“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
26.02.2010, 20:34
439

Xocalı - sızlayan yaddaşımız

A- A+

İllər ötsə də, bu qətliama beynəlxalq-hüquqi qiymətin verilməsinə nail olmamışıq

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində soyqırımı törətdiblər. Bu qətliamın, hər şeydən öncə, dəhşətli statistikası var.

Xocalı qırğınında 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca xüsusi vəhşiliklə qətlə yetirilib. Şəhərin 1275 sakini erməni əsirliyinin dəhşətini yaşayıb. 150 nəfərin aqibəti indiyədək naməlumdur. Qırğın nəticəsində 130 uşaq yetim qalıb, 8 ailənin bütün üzvləri öldürülüb.

Amma Xocalı dəhşəti təkcə bu statistika ilə ölçülmür. Bu hadisə Azərbaycanın Qarabağ müharibəsində aldığı ən həssas zərbə və sonrakı məğlubiyyətimizi qismən labüd edən bir faciə oldu. Məhz Xocalı qətliamı Azərbaycana edilən təcavüzün gerçək mahiyyətini, erməni terrorizminin və vəhşiliyinin dəhşətli miqyasını ilk dəfə ortaya qoydu. Xocalını qoruya bilməməyimiz bütövlükdə Qarabağ müharibəsinə nə dərəcədə hazırlıqsız olduğumuzun bariz göstəricisi idi.

Xocalı şəhərinin ermənilər tərəfindən mühasirəsi 1991-ci ilin oktyabrında başlamışdı. Xankəndi ilə Əsgəran arasında strateji nöqtə olan Xocalının ələ keçirilməsi ermənilər üçün müstəsna məqsəd idi.

1991-ci il oktyabrın 30-da Xocalı ilə avtomobil nəqliyyatı tamamilə kəsildi və ara-sıra görünən vertolyotlar 2500-dək əhalisi ilə mühasirədə qalan Xocalını Azərbaycanla bağlayan yeganə nəqliyyat idi. 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa reysi ilə uçan mülki vertolyotun Xankəndindən atılan raketlə vurulmasından (nəticədə 40 nəfər həlak oldu) sonra Xocalı ilə hava əlaqəsi də kəsildi.

Həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan Ayaz Mütəllibov rejiminin Qarabağı qorumaq bacarığı olmadığı aşkar idi. Üstəlik yeni yaranmaqda olan Azərbaycan Ordusu siyasi intriqaların güdazına verilmişdi. 1992-ci il yanvarın sonu-fevralın birinci yarısında Kərkicahan, Quşçular, Malıbəyli və Qaradağlı kəndlərinin işğalına Bakıdakı hakimiyyət dəhlizlərindən göstərilən biganəlik Xocalıya münasibətdə də eyni idi.

Kritik vəziyyətdə başını itirən hakimiyyət iflas həddində, müxaliflər isə hakimiyyət davasında idilər. Güc nazirliklərinin "həftəbaşı" dəyişdirilməsi biabırçı norma halını almışdı. Xocalının işğalı ərəfəsində, fevralın 17-də (Xocavəndin Qaradağlı kəndinin 70-dən çox sakini qətlə yetirilən gün) Tacəddin Mehdiyev müdafiə naziri vəzifəsindən azad edildi. Orduya rəhbərlik "hansı məzhəbə" qulluq etdiyi bilinməyən general Şahin Musayevin (Baş Qərargah rəisi) öhdəsinə buraxıldı.

Bir gün sonra, fevralın 18-də Tahir Əliyev Ağdamın, Rəhim Qazıyev isə Şuşanın hərbi komendantı təyin edildi. Xocalının süqutunu məhz Ağdam və Şuşadakı hərbi qüvvələrin köməyi ilə önləmək olardı. Lakin bu şəxslər Xocalının deyil, daha yüksək vəzifənin peşində idilər. Hər ikisi yüksək postları Xocalıdan sonra, mart ayında keçici "prezident" Yaqub Məmmədovun imzası ilə aldılar: T.Əliyev Daxili İşlər Nazirliyinin, Şuşanın "xilaskarı" R.Qazıyev isə Müdafiə Nazirliyinin başına keçdi...

