“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
04.05.2012, 15:50
494

Adil olmaq çətindir

A- A+

"...bir də görürsən ki, yaşamaq olmur. Ətrafda hər şey yerindədi, amma nəsə, KİMSƏ çatmır..."

...Söhbət Adil Qaçayoğlu olmaqdan getmir!

Söhbət ədalətli olmaqdan, hər yerdə, hər işdə ədalət prinsipini gözləməkdən, həmişə haqqın yanında olmaqdan gedir. Çox çətin missiyadır... Xüsusən də indiki dövrdə! Amma o, yaşadığı qısa ömür kəsimində bunu bacardı. Adına layiq oldu, Adil oldu, ədalətli oldu...

Adil gəldi, Adil getdi...

...Elə buna görədir ki, ölümündən dörd il keçməsinə baxmayaraq Adilin yoxluğu onu sevənləri hələ də yandırır. Və biz – onun köhnə dostları, hər il olduğu kimi, bu il də yolumuzu Binəqədi qəbiristanlığından salırıq. Yolüstü aldığımız bir dəstə tər qərənfili bizdən əvvəl buranı ziyarət edən ailə üzvlərinin düzdüyü güllərin yanına düzüb qara mərmərin üstünə həkk olunmuş gülərüz şəklinə baxırıq.

"Adil Qaçay oğlu Atakişiyev. 1955-2008". Bu sözlər, rəqəmlər isə artıq onu tanımayanlar üçündür.

Böyük rus yazıçısı V.Nabokovun bir sözü var. Deyir, başdaşındakı yazı insanın ən qısa tərcümeyi-halıdır...

Bu qısa tərcümeyi-hal yazılıb ki, ən azı kimsə burdan keçəndə onu oxusun və xatırlasın.
Xatırlasın ki...

Bu, həmin Adildir – sovet dövrünün ən populyar qəzeti olan "Azərbaycan gəncləri"nin əməkdaşı Adil Atakişiyev.

Bu, həmin Adildir – 90-cı ilin qanlı yanvarından sonra yazılarını yalnız Adil Qaçayoğlu imzası ilə yazan Adil...

Adil Atakişiyev imzası gənc nəslə tanış olmaya bilər. Amma ötən əsrin 80-ci illərinin oxucularına bu imza yaxşı tanış olmalıdır. Ən azı 1984-cü ildə "Azərbaycan gəncləri" qəzetində dərc olunmuş "Dilemma" adlı yazı kimlərinsə xatirində olmalıdır. "Dilemma" nakam bir məhəbbət hekayəti idi. O vaxt həmin yazı ilə əlaqədar redaksiyaya minlərlə oxucu məktubu daxil olmuşdu.

Bu, raykom katiblərinin göstərişi ilə sovet lideri Leonid Brejnevin ad gününə göndərilən təbrik məktubları silsiləsindən deyildi.

Bu, adi oxucunun yazını oxuyandan sonra öz hiss və həyəcanını bildirmək istəyi idi.
İndi internetdə yazını neçə adamın oxuduğunu göstərən "sayğaclar" var, reytinq ölçüsü var. Kompüter sadəcə olaraq yazının sərlövhəsinə baxanı da oxucu sayır. Adilin yazısını isə yalnız oxuyanların neçə mini tənbəllik etməyib rəy bildirirdi. Nəzərə alsaq ki, o vaxt da hamı ürəyindən keçənləri kağıza köçürməyə həvəs göstərmirdi, onda Adilin real oxucularının sayını təsəvvür eləmək olar.

İndi yazısı bu qədər oxunan hansı yazarı nümunə göstərmək olar?

Bimirəm...

Bəli, bu həmin Adil, Adil Atakişiyevdir. Sadəcə, bu dünyada yoxdur...

***
Adil Qaçayoğlu imzası barədə izahat verməyə lüzum görmürəm. Bu imzanı xatırlayanlar çoxdur. Ən azından, çox olmalıdır. Ona görə ki, Adil bizləri bu yaxınlarda – 2008-in mayında tərk edib. Və ömrünün son günlərinə qədər yazıb...

