“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
09.12.2020, 11:00
543

Vətən müharibəsi şəhidlərinin xatirəsi Köln və Helsinki şəhərlərində anılıb

A- A+

Almaniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin, Azərbaycan–Türk Kültür və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə Köln şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi ilə bağlı "səssiz" mitinq keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Dom Kilsəsinin önündəki Roncalliplatz meydanında baş tutan aksiyada Köln və ətraf şəhərlərdə yaşayan soydaşlarımız və Türkiyə diasporunun nümayəndələri iştirak ediblər.

Aksiya iştirakçıları 44 günlük müharibə zamanı Azərbaycanın döyüş meydanından kənarda yerləşən Gəncə, Tərtər, Bərdə və digər şəhərlərinin Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə raket atəşinə tutulmasına, 94 dinc sakinin öldürülməsinə və mülki obyektlərin dağıdılmasına diqqəti cəlb edib. Azərbaycan, Türkiyə, Almaniya və Avropa İttifaqının bayraqlarının dalğalandırıldığı mitinqdə dağıdılmış və yandırılmış evlərin şəkillərinin əks olunduğu plakatlar nümayiş etdirilib.

Azərbaycan Mədəniyyət evinin sədri Altay Rüstəmli yerli mediaya açıqlamasında bildirib ki, döyüş meydanında Azərbaycan Ordusuna məğlub olan Ermənistan cəbhədən uzaqda olan şəhərləri bombalamaqla və dinc sakinləri qətlə yetirməklə ağır hərbi cinayətlərə yol verib.

Fransa parlamentinin Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağın "müstəqil dövlət" olaraq tanınmasını tövsiyə edən qərarını pisləyən soydaşımız bu addımı həmsədr ölkənin tərəfsizliyinin kobudcasına pozulması kimi qiymətləndirib. O, proseslərin Fransanın ATƏT-in Minsk qrupundakı yerini itirməsinə gətirib çıxaracağını vurğulayıb.

***

Finlandiyada fəaliyyət göstərən Azəri-Türk Gənclər Təşkilatının və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin təşəbbüsü ilə Helsinki şəhərində Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, video formatda keçirilən anım tədbiri zamanı torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Azər-Türk Gənclər Təşkilatının rəhbəri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiya üzrə əlaqələndiricisi Ülviyyə Cabbarova bildirib ki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya Azərbaycan əsgərinin və zabitinin misilsiz qəhrəmanlığına şahid olub. Ümummilli liderimiz Heydər Əliyevin “Hər bir şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi hər birimiz üçün əzizdir və qəlbimizdə daim yaşayacaqdır" fikrini xatırladan diaspor rəhbəri qeyd edib ki, xalqımız Vətən yolunda şəhid olmuş övladlarının fədakarlığını unutmayacaq və onların xatirəsini daim uca tutacaq.

Tədbir Vətən müharibəsində çiyin-çiyinə döyüşən mayor Çingiz Qəhrəmanov və oğlu Rəşad Qəhrəmanzadəyə həsr olunmuş videoreportajın nümayişi ilə yekunlaşıb.

Xəbərlər
Redaktorun seçimi