Xocalı faciəsi ətrafında ən böyük intriqa isə daha yuxarılarda gedirdi. Yüzlərlə vətəndaşını dəhşətli qətliamdan qurtarmaq üçün heç nə etmədiyinə görə ümumxalq qəzəbi qarşısında hakimiyyətdən getməyə məcbur olan A.Mütəllibov sonralar müsahibələrində bir neçə dəfə bu mövzuya qayıdaraq özünü reabilitasiya naminə çeşidli izahatlar uydurub. Həmin "izahatlar" 18 il öncə Azərbaycana rəhbərlik etmiş bu şəxsin nə qədər səbatsız və mağmın olduğunu göstərir.

Mütəllibov Rusiya mediasına müsahibələrinin birində (2002-ci il) Xocalıda yaşanan qətliamdan fevralın 25-i axşam, yəni şəhərdə qırğınların davam etdiyi vaxtda xəbər tutduğunu deyir. Hadisə ilə bağlı ona təcili məruzə edən daxili işlər naziri (mərhum) Tofiq Kərimov Xocalıda bir neçə yüz insanın qətlə yetirildiyini bildirir.

Təbii ki, ağlı başında olan rəhbər birinci addım kimi bu faciəyə təcili müdaxilə etmək, Xocalıya kömək təşkil etmək barədə düşünməli idi. Bəs Mütəllibov nə edib?

Telefonu götürür, amma Şuşa və ya Ağdama deyil, Stepanakertə, özünün ifadəsi ilə desək, «hansısa Mkrtıçyana» zəng edir və ondan Xocalıda nə baş verdiyini xəbər alır.

1990-1991-ci illərdə Hadrut rayonunda erməni dəstələrinin komandiri olmuş Artur Mkrtıçyan 1992-ci ildə Dağlıq Qarabağ «parlamentinin» (vilayət xalq deputatları soveti) sədri və separatçı qurumun faktiki rəhbəri idi.

Dövlət başçısı öz nazirinin məruzə etdiyi fakta inanmır, onu yoxlamaq üçün bilavasitə Xocalı qırğının arxısında dayanan erməniyə zəng edir. Bu artıq ümumilikdə dövlətin iflası demək idi.

Təbii ki, Mkrtıçyan ona "ürək-dirək" verir. Xocalı əhalisinin "dəhliz" vasitəsilə şəhəri tərk etdiyini, hər hansı qırğının olmadığını deyir. Mütəllibov o boyda erməninin bu boyda yalanına inanmayıb nə edəcəkdi?

Odur ki, bütün ölkəyə bəyan edir ki, narahat olmayın, emosiyalara uymayın, Xocalıda heç bir faciə olmayıb, sadəcə, şəhəri itirmişik, eybi yox, tezliklə geri alarıq. Mütəllibov üçün bu itkilər artıq normal sayılırdı.

Və səhərisi gün, fevralın 26-da "Xocalıda 2 nəfər həlak olub, yaralananlar var" deyə rəsmi xəbər yayıldı.

Əlbəttə, indi Mütəllibov deyə bilər ki, faciənin səhərisi, Xocalı dəhşəti minlərlə insanı sarsıdandan sonra "Azərinform"un yaydığı "2 nəfər ölüb" məlumatından guya onun xəbəri olmayıb. Amma həmin xəbər prezidentin mətbuat xidmətinə istinadən yayılmışdı.

Mütəllibov Xocalı qırğınından yalnız 3 gün sonra, fevralın 29-da ümummilli matəm barədə fərman verdi. Erməni vandalizminin, dəhşətli təcavüzün miqyası barədə dünyanın xəbərdar edilməsi isə Çingiz Mustafayev kimi vətənpərvər jurnalistlərin öhdəsinə düşmüşdü.

Xocalı qətliamından bir həftə sonra, martın 3-də Mütəllibov rejimi Ali Sovetin adından dünya dövlətlərinə səbatsız və qeyri-müəyyən müraciət etmək qərarına gəldi.

Lakin həmin müraciətdə Xocalı qətliamının törədilməsində bilavasitə iştirak etmiş, keçmiş SSRİ-nin (faktiki olaraq Rusiyanın) 366-cı motoatıcı alayının adı çəkilmirdi. Moskvanın diqtəsi ilə oturub-durmağa öyrənmiş Mütəllibov rejimi bilərəkdən sözügedən hərbi hissəni bu qətliamdan kənarda qoydu. Xatırladaq ki, bu zaman Azərbaycan artıq BMT-nin üzvü idi (martın 2-də qəbul olunmuşdu) və Xocalı faciəsinə qiymət verməyi beynəlxalq birlikdən ən sərt şəkildə tələb edə bilərdi.

