Zaqatalada yaşayan milli azlıqlar torpaqlarımızın azad olunacağı günü səbirsizliklə gözləyirlər
Hamının bir arzusu var – doğma Qarabağımızın səmasında üçrəngli Azərbaycan bayrağını dalğalandırmaq!
Bu günlər Azərbaycanın hər bir vətəndaşı, o cümlədən ölkəmizdə yaşayan milli azlıqların, azsaylı xalqların, etnik qrupların nümayəndələri Vətənimizin ayrılmaz tərkib hissəsi olan Qarabağ bölgəsində baş verən hadisələri, ordumuzun nailiyyətlərini böyük diqqətlə izləyir. Hamının bir arzusu var - mənfur düşməni tezliklə torpaqlarımızdan qovub çıxarmaq, doğma Qarabağımızın səmasında üçrəngli Azərbaycan bayrağını dalğalandırmaq!
Zaqatalada yaşayan azsaylı xalqların nümayəndələri də ordumuzun rəşadəti, qüdrəti sayəsində torpaqlarımızın tezliklə erməni qəsbkarlarından azad olunacağına ürəkdən inandıqlarını bildirirlər.
Avar xalqının nümayəndəsi, Zaqatala şəhərindəki “Qızılgül” körpələr evi-uşaq bağçasının müdiri Şəfa Əmirxanova AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Bu gün biz Azərbaycan vətəndaşı olaraq, həyatımızın ən qürurlu anlarını yaşayırıq. Ölkəmizin müharibə şəraitində olmasına baxmayaraq, xalqımızda böyük ruh yüksəkliyi və qələbə əzmi var. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xalqa hər bir müraciəti, ölkəmizin gələcək taleyi ilə bağlı verdiyi qərarlar qəlbimizdə dərin iz qoyur. Cəbhədə baş verənlər Azərbaycan vətəndaşını qorxutmur, əksinə daha da ruhlandırır. Qarabağ tarixi Azərbaycan torpağıdır. Bunu bütün dünya təsdiqləyir”.
Ölkənin bütün vətəndaşları kimi, avarların da hər zaman Prezidentin yanında olduğunu vurğulayan Şəfa Əmirxanova daha sonra deyib: “Prezidentin “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir” sözləri artıq dilimizdə bir şüara çevrilib. Öz inamı, qətiyyəti, qərarlılığı ilə bütün dünyaya dərs verən Prezidentimiz bir daha sübut etdi ki, zəmanəmizin ən uğurlu liderlərindəndir. Əminik ki, Ali Baş Komandanın verdiyi qərarlar bizi tarixi Qələbəyə aparacaq. Bir vətəndaş olaraq onun başlatdığı bu yolda canımızdan keçməyə hazırıq. Son nəfəsimizədək Prezidentin yanındayıq. Bu yolda ölmək var, dönmək yoxdur!”
Zaqatala rayonunun Əliabad qəsəbəsindəki 3 saylı tam orta məktəbin direktoru, ingiloyların nümayəndəsi Natəvan Məmmədova da işğal altında olan torpaqlarımızın tezliklə mənfur düşməndən azad olunacağına böyük inam bəslədiyini bildirib. Qəsəbə sakini AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib: “Otuz il davam edən bu münaqişə xalqımızın mübariz ruhunu söndürə bilmədi. Bu illər ərzində Azərbaycan Ordusu erməni faşistlərinin bütün təxribatlarına layiqincə cavab verdi. Ordumuz Ali Baş Komandanın rəhbərliyi altında daha da gücləndi, mətinləşdi, ən müasir silahlarla təchiz edildi. Son günlər cəbhədə qazanılan uğurlar bir daha sübut edir ki, Azərbaycanın çox güclü ordusu var. İnanırıq ki, Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı erməni qəsbkarlarından azad edəcək, bayrağımız Qarabağda dalğalanacaq. İngiloy xalqının nümayəndələri olaraq biz də bu taleyüklü günlərdə Prezidentin yanındayıq və ordumuza şanlı qələbələr arzulayırıq!”