Və Adil nə yazıbsa, nədən yazıbsa, həmişə səmimi yazıb. Həmişə ürəkdən yazıb. Çünki Adil hər yerdə, hər işdə səmimi idi.

...1997-ci ildə sovet dövrünün məşhur aktyoru və sirk ustası Yuri Nikulinin ölümünə kiçik bir elegiya yazmağı ondan heç kim xahiş eləməmişdi.

...Tanınmış telejurnalist Samir Əsgərxanovun qəfil vəfatı xəbərini eşidən kimi ürəyindən keçənləri kağıza köçürməsi də redaksiya tapşırığı deyildi. Bu, bir insani borc idi. Ömründə Samirlə kəlmə kəsməsə belə...

...Nəcəf Nəcəfovun xəstəliyini özünə dərd eləyən və ürək ağrılarını "Vicdanlı adam" adlı böyük bir yazıya köçürəndə də Adil səmimi idi. Nəcəf Nəcəfovun vəzifədə olduğu dövrdən və onun vəzifəsindən kifayət qədər yararlananlardan fərqli olaraq... 

...Anatoli Banişevski isə futbol kumiri idi və onun haqqında yazanda da ürəyini qoyurdu.
Adını çəkdiyim və çəkmədiyim çoxsaylı yazıların hamısını oxucuya sevdirən, oxutduran müəllifin səmimiyyəti, təmənnasızlığı idi. Adil jurnalistikadan heç vaxt təmənna ummurdu. Bu yazılar sadəcə, kağıza köçürülmürdü, bu yazılar ürək ağrısı ilə yazılırdı. Ürək isə yaman şeydir...

Haqsızlıq, yalan, şər-böhtan eşidəndə sağ əlini sadəcə ürəyinin üstünə qoyurdu. Bilmirəm, bu jest onun ağrı-acısını azalda bilirdimi? Amma indi həmin anları xatırlayıram və mənə belə gəlir ki, Adil belə vaxtlarda əlini ürəyinin üstünə aparmaqla sanki haqsızlığı görüb yerindən çıxmaq istəyən ürəyini sıxıb yerində saxlayırdı. Ürək neyləsin?

...Adil ürəyindən şikayət edirdi, amma Adil ürək ağrısından getmədi.

...Adil çox şeylərə əsəbiləşir, bəzən dözə bilmirdi. Amma Adil son nəfəsinə qədər əsəblərini cilovlaya bilirdi. Hətta ən hirsli vaxtında belə onun dilindən kobud söz eşitmək qeyri-mümkün idi. Çünki Adil həlim adam idi.
...Əlacsız xəstəliyə tutulmuşdu. İnanmıram ki, bunu hiss eləməmiş olaydı. Amma ən yaxın dostlarına da bu barədə heç nə deməmişdi. Yatağa düşəndən daim yanında olan qardaşı Mətləblə də bu mövzuda danışmağı lazım bilməmişdi. Bu danışıqlar nəyi dəyişdərə bilərdi ki?
Deyəsən, bircə ömür-gün yoldaşına, o da üstüörtülü şəkildə deyibmiş. Deyibmiş ki, Mətləbə çətin olacaq, amma təmkinini itirməsin...

Mətləbə, doğurdan da, çətin oldu. Həkimlər həqiqəti ona deyəndən sonra bir neçə ay bu acı həqiqəti ailə üzvləri ilə bölüşmədən gəzdirməyin nə demək olduğunu təsəvvür eləmək çətin deyil.

Mətləb bu ağır faciənin müqabilində təmkinini qorumağı bacardı.

Bircə Adil torpağa tapşırılandan sonra özünü saxlaya bilmədi. Məzarın üstünə sərilib ağı dedi: "Bağışla, qardaş, bağışla, səni qoruya bilmədim"...

***
...Bu gün Adilin Bakının 7-ci mikrorayondakı evində anım günüdür.
Atası Qaçay kişi o vaxtdan bu evdə yaşayır, uzun illər boyu Balakəndə - təbiət qoynunda yaşayandan sonra oğul dərdi ilə baş-başa dörd divar arasında yaşamağın çətin olmasına baxmayaraq...

