Azərbaycan diplomatiya xidmətinin 90 illiyi qeyd olunur
Ölkəmizi xaricdə təmsil edən diplomatik korpus nümayəndələrinin iştirakı ilə silsilə toplantılar keçirilir
Daha sonra çıxış edən nazir E. Məmmədyarov Azərbaycan diplomatiyasının tarixinə qısa ekskurs edib. Nazir bildirib ki, Azərbaycan diplomatiyasının 90-cı ildönümü deyəndə dövlətin peşəkar diplomatik xidmətinin məhz 9 iyul 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Xarici İşlər Nazirliyinin katibliyinə dair qərarın qəbul edilməsindən ötən müddət nəzərdə tutulur: “Bu tarixi fakt əsasında prezident İlham Əliyevin 24 avqust 2007-ci il tarixli fərmanı ilə 9 iyul Azərbaycan diplomatlarının peşə bayramı elan edilib”.
Milli hakimiyyətin möhkəmlənməsi, dövlət strukturları və nizami ordunun yaradılması ilə yanaşı, gənc Azərbaycan hökumətinin qarşısında duran ən vacib diplomatik vəzifənin Birinci Dünya müharibəsində qalib gəlmiş müttəfiq dövlətlər tərəfindən təşkil olunan Paris sülh konfransında iştirak etmək və Azərbaycan dövlətinin dünya birliyi tərəfindən tanınması olduğunu qeyd edən nazir böyük çətinliklərdən sonra Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin Paris sülh konfransında iştirak etmək hüququ qazandığını bildirib/
Onun sözlərinə görə, 1920-ci ilin 11 yanvarında Paris sülh konfransında Azərbaycan diplomatiyası özünün ən vacib uğurunu əldə edib - Versal Ali Şurasını təşkil edən müttəfiq ölkələr yekdilliklə Azərbaycan dövlətini tanıyıb: "Dövlətin tanınması Azərbaycan nümayəndə heyətinə Versal Ali Şurasının müxtəlif, o cümlədən hökumət başçıları səviyyəsində keçirilən iclaslarında rəsmən iştirak etmək, öz hüquq və ehtiyacları haqqında danışıqlar aparmaq imkanını vermişdi. Azərbaycan nümayəndə heyəti o dövrün beynəlxalq səhnəsində həlledici təsirə malik olan məşhur siyasi xadimlər - Lloyd Corç, Klemanso, Lord Kerzon, Çerçil, Foş, Vilson və digərləri ilə Paris sülh konfransının Ali Şurasının və digər iclaslarında müzakirələr apararaq, müttəfiq dövlətlər tərəfindən Azərbaycana müxtəlif yardımın göstərilməsi haqqında qərarın qəbul edilməsinə də nail olub”.
Nazir bildirib ki, AXC yalnız 23 ay yaşamasına baxmayaraq, yeni Sovet Azərbaycanının paytaxt Bakı və suveren ərazisi ilə Sovet İttifaqı tərkibində, formal da olsa, bərabərhüquqlu Respublika kimi saxlanılmasını bu dövrün əsas nəticəsi kimi qiymətləndirmək olar: “Bakıda Sovet hakimiyyəti bərqərar olandan sonra da, Azərbaycanın bir sıra siyasi xadimləri diplomatik meydanda öz fəaliyyətini və Azərbaycanın mənafeyinin müdafiəsini davam etdirməyə müvəffəq olublar”.
E. Məmmədyarovun sözlərinə görə, XX əsrin sonunda Azərbaycan öz müstəqilliyini bərpa etmək üçün tarixi fürsət əldə etmiş olub: “Həmin vaxt qonşu Ermənistanın hərbi təcavüzünə məruz qalmış, ağır iqtisadi böhran və daxili qeyri-sabitliyin hökm sürdüyü Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşayırdı. Belə bir mürəkkəb şəraitdə ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycanın rəhbərliyinə gəlməsini tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirmək lazımdır. Ulu öndər Heydər Əliyevin hərtərəfli fəaliyyəti nəticəsində milli dövlətçilik möhkəmləndirilib, daxildə siyasi sabitlik və milli birlik təmin edilib, dövlət quruculuğu və sosial-iqtisadi sahədə dərin islahatların aparılmasına başlanıb, habelə Azərbaycanın milli maraqlarının təmin edilməsinə yönələn xarici siyasətinin prioritet istiqamətləri müəyyənləşdirilərək onların həyata keçirilməsi təmin olunub”.
Nazir bu gün Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələrdə nəzərə çarpan tərəqqi əldə edildiyini də bildirib: “Azərbaycan regional liderə çevrilib. Ermənistan təcavüzünün nəticələrini aradan qaldırmaq istiqamətində BMT, ATƏT, Avropa Şurası, NATO və İslam Konfransı Təşkilatı çərçivəsində ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən və Ermənistanın təcavüzkar siyasətini pisləyən bir çox qətnamələr və qərarlar qəbul edilib”.
Nazir sonda həmkarlarını peşə bayramı münasibətilə təbrik edib.
Müşavirədə çıxış edən Azərbaycanın Macarıstandakı səfiri Həsən Həsənov isə ölkəmizin diplomatik ənənələrindən danışıb. O, 1918-ci ildə diplomatlarımızın müstəqilliyimizin beynəlxalq aləmdə qəbul edilməsi istiqamətində fəaliyyətlərinin Versal sülh müqaviləsi zamanı Azərbaycanla bağlı qərarların qəbul edilməsi ilə nəticələndiyini ilk möhtəşəm diplomatik uğurumuz kimi dəyərləndirib. Diplomat bu ənənələrin bu gün daha geniş miqyasda davam etdirildiyini vurğulayıb.
Bu gün nümayəndə heyəti Naxçıvana yola düşəcək. Tədbirlər silsiləsi orada davam etdiriləcək və paytaxt Bakıda yekunlaşacaq.