“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
17.07.2020, 17:00
502

Rusiyanın milli diaspor təşkilatları rəhbərləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər

A- A+

Moskvada, Rusiyanın Azərbaycan İcmaları Konfederasiyası Evində Rusiyanın müxtəlif milli diaspor təşkilatlarının rəhbərlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması məsələlərini müzakirə ediblər.

Rusiyada Azərbaycan diasporunun rəhbəri, akademik Fazil Qurbanov görüşə maraq göstərdiklərinə görə iştirakçılara minnətdarlığını bildirərək, qonaqları Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi provokasiya, bu provokasiyanın qətiyyətli şəkildə dəf edilməsi barədə məlumatlandırıb.

F.Qurbanov bildirib ki, Rusiyanın Azərbaycan diaspor təşkilatları adından RF Prezidenti Vladimir Putinə, Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkoya və ölkənin siyasi partiyalarının rəhbərlərinə ünvanlanan müraciətdə təcavüzkara münasibətdə tədbirlərin görülməsinə çağırılır. Həmçinin müraciətdə xüsusi qeyd edilir ki, Rusiya Federasiyası rəhbərliyinin müdrik, ölçülüb-biçilmiş siyasəti erməni separatçıları tərəfindən provokasiyalara imkan verməyəcək.

Akademik qeyd edib ki, Rusiyanın Azərbaycan diasporu Prezident, Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin xarici siyasət fəaliyyətinin əsas istiqamətlərini tamamilə dəstəkləyir və bəyənir.

Professor Kamran Rüstəmov, öz növbəsində, Azərbaycan-Ermənistan sərhədində baş verən provokasion hadisələr barədə ətraflı söhbət açıb. O deyib: “Bu gün, bütün dünyada qorxulu virusla mübarizə aparıldığı bir vaxtda bizim qonşularımız sərhəddə provokasiya törədiblər. Əlbəttə ki, Azərbaycan tərəfi Ermənistanın layiqli cavabını verdi - ani cavab əməliyyatı həyata keçirildi. Ümidvarıq ki, Paşinyan erməni xalqı üçün mümkün fəlakətli nəticələrə görə bütün məsuliyyəti dərk edəcək”.

K.Rüstəmovun sözlərinə görə, ermənilər bu münaqişəyə iri regional dövlətləri, o cümlədən Rusiya Federasiyasının tərkibində olan Şimali Qafqaz respublikalarını, hətta ABŞ kimi bəzi nəhəng dövlətləri cəlb etməyə səy göstərirlər. “Fikir verin, Ermənistanın müxtəlif hökumət strukturlarında 1000-dən artıq ABŞ vətəndaşı çalışır. Həmin insanların fəaliyyəti C.Soros Fondu tərəfindən maliyyələşdirilir. Məgər bu təsadüfidirmi ki, ABŞ-ın Yerevandakı səfirliyinin ərazisi 9 hektara bərabərdir və Amerikanın Ermənistandakı səfiri Con Ordueyin bəyan etdiyi kimi, bu, Birləşmiş Ştatların dünyada ən böyük diplomatik nümayəndəliyidir”, - deyə K.Rüstəmov vurğulayıb.

Professor qonaqların diqqətini bir məqama da cəlb edib ki, Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə bəyanatları və təklifləri bu problemi bilərəkdən sülh danışıqları çərçivəsində həlli olmayan məcraya yönəltməklə onu daha da dərinləşdirməyə istiqamətlənib.

Rusiyanın “Vatandoş” Regionlararası Özbək Təşkilatının sədri Usman Baratov Azərbaycan xalqına başsağlığını çatdıraraq, türkdilli ölkələri Azərbaycana qardaş adlandırıb. O bildirib ki, özbək xalqı Azərbaycan Respublikasının ərazi bütövlüyünü tam dəstəkləyir və Qarabağ əzəli Azərbaycan torpağıdır.

Moskva şəhərinin Regional Tatar Milli-Mədəni Muxtariyyətinin sədri Ənvər Xusainov belə görüşlərin müntəzəm keçirilməsini, ekstremizmə və terrorizmə qarşı mübarizəyə istiqamətlənən digər birgə layihələrin icra olunmasını təklif edib. Ə.Xusainov Azərbaycan xalqına dəstəyini ifadə edərək bildirib ki, münaqişəni yalnız sülh yolu ilə həll etmək lazımdır.

“Soqlasiye” Milli-Mədəni Muxtariyyətinin sədri Vitali Şiroçenko Rusiyanın milli diaspor təşkilatları arasında intensiv əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb, bu əlaqələrin müxtəlif layihələrin həyata keçirilməsinə şərait yaradacağını qeyd edib.

Onlayn formatda keçirilən dəyirmi masanın işinə Rusiyadakı Tacikistan, Pakistan, Belarus və Qırğızıstan diasporlarının təmsilçiləri də qatılıblar.

Çıxış edənlər akademik Fazil Qurbanova müntəzəm birgə işə görə minnətdarlıqlarını bildirib və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə həllinə ümidvar olduqlarını ifadə ediblər.

Xəbərlər
Redaktorun seçimi