Nəhayət, martın 5-də Ali Sovetin fövqəladə sessiyası çağırıldı. Düşünmək olardı ki, parlamentarlar fövqəladə toplantıda Xocalı qırğınına siyasi qiymət verəcək, bu genosid aktını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq üçün addımlar atacaqlar.

Lakin parlament Xocalının harayına deyil, hakimiyyətin davasına köklənmişdi. Əvvəlcə Ali Sovetin sədri, Elmira Qafarova, bir gün sonra isə A.Mütəllibov istefa verdi. Xocalı məsələsini müzakirəyə çıxarmaq hər iki posta eyni vaxtda sahib çıxan Yaqub Məmmədovun da yadına düşmədi. Gələcək siyasi gedişatın və hakimiyyət davasının peşində olan o vaxtkı müxalifət də buna cəhd etmədi.

Martın 25-də işinə davam edən Ali Sovetin sessiyasında Xocalı faciəsinin təhqiqatı və genosid aktına qiymət verilməsi məqsədilə parlament komissiyası yaradıldı. Bir ay sonra Ali Sovetin Milli Şurası "Bakı şəhərində Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək barədə" qərar qəbul etdi. Xocalı qətliamının real olaraq beynəlxalq müstəviyə çıxarılması barədə isə düşünən yox idi. Xalq da özünə qapılaraq bu faciəyə için-için ağlayırdı.

Mayın 12-də "keçici prezident" Y.Məmmədov Dağlıq Qarabağ konfliktinin müzakirəsi xahişi ilə BMT Təhlükəsizlik Şurasına müraciət etdi. Amma bu müraciətdə də Xocalının adı çəkilmirdi.

Artıq Şuşa itirilmiş və növbəti ağır itkinin ağrısı altında Xocalı hadisəsi "arxivə" verilmişdi. Sonrakı faciə və itkilərimiz də özündən əvvəlkiləri beləcə arxivə göndərdi.

Mayın 14-15-də Xocalı faciəsinin araşdırılması ilə başlayıb və hakmiyyət dəyişikliyi ilə yekunlaşan daha bir tarixi fars yaşandı. Mütəllibov gəldi, getdi, ardınca yeni (Xalq Cəhbəsi) hakimiyyət gəldi.

Sonrakı hadisələr yadımızdadır. Ümumilikdə 1992-ci ildə Xocalı gerçəyinin beynəlxalq arenaya çıxarılması üçün faktik olaraq heç nə edilmədi.

1993-cü il fevralın 23-də imzalanmış "Azərbaycana qarşı edilmiş vəhşiliklərin açıqlanması haqqında" prezident fərmanı da kağız üzərində qaldı.

Halbuki bu, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq diqqətə gəldiyi, beynəlxalq müstəvidə sülh danışıqlarının başlandığı dövr idi. Ermənilər Azərbaycanın guya təcavüzkar olduğunu sübutlamaq üçün təbliğat maşınını tam gücü ilə işə salmışdılar. "Sumqayıt olayları" bütün dünyanın gözünə soxulurdu.

1994-cü il fevralın 24-də Milli Məclis "Xocalı Soyqırımı günü haqqında" qərar qəbul etdi, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı tədbirlər görməyə çağıran müraciət edildi.

Həmin qərardan ötən dövrdə Xocalı gerçəyinin dünyaya tanıdılması, Ermənistanın sovet (Rusiya) hərbi dairələrinin dəstəyi ilə həyata keçirdiyi insanlıq əleyhinə cinayətin beynəlxalq miqyasda ifşası istiqamətində xeyli iş görülüb, xarici dillərdə kitablar, sənədlər dərc olunub.

Amma ötən illərin sonunda bir faktı qeyd etməyə məcburuq ki, beynəlxalq birlik hələ də Xocalı gerçəyinin miqyasından yetərincə xəbərdar deyil, bu vaxtadək dünyanın heç bir ölkəsi bu qətliama siyasi-hüquqi qiymət verməyib...

Vüqar Orxan, “525-ci qəzet”, 26.02.2010.

Xəbərlər
Redaktorun seçimi