“Fəxr edirəm ki, mən azərbaycanlıyam”

Heydər Əliyev
15.04.2021, 10:00
939

Xalqımız Vətən müharibəsi ilə bağlı əbədi qürur hissi keçirəcək

A- A+

Ali Baş Komandan İlham Əliyev qəhrəman hərbçilərə paytaxtdakı yeni tarixi məkandan – Hərbi Qənimətlər Parkından xitab etdi

İkinci Qarabağ müharibəsinə hazırlaşmalı idik və hazırlaşdıq. Siyasi sabitlik, vətəndaş birliyi təmin edildi. Xalqın dəstəyini hiss edərək çox inamlı islahatlar aparıldı. Beynəlxalq müstəvidə, beynəlxalq təşkilatlar tərəfindən bizə sərf edən önəmli qərarlar və qətnamələr qəbul edildi. Mən bu barədə əvvəlki illərdə danışarkən bəziləri hesab edirdi ki, bəli, bunlar qəbul olundu, amma bunun nəticəsi yoxdur. Bu gün gördük bunun nəticəsini, hər kəs gördü bunun nəticəsini.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışında deyib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan xalqının müharibə ilə bağlı geniş təsəvvürü var. Vaxt keçdikcə ayrı-ayrı əməliyyatlar haqqında da məlumat verəcəyik. 44 günlük Vətən müharibəsi bizim gücümüzü, iradəmizi, birliyimizi göstərdi. Göstərdi ki, heç vaxt Azərbaycan xalqı bu vəziyyətlə barışmayacaq.

Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın Vətən müharibəsində Qələbəsinin rəsmiləşməsindən bir gün sonra – noyabrın 11-də hərbçilərlə görüşündə düşmənin qənimət götürülmüş və məhv edilmiş texnikasının nümayişi üçün planlarının olduğunu demişdi. Bundan sonra, dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradında həmin texnikaların bir qismi nümayiş etdirilib. Eyni zamanda, Prezident İlham Əliyev Hərbi Qənimətlər Parkının salınması haqqında təşəbbüs irəli sürüb. Qısa zamanda görülən işlər artıq yekunlaşıb: açıq səma altında park salınıb.

Müzəffər Ali Baş Komandan tərəfindən təsdiqlənən mükəmməl hərbi strategiya və taktika döyüş meydanında Azərbaycan Ordusunun “Dəmir yumruq” əməliyyatını sürətlə və az itki ilə həyata keçirməyə imkan verdi. Nəticədə düşmən tərəfinin 30 il ərzində möhkəmləndirdiyi müdafiə xətləri yarıldı, hərbi resursları məhv edildi. Düşmənin savaş meydanında qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Zəfər paradının ən yaddaqalan və rəmzi kompozisiyalarından biri Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad olunan torpaqlarda düşməndən qənimət götürdüyü 2000-dən çox avtomobilin nömrə nişanından hazırlanan lövhə də parkın ərazisindədir.

Lövhənin qarşısında dayanan Prezident İlham Əliyev deyib: “Birinci Qarabağ müharibəsindən sonra ermənilər azərbaycanlıların şəxsi maşınlarının nömrələrini götürüb işğal edilmiş torpaqlarda nümayiş etdirirdilər. Bir lövhə düzəltmişdilər, göstərsinlər ki, azərbaycanlılar öz dədə-baba torpaqlarından didərgin salınıb.

Əslində, bu hərəkət Ermənistanın Azərbaycana qarşı, xalqımıza qarşı etdiyi etnik təmizləmənin təzahürü idi. Çünki mülki vətəndaşlar öz əmlakını qoyub, bəziləri ayaqyalın işğal edilmiş torpaqlardan çıxmağa məcbur olmuşdu. Ermənilər bu lövhəni xarici turistlərə nümayiş etdirərək mif yaratmağa çalışırdılar ki, guya Ermənistanın məğlubedilməz ordusu var. Azərbaycanlılar isə şəxsi maşınlarını qoyub, öz torpaqlarından çıxmışdılar. Biz bunu unutmamışıq və bu lövhə erməni fərariliyinin təzahürüdür. Çünki bu nömrələr hərbi yük maşınlarının nömrələridir. 522 hərbi yük maşını Azərbaycan Ordusu tərəfindən məhv edilib və ya qənimət kimi götürülmüşdür. Hələ müharibənin getdiyi dövrdə mən göstəriş vermişdim ki, nömrələr yığılsın, saxlanılsın, gün gələcək biz bu nömrələri nümayiş etdirəcəyik”.

Dövlət başçısı vurğulayıb ki, bu lövhənin Azadlıq meydanında paradda nümayişi ilə Ermənistanın məğlubiyyəti, erməni ordusunun fərariliyi bir daha göstərildi: “Bu gün Hərbi Qənimətlər Parkında bu lövhə nümayiş etdirilir. Yük maşınlarının burada sərgilənən nömrələri götürülmüş texnikanın, sadəcə, kiçik hissəsini təşkil edir. Düşmənin 522 yük maşını məhv edilib, qənimət kimi götürülüb. Buraya gələn hər bir insan – Azərbaycan vətəndaşı, ölkəmizə gələcək qonaqlar bunu görəcəklər. Ermənilər də bunu görsünlər. Görsünlər ki, onların bəd əməlləri cavabsız qalmadı”.

44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında davamlı məğlubiyyətlərə məruz qalan düşmən insanlıq əleyhinə cinayətlər törədib, o cümlədən döyüş bölgəsindən uzaqda olan ərazilərə raket zərbələri endirib, dinc sakinləri qətlə yetirib. Həmin faktları xronoloji ardıcıllıqla özündə əks etdirən lövhə parkın giriş hissəsində yerləşdirilib. Burada Şuşaya atılmış “İsgəndər-M” raketinin qalıqları da var.

“Şuşanı bax, bu “İsgəndər-M” raketləri ilə ermənilər atəşə tutmuşdular. Haradandır bu raketlər Ermənistan ordusunda? Bu ölümcül silah Ermənistanın əlinə necə düşdü? Hələ ki, cavab ala bilməmişik. Amma alacağıq. Hər kəs gəlsin, görsün, Şuşanı, bizim qədim şəhərimizi Ermənistan “İsgəndər-M” raketləri ilə məhv etməyə çalışırdı. Şuşanı biz azad edəndən sonra bundan istifadə etdilər. Bizdə kifayət qədər məlumat var. Sadəcə olaraq, biz rəsmi açıqlama gözləyirik. Hər kəs gəlib bunu görəcək. Bu, erməni vəhşiliyinin, hərbi cinayətin növbəti əyani sübutudur”, – deyə İlham Əliyev bildirib.

Nümayiş etdirilən qənimətlər sırasında “KUB” zenit-raket kompleksi, hərəsindən bir nümunə olmaqla tırtıllı ağır texnika var. Düşmənin “T-72” tankları, piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “OSA” zenit-raket kompleksi də parkda nümayiş olunur.

Vətən müharibəsində döyüş həm də informasiya cəbhəsində davam edirdi. Dünya ictimaiyyəti və beynəlxalq kütləvi informasiya vasitələri münaqişə bölgəsi haqqında son məlumatları ən etibarlı, birinci mənbədən – Azərbaycan Prezidentindən alırdı. Qələbə tvitləri, aparıcı media qurumlarına müsahibələr, xalqa müraciətlərdən ibarət hissələr parkın ərazisindəki videozalda nümayiş etdirilir.

Parkın ərazisindəki hər bir element, demək olar, nadirdir. Məsələn, buradakı oturacaqların alt hissəsi qənimət kimi götürülmüş mərmi yeşiklərindən düzəldilib. Parkın ərazisindəki işıqlandırma sistemi mərmilərin ərintilərindən, tullantı yeşikləri isə tank mərmisinin barıt atıcısının futlyarından hazırlanıb.

Hərbi Qənimətlər Parkının ən maraqlı hissələrindən biri 30 il ərzində düşmən tərəfindən möhkəmləndirilmiş müdafiə mövqeyi əks olunan, özündə 10 elementdən ibarət mühəndis-maneələr sistemini ehtiva edən ərazidir. Burada 5 metr enində, 3-4 metr dərinlikdə qazılan tank əleyhinə xəndək, mina sahəsi, tank əleyhinə beton dirəklər və metal kirpilər, alçaq dirəklər üzərində tikanlı məftildən tor, hündür dirəklərdə məftilli tor, az nəzərə çarpan və üçcərgəli lent tipli məftil maneələri və s. nümayiş olunur. Bu maneələr sistemi Füzuli, Cəbrayıl, Ağdam, Tərtər və Goranboy istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin dəf etməli olduğu mühəndis sistemlərindən idi.

Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Burada təqdim edilən eksponatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa imkan yaradır.

Ali Baş Komandan İlham Əliyev parkla tanışlıqdan sonra Vətən müharibəsində göstərdikləri hərbi səriştə, rəşadət və şücaətə görə təltif olunan hərbi qulluqçularla görüşüb.

Qarabağ münaqişəsinin tarixi, Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsi, məruz qaldığımız itkilərin səbəbləri barədə danışan dövlət başçısı bildirib ki, Azərbaycan 2020-ci ildə qazandığı bu Zəfərə addım-addım, ardıcıl və məqsədyönlü siyasət sayəsində nail olub. Bu xüsusda beynəlxalq təşkilatların Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü ilə bağlı qəbul olunan qərarlarının da nəticə etibarilə böyük əhəmiyyəti olub: “Bütün bunlar siyasi və hüquqi baza yaradıbdır. Əgər bu olmasaydı, müharibə dövründə bizə qarşı Minsk qrupuna həmsədrlik edən ölkələrin BMT-dəki təşəbbüsü nəticə verə bilərdi. Bunu da hər kəs bilsin, bir çoxları bilmir. Müharibə gedə-gedə bizə qarşı sanksiyalar tətbiq etmək istəyirdilər. Biz öz torpağımızda vuruşuruq. Biz öz ərazi bütövlüyümüzü bərpa edirik. Bizə qarşı sanksiyalar tətbiq etmək ədalətsizlikdir, vicdansızlıqdır. Kim idi bunları təşkil edən? Minsk qrupuna həmsədrlik edən ölkələr. Kim bunun qarşısını aldı? Bizə dost olan ölkələr, Qoşulmama Hərəkatına üzv olan ölkələr. Çünki biz Qoşulmama Hərəkatının sədri kimi özümüzü ləyaqətlə aparmışıq, bu ölkələrə kömək etmişik, həm maliyyə yardımı göstərmişik, həm də humanitar yardım. COVİD ilə bağlı 30-dan çox ölkəyə humanitar, maliyyə yardımı göstərmişik. Onların maraqlarını müdafiə etmişik və onlar da, öz növbəsində, bizə dəstək verdilər”.

Prezident vurğulayıb ki, Zəfərə aparan yolun ilbəil təmin olunmasında iqtisadi müstəqillik əsas məsələlərdən biri idi: “Buna da nail olduq. Enerji müstəqilliyinə nail olduq. Tarixi layihələri həyata keçirdik. 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Silahları bizə heç kim bağışlamayıb. Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə eləməyib. Onların məhv edilmiş və qənimət götürülmüş silahlarının dəyəri 5 milyard dollardır. Biz pulla almışıq, iqtisadi müstəqillik olmasaydı, necə ala bilərdik? Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi... Ermənistanı iqtisadi cəhətdən çökdürmək əsas vəzifələrdən biri idi, mən bunu gizlətmirdim və buna nail olduq”.

Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasının da ən vacib məsələlərdən biri olduğunu deyən İlham Əliyev bildirib ki, bütün bu amillərlə bərabər İkinci Qarabağ müharibəsində əldə olunan qalibiyyət ilk növbədə güclü ordu quruculuğuna bağlıdır. Prezident qeyd edib ki, Azərbaycan hələ 2016-cı ilin Aprel döyüşlərində işğalçı orduya ağır zərbə vurandan sonra Ermənistana bundan nəticə çıxarmaq üçün şans vermişdi: “2018-ci ildə Naxçıvanda sərhəddə uğurlu əməliyyat keçirərək önəmli strateji yerləri götürmüşdük və artıq Qarabağa gedən yola tam nəzarət edirdik. Müharibə dövründə, - indi bu, sirr deyil, - bilirdik ki, Dağlıq Qarabağa nə aparılır. İstənilən an o yolu kəsə bilərdik. Sadəcə olaraq, buna ehtiyac yox idi. O da dərs olmadı... Ondan bir il sonra Ermənistanın baş naziri Dağlıq Qarabağda demişdi ki, “Qarabağ Ermənistandır”. Bu, nə deməkdir? O deməkdir ki, danışıqlar qurtardı, mənasızdır. Bu, danışıqların sonu idi. Təxribat xarakterli digər addımlar, hərəkətlər, çıxışlar göstərirdi ki, Ermənistan torpaqları qaytarmaq istəmir. Azad edilmiş torpaqlarda gördüyümüz mənzərə, sizin dəf etdiyiniz o təmas xətləri, o müdafiə xətləri göstərir ki, bir qarış torpaq vermək istəmirdilər. Başımızı aldatmaq, öz himayədarlarına arxalanmaq, onlardan müftə silah almaq, siyasi dəstək almaq, onların ölkələrində yaşayan lobbiçilərdən istifadə etmək və bizi bu vəziyyətdə əbədi saxlamaq – bu idi onların niyyəti. Ondan sonra iyul ayında dövlət sərhədində təxribatlar törədildi, avqust ayında diversiya qrupu göndərildi və sentyabr ayında artıq İkinci Qarabağ müharibəsi başlamışdır”.

Vətən müharibəsinin hər gününün Ordumuzun irəliləməsi, qalibiyyətlə bağlı olduğunu deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində bir dəfə də geriyə addım atmamışdı, halbuki müharibələrdə hücumlar, geriyə dönmələr, manevrlər olur: “Bütün əməliyyatlar düşünülmüş şəkildə aparılmışdır. Gün ərzində görülmüş işlər hər gün mənə məruzə edilirdi, müşavirələr keçirilirdi, növbəti gün ərzində görüləcək işlərin planı tutulurdu... Hər gün bizim hərbçilərimiz öz həyatını risk altına atırdılar. Çünki o istehkamları, o müdafiə xətlərini keçmək həm peşəkarlıq, güc və həm də cəsarət tələb edirdi. Bizim aslanlarımız ölümə gedirdilər. Çünki onların işi haqq işi idi, onlar öz torpaqları uğrunda vuruşurdular. Erməni əsgərinin bizim torpağımızda nə işi var? Mən bunu hələ bir neçə il bundan əvvəl bir beynəlxalq tədbirdə demişdim. Hansısa erməni mənə sual vermişdi ki, orada snayper müharibəsi gedir, yaxud da erməni əsgərləri ölür. Dedim ki, ölmək istəmirsə, rədd olsun bizim torpağımızdan. Müharibə dövründə dəfələrlə demişdim, Ermənistan rəhbəri mənə tarix versin ki, bizim torpağımızdan nə vaxt rədd olur, həmin an biz müharibəni dayandırırıq. Belə də oldu. 300-dən çox şəhər və kənd döyüş meydanında azad edildi, Ermənistan ordusunun beli qırıldı, Ermənistan ordusu məhv edildi”.

Prezident daha sonra deyib: “İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcək. Biz müzəffər xalq kimi özümüzü dünyada təsdiq etmişik. Ermənistan isə məğlub edilmiş ölkədir, bizim qarşımızda diz çökmüş ölkədir, başını, boynunu bükmüş ölkədir və həmişə belə olacaq. Onların törətdikləri vəhşilikləri görəndə adam dəhşətə gəlir. Bütün şəhərlərimiz dağıdılıb, məscidlər dağıdılıb. Məscidlərdə inək, donuz saxlayıblar, bütün müsəlman aləmini təhqir ediblər, qəbirləri dağıdıblar, qəbirləri şumlayıblar, dəfn edilmiş insanların qızıl dişlərini çıxarıblar. Bu, vəhşi deyil, nədir? Vəhşi, hələ bəlkə də vəhşi o qədər də ağır söz deyil. Bütün dünya gördü ki, onların əsas ideoloji amili nə idi. Guya onlar burada azlıqda yaşayan mədəni, böyük sivilizasiyaya aid olan bir xalqdır, ətrafında da vəhşi müsəlmanlar bunları əhatə edir. Avropanın hər bir tinində bunu deyirdilər. Rusiyanın hər bir tinində bunu deyirdilər ki, bizə kömək edin, yoxsa bizi burada boğarlar. İndi hər kəs gördü bunun sivilizasiyası nədir, bunun mədəniyyəti nədir, bunun əxlaqı, mənəviyyatı nədir?! Qəbirləri dağıdan, şumlayan, ölülərin qızıl dişlərini çıxaran, məsciddə donuz saxlayan vəhşidir, başqa adı yoxdur. Bütün dünya bunu görüb və daha da çox görəcək.

İndi azad edilmiş torpaqlara ezam olunan insanlar və xarici qonaqlar hər şeyi öz gözləri ilə görürlər. Biz bütün azad edilmiş torpaqları bərpa edəcəyik. Sadəcə olaraq, biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək. Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.

Prezident İlham Əliyev çıxışının sonunda Vətən müharibəsinin təltif olunmuş zabitləri ilə görüşün məhz bu məkanda keçirilməsinin əhəmiyyətini də qeyd edib: “Mən istəyirdim ki, biz Hərbi Qənimətlər Parkının açılışı günündə görüşək və bu yüksək mükafatlar sizə təqdim edilsin və parkın ilk ziyarətçiləri siz olasınız. Sizə Ali Baş Komandan kimi dərin təşəkkürümü bildirmək istəyirəm. Siz xalqımızın üzünü ağ etmisiniz, dünya azərbaycanlılarının üzünü ağ etmisiniz. Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır. Eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə! Yaşasın Azərbaycan!”.

 

Xəbərlər
Redaktorun seçimi