“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
27.05.2011, 17:27
432

Avropa Parlamentində dəyirmi masa keçirilib

A- A+

“Avropa İttifaqı-Azərbaycan münasibətləri: geosiyasi perspektivlər ”

Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin təşəbbüsü ilə Belçika-Azərbaycan Dostluq Cəmiyyəti ilə birgə və Avropa Parlamentinin nüfuzlu deputatlarından olan Qraham Vatsonun (Böyük Britaniya) himayəsi ilə mayın 25-də Avropa Parlamentində “Avropa İttifaqı-Azərbaycan münasibətləri: geosiyasi perspektivlər” mövzusunda dəyirmi masa keçirilib. 

Tədbirə Avropa Parlamentinin bir sıra üzvləri və katibliyin rəsmiləri, Brüsseldəki diplomatik korpusun təmsilçiləri və yerli ictimaiyyətin nümayəndələri tədbirə qatılıblar. 

Dəyirmi masada çıxış edən Avropa Parlamentinin Latviyadan olan üzvü İnese Vaydere və Almaniyadan seçilmiş türk əsilli deputat İsmayıl Ərtuğ Avropa İttifaqı-Azərbaycan münasibətləri kontekstində ölkəmizin geosiyasi baxımdan daşıdığı əhəmiyyəti, xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolunu qeyd edib və eləcə də əhalisinin əksəriyyətinin müsəlmanlar təşkil etdiyi Azərbaycanın dünyəvi və müasir bir dövlət modelini tərənnüm etdiyi göstərib.

Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın işğal olunmuş əraziləri və doğma torpaqlarından məhrum edilmiş Azərbaycanlı məcburi köçkünlərdən bəhs etmiş deputatlar beynəlxalq hüququn Azərbaycanın tərəfində olduğunu bildirib və Avropa İttifaqının münaqişənin tezliklə həllinə öz fəal dəstəyini verməli olduğunu bəyan ediblər. Azərbaycan xalqının dünya mədəniyyətinin zənginləşməsi və elmin tərəqqisinə verdiyi töhfələri xatırladan Qraham Vatson Cənubi Qafqazda mövcud mürəkkəb siyasi durum haqqında fikirlərini bölüşüb və bu mənada xüsusilə Azərbaycan torpaqlarının işğal olunması faktını önə çəkib. O, Azərbaycan və Avropa İttifaqı arasında bütün məsələlər, o cümlədən demokratiya və insan haqları sahəsində açıq və davamlı dialoqun vacibliyini vurğulayıb.

Azərbaycandan tədbirə qatılmış Milli Məclisin deputatı, “Avronest” Parlament Assambleyasının üzvü Azay Quliyev Avropa İttifaqı-Azərbaycan münasibətlərinin inkişafı sahəsində artıq qət olunmuş yolu və əldə olunan nailiyyətləri iştirakçıların diqqətinə çatdırıb. Millət vəkili Avropa Qonşuluq Siyasəti və “Şərq Tərəfdaşlığı” proqramının təqdim etdiyi yeni əməkdaşlıq perspektivlərini qeyd edib.

Azay Quliyev Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüz və etnik təmizlə siyasətinin doğurduğu ağır nəticələri vurğulayıb və Avropalı həmkarlarını münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında tezliklə həllinə dəstək verməyə çağırıb.

Deputat həmçinin Avropa Parlamentinin 12 may tarixdə Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin Azərbaycan ictimaiyyəti və eləcə də Milli Məclis tərəfindən qərəzli və birtərəfli sənəd kimi qəbul edildiyini söyləyib və Avropa İttifaqının tərəfdaşı olan Azərbaycanla qətnamə dilində danışılmasının qəbuledilməz olduğunu göstərib. O, konkret kiçik hadisələri Azərbaycan tərəfi ilə dəqiqləşdirilmədən, yoxlamadan baş verdiyi sosial kontekstdən çıxarılaraq, bir tendensiya kimi qələmə vermək cəhdinin Azərbaycanda narazılıqla qarşılandığını nəzərə çatdırıb. Azərbaycanın Avropa İttifaqı və o cümlədən Parlament ilə bütün sahələrdə açıq və şəffaf dialoq və əməkdaşlığa hazır olduğunu ifadə edən A.Quliyev Azərbaycanın Avropa strukturlarına inteqrasiya etmək məqsədinə sadiq qaldığını bəyan edib.

Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov öz növbəsində Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı sahəsində görülən işlərdən bəhs edib və Avropa inteqrasiya sahəsində vətəndaş cəmiyyəti qurumlarını üzərinə düşən işlərdən danışıb. O, da öz növbəsində Dağlıq Qarabağ münaqişənin ədalətli nizamlanması və Azərbaycanın haqq səsinin ucaldılmasının ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının əksəriyyəti üçün bir nömrəli məsələ olduğunu bildirib və Azərbaycan torpaqlarının işğalı və məcburi köçkünlər probleminin digər sahələr kimi vətəndaş cəmiyyətinin tam şəkildə inkişafına mənfi təsir etdiyini söyləyib.

Azərbaycan Respublikasının Belçikadakı səfiri və Avropa İttifaqı yanında nümayəndəsi Emin Eyyubovun da iştirak etdiyi maraqlı və məzmunlu müzakirələr zamanı Avropa İttifaqı-Azərbaycan münasibətlərinin müxtəlif sahələrini əhatə edən mövzulara dair səsləndirilmiş suallar cavablandırılmışdır və bir çox məsələlər üzrə Azərbaycanın anlayışla qarşılanıb.

Tədbirdə iştirak edən Brüsseldə fəaliyyət göstərən iki erməni təşkilatının təmsilçilərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yanıldıcı fikirləri və təhrikedici suallarına Azərbaycanlı natiqlər tərəfindən tutarlı cavablar verilib. Bu cavablar qarşısında erməni iştirakçı yenidən Dağlıq Qarabağ münaqişəsinə dair ancaq özlərinin inandığı məlum tarixçəni təqdim etməyə başladıqda isə onun çıxışı tədbirə sədrlik etmiş Qraham Vatson tərəfindən yarımçıq kəsilib.

Dəyirmi masaya yekun vuran Qraham Vatson aparılan müzakirələri yüksək qiymətləndirib və tərəflərin bir-birini daha yaxından dərk etmələri üçün belə tədbirlərin gələcəkdə vaxtaşırı təşkilinin təşviqini əhəmiyyətli sayıb.

APA

 

 

Xəbərlər
Redaktorun seçimi