Ermənistan İranla 1,5 milyard dollar dəyərində dəmir yolu layihəsi həyata keçirmək istəyir
İran Culfasını Ermənistanın şimalı ilə birləşdirəcək yolun ilkin layihədə işğal olunmuş Azərbaycan ərazilərindən keçməsi nəzərdə tutulubmuş
Ermənistan prezidenti Serj Sərkisyanın İrana ikigünlük rəsmi səfərinin (13-14 aprel) əsas müzakirə mövzularından biri iki ölkə arasında dəmir yolunun çəkilməsi ilə bağlı olub. Bu barədə ilkin niyyət memorandumu bir qədər əvvəl, aprelin 3-də Yerevanda iki ölkənin nəqliyyat nazirləri Qurgen Sərkisyan və Həmid Bihbahani tərəfindən imzalanmışdı.
Ermənistan prezidentinin Tehrana səfəri gedişində bununla bağlı ikinci memorandum imzalanıb. Erməni tərəf dəmir yolu layihəsinin real müstəviyə keçdiyini iddia edir. Bu mövzuya keçməzdən öncə Sərkisyanın İran səfərinin digər tərəflərini nəzərə çatdıraq.
Xatırladaq ki, İran prezidenti Mahmud Əhmədinejad erməni həmkarını rəsmi səfərə cəmisi bir ay öncə dəvət etmişdi. Dəvət məktubu martın 12-də İran XİN rəhbəri Mənuçöhr Mottakinin Yerevana səfəri gedişində Ermənistan rəhbərinə təqdim olunmuşdu. Sərkisyan belə tezliklə İran səfərinə çıxması erməni tərəfin cənub qonşusu ilə işbirliyini genişləndirməkdə nə qədər maraqlı olduğunu göstərir. Bəllidir ki, dünyadakı qlobal iqtisadi böhranın ən ağır təsir etdiyi ölkələrdən biri Ermənistandır və ölkə rəhbərliyi vəziyyətdən çıxmaq üçün tələsik manevrlər etmək zorundadır.
Prezident Sərkisyanın iranlı həmkarı Mahmud Əhmədinejadla görüşündə də əsasən iqtisadi məsələlər, o cümlədən iki ölkə arasında energetika və nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub. Sərkisyanı səfərdə Ermənistanın xarici işlər, enerji və təbii sərvətlər, nəqliyyat və informasiya, iqtisadiyyat və diaspor nazirləri, Ermənistan Mərkəzi Bankının sədri və deputatlar müşayiət edib.
Sərkisyan deyib ki, İran Ermənistanın vacib partnyoru olduğunu dəfələrlə sübut edib. Ermənistanın çətin günlərində İranın dəstəyini hiss etdiyini deyən Sərkisyan blokada illərində bu ölkə ərazisindən Ermənistana ilk tələbat malların keçirildiyini xatırladıb.
Görüşdə Dağlıq Qarabağ münaqişəsi də diqqətə alınıb. Ermənistan prezidentinin iranlı həmkarına Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi barədə məlumat verdiyi bildirilir. Tərəflər Qarabağ probleminin hərbi yolla həllinin mümkünsüzlüyünü qeyd ediblər. Ermənistan prezidenti həmçinin Ermənistan-Türkiyə münasibətlərinin inkişafı barədə iranlı həmkarını məlumatlandırıb.
İki ölkə arasında iqtisadi işbirliyinin genişləndirilməsi prezident Sarkisyanın İranın ali dini rəhbəri Seyid Əli Xamneyi ilə görüşdə də diqqətə alınıb. "Tehran səfərindəki razılaşmaları ciddi şəkildə həyata keçirin", - deyə İranın ali rəhbəri iki ölkə prezidentinə tövsiyə edib. Xamneyi İran ermənilərinin ölkə tarixinin müxtəlif dövrlərindəki rolunu yüksək qiymətləndirərək 1980-1988-ci illər İran-İraq müharibəsində də erməni əhalinin "iranlı müsəlman qardaşları ilə düşmənə qarşı çiyin-çiyinə vuruşduğunu", İran İslam Respublikasını müdafiə etdiklərini deyib.
Ermənistan prezidentinin İranın parlamentinin sədri Əli Laricani, Milli Təhlükəsizlik Şurasının katibi Səyid Cəlili ilə görüşləri də olub. Sarkisyan İrandakı erməni icması ilə də görüşüb. Səfər gedişində Ermənistanın energetika naziri Armen Movsisyan isə İranın iqtisadiyyat və maliyyə naziri Şəmsəddin Hüseyni ilə iki ölkə arasında həyata keçirilən enerji layihələrinin maliyyələşdirilməsini müzakirə edib.
