İrəvan xanlığı haqqında kitab ingilis və rus dillərində nəşr olunub
Kitabda ermənilərin İran və Türkiyədən Azərbaycan torpaqlarına köçürülməsi barədə arxiv sənədləri yer alıb
Oktyabrın 7-də Prezident Kitabxanasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutu və “Regionların İnkişafı” İctimai Birliyinin birgə layihəsi əsasında nəşr olunmuş “İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının yenicə çapdan çıxmış ingilis və rus dillərində versiyalarının təqdimat mərasimi keçirilmişdir.
“Çaşıoğlu” mətbəəsində yüksək poliqrafik dizayn və xüsusi zövqlə hazırlanmış kitabların təqdimat mərasimini giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov yeni nəşrlərin ermənilərə, onların havadarlarına və bütövlükdə dünya ictimaiyyətinə ciddi mesaj olduğunu bildirmişdir. Kitabda sənədlərin, rəqəmlərin, faktların dili ilə çatdırılır ki, indiki Ermənistan Respublikasının paytaxtı belə əzəli Azərbaycan torpağıdır.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov bildirmişdir ki, kitabın rus və ingilis dillərinə tərcüməsi ilə tariximizin unudulmuş səhifələrinin açılması, itirilmiş torpaqlarımızın tarixinin araşdırılaraq bugünkü və gələcək nəsillərə, eləcə də dünya ictimaiyyətinə çatdırılması kimi xüsusi layihənin mühüm bir mərhələsi başa çatmışdır. Fundamental tədqiqat əsərində ermənilərin bu torpaqların yerli əhalisi olması iddiası ölkəmizdə və xaricdə saxlanılan çoxsaylı arxiv materialları, rəsmi dövlət sənədləri, erməni mənbələrinin özündən gətirilmiş faktlarla ifşa edilmişdir.
AMEA-nın prezidenti qeyd etmişdir ki, Azərbaycanın qəhrəmanlıq salnaməsində özünəməxsus yer tutan İrəvan xanlığının tarixindən bəhs edən kitabın ingilis və rus dillərinə tərcüməsi bilavasitə Prezident İlham Əliyevin göstərişi ilə həyata keçirilmişdir. Dövlətimizin başçısının tapşırığı ilə kitabın rus dilində nüsxələri MDB ölkələrinə, ingilis dilindəki nüsxələri isə Qərb dövlətlərinə göndəriləcəkdir.
“Regionların İnkişafı” İctimai Birliyinin sədri Seymur Quliyev bildirmişdir ki, rəhbərlik etdiyi qurum AMEA-nın həyata keçirdiyi tədbirlərdə yaxından iştirak edir. Birliyin AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu və digər qurumları ilə yaxından əməkdaşlıq etdiyini vurğulayan S.Quliyev “Vətən tarixi” silsiləsindən yeni kitabların ərsəyə gəlməsində maliyyə dəstəklərini əsirgəməyəcəklərini bildirmişdir.
AMEA-nın müxbir üzvü, A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov nəşrin tarixi əhəmiyyətindən, ərsəyə gəlməsindən ətraflı söz açmışdır. Alim vurğulamışdır ki, tariximiz uzun müddət təhrif edilmiş, qiymətli arxiv sənədləri Azərbaycan xalqından gizlədilmişdir. Uzun müddət İrəvan xanlığının ərazisinə Osmanlı imperiyasından və İrandan köçürülən ermənilər dünya ictimaiyyətinə bu diyarın ən qədim əhalisi kimi təqdim olunmuşdur. Bu, tarixin ən böyük saxtakarlığıdır. Lakin Azərbaycan xalqı xəyanətlər və tarixi ədalətsizliklər nəticəsində itirdiyi torpaqlar barədə əsl həqiqətləri unutmur. İrəvan xanlığının tarixi Azərbaycan xalqının minilliklər boyu yaratdığı zəngin maddi və mənəvi mədəniyyət tariximizin ayrılmaz hissəsidir.
Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında belə nəşrlərin böyük əhəmiyyəti olduğunu bildirən Yaqub Mahmudov qeyd etmişdir ki, tarix faktlara əsaslanır. Azərbaycan dövlətinin apardığı təbliğatın əsasında da reallığa söykənən faktlar dayanır. Ermənilər tarixi saxtalaşdırıb özlərinə yalançı tarix yaza bilərlər. Amma onların fakt qarşısındakı acizlikləri hər zaman diqqətdədir.
Ermənilərin İran və Türkiyədən Azərbaycan torpaqlarına köçürülməsi kitabda çoxsaylı arxiv materialları, şəkillər, rəsm əsərləri və digər konkret faktlarla əksini tapmışdır. Ermənilər bu rəsm əsərlərini də saxtalaşdırmağa çalışırlar. Azərbaycanın Ağdərə rayonu ərazisində ermənilər Qarabağ torpaqlarına köçürülmələrinin 150 illiyi ilə bağlı abidə ucaltmışdılar. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı növbəti torpaq iddiası başlayanda ermənilər həmin abidəni dağıdaraq, üzərində yazılmış “150 il” sözünü götürmüşlər. Bu fakt da kitabda qeyd edilmişdir.
Bildirilmişdir ki, müharibələr aparan çar generallarının məxfi məlumatları, raportları, konkret arxiv materialları əsasında Azərbaycan torpaqlarına koçürülən ermənilərin sayı və yerləşdikləri ərazilər dəqiq faktlarla sübut edilmişdir. Kitabda İrəvan şəhərinin tarixi abidələri, ermənilərin bu torpaqlara köçürülməsindən sonra dağıdılan məscid və qəbiristanlıqlar, hamamlar, Azərbaycan xalqına məxsus toponimlər, eləcə də digər mühüm faktlar yer almışdır.
Təqdimat mərasimində Milli Arxiv İdarəsinin rəisi, tarix elmləri doktoru Ataxan Paşayev, tarix elmləri doktoru, professor Tofiq Mustafazadə, tarix elmləri doktoru Qafar Cəbiyev, Tarix İnstitutu direktorunun müavini, tarix elmləri namizədi Cəbi Bəhrəmov, tarix elmləri namizədi Gültəkin Nəcəfzadə, tarix elmləri üzrə fəlsəfə doktoru Natiq Məmmədzadə çıxış edərək bildirmişlər ki, tarixin müxtəlif dövrlərində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri işğalçılıq və soyqırımı siyasətini faktlarla özündə əks etdirən kitabların nəşrinə və onların dünyanın aparıcı dillərinə tərcümə olunmasına böyük ehtiyac vardır. Bu qiymətli tədqiqat əsərinin ingilis və rus dillərində nəşri ilə əzəli Azərbaycan torpağı olan İrəvan xanlığının real tarixi dünya ictimaiyyətinə çatdırılır və erməni iddialarının əsassız olduğu sübuta yetirilir.
Tədbirdə erməni saxtakarlığını, onların qədim Azərbaycan torpaqlarına köçürülmələrini sübut edən arxiv sənədləri və rəsmlər slaydlar vasitəsilə nümayiş etdirilmişdir.
Sonda AMEA-nın prezidenti M.Kərimov kitabın Azərbaycan, rus və ingilis dillərində nəşrlərindən ibarət xüsusi hədiyyəni Prezident Kitabxanasının direktoru M.Əhmədova təqdim etmişdir.
AzərTAc.