Mətləb də dörd ildir ki, Bakı ilə Balakən arasında qalıb. Bu gün də o evdə olacaq. Adilin qızı Kəmaləni bu ağır gündə tək qoymamaq üçün...

Adilin yeganə oğlu Anarın atasızlığını ovutmaqdan ötrü...

Və biz yenə də bu ocaqda Adil haqqında danışa bilməyəcəyik...

Biz burda hər şeydən – hər gün rastlaşdığımız problemlərdən, gündəlik qayğılardan danışsaq da, Adilin adını çəkməyəcəyik. Amma bütün söhbətlərin əvvəli də, axırı da onunla bağlı olacaq...

...Bu ocaqda Adil haqqında söhbətə başlamaq olduqca ağırdır.

- Məni qaldır, dedi, - Mətləb o günü xatırlayır. – O gün əhvalı çox yaxşı idi...Məni qaldır, dedi, sonra...

Mətləb danışa bilmir. Göz yaşları qoymur...

Ona görə də bu ocaqda Adil barədə söhbət açmaq, nəsə danışmaq, demək olar ki, qeyri-mümkündür...

...Amma mən əminəm ki, bu ocaqda Adil barədə həmişə danışılacaq. Adilin övladları danışacaq öz övladlarına... Və qürurla danışacaqlar. Nəvələr də qürurla dinləyəcəklər... Qürurla xatırlayacaqlar bu qeyri-adi babanı. Adil baba olacaq? Bəli, Adil baba olacaq... amma nəvələri görməyəcək.

***
...2008-ci ildə Adil dünyasını dəyişəndə biz dostları onun kitabını nəşrə hazırlayırdıq. Kitab üçün məqalələri seçərkən 1983-cü ildə "Azərbaycan gəncləri" qəzetində çap olunmuş kiçik bir yazısı əlimizə keçdi. Bu, 83-cü ildə indiki Bakı Dövlət Universitetinin əlaçı tələbəsi olan gənc bir qızın xoşbəxt şəklinə şəkilaltı mətn idi. O vaxt bu qəzetdə belə yazılar da verilirdi və həmin yazıları bir qayda olaraq Adil yazırdı. Təmtəraqdan uzaq, sadə və şirin bir mətn yazırdı Adil belə şəkillərə.

İndi, Adilin dünyasını dəyişdiyi günlərdə rast gəldiyimiz həmin yazının qəhrəmanı olan xanım ölkənin təhsil sistemində çox yüksək vəzifə tuturdu və biz bu faktdan istifadə etmək arzusuna düşmüşdük. Adilin ali təhsilini başa vurmaqda olan qızı Kəmaləni bu xanımın vasitəsilə işə düzəltmək istəyirdik. 1983-cü ildə çıxan o qəzeti də götürüb həmin xanımın qəbuluna getmək niyyətindəydik. İstəyirdik ki, dostumuzun faciəsini xatırladıb ondan gənc müəllimin işlə təmin edilməsinə yardımçı olmasını xahiş edək. Sonradan bu fikirdən daşınmalı olduq. Dedilər ki, mənasız cəhddir bu. Dedilər o xanım sizi və sizin xeyirxah niyyətinizi anlamaq iqtidarında deyil...

Biz deyilənlərə inandıq...

Adilin qızı müəllim işləmir...

***
...Kəmalənin dünyaya gəlişindən çox sonralar doğulan Anar Adilin arzuları idi. Uzun fasilədən sonra oğul övladı dünyaya gələn atalar adətən övladlarını bir Tanrı payı sayıb ona uyğun ad qoyurlar: Murad, Tale, Qismət və s.

Adil uzun həsrətdən sonra tapdığı övlada çox sevdiyi yazıçı Anarın adını vermişdi...

Adilin yəqin ki, ən böyük arzusu Anarın ali məktəbə qəbul olunduğu günü görmək idi. Anar atasının bu arzusunu yalnız bu il reallaşdıra bilər. Çünki yaşı buna yalnız bu il imkan verəcək, orta məktəbi bu il bitirir...

***
...Ömründə təmtəraq, şan-şöhrət həvəskarı olmayan Adil nədənsə 50 illik yubileyinin təntənəli keçirilməsini çox istəyirdi. Və həmin yubileyi istədiyi kimi də qeyd etdi – yaxın dostlarının iştirakı ilə. 2005-ci ilin iyununda. Orda öz yaşıdı olan həmkarları da söz dedi, gənc dostları da. Adil cavan jurnalistlərlə də eyni səmimiyyətlə dostluq eləyə bilirdi. Cavanları da ona yaxınlaşdıran səmimiyyəti, sadəliyi idi.

Və o məclisdə Adil azyaşlı oğlu ilə rəqs elədi. Sanki Anarın toyunda onunla oynaya bilməyəcəyini hiss elədiyi üçün...

Məclis metronun "Gənclik" stansiyası tərəfdə, "Kiyev" adlı bir restoranda qurulmuşdu. İndi o restoran daha yoxdur... Hər halda əvvəlki yerində yoxdur...

***
Adilin ölümündən sonra nəşr edilən kitabı "Ağdam yuxuma girir..." adlanır. Bu cümlə onun müsahibələrinin birindən götürülüb. Yəni öz sözüdür...

Əgər o dünya varsa, mən əminəm ki, Ağdam o dünyada da Adilin yuxularına girir.

Adil əslən Ağdamdan idi, amma taleyi Balakənlə bağlı idi. Atası Qaçay kişi cavanlıqdan bu rayonda işləyib və burada yaşayıb. Adilin uşaqlığı və gəncliyi də Balakəndə keçmişdi. Balakəndən olan uşaqlıq dostları, sinif yoldaşları barədə xatirələr danışmaqdan yorulmazdı. Amma Ağdam Adilin zəif damarı idi. Bu zəiflik onun yazılarında da hiss olunurdu. Bu zəiflik onun danışıqlarında da hiss olunurdu.

Ağdam işğal olunandan sonra Adil bir az da zəiflədi...

***
Adilin ilk və son kitabını vərəqləyirəm.

Orda müsahibələrindən birində söylədiyi bir cümlə beynimdən çıxmır: "Bir də görürsən ki, yaşamaq olmur. Ətrafda hər şey yerindədi, amma nəsə çatmır. Nə?"

Yadıma gəlir ki, o vaxt Adilin yaşaması üçün, əslində, hər şey çatırdı. Gözəl ailəsi, iki övladı. Yaşamağa evi, normal iş yeri, dost-tanış yanında hörmət-izzəti...

...Amma nəsə çatmırdı. Son illərin qarmaqarışığında insanların çoxu dəyişmişdi. Səmimiyyət azalmışdı. Bax, Adil üçün çatmayan bu idi...

...Ağdam işğal altındaydı. Adili ən çox yandıran, göynədən bu itki idi...

...Futbol azarkeşiydi. 8 milyonluq xalqdan 11 normal futbolçunun tapılmamasını da özünə dərd eləyirdi.

...Bir də, yaxşı bir qəzet arzulayırdı. Siyasətdən, tərəfkeşlikdən uzaq bir qəzet istəyirdi. O, həmin qəzetdə adi jurnalist kimi çalışmaq, ürəyindəkiləri kağıza köçürmək niyyətindəydi. Yarızarafat-yarıciddi özünə maaş da "təyin eləmişdi" – 300 manat. Bu söhbətlər xeyli uzanmış, aradan bir ilə yaxın vaxt keçmiş, inflyasiya dərinləşmişdi, amma Adil "maaşı" yenə 300 istəyirdi. Nəhayət, bir gün dedim, ay Adil, pulun dəyəri düşür, artıq 500 istəmək vaxtıdır...

Nə o qəzet oldu, nə də o maaş. O qəzet, onun istədiyi qəzet heç bundan sonra da olmayacaq...
Ona görə də bu gün "bir də görürsən ki, yaşamaq olmur. Ətrafda hər şey yerindədi, amma nəsə, KİMSƏ çatmır..."

O çatmayan sənsən, Adil Qaçayoğlu...

Bu dünyada ən azı belə düşünən bir dost var...

Müsəllim Həsənov

“Gündəlik Teleqraf” qəzeti

 

Oktyabr 2004.

 

 

Xəbərlər
Redaktorun seçimi