Bu arada Ermənistanın nəqliyyat naziri Qurgen Sərkisyan iki ölkə arasında dəmir yolu layihəsi barədə iddialı açıqlamalar verib. Xatırladaq ki, hazırda Ermənistanın yalnız Gürcüstanla dəmir yolu əlaqəsi var. Lakin Abxaziya münaqişəsi üzündən Tbilisi-Suxumi dəmir yolunun 1992-ci ildən bağlı olması Ermənistanın bu yolla Rusiya ilə əlaqəsini (Yerevan-Tbilisi-Suxumi-Soçi) mümkünsüz edib. Ermənistanın Azərbaycanla dəmir yolunun 1991-ci ildən, Türkiyə ilə sərhədin isə 1993-cü ildən bağlı olduğu nəzərə alınarsa, İranla müştərək dəmir yolu layihəsinin erməni tərəfi üçün nə qədər böyük önəm daşıdığını təsəvvür etmək olar.
Layihəyə görə, 470 km-lik İran-Ermənistan dəmiryolu xəttinin 60 km-i İran, qalanı isə Ermənistan ərazisini əhatə edəcək. Ermənistan naziri İran tərəfdə xəttin inşası üçün problem olmadığını deyib. Sözügedən xətt Ermənistan-İran sərhədindən İran Culfasınadək çəkiləcək və orada İranın ümumi dəmir yolu şəbəkəsinə qoşulacaq.
Ermənistan payına düşən xəttin inşası isə həm maliyyəti, həm də texniki tərəfləri ilə açıq qalmaqdadır. Erməni nazir dəmir yolunun Mehri-Qafan-Gorus-Cermuk-Martuni-Kamo-Qaqarin marşrutu üzrə, Sevan (Göyçə) gölünün cənubundan keçməklə çəkiləcəyini deyib. Onun sözlərinə görə, ilkin layihədə dəmir yolu xəttinin Sevan gölünün şimalından keçməklə Vardenis rayonu ərazisi ilə çəkilməsi müzakirə olunub: "Lakin bu halda dəmir yolu xətti Ermənistan sərhədindən kənara çıxır". Qeyd edək ki, bu halda dəmir yolu Azərbaycanın erməni işğalı altında olan ərazisindən (Qazax rayonunun işğal olunmuş kəndləri) keçməlidir. Sərkisyanın sözlərinə görə, erməni tərəf "beynəlxalq problem yaratmamaq üçün bu variantdan imtina edib".
Erməni naziri deyib ki, layihə texniki baxımdan çox mürəkkəbdir və Rusiya tərəfi onun reallaşmasında iştirak etməyə hazır olduğunu bildirib. Qeyd edək ki, Ermənistanın dəmir yolu şəbəkəsi Rusiyanın idarəçiliyindədir. Sarkisyanın sözlərinə görə, İran tərəfi ilə yekun memorundumun imzalanmasından sonra 3 ay müddətinə işçi qrup təşkil olunmalı və təxminən bir ilə layihənin texniki-iqtisadi əsaslandırılması hazırlanmalıdır.
Layihənin maliyyəti isə ilkin olaraq 1,5 mlrd. dollar nəzərdə tutulur, lakin bu rəqəmin artacağı istisna deyil. Qeyd edək ki, hazırda Ermənistanın ümumi dövlət büdcəsi 3 mlrd. dollar həcmindədir. Layihənin 5 ilə həyata keçirilməsi nəzərdə tutulur. Lakin layihə üçün maliyyənin haradan tapılacağı sual altındadır. Hələlik yalnız Asiya Bankı bu barədə ilkin vəd verib.
Erməni nazirin sözlərinə görə, Ermənistan-Türkiyə sərhədi açılsa belə, İranla dəmir yolu öz aktuallığını itirməyəcək: "Çünki Türkiyənin özünün şərq bölgələrində dəmir yolu xətti yoxdur və gələcəkdə Türkiyə Ermənistan vasitəsilə İranla da dəmir yolu əlaqəsi qura bilər".
