Nuriyev (Nekroloq)

Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Milli teatr və kino sənətinin tanınmış nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Dövlət mükafatı laureatı, respublikanın Xalq artisti Yaşar Məmmədsadıq oğlu Nuriyev 2012-ci il noyabr ayının 22-də ömrünün 62-ci ilində vəfat etmişdir.

Yaşar Nuriyev 1951-ci il sentyabrın 3-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1968-1972-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır.

1971-ci ildən Azərbaycan Dövlət İncəsənət İnstitutunun tədris teatrında aktyor kimi çalışmağa başlayan Yaşar Nuriyev 1974-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyor truppasına qəbul edilmiş və aparıcı səhnə ustası olaraq sənət fəaliyyətini burada ömrünün sonunadək davam etdirmişdir.

Yaşar Nuriyevin yaradıcılığı müasir Azərbaycan mədəniyyətində özünəməxsus yer tutur. Hələ erkən yaşlarından aktyorluq sənətinin vurğunu olan sənətkar teatr və kino aləminə qədəm qoyduğu ilk vaxtlardan tanınıb sevilmiş, təkrarolunmaz ifa üslubu ilə qısa müddət ərzində tamaşaçıların qəlbinə yol tapmışdır.

Əlliyə yaxın bədii filmdə, yüzdən çox tamaşa, bədii kompozisiya və satirik səhnəcikdə onun böyük ustalıqla canlandırdığı obrazlar öz incə yumoru və dərin psixoloji yozumu ilə səciyyələnmişdir. Son dərəcə təbii və müasir ruhlu rollarda komik məqamları məharətlə üzə çıxarması sayəsində o, gülüşün böyük tərbiyəvi əhəmiyyətə malik olduğunu bir daha sübuta yetirmiş, milli teatrın bu istiqamətdə ənənələrini daha da zənginləşdirmişdir.

Azərbaycan teatr məktəbinin formalaşdırdığı parlaq irsə həmişə sadiq qalan Yaşar Nuriyev səhnədə hər dəfə yenidən yaşaya-yaşaya, bütün daxili potensialını səfərbər edərək koloritli və bir-birindən maraqlı obrazlar yaratmışdır. Sənətkarın klassik və müasir Azərbaycan ədəbiyyatına, milli və dünya dramaturji irsinə müraciətlə səhnə həyatı verdiyi qəhrəmanlar özlərinə xas davranış tərzləri, şux danışıqları ilə yaddaşlara həkk olunmuşdur.

Yaşar Nuriyevin kinematoqrafiyanın imkanlarından istifadə etməklə ekranda canlandırdığı dolğun və rəngarəng surətlər Azərbaycan kinosunun unudulmaz səhifələrindəndir. Təbiiliyi və inandırıcılığı ilə seçilən bu kinofilm qəhrəmanları aktyorun sənətin incəliklərinə necə dərindən bələd olduğunu nümayiş etdirmişdir. Televiziya tamaşalarında sənətkarın baş rolların ifaçısı kimi yaratdığı personajlar milli televiziyanın fondunda sənət nümunələri olaraq qorunub saxlanmaqdadır.

Yaşar Nuriyevin Azərbaycan mədəniyyətinin inkişafı sahəsində göstərdiyi xidmətlər yüksək qiymətləndirilmişdir. O, bir sıra mükafatlara və respublikamızın Xalq artisti fəxri adına layiq görülmüş, müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı olan “Şöhrət” ordeni ilə təltif edilmişdir.

Tanınmış gülüş ustası, qayğıkeş və səmimi insan Yaşar Məmmədsadıq oğlu Nuriyevin işıqlı xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin.

Nekroloqu imzalayıblar:
   
İlham Əliyev, Artur Rasizadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Fatma Abdullazadə, Əbülfəs Qarayev, Arif Alışanov, Azər Paşa Nemətov, Şəfiqə Məmmədova, Eldar Quliyev, Vaqif Mustafayev, İsrafil İsrafilov, Mərahim Fərzəlibəyov, Amaliya Pənahova, Siyavuş Aslan, Firəngiz Mütəllimova, Bəsti Cəfərova.

 

Xəbərlər
Redaktorun seçimi