Qeyd etmək lazımdır ki, səslənən bu iddialı bəyanatlar fonunda Ermənistan-İran dəmir yolu layihəsinin yaxın gələcəkdə praktik müstəviyə keçəcəyi az ehtimallıdır. Bir qədər əvvəl erməni tərəf İrandan Ermənistana neft kəmərinin çəkilməsi üzərindən iş getdiyini də xəbər vermişdi. Məlumata görə, həmin kəmərlə Təbrizdəki neftayırma zavodundan Ermənistana yanacaq nəql olunacaq. Amma indi bu layihədən söz edilmir.
Ermənistanın digər bir iddiası İrandan çəkilən qaz kəmərinin regional tranzit xəttinə çevirmək barədə idi. Halbuki 2007-ci ildə istifadəyə verilən İran-Ermənistan qaz kəməri praktik olaraq fəaliyyət göstərmir. Buna səbəb boru xəttinin Ermənistan hissəsinin (Mehri-Qacaran) ölkənin əsas qaz xətləri şəbəkəsinə qoşulmamasıdır. Bunun üçün təxminən 100 km-lik Qacaran-Yerevan kəməri inşa olunmalıdır və buna isə erməni tərəfin pulu yoxdur. Hələlik İran qazını yalnız Ermənistanın cənub rayonları ala bilər. Bu cür kiçik həcmdə təchizat üçün isə boru xəttini işlətmək, sadəcə, rentabelli deyil.
İki ölkə arasındakı qaz anlaşmasına görə, İran Ermənistana ildə 2 mlrd. kubmetrədək qaz verməli, erməni tərəf isə bunun əvəzini elektrik enerjisi ilə ödəməlidir. Təbrizdən başlanan qaz kəmərinin İran hissəsi 100 km, Ermənistan hissəsi isə 30 km-dir. Onu da qeyd edək ki, 200 mln. dollaradək maliyyəti olan qaz kəməri niyyət anlaşması imzalanandan (1992) 15 il sonra istifadəyə verildi.
Vüqar Orxan, «525-ci qəzet”, 15.04.2009.
Mövzuya dair:
İranla Ermənistan arasında 8 sənəd imzalanıb
Ermənistan prezidenti Serj Sərkisyanın İrana iki günlük rəsmi səfərinin sonunda - aprelin 14-də iki ölkənin qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün birgə əməkdaşlığa dair 8 sənəd imzalanıb. “Media forum” saytının məlumatına görə, imzalanan sənədlər aşağıdakı sahələri əhatə edib:
1. Dəmir yolu nəqliyyatı üzrə əməkdaşlıq və İran İslam Respublikasından Ermənistana birbaşa dəmir yolu xəttinin çəkilməsi;
2. Araz Su Elektrik Stansiyasının tikintisi üçün kapital qoyuluşu;
3. Azad ticarət rejiminin yaradılması;
4. Enerji sahəsində əməkdaşlıq;
5. Bank fəaliyyətinə nəzarət;
6. Neft məhsullarının nəqli üçün boru kəmərinin çəkilişi;
7. Sığorta sahəsində əməkdaşlıq;
8. İxracatın genişlənməsi.
Həmin gün Ermənistan prezidenti Serj Sərkisyan islam respublikasının qurucusu ayətullah Xomeyninin məqbərəsinə baş çəkib. “Media forum” saytının məlumatına görə, prezidenti İranın xarici işlər naziri Mənuçehr Mottaki və digər rəsmilər müşayiət edib.
“Media forum”, 15.04.2009.
Serj Sarkisyan: “Türkiyə ilə münasibət qurmaq üçün əsaslar yaranır”
“Ermənistan-Türkiyə münasibətləri haqqında hər iki ölkə mətbuatında, eləcə də beynəlxalq mətbuatda çox danışılır. Bəzən təkliflər, proqnozlar, xoş diləklər fakt kimi təqdim edilir. Həqiqət bundan ibarətdir ki, biz Türkiyə ilə heç bir şərt olmadan normal münasibət qurmağa hazırıq. İndiyə qədər Türkiyə buna hazır deyildi. Hazırda isə deyəsən, bunun üçün əsaslar yaranmaqdadır. Amma mən bir daha bəyan etmək istəyirəm ki, Türkiyə ilə münasibət qurulması soyqırım faktını şübhə altına almaq demək deyil”.
APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi xəbərə görə, bu sözləri Ermənistan prezidenti Serj Sarkisyan İrandakı erməni icmasının nümayəndələri ilə Tehranda keçirdiyi görüşündə deyib. O, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin dəyişmədiyini də vurğulayıb: “Qarabağ heç bir şərt altında Azərbaycana hədiyyə edilə bilməz”.
15